AZE | RUS | ENG |

Sudan gələn... ağır yüklü xanım... ARAŞDIRMA

Sudan gələn... ağır yüklü xanım... ARAŞDIRMA
Kəndlərimizdə içməli suya əlçatanlıq standartlardan bəzən on dəfələrlə aşağıdır

Hər dəfə kəndə gedəndə yaşlı qadınların, hamilə gəlinlərin, azyaşlı uşaqların kənddən xeyli uzaqda yerləşən bulaqlardan su gətirdiyini görəndə əhvalım korlanır. Elmin, texnologiyanın inkişaf etdiyi bir dövrdə ağır qablarda bir neçə kilometrlik məsafədən içməli su daşımaq Azərbaycan kimi ölkələrin vətəndaşlarına yaraşmaz, desək, yəqin ki, razılaşarsınız. Lakin təəssüflər olsun ki, Azərbaycanın əksər rayonlarında və kəndlərində içməli su sisteminin idarəçiliyində və əhalinin içməli suya əlçatanlılığında hələ də kifayət qədər problemlər mövcuddur. Bu problemlər kənd yaşayış məntəqələrində özünü xüsusilə qabarıq şəkildə büruzə verir.

Şəhər və rayon mərkəzlərində sovet dövründən miras qalmış mərkəzləşdirilmiş şəbəkə qalsa da, kənd yerlərində daha çox sistemsizlik hökm sürür. Kənd əhalisinin ən yaxşı halda yarısı mərkəzləşdirilmiş su təchizatı sistemi ilə əhatə olunub. Bu sistemə çıxışı olmayan kənd əhalisi müxtəlif mənbələrdən – quyu, bulaq, çay və nohurlardan istifadə etməklə içməli suya olan tələbatlarını ödəyir. Su mənbələrində uzaqda yerləşən kənd əhalisi isə su maşınlarının xidmətindən yararlanır.

İstənilən şəraitdə əhalinin keyfiyyətli və əlçatan içməli suya çıxışı hər bir ölkə üçün strateji əhəmiyyət daşımalıdır. Çünki insanların sağlamlığı bilavasitə onların zəruri həcmdə və keyfiyyətdə suya çıxışından asılıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təkcə su vasitəsilə yayılan bağırsaq xəstəliklərindən 1,8 milyon nəfər ölür. Halbuki hələ də dünyada kənd əhalisinin azı üçdə birinin keyfiyyətli su mənbələrinə çıxışı yoxdur.

Hələ də sovet havasındayıq...

Azərbaycanda yerli səviyyədə içməli su təchizatının idarə edilməsinin mövcud vəziyyətini araşdıran İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTY İB) ekspertləri belə qənaətə gəliblər ki, sovetlər birliyinin dağılmasından sonrakı 20 il ərzində Azərbaycanda içməli su sisteminin idarəçiliyinin təkmilləşdirilməsi baxımından köklü dəyişikliklər baş verməyib. Məlum olur ki, planlı iqtisadiyyat dövründə olduğu kimi, bütün kommunal xidmətlər, o cümlədən su təchizatı tamamilə dövlətin inhisarındadır.

Ölkə əhəmiyyətli iri şəhərlərdə və rayon mərkəzlərində su təchizatına səhmləri dövlətə məxsus “Azərsu” ASC məsuldur. Kənd yaşayış məntəqələrində tamamilə xaotik vəziyyət hökm sürür: qüvvədə olan qanunvericilik yerli özünüidarə qurumlarına yalnız bələdiyyə mülkiyyətində olan torpaqlarda yerləşən su mənbələri hesabına əhalinin içməli su təchizatını həyata keçirmək səlahiyyəti verir. Lakin əksər hallarda həmin mənbələr dövlət mülkiyyətində olan ərazilərdə yerləşir. Həmin mənbələr hesabına əhalinin içməli su təchizatı ilə bağlı isə dəqiq və məcburi hüquqi öhdəliklər müəyyən olunmayıb. Məhz bu cür hüquqi qeyri-müəyyənliklərin nəticəsidir ki, Azərbaycanın kənd yaşayış məntəqələrinin içməli su təminatında ciddi problemlər mövcuddur.

