• çərşənbə, 24 Aprel, 06:09
  • Baku Bakı 13°C

Sübut etdik ki, psixologiya insanlar üçün faydalı elmdir

30.06.18 09:30 4883
Sübut etdik ki, psixologiya insanlar üçün faydalı elmdir
O, jurnalistika üzrə təhsil almaq istəyirmiş, amma sonra valideynləri onu psixologiyaya yönəldirlər. Oxuyur, öyrənir, bu yolda çətinlikləri də çox olur, lakin özünü bu sahədə tapır. Deyir ki, əgər özünü bu sahədə tapmasaydı, psixoloq kimi davam etməzdi. Müsahibimiz "Narınc” Psixologiya Mərkəzinin 9-cu mkr. filialının icraçı direktoru, psixoloq Aydan Nəzərovadır.

- Bir neçə il öncə abituriyentlər seçim edərkən bəzi ixtisaslarla bağlı heç də tam məlumatlı olmurdular. O ixtisaslardan biri də psixologiya idi. Maraqlıdır, sizin psixologiyanı seçməyiniz hansı dövrə düşüb?
- Mənim psixologiyaya gəlişim bu ixtisasın məşhurlaşdığı dövrə düşməyib. Biz qəbul imtahanı verən zaman psixologiya çox da tanınmırdı. Çox insana yad sahə kimi gəlirdi. Mənim də marağım jurnalistikaya idi, amma valideynlərim və yaxınlarım mənə psixologiyaya yönəlməyi məsləhət bildilər. Sağ olsunlar ki, belə bir istiqamətləndirmə etdilər. Elə oldu ki, mən bu ixtisasa da qəbul oldum. Artıq universitetin ilk kursunda bu ixtisas