Süfrə açmaq mədəniyyəti

Süfrə açmaq mədəniyyəti

Təfsilat
20 Sentyabr 2013, 08:28 5305
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

Şəkillərdə:

1. Britaniyada toy süfrəsi
2. Azərbaycanda toy süfrəsi


Bir çox xalqlardan fərqli olaraq qonağımız gələndə onu evdə qarşılamağı, milli mətbəximizin ən ləziz yeməklərini süfrəyə düzməyi daha çox xoşlayırıq. Dədə-babadan qonaq evin ən hörmətli, sevimli Tanrı bəndəsi sayılıb. «Evin bəzəyi uşaq, süfrənin bəzəyi qonaq» kimi atalar sözləri də elə-belədən yaranmayıb. İllərdir ki, bu adət-ənənə davam etsə də, yalnız toylarımızda bu vərdişimizi unutmalı oluruq. Çünki bu qarşılanma və xidmət bizdən asılı deyil.

«Görən niyə toylarımızda Azərbaycan xörəkləri verilmir? Olanda da elə məqamda gətirilir ki, kimsənin yeməyə həvəsi qalmır» - deyə bir həmkarımın iradı məni bu mövzu ətrafında düşünməyə vadar etdi. Son illər paytaxtımızda bir-birindən yaraşıqlı şadlıq sarayları tikilib. Açığı bu büsatlı məkanlarda oğul-qız toyu etmək hər bir valideynin ürəyindən keçir. Payız və qış aylarında demək olar ki, şadlıq saraylarının gəlhagəli başlayır. Bəzən elə olur ki, dalbadal 3-5 toya dəvət edilirsən. Sarayların, toy sahiblərinin və bir də müğənnilərin adlarından başqa bir fərq görməzsən. Bəzən də eyni gündə müxtəlif toylarda eyni müğənniləri də görmək mümkündü. Texnika indiki müğənniləri rahat yola verir. Hər şey eyni ölçüdə, eyni biçimdə. Azərbaycan mətbəxinə dəxli olmayan qəlyanaltılar, müxtəlif salatlar, kolbaslar, ağ-sarı pendirlər, «Pepsi-cola», «Fanta», xarici şirələr, kabablar – tikə, lülə, balıq, toyuq və s. Nəhayət, sonda isə süfrənin şahı plov. İnsafən deyək ki, o, elə təm-təraqla süfrəyə gətirilir ki, heç bəy-gəlin o cür təşrif buyurmurlar. Amma nə olsun ki, plov süfrədə buza dönür. Çünki o zamana kimi nə toyda adam qalır, nə də qalanlarda plov yeməyə həvəs…

Təsadüfən xarici ölkədən bir qonağın gələ, onu da özünlə toya aparmış olasan! Süfrədə milli mətbəximizdən əsər-əlamət yox, sintezatorun bağrından qopan gurultunun sədaları altında hamı qarışır bir-birinə. Kim hansı havaya əl götürüb oynayır anlamırsan, indi gəl başa sal ki, bu, Azərbaycan toyudur! Yəni, doğrudanmı, şadlıq saraylarında adət-ənənələrimizə, milli kulinariyamızın tələblərinə əməl etmək mümkün deyil? Süfrələrimizə yeməklərin çeşidlərinə görə müəyyən mənada «əl gəzdirmək», onu milli mətbəximizə yönəltmək olmaz? Ya bəlkə belə məclislər üçün bizim xörəklərimiz əlverişli deyil? İllərdir ki, Azərbaycan kulinarları müxtəlif beynəlxalq müsabiqə və yarışmalarda iştirak edirlər. Azərbaycan xörəklərinin ətri və dadı dünya kulinarlarını heyrətə gətirib. Malta, Sinqapur, Almaniya, Fransa, Rusiya, Malayziya, Norveç… kimi ölkələrdə keçirilən yarışlarda Azərbaycan xörəkləri uğurlar qazanıb. Azərbaycan kulinarları bu beynəlxalq yarışlardan ölkəmizə müxtəlif medallar gətiriblər. Sevinirik ki, dünya xörəklərimizə qızıl medal verir! Bəs onların bizim öz toylarımızda niyə qızıl bəxti yoxdur? Bu gün bizim toy süfrələrimizdə Azərbaycan mətbəxinin ətri niyə duyulmur?

Təəssüf ki, biz təkcə özümüzü deyil, süfrələrimizi də Avropaya bənzətmək istəyirik. Amma bu cəhdlər də mənasızdır. Çünki bizim toylarımızda heç bir Avropa standartına əməl edilmir. Birinci növbədə süfrə çox bayağı surətdə açılır. Sanki bir yarışma keçiriləcək. Gəlin əvvəlcə belə bir sualın cavabını araşdıraq. «Toy nə deməkdir?» İlk növbədə valideynlərin ən böyük arzusu! Ülvi bir məqsəd üçün qohum-qardaş, dost-tanış bir yerə toplaşır və şahidlik edirlər ki, bu gənc ailə qurdu. Bundan başqa toy ünsiyyət yeridir, insanlar bir-birinə daha da yaxınlaşır, münasibətlər yaranır. Hətta bəzən analar subay oğlanları üçün qız da gözaltı edirlər. Toy bir növ də yeni tanışlıq üçün imkanlar yaradır.

İndi söylədiklərimiz müasir toylarda mümkün deyil! Çünki toy xərcləri elə baha başa gəlir ki, hər evdən toya ya bir nəfər gəlir, ya iki. Yəni, hər stulun öz qiyməti var. Bir bəla da orasındadır ki, indiki toyxanalardan çıxanda adamın beynində gurultudan başqa heç nə qalmır! Əlbəttə, bu da başqa bir mövzudur. Əslində toy süfrəsi necə açılmalıdır?

Adət-ənənəyə görə, bir vaxtlar bəylə gəlin üçün ayrıca yemək hazırlanırdı. İndiki toy süfrələrimizdə bu yoxdur. Hamıya nə verilirsə, onların da süfrəsinə eyni şeylər qoyulur. Stolun üstünə nə qədər salat yığarlar, turşu, kolbasa düzərlər? Hətta süfrə arxasında əyləşən adam öz boşqabından normal istifadə edə bilmir. Yarım saatdan sonra süfrənin üstü qarışır, masanın üzərinə müxtəlif qəlyanaltılar doldurulur. Xoşun gəldi-gəlmədi hərəsindən bir azca dadsan gör nə olacaq! Kababdan da ki, söz açmağa dəyməz. Bizim mətbəximizə görə, qoyunun hər yerindən kabab çəkməzlər. Ümumiyyətlə, hər xörəyin, hər bişmişin öz hazırlanmaq qaydası var. Bakıdakı şadlıq saraylarının mətbəxlərində buna əməl edilirmi? Təbii ki, yox. Bu sarayların heç biri o birindən fərqlənmir. Yeməklərin çeşidi demək olar ki, eynidir. Çox hallarda süfrəyə qulluğun səviyyəsi də qanedici deyildir. Masa xidmətçiləri tamamilə təsadüfi adamlardır. Mövcud qulluq qaydalarına uyğun olaraq şadlıq saraylarında insanlara xidmət göstərilmir. Adi bir misal. Boşqablar dəyişdirilir, amma çəngəl-bıçağa əl vurulmur? Eyni çəngəllə balıq da yeməlisən, pendir də, meyvə də, şirniyyat da və s.

Süfrəyə meyvələrin verilməsi ürəkaçan deyil. Öz bağlarımızın məhsulu deyil, xarici ölkələrdən gətirilmiş meyvələr toylarımızda «ağalıq» edir. Əslində yeməkdən öncə turş meyvələr qoyurlar ki, iştah artırılsın. Turşular, salatlar isti xörəklə eyni vaxtda verilməlidir. Ümumiyyətlə, süfrədə qəlyanaltı elə çox olmamalıdır ki, doyumluq versin. Bizim toy süfrələrimizə isə insanı doydurmaq üçün o qədər soyuq və qatmaqarışıq salatlar düzülür ki…

Bəlkə Azərbaycan mətbəxində toy məclisləri üçün elə yararlı xörəklər yoxdur? Halbuki milli xörəklərimizin iki mindən artıq növü var. Ləvəngi¬lərimizdən başlamış müxtəlif dolmalarımıza qədər. Hələ şirniyyat¬larımızı, çığırtmalarımızı, bozbaşımızı, 200-dən artıq növü olan plovumuzu demirəm. Doğrudur bütün toylarda plov verilir, amma hansı şəkildə? Əslində izzətlə süfrəyə gətirdiyimiz bu «şahı» sonda hörmətsiz edirik. Plovun yanında iskəncəbi, şərbət, ayran, dovğa verilməlidir ki, insan onlardan istifadə eləsin, yağlar parçalansın, mədə rahat olsun. Bizdə isə «Coca-cola», «Fanta», müxtəlif içkilər və plovdan da öncə soyuq qəlyanaltıdır. Bir sözlə, plova qədər olan uzun məsafədə insan bu müxtəlif yeməklərin əlində bezar qalır. Ona görə də plov süfrədə buza dönür.