Ötən əsrin 90-cı illərinin sonlarında yerli səviyyədə içməli su idarəçiliyilə bağlı islahatların aparılması hökumətin gündəliyində olsa da, proseslər göstərir ki, sonrakı illərdə qeyri-müəyyən səbəblərdən bu məsələ aktuallığını itirib.

Azərbaycanda kəndlərin içməli su təminatı – acı reallıq

Tədqiqat aşkarlayıb ki, hazırda Azərbaycanda kənd yaşayış məntəqələrinin içməli su təminatında ölkənin iri şəhərləri, xüsusilə də Bakı şəhəri ilə müqayisədə xeyli problemlər mövcuddur. Rəsmi statistikanın göstəricilərinə əsasən kənd əhalisinin yarısından çoxu (təxminən 54%-i) qeyri-mərkəzləşdirilmiş su təchizatından asılı vəziyyətdədir. Öz növbəsində, su kəmərinə çıxışı olmayan kənd əhalisinin 45%-i quyulardan (o cümlədən 30%-i öz həyətlərində qazdıqları quyulardan), 15%-i bulaq, çay və nohurlardan, 19%-i həyətlərindəki ümumi kranlardan su götürür, 21%-ə qədəri su maşınlarından su alır.

İçməli su istehlakının səviyyəsinə görə iri şəhərlərlə kənd əhalisinin üstünlük təşkil etdiyi regionlar arasında kəskin fərqlər mövcuddur. Belə ki, rəsmi statistik məlumatlara görə, 2009-cu ildə ölkə üzrə bir nəfərə düşən orta məişət və içməli su istehlakı norması 117, o cümlədən Bakı şəhərində 285, Mingəçevirdə 265, Şirvan şəhərində 175, Gəncə şəhərində 150 litr təşkil edib. Halbuki göstərilən dövrdə həmin göstərici ümumi əhalinin tərkibində kənd əhalisinin 77% təşkil etdiyi Qazax, Goranboy, Samux, Qəbələ, Şəki, Saatlı, Zərdab rayonlarında 27-30 litr (bu rayonlar üzrə kənd əhalisi orta hesabla 72% təşkil edir), Ucar, Kürdəmir, Ağstafa, Xaçmaz, Blakən rayonlarında 18-20 litr (kənd əhalisi orta hesabla 75%), Gədəbəy və Lerik rayonları üzrə 11 litr (kənd əhalisi orta hesabla 90%), Astara, Masallı, Lənkəran, Cəlilabad rayonları üzrə 3-4 litr (kənd əhalisi orta hesabla 74%) təşkil edir.

Qanunvericilikdə ziddiyyətlər

Yerli səviyyədə içməli su təchizatının idarə olunmasının hüquqi-institusional təşkili baxımından da olduqca ciddi problemləri var.

Azərbaycanda əhalinin içməli su təchizatı ilə bağlı hüquqi münasibətlər 3 əsas qanunla tənzimlənir. Su Məcəlləsi, “Su təchizatı və tullantı suları haqqında” Qanun və “Bələdiyyələrin su təsərrüfatı haqqında” Qanun. Lakin bu qanunları analiz etdikdə aydın olur ki, onların heç biri yerli səviyyədə içməli su təchizatının idarə olunması ilə bağlı nə dövlət, nə də bələdiyyə qurumları üçün dəqiq və sərt öhdəliklər müəyyənləşdirmir. Halbuki ayrı-ayrı ölkələrdə ilk növbədə dövlətin infrastukturun saxalanması (xüsusilə də su infastrukturunun yaradılması və bərpası) ilə bağlı rolu, əhalinin su təchizatı ilə bağlı hüquqi bazanın yaradılması sahəsində tənzimləyici funksiyası dəqiq formada müəyyənlişdirilir.

