“Süd qasırğası”- səbəbləri və nəticələri
Amerikanın NASA aerokosmik
agentliyi Xəzər dənizində "süd qasırğası" adlandırılan anomal
prosesin görüntüsünü yayıb. "RİA Novosti"nin verdiyi məlumata görə,
foto yanvarın 9-da "Terra" kosmik aparatından MODIS spektroradiometri
ilə çəkilib. Məlumata əsasən, külək dənizin suyunu qarışdırır və suyun
dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd
rəngli çalar əmələ gəlir.
Məsələ
ilə bağlı Azərbaycan Milli Elmlər
Akademiyası Coğrafiya İnstitutunun direktoru, okeanoloq-hidroloq, texnika
elmləri doktoru, professor, akademik Ramiz Məmmədov Trend-ə məlumatında
bildirib ki, Xəzər dənizində "süd qasırğası” deyilən prosesin baş verməsi adi
haldır: "Xəzər dənizində bu proses küləyin təsirindən çox tez-tez baş verir. Külək
dənizin dibini qarışdırır. Nəticədə alt sular, dənizin dibindəki çöküntülər,
qumsallıqlar küləyin təsirindən suyun üzərinə qalxır. Onu da qeyd edim ki, "süd
qasırğası” dəniz florasına heç bir ziyan vermir”.
Qasırğanın
nə səbəbdən baş verdiyini, bunun canlı aləm üçün hansı zərəri olduğunu ətraflı öyrənməyə
çalışdıq.
Dövlət İdarəçilik
Akademiyasının "Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi”
kafedrasının müdiri, professor Çingiz İsmayılovdeyir
ki, dənizdə qasırğanın olması normal haldır: "Xəzər dənizində qasırğanın olması
mümkündür. Əgər dənizin coğrafi mövqeyinə nəzər salsaq görərik ki, bir tərəfdən
şərq sahilində səhralıqdı, kontinental iqlim hökm sürür. Yəni gündüzləri çox
isti, gecələri şaxtalı olur. Qərb sahilində Böyük Qafqaz dağları, yarımsəhra,
səhra, cənubda isə subtropik zonadır. Xəzər dənizinin sahilləri iqlim şəraitinə
görə çox fərqlidir. Və iqlim fərqliliyinin nəticəsidir ki, müxtəlif atmosfer
prosesləri - isti, soyuq hava kütlələrinin toqquşması baş verir. Bu da
qasırğanın əmələ gəlməsinə təsir edən amillərdən biridir. Əslində çox təbii
haldır. Yəni dənizdə çovğunlu, qasırğalı günlərdə dalğaların hündürlüyü 8,
hətta 12 metrə qədər çatır. Belə hadisələr mütəmadi olaraq baş verə bilər”.
Professordan qasırğanın canlı aləmə necə təsir etdiyini soruşduq: "Bunun
canlı aləmə mənfi təsiri elə də inandırıcı deyil. Çünki dənizdə yaşayan
canlılar bunu hiss edir. Bu zaman onlar dənizin daha dərin qatlarına enirlər. Həmin
heyvanlara ciddi təsirləri olmur. Amma ola bilsin ki, dənizdə olan infrastruktura
zərərlər dəysin. Dənizdə gəmilər hərəkət edir, neft buruqları, estakadalar var.
İnsanların yaratdığı bu obyektlərə qasırğalar ziyan verə bilər. Yəni platformalar
aşa, dağıdıcı təsirlər ola bilər. Düzdür, estakadalar tikilərkən qasırğaların
olma ehtimalı nəzərə alınır, ancaq çox güclü qasırğa zamanı fəsadların olması
qaçılmazdır”.
"Bu qasırğalar əsasən mərkəz hissədə əmələ gəlir, sahil ərazilərə
doğru hərəkət etdikcə isə, gücü azalır” deyən Çingiz bəy bildirir ki,
qasırğanın sahil ərazisindəkilər üçün bir qorxusu yoxdur: "Yalnız qasırğanın
gücü azalmadığı halda ciddi problemlərlə qarşılaşa bilərik. Ancaq nəzər alın
ki, bu hava kütlələrinin hərəkəti əsasən qərb-şərq, yaxud şimal-qərb,
cənub-şərq istiqamətindədir. Bu hissədə, yəni qərbdən şərqə Xəzərin sahilinin
ən enli yeri 600 km,
dar yeri isə 320 km-dir. Yəni bu elə də böyük
bir məsafə deyil ki, qasırğa geniş vüsət alsın. Xəzərin şimaldan cənuba uzunluğu
1200 km-dir və belə bir məsafədə klassik cərəyanlar baş vermir. Ona görə də,
ciddi fəsadların baş verməyinə inanmıram”.
Müsahibimizdən bu qasırğaların əvvəlcədən bilinib, qarşısının
alınmasının mümkün olub-olmadığını soruşduq: "Qasırğalar isti və soyuq kütlələrin
toqquşması nəticəsində əmələ gəlir. Siz deyən məsələni okeanik sahədə müşahidə
etmək mümkündür. Məsələn, Kaliforniya ştatında, Florida sahilində qasırğanın
gəlməsini öncədən bilmək olur. Çünki bu, okeandır, məsafəsi böyükdür. Amma
Xəzər dənizində bunu əvvəlcədən
hesablamaq çox çətindir”.
Ekologiya standartlarının monitorinq fondunun prezidenti, professor
Rauf Sultanov qeyd edir ki, bu hadisənin baş verməsi istilik
rejiminin dəyişməsi ilə əlaqədardır: "Bu da təbii haldır. Dənizdə mütəmadi
olaraq qasırğalar baş verir. Amma görünür, bu qasırğa əvvəlkilərə nisbətən
güclü olub. Əslində dənizin lap dərin qatında yaşayan canlılar üçün heç bir
qorxusu yoxdur. Amma bir az üst səthdə yaşayanlar bunu hiss edərək yerlərini
dəyişirlər. Amma bəzən bu qasırğalar həmin heyvanların yaşlı növlərinin ölümü
ilə də nəticələnə bilər. Çünki yaşlı nəslin nümayəndələri özünü müdafiə edə
bilmir və nəticədə qasırğa zamanı tələf olur. Qasırğa dənizin dərin qatında baş
verdiyi üçün sahildə yaşayan canlılar üçün bir təhlükəsi yoxdur”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, bu kimi xəbərlərdən qorxub, təşvişə düşməyə ehtiyac yoxdur:
"NASA-nın verdiyi bu xəbər təbiət hadisəsi kimi adi haldır. Yəni dənizdə
küləyin baş verməsi və bunun nəticəsində dibdəki çöküntünün suyun üzünə
qalxması təbii prosesin göstəricisidir. Dənizdə bu kimi hallar mütəmadi olaraq
baş verir. Bunu bir az da temperatur dəyişikliyi ilə əlaqələndirmək olar.
Verilən bu xəbərdən qorxmağa ehtiyac yoxdur. Heç bir canlı aləm üçün təhlükə
törətmir”.
Günel
Azadə