AZE | RUS | ENG |

Şukşinin sonuncu filmi - Fotolar

Şukşinin sonuncu filmi - Fotolar
Və ya “Qırmızı başınağacı” 45 yaşında

Bütün Rusiyanı sarsıdan, iradə və həsrət haqqında çəkilmiş "Qırmızı başınağacı” ("Kalina Krasnaya”) filmi 45 il əvvəl kirayəyə çıxdı. Vasili Şukşinin "Mosfilm” studiyasında çəkdiyi filmin premyerası 1974-cü il martın 25-də baş tutdu. Müəllifin eyniadlı povesti əsasında çəkilmiş, ilk sovet rəngli bədii filmi olan «Qırmızı başınağacı” Şukşinin sonuncu filmlərindəndir. 

Əslində Vasili Şukşin Stepan Razin haqqında film çəkmək arzusunda idi. Bu mövzu və qəhrəman onun üçün demək olar ki, praktiki olaraq müəmmaya çevrilmişdi. Lakin Razin haqqındakı film genişmiqyaslı və çox bahalı olmalı idi. Bu məqsədlə də Şukşin ömrü boyu çəkilişlər etdiyi Qorki adına kinostudiyadan böyük istehsal imkanları olan «Mosfilm»ə keçdi, hətta, orada «Sizə sərbəstlik verməyə gəlmişəm» filmini çəkdi. Şukşin müasir mövzulu, daha yüngül bir şey çəkmək qərarına gəldi. Ancaq iş elə gətirdi ki, il ərzində həyatının ən mühüm filmini – "Qırmızı başınağacı”ı çəkdi.    

O deyirdi ki, filmi çəkərkən demək olar ki, əziyyət çəkməyib. Ancaq "Qırmızı başınağacı”ın Şukşinə hədiyyə verildiyini də söyləmək olmaz. «Bir həyat həqiqətləri var və bir də sənət həqiqətləri. Həyat həqiqətləri materialda toplanır, amma sənət varmı, bunu hələ anlamaq lazımdır», - deyə Sergey Bondarçuk yığılmış material haqqında bildirirdi. Filmin müzakirələri zamanı Şukşinin «əlləri stol üstündə titrəyirdi», - deyə onun operatoru Anatoli Zabolotski xatırlayır: "Bondarçuk daha sonra fikirlərini müəllifə izah etdi, lakin film nəzarətçiləri artıq şübhə altına alınan hər şeyi redaktə etməyə başlamışdılar. Sovet kinosunda həbs cəzası motivləri pis, əlverişsiz mövzu sayılırdı. Şukşindən də çəkinir, ondan təhlükəli, səs-küy salan kadrlar gözləyirdilər”.
 
 
 
Sovet İttifaqını sarsıdan hekayə
 
"Qırmızı başınağacı”ın yenidən işlənməsi ilk cümlədən başladı: həbsxanadan sərbəst buraxılan Yeqor Prokudin deyirdi: «Yaxşı ki, yazda həbs olundum, həmişə yazda həbsə düşmək lazımdır». Bu cümlələri silmişdilər. "Yeqor öz soyuqqanlılığı ilə «komissarı xatırladır» - fikirlərini də çıxarmışdılar.  Qolçomaqlıq və aclıq barədə olan səhnələri amansızcasına silmişdilər.

Şukşin çoxsaylı «düzəlişlər» etməklə filmi montaj etdi. Onun mədə xorası şiddətlənmişdi. Bəziləri düşünürdü ki, xəstəlik əsəb gərginliyindən, rəhbərliyin yersiz iradlarından şiddətlənib. Xəstəxanadan qaçmaq lazım gəldi. «Hər iki-üç saatdan bir Vasili Makaroviçin ağrıları başlayırdı” - deyə kino tarixçisi Valeri Fomin xatırlayır: "O solğunlaşır, sonra isə ağarır yumağa dönərək üzüqoylu stulların üstünə düşüb qalırdı. Beləcə ağrı keçməyənə kimi hərəkətsiz olurdu. O, öz zəifliyindən utanırdı, belə anlarda heç kimə görünmək istəmirdi. Bunu bilən köməkçiləri belə hallarda onu tək qoymağa çalışır, pavilyondan gedirdilər. Onlar işıqları söndürüb siqaret çəkilən otaqda sakitcə otururdular. 20-30 dəqiqə keçdikdən sonra pavilyondan Şukşin çıxırdı. Hələ də ölümün özü kimi ağarmış, vəziyyətdə...»
 
Həbsdə olan cinayətkarların studiyaya yazdıqları məktubları əsasında kino rəhbərləri filmin finalına dəymədilər. Onlar yazırdılar: "Filmdə hər şey yaxşıdır, yalnız iradəsizliyinizdən başqa, sonda isə yalan danışırsınız. Keçmiş məhkumun vicdanı oyanırsa və dürüst həyat yaşamaq istəyirsə, onu buna görə öldürmürlər”.  