Eyni zamanda, yerli səviyyədə su infrastrukturunun həm bələdiyyələrin, həm də dövlətin mülkiyyətində saxlanması idarəetmədə də ciddi qeyri-müəyyənliklər yaradır. Halbuki strateji su mənbələrinin (məsələn, çaylar və respublika əhəmiyyətli göllər), magistral su kəmərlərinin (məsələn, rayonlararası, həmçinin şəhərlərarası su təchizatını həyata keçirən kəmərlər), iritutumlu (məsələn, tutumu 500 tondan çox olan) su anbarları istisna olmaqla yerli əhəmiyyətli su infrastrukturunun tamamilə bələdiyyələrin mülkiyyətinə verilməsi, həmin infrastrukturun idarəçiliyinin yerli özünüidarənin müstəsna səlahiyyətləri kimi müəyyən edilməsi təmin edilməyib. Yeri gəlmişkən, “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsində yerli səviyyədə su təchizatının və kanalizasiya təsərrüfatının təşkili və saxlanması bələdiyyələrin əsas səlahiyyətləri sırasına daxil edilsə də, hökumət bu səlahiyyəti və onun icrası üçün vəsaitləri dövlət hakimiyyət orqanlarına həvalə edir.

Məsələn, 2007-2011-ci illərdə birbaşa kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən 29,5 milyon manat ayrılıb. Həmin vəsaitlərin 26,5 milyon manatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə Kür və Araz çayı boyunca yerləşən 15-dək müxtəlif rayonun 300-dən artıq kənd yaşayış məntəqələrində modul tipli su təmizləyici qurğular yerləşdirilib.

Başqa ölkələrdə vəziyyət necədir?

Avropanın əksər ölkəsində yerli səviyyədə içməli su təchizatı həddən artıq pərakəndədir və sistemin idarə olunmasında çoxlu sayda kiçik ölçülü su təchizatı müəssisələri iştirak edir. Məsələn, Almaniyanın cənub və şimal hissələri arasında içməli su təchizatının təşkilində kəskin fərqlər mövcuddur. Belə ki, cənub əyalətlərində bir qayda olaraq ayrı-ayrı kiçik yaşayış məntəqələrinə fərdi qaydada xidmət göstərən xırda su təsərrüfatları mövcud olduğu halda, şimal torpaqlarda bir müəssisəyə düşən müştərilərin sayı daha çoxdur. Ümumiyyətlə bir sıra tədqiqatçılar Avropa ölkələrinin təcrübəsindən çıxış edərək bildirirlər ki, içməli su təchizatı sisteminin effektiv işləməsinin həlledici şərtlərindən biri müəssisələrin optimal ölçüyə malik olmasıdır. Məsələn, İngiltərə mütəxəssislərinə görə, bu ölkədə “miqyas hesabına qənaət effekti” o zaman yaranır ki, bir içməli su təsərrüfatı müəssisəsinin şəbəkəsinə 400 min nəfər istehlakçı qoşulsun. Alman tədqiqatçıları Almaniya üçün həmin göstəricinin 66 min, Yaponiya tədqiqatçıları isə öz ölkələri üçün 766 min nəfər olduğu qənaətindədirlər.

Azərbaycan bir sıra islahatlar aparmalıdır

İTY İB ekspertləri Azərbaycanın kənd yerlərində əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün hökumətə 3 alternativ mexanizm təklif edir. Birincisi, “Azərsu” ASC vasitəsilə kəndlərin içməli su təminatı sisteminin idarə edilməsi, ikincisi, bələdiyyələr vasitəsilə kəndlərin içməli su təchizatının idarə edilməsi, üçüncüsü isə kənd yaşayış məntəqələrində içməli su sistemlərinin özəl sektorun idarəçiliyinə verilməsi. Bu mexanizmlər dünya təcrübəsində sınaqdan çıxmış, tam və ya qismən uğur qazanmış modellərin təhlili əsasında, habelə Azərbaycanda mövcud olan su idarəçiliyi sisteminin reallıqları nəzərə alınmaqla hazırlanıb və təklif müəllifləri hesab edirlər ki, ölkədə qeyd olunan sahədə mövcud olan problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. İTYİB-nin ekspertləri özləri bu mexanizmlər arasında daha çox kənd yerlərində içməli su idarəçiliyin bələdiyyələrə verilməsi mexanizminə üstünlük verirlər.

Həbibə ABDULLA

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301