Plovu süfrəyə tez versələr dünya dağılmaz ki? Əgər qəlyanaltıdan sonra duru xörək verilməyəcəksə, niyə plovu süfrəyə gətirməyəsən? Yəqin təəccüb doğuracaq ki, toyda duru xörək mümkündür ki? Əlbəttə! Bəs rayonlarda olan toylarımızda süfrəyə bozbaşı necə verirlər? Doğrudur, son vaxtlar şəhər toylarının havası rayonlara da keçib... Amma hələ ki, kütləvi deyil. Hərdən fikirləşirsən ki, vallah bizi Allah qoruyur?

Heç bir millət bizim qida qaydalarımızla yaşaya bilməz. Qida məhsullarının satışından başlamış süfrəyə qədərki yoluna nəzər salın. Açıq havada ərzaq məhsulu satırlar, küçələrdə yolboyu ağaclardan ət asılır, yerə balıq məmulatı düzülür. Bunu təkcə ayrı-ayrı adamlar deyil, məhz o şadlıq saraylarının işçiləri də alır, təki qiymətlər sərf etsin. Ucuz ətin də şorbası, atalar demişkən, ucuz olar. Əlbəttə, zay məhsuldan heç vaxt Azərbaycan xörəyi çıxmaz. Bunun üçün birinci növbədə, ekoloji cəhətdən gözəl məhsul, ənənə və ürək lazımdır. Ölkənin baş kulinarı Tahir Əmiraslanov haqlı olaraq söyləyir: «Keçmişdə əsəbləşmiş aşpazları şah sarayına buraxmazdılar. Çünki deyirdilər ki, aşpaz xörəyə həm də mənəvi təsir göstərir. Öz qonaqları üçün Avropa xörəkləri sifariş verənlər axşam evə dönəndə həyat yoldaşlarına, yaxud da analarına deyirlər ki, sən Allah, düz-əməlli yemək ver, orda acından öldüm. Genetik olaraq bizim mədəmiz xarici ölkələrin yeməklərini götürmür. Bizim xörəklərimiz də bizim mentalitetimizə uyğun olaraq yaradılıb».

Özümüzə görə, təkcə şəxsi süfrəmizdə deyil, qonaqlarımız naminə toyda da milli mətbəximizin məhsullarına üstünlük verməliyik. Birinci növbədə toy masalarından tutmuş bütün süfrələrimizə qədər Azərbaycan mətbəxinə yer verilsin. «Coca-cola»nı, «Fanta»nı, tərkibi kimyəvi maddələrdən ibarət olan «təbii» şirələri nə qədər az içsək, məsləhətdir. 1993-cü ildə beynəlxalq barmen şou-yarışlarında bizim «Atlama» ilin kokteyli adını aldı. Elə bir xörəyimiz yoxdur ki, onu süfrəyə gətirmək mümkün olmasın. Müəyyən mənada, gözəllik, göz oxşamaq üçün onun verilmə qaydasında yenilik yaratmaq lazımdır.

Şadlıq saraylarının rəhbəri birinci növbədə mütəxəssis olmalıdır. Çünki ictimai iaşə elə bir sahədir ki, burada həm ticarət, həm istehsal, həm də istehsalın təşkili var. Təəssüf ki, bugünkü şadlıq saraylarının rəhbərlərinin əksəriyyəti bunu bilmir. Yaxud bilənləri varsa da, süfrəni çoxlu, yeyilməyən xırda-xuruşla doldurmaqla göz aldatmağa, daha çox qoparmağa çalışırlar. Və hələlik buna nail də olurlar. Əslində belə obyektlər il yarım gəlir gətirməməlidir. Tez gəlir gətirən obyekt tez də dağılar! Kaş ki, bir insaflı biznesmen irəli çıxıb Azərbaycanda ancaq milli xörəklərdən ibarət mətbəxi olan şadlıq sarayları yaratmaq fikrinə düşəydi.

Toy süfrələrimiz əvvəlki məzmununa və gözəlliyinə qaytarmaq, o qədər də çətin deyildir! Çətini kiminsə bu addımı atmasıdır!