Sovet dövrünün cinayətkarlarından fərqli olaraq, bu günün izləyicisi finalda melodramatik bir oyun getdiyini hiss edir: onlar xəyanət üçün, borclar üçün öldürə bilərlər, amma keçmişə qayıtmaq istəməmək üçün yox… Və bununla belə, «Qırmızı başınağacı» Şukşin üçün triumfa çevrildi. Filmə 60 milyondan artıq insan baxmışdı. Həbsxanadan azadlığa dönən, lakin adi həyatda özünə yer tapa bilməyən Yeqor Prokudinin hekayəsi bütün Rusiyanı sarsıtmışdı.

Şukşinin ən yaxşı bioqrafiya müəllifi, yazıçı Aleksey Varlamov "bu filmsiz onun qəhrəmanı əfsanə və mifə çevrilə bilməzdi”- deyirdi.

Şukşin bu filmdə Rusiya üçün iki əsas mövzuya toxunmuşdu – kəndlər və həbsxanalar. O, bütün həyatı boyu bu mövzuya toxunan ilk rejissor idi. Sovet mədəniyyətini təbliğ edənlərin bir çoxu sovet hakimiyyəti dövründə bu mövzuya birbaşa deyil, dolayısı ilə toxunmuşdular. Həddindən çox adamın qohumları və tanışları məhbəsə düşmüşdü. Həbsxana mədəniyyəti qətiyyətlə şəhər söyüşünə çevrilirdi (hətta «keçi» söyüşü belə zondan gəlmişdi). Kinoşünas Denis Qorelov bütün bunları «KP»-nin «Ulu sovet filmləri» kolleksiyasına daxil etmək üçün müfəssəl surətdə araşdırıb kitabçaya köçürmüşdü. Amma bütün bunların hamısı ümummilli sevgi qazanmaq üçün kifayət deyildi.
 
 
 
Tənqidçilər deyirdilər ki, «Qırmızı başınağacı» həm də iradə və həsrət haqqında filmdir. "Yeqor Prokudin keçmiş sui-qəsdçilərin əlində ölür. Amma o, başqa hadisədən də ölə bilərdi: çünki ölümə doğru gedirdi. Həyatdan bərk yapışmağa çalışsa da, barmaqları sürüşür. Nə çoxdan arzuladığı azadlıq eşqi, nə sevgi, nə məişət rahatlığı, nə də səliqə-sahman ona keçmişini unutdura bilmir. Gah qaranlıq keçmişi, gah həyatda işinin gətirməməsi, gah tale onu ölümə sürükləyir. Onun sadə adı «qəm» sözünün anoqramması idi. Özünə şüursuzca (bəlkə də şüurlu) ölüm axtarır» - deyə Şukşin bildirirdi. 
«Qırmızı başınağacı»nın premyerasından bir neçə ay sonra onun müəllifi miokard infarktından vəfat etdi. Onun həmkarı və dostu - filmdə Prokudini öldürən Corc Burkov Şukşini ölmüş vəziyyətdə tapdı. Şukşinin ölümü onun qəhrəmanının ölümü ilə üst-üstə düşdü, nəticədə onu tənqid edənlər kəskin şəkildə susdular. 
Şukşin Stepan Razin haqqında filmi çəkə bilmədi. Onun çəkdiyi "Qırmızı başınağacı” filmi isə hələ də iradənin zəifliyini ağılsızlıq hesab edən izləyicilərin qəlbindədir. 
 
Film haqqında 5 maraqlı fakt
 
1. Lidiya Fedoseyeva xatırlayır ki, Şukşinlə ilk tanışlıqları zamanı qatarda yolda olarkən qırmızı başınağacı haqqında mahnı oxumağa başlayır. Birdən Şukşin ona qəribə baxaraq onunla bərabər oxuyur. Sonra onlar bütün gecəni bu haqda danışırlar. Daha sonra Şukşin Lidiyaya çiçək buketi bağışlayır. O, həyatında ilk dəfə idi ki, bir qadına çiçək bağışlayırdı. Buradan da onların sevgisi başlayır. 
 
2. Məşhur aktrisa Vera Maretskaya Yeqorun anasının rolunu oynamalı idi. Son anda o, roldan imtina edir. Filmin çəkilişləri yaşlı bir qadının – Yefimya Yefimiyevna Byustrovoydanın daxmasında aparılmalı idi. Qadının söhbətlərinə qulaq asan çəkiliş qrupunun üzvləri Şukşinə onun özünü həmin rola çəkməyi məsləhət görürlər. Şukşin tərəddüd etsə də, sonda qadını rola çəkir və bundan peşman olmur.
 
3. Bakıda keçirilən Ümumittifaq Film Festivalı zamanı «Qırmızı başınağacı» əsas mükafata layiq görülür, lakin münsiflər heyətinin sədri Stanislav Rostropoviç qətiyyətlə buna qarşı çıxır. Bir versiyaya görə, münsiflər heyətinin qalan üzvləri buna xeyir-dua verir və öz fikir ayrılıqlarını açıq şəkildə elan edirlər. Buna görə də Rostropoviç fikrindən dönür. Fyodor Razzakovun «Sovet kinolarının ölümü» kitabında təqdim etdiyi daha rəngli bir versiyaya görə isə Rostotskiy əsas mükafatı Leonid Bıkovun «Döyüşə yalnız qocalar gedir» filminə vermək istəyirmiş. Lakin Bıkov özü Şukşinin tərəfindən çıxış etməyə başlayır: «Vasiliy Şukşinin birinci yerdə olduğu siyahıda yüzüncü olmağı özümə şərəf bilərəm. Axı mənim çəkdiyim film müharibə haqqında adi bir filmdir. Onun çəkdiyi filmlə isə əvvəllər heç ağlımıza belə gəlməyən qadağan olunmuş zonaya yol açılıb». Münsiflər heyəti öz rəyini belə açıqlayır: "Yazıçı, rejissor, aktyor Şukşinin fitri və parlaq istedadı nəzərə alınmaqla festivalın baş mükafatı, "Mosfilm"in "Kalina-Krasnaya" filminə verilir"

4. Çəkilişlər haqqında yazıçılar Vasiliy Belov və Viktor Astafyev xatırlayırlar. Onların hər ikisi «Başınağacı» çəkilərkən Şukşinlə bərabər olublar. Aleksey Varlamov «Şukşin» adlı kitabında hər ikisindən sitat gətirir. Belov: «Çəkilişlər yəqin onu tükətmişdi. Çəkiliş qrupunun qərargahı olan Kolxozçu evində «Mosfilm»in işçilərinə tələsik nə edəcəklərini əmr etdi. Bu an Makaroviçin yalnız fiziki yorğunluğu deyil, həm də mənəvi yorğunluğu üzə çıxdı. O, «Qırmızı başınağacı» ilə bağlı «Mosfilm»in yeritdiyi siyasətə görə narahat idi. Gah ikinci dərəcəli plyonka verilir, gah da xarab aparatura. Gah çəkilmiş materialı aydınlaşdırmır, gah da tələsdirir və plan tələb edirdilər. Aktyorlardan kimlərsə gəlmədi. Sabotajçılar çəkiliş qrupunun bəzi üzvləri idilər. Sahilin o biri tərəfində atılmış kilsə var idi. Biz ora qayıqla getməli olduq. Bunun üçün Makariç vaxt təyin etdi. Məhz həmin təpəlik Şukşinin qəhrəmanının öldürüldüyü yer idi…»

Astafyev: «Qırmızı başınağacı”nın çəkilişləri zamanı Volodya (Şukşin) Voloqdada mənim evimdə olurdu. O, stul arxasına keçib qəhvə içdi, sonra siqaret çəkdi. Və məni bəzilərinin onun haqqında yazdıqları uyğunsuzluqlar heyrətləndirirdi… O, kəndli kimi təsvir olunurdu… Bəziləri onu sibirli kimi, ya bir oğru, başkəsən, ya da qaba kəndli kimi qeyd edirdilər. Sibirlilərin özləri sataşmağı çox sevirlər… Belə ki, mənim qarşımdakı masada təkcə öz davranışlarında deyil, öz manerası, zahiri görünüşü ilə bir ziyalı oturmuşdu. Zərif bir üz… onda hər şey bir-birinə uyğun idi. O, az danışır, amma fəal ünsiyyət qururdu… mən bu insanla ünsiyyət qurmaqdan böyük xoşbəxtlik hissi duyurdum. O, mənim yaddaşımda əbədi belə qalacaq…»

5. Alman kinorejissoru Rayner Verner Fassbinder 10 sevimli filmi arasına «Qırmızı başınağacı”nı daxil edib. Bu siyahıda həmçinin Pyer Paolo Pasolini tərəfindən Lukino Viskontinin «Tanrıların ölümü», «Piy və ya Sodomun 120 günü» və Hovard Havks tərəfindən çəkilmiş «Cənablar sarışınlara üstünlük verir» filmləri də yer alıb.

6. «Qırmızı başınağacı”nın çəkilişlərinə quldurlar dəvət olunublar. Nirkolay Nikolayeviç gəncliyindən bu riskli və cəsarətli peşənin içərisindədir. Bir çox məşhur rejissor və sənətkarlarla işləyib. Vasiliy Şukşinlə, Andrey Konçalovski, Mixail Boyarski, Marçello Masatroyani ilə… O, həmçinin müsahibəsində Vladimir Putinin dzyudo texnikalarını necə öyrəndiyi haqqında danışıb.
 
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.902
GEL 1 1 Gürcüstan larisi 0.6137
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6989
KWD 1 1 Küveyt dinarı 5.5878
TRY 1 1 Türkiyə lirəsi 0.2889