• çərşənbə axşamı, 23 aprel, 22:53
  • Baku Bakı 20°C

“Süd qasırğası”- səbəbləri və nəticələri

13.02.18 10:30 938
“Süd qasırğası”- səbəbləri və nəticələri
Amerikanın NASA aerokosmik agentliyi Xəzər dənizində "süd qasırğası" adlandırılan anomal prosesin görüntüsünü yayıb. "RİA Novosti"nin verdiyi məlumata görə, foto yanvarın 9-da "Terra" kosmik aparatından MODIS spektroradiometri ilə çəkilib. Məlumata əsasən, külək dənizin suyunu qarışdırır və suyun dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, akademik Ramiz Məmmədov Trend-ə məlumatında bildirib ki, Xəzər dənizində "süd qasırğası” deyilən prosesin baş verməsi adi haldır: "Xəzər dənizində bu proses küləyin təsirindən çox tez-tez baş verir. Külək dənizin dibini qarışdırır. Nəticədə alt sular, dənizin dibindəki çöküntülər, qumsallıqlar küləyin təsirindən suyun üzərinə qalxır. Onu da qeyd edim ki, "süd qasırğası” dəniz florasına heç bir ziyan vermir”.
Qasırğanın nə səbəbdən baş verdiyini, bunun canlı aləm üçün hansı zərəri olduğunu ətraflı öyrənməyə çalışdıq.
Dövlət İdarəçilik Akademiyasının "Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının müdiri, professor Çingiz İsmayılovdeyir ki, dənizdə qasırğanın olması normal haldır: "Xəzər dənizində qasırğanın olması mümkündür. Əgər dənizin coğrafi mövqeyinə nəzər salsaq görərik ki, bir tərəfdən şərq sahilində səhralıqdı, kontinental iqlim hökm sürür. Yəni gündüzləri çox isti, gecələri şaxtalı olur. Qərb sahilində Böyük Qafqaz dağları, yarımsəhra, səhra, cənubda isə subtropik zonadır. Xəzər dənizinin sahilləri iqlim şəraitinə görə çox fərqlidir. Və iqlim fərqliliyinin nəticəsidir ki, müxtəlif atmosfer prosesləri - isti, soyuq hava kütlələrinin toqquşması baş verir. Bu da qasırğanın əmələ gəlməsinə təsir edən amillərdən biridir. Əslində çox təbii haldır. Yəni dənizdə çovğunlu, qasırğalı günlərdə dalğaların hündürlüyü 8, hətta 12 metrə qədər çatır. Belə hadisələr mütəmadi olaraq baş verə bilər”.
Professordan qasırğanın canlı aləmə necə təsir etdiyini soruşduq: "Bunun canlı aləmə mənfi təsiri elə də inandırıcı deyil. Çünki dənizdə yaşayan canlılar bunu hiss edir. Bu zaman onlar dənizin daha dərin qatlarına enirlər. Həmin heyvanlara ciddi təsirləri olmur. Amma ola bilsin ki, dənizdə olan infrastruktura zərərlər dəysin. Dənizdə gəmilər hərəkət edir, neft buruqları, estakadalar var. İnsanların yaratdığı bu obyektlərə qasırğalar ziyan verə bilər. Yəni platformalar aşa, dağıdıcı təsirlər ola bilər. Düzdür, estakadalar tikilərkən qasırğaların olma ehtimalı nəzərə alınır, ancaq çox güclü qasırğa zamanı fəsadların olması qaçılmazdır”.
"Bu qasırğalar əsasən mərkəz hissədə əmələ gəlir, sahil ərazilərə doğru hərəkət etdikcə isə, gücü azalır” deyən Çingiz bəy bildirir ki, qasırğanın sahil ərazisindəkilər üçün bir qorxusu yoxdur: "Yalnız qasırğanın gücü azalmadığı halda ciddi problemlərlə qarşılaşa bilərik. Ancaq nəzər alın ki, bu hava kütlələrinin hərəkəti əsasən qərb-şərq, yaxud şimal-qərb, cənub-şərq istiqamətindədir. Bu hissədə, yəni qərbdən şərqə Xəzərin sahilinin ən enli yeri 600 km, dar yeri isə 320 km-dir. Yəni bu elə də böyük bir məsafə deyil ki, qasırğa geniş vüsət alsın. Xəzərin şimaldan cənuba uzunluğu 1200 km-dir və belə bir məsafədə klassik cərəyanlar baş vermir. Ona görə də, ciddi fəsadların baş verməyinə inanmıram”.
Müsahibimizdən bu qasırğaların əvvəlcədən bilinib, qarşısının alınmasının mümkün olub-olmadığını soruşduq: "Qasırğalar isti və soyuq kütlələrin toqquşması nəticəsində əmələ gəlir. Siz deyən məsələni okeanik sahədə müşahidə etmək mümkündür. Məsələn, Kaliforniya ştatında, Florida sahilində qasırğanın gəlməsini öncədən bilmək olur. Çünki bu, okeandır, məsafəsi böyükdür. Amma Xəzər dənizində bunu əvvəlcədən hesablamaq çox çətindir”.
Ekologiya standartlarının monitorinq fondunun prezidenti, professor Rauf Sultanov qeyd edir ki, bu hadisənin baş verməsi istilik rejiminin dəyişməsi ilə əlaqədardır: "Bu da təbii haldır. Dənizdə mütəmadi olaraq qasırğalar baş verir. Amma görünür, bu qasırğa əvvəlkilərə nisbətən güclü olub. Əslində dənizin lap dərin qatında yaşayan canlılar üçün heç bir qorxusu yoxdur. Amma bir az üst səthdə yaşayanlar bunu hiss edərək yerlərini dəyişirlər. Amma bəzən bu qasırğalar həmin heyvanların yaşlı növlərinin ölümü ilə də nəticələnə bilər. Çünki yaşlı nəslin nümayəndələri özünü müdafiə edə bilmir və nəticədə qasırğa zamanı tələf olur. Qasırğa dənizin dərin qatında baş verdiyi üçün sahildə yaşayan canlılar üçün bir təhlükəsi yoxdur”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, bu kimi xəbərlərdən qorxub, təşvişə düşməyə ehtiyac yoxdur: "NASA-nın verdiyi bu xəbər təbiət hadisəsi kimi adi haldır. Yəni dənizdə küləyin baş verməsi və bunun nəticəsində dibdəki çöküntünün suyun üzünə qalxması təbii prosesin göstəricisidir. Dənizdə bu kimi hallar mütəmadi olaraq baş verir. Bunu bir az da temperatur dəyişikliyi ilə əlaqələndirmək olar. Verilən bu xəbərdən qorxmağa ehtiyac yoxdur. Heç bir canlı aləm üçün təhlükə törətmir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər