• şənbə, 20 Aprel, 04:01
  • Baku Bakı 15°C

Şükufə Musayeva: “Vətənimin işğal olunmasına kənardan baxa bilməzdim”

04.04.16 11:43 3712
Şükufə Musayeva: “Vətənimin işğal olunmasına kənardan baxa bilməzdim”
1998-ci ildən dövlət səviyyəsində 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu anım günü Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. 1918-ci il 31 mart qətliamı nəticəsində Azərbaycanda on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni daşnak birlikləri tərəfindən qəddarlıqla qətlə yetirilib, məscidlər, məktəb binaları yandırılıb. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qətliam törədiblər. Daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi yandırıb, çoxlu sayda insanı qətlə yetiriblər. Şamaxı qəzasının 53 kəndində isə ermənilər 8 mindən çox azərbaycanlını öldürüblər.
Bu gün sözügedən hadisələrdən 88 il ötür.
Belə bir gündə 28 il bundan öncə Qarabağ savaşında iştirak edən, bir döyüşçü kimi əlinə silah alıb ermənilərlə vuruşan əməkdar artist Şükufə Musayeva ilə həmsöhbət olduq. Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası bizimlə söhbətində Şuşada döyüşlərdə iştirak etdiyini və xalqımızın başına gətirilən hadisələrin canlı şahidi olduğunu bildirdi. Gördükləri, şahidi olduğu hadisələri danışmaqdan boyun qaçırsa da keçmiş döyüşçü söhbət əsnasında göz yaşlarına hakim ola bilmədi.
İstərdik ki, ilk olaraq Şuşa Teatrının aktrisası Şükufə xanımla sizi daha yaxından tanış edək. Şükufə xanım 1988-ci ildə Şuşa Mədəni-Maarif Məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsini bitirib. 1991-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.
Ş.Musayeva Şuşa Teatrında neçə-neçə tamaşada maraqlı rollar yaradıb. Onun ifa etdiyi Telli (“Arşın mal alan”, Ü.Hacıbəyli), Nailə (“Özümüz bilərik”, S.Ələsgərov və Ş.Qurbanov), Nisə (“Durna”, S.Rüstəmov və S.Rüstəm), Gülcamal (“Ayının min bir oyunu”, S.Qənizadə), Marqarita (“Marqaritka”, A.Salakru), Məkkə (“Gözəlləri necə qaçırırlar”, B.Appayev), Hind şahzadəsi və saray əyanı (“Xəlifə Leylək”, V.Qauf), Susanna (“Aydın”, C.Cabbarlı), Qadın və dəli (“Ağıllı adam”, F.Mustafa), Güləndam nənə (“Şuşa dağlarını duman bürüyüb”, Elçin), Berta (“Sehirli kreslo”, F.Karinti), Gülzar (“Pənah evi”, Ə.Quluzadə), Fəxründə xanım (“Bayramın birinci günü”, N.Hikmət), Şərəf xanım (“Tamahkar”, S.S.Axundov), Sona xanım (“Dağılan tifaq”, Ə.Haqverdiyev), Xurşid Banu Natəvan (“Güllələnmiş heykəllərin fəryadı”, H.Mirələmov) obrazları müxtəlif səpgili olsa da, aktrisa bu rolların öhdəsindən bacarıqla gəlib.
Aktrisanın səhnə fəaliyyətinə görə Əməkdar artist fəxri adına, “Tərəqqi” medalına, 2003-cü ildə Prezident mükafatına layiq görülüb.
- Şükufə xanım, bildiyiniz kimi bu gün Azərbaycanlıların soyqırımı günüdür. Siz də müharibədə olmusunuz, xalqımızın başına gətirilən hadisələrin canlı şahidlərindən birisiniz...
- Ermənilər əsrlər boyu bizə, xalqımıza qan uddurublar. Onlar sözün əsl mənasında bizə soyqırım yaşadıblar. Bir vətəndaş olaraq ermənilərə nifrət edirəm. Onlar bizim suyumuzu içib, çörəyimizi yeyib, sonra da bizə arxadan zərbə vurublar. Bu, əsrlər boyu belə olub. Biz onlarla dost idik. Onlar torpaqlarımızın ən gözəl guşələrində məskən salmışdılar. O gözəl torpaqlar bizim ola-ola iddia edirdilər ki, sizi bu torpaqlardan çıxardacağıq. Kitablardan oxuduğum qədəri ilə bilirdim ki, ermənilər bizim düşmənimizdir. Onlar tarix boyu bizi sevməyiblər. Ancaq 1988-ci ildə hər şeyi öz gözlərimizlə gördük.
- Bəs canlı hadisələr kitablarda, filmlərdə olduğu kimi idimi, yoxsa daha şişirdilmiş formada bizə təqdim edilir?
- Əksinə, onlar bizim xalqımızın başına olmazın hadisələrini gətiriblər. Vətəndaşlarımıza dəhşətli işgəncələr veriblər. Torpaqlarımızı ələ keçirəndən sonra daş üstündə daş qoymayıblar. Kitablarda yazılanların hamısı olmuş hadisələrdir.
- Necə oldu ki, döyüşçü oldunuz?
- Müharibə vaxtı vəziyyət çox pis idi. Gördüm ki, elim-obam odun içindədir. Vətənimin işğal olunmasına kənardan baxa bilməzdim. Dözə bilmirdim. Hər dəfə özlüyümdə deyirdim ki, mən torpağımı qorumalıyam. Qarşıma məqsəd qoydum və o yol uğrunda getdim. Bacım deyirdi ki, gedərsən, başına hadisə gələr. Torpaq bizimdir, hamımız da onun qorunmasında iştirak etməliyik. Fikirləşmirdim ki, ölərəm, yaralanaram, mənə nə isə ola bilər. Sadəcə, kənardan baxa bilmirdim, vətənim üçün nəsə etmək istəyirdim. Döyüşdə bizimlə yanaşı bir çox qadınlar iştirak edirdi. Onlar da kişilərlə bərabər döyüşürdülər. Qadınlarımızın çoxu döyüşmək istəsə də, onlara evdən icazə vermirdilər. Bizim ailədə isə heç kim narazılıq etmədi. Bacılarım dedi ki, uşaqlara baxan olsaydı biz də səninlə döyüşə gedərdik.
- Bəs silah tutmağı necə öyrənmişdiniz?
- Silah atmağı orta məktəbdə hərbi dərsində öyrənmişdim. Məktəb zamanı silah atmada oğlanlardan çox bal yığırdım. Sərrast atıcı idim.
- Düşmən öldürmüsünüzmü?
- Bəli. Kifayət sayda düşmən məhv etmişəm. Bizim səngərimizdə 36 erməni əsrimiz var idi.
- Bəs peşmançılıq hissi keçirmədinizmi?
- Onlar düşmənimizdir. Düşmənə silah atmağı və yaxud onu öldürməyi heç vaxt peşmançılıq hissi ilə əvəz etmək olmaz. Mən onları insan hesab etmirəm. Onlar insan deyillər. Günü bu gün də müharibə olsa döyüşə gedərəm.
- Eşitdiyimizə görə, müharibədən sonra ayağınızda hətta qəlpə də qalıb.
- Müharibə zamanı ayağıma yüz qəlpə girmişdi. Yaxşı həkimlərin allah canını sağ eləsin. Onlar mənim bədənimə 20 tikiş vurdular. Böyük qəlpələri çıxartdılar, xırdaları isə özü-özlüyündə yava-yavaş çıxdı. Hazırda da mənim boğaz hissəmdə qəlpələr qalıb. Ayaqlarımın bir çox hissəsi tikiş içindədir. Hər dəfə o izləri görəndə müharibəni, orda yaşadığımız hadisələri xatırlayıram. Məhz ona görə də ermənilərə nifrət edirəm. Onlar o qədər alçaq, vicdansız insanlardırlar ki... Çörək yediyi qaba tüpürürlər. Hamı bilsin ki, bizim bir düşmənimiz var, o da ki, ermənilərdir.
- Şükufə xanım, teatrda Şuşa həqiqətlərini gənc nəslə necə, aşılaya bilirsinizmi?
- Əlbəttə ki. Hazırladığımız tamaşalarla tamaşaçıları o hadisələrdən xəbərdar edirik. Əlimizdən gələni əsirgəmirik. Xocalı faciəsi ərəfəsində Abşeron Mədəniyyət evində mövzu ilə bağlı “Namus naminə” adlı tamaşa hazırlamışdım. Həmin tamaşada ermənilərin başımıza açdığı oyunları göstərmişdim. Bu tamaşaya baxanlar bizim nələr yaşadığımızdan xəbərdar oldular. Teatrımızın repertuarında Qarabağ həqiqətlərindən bəhs edən tamaşalar çoxluq təşkil edir. Başımıza gətirilən hadisələri tamaşa şəklində insanlara çatdırırıq ki, bizim düşmənimiz kimdir. Tarixən ermənilər bizə soyqırımı törədiblər. Biz onlara nə qədər yaxşılıq etsək də, onlar bunun fərqinə belə varmayıblar.
- Şuşa Teatında çalışmaq sizin nisgilinizi az da olsa ovuda bilibmi?
- Əlbəttə. Bəlkə də Şuşa teatrı olmasa mən həyatda olmazdım. Heyf o yerlərdən, o torpaqlardan... Nə qədər Şuşa teatrında çalışsaq da, o torpaqların yerini heç nə verməz. Allahdan arzum budur ki, torpaqlarımız geri qaytarılsın. Biz də öz torpaqlarımızda çalışaq. O torpaqlar bizimdir və bizim də olacaq. Başqa cür ola da bilməz.
- Şuşa Teatrında soyqırım günü ilə bağlı hər hansı tədbir nəzərdə tutulubmu?
- Bu gün (31 mart) 225 saylı məktəbdə Ermənilərin törətdiyi faciə ilə bağlı Elnurə Abdullayevanın “Ağ qayıq” əsərini oynayacağıq. Qeyd edim ki, tamaşanın quruluşçu rejissoru Samir Qulamov və teatrın baş rejissoru Loğman Kərimov, musiqi tərtibatçısı isə Aygün Zeynalovadır. Teatrımız hazırda təmirdədir. Sentyabrda teatrın açılışı olacaq. Hazırda Dostluq Kinoteatrında yerləşirik, məşqlərimiz də burada olur.
- Sizin yaradıcılığınıza nəzər saldıqda müxtəlif obrazların yaradıcısı olduğunuzun şahidi oluruq. Bundan sonra hansı obrazları canlandırmaq istərdiniz?
- İstəyirəm ki, yenə də tarixi mövzuda obrazlar canlandırım. Mənim üçün canlandırdığım obrazların hamısı əzizdir. Bütün obrazlarımın üzərində çalışmışam, can qoymuşam. Onlar mənim övladım kimidir. Obrazlarımı sevirəm. Bütün obrazlarımın içərisində az da olsa bir Şükufə var. Müharibə mövzusunda olan tamaşalarda özümü ifa etdiyim qəhrəman kimi görmüşəm. Sanki real həyatdakı Şükufəni obrazlarımda yaşamışam. Ümumiyyətlə, uşaqlıqdan aktrisa olmaq mənim arzum olub. Yaradıcılığımda xalqa zərrə qədər olsa da xidmət etmişəmsə nə xoş mənə.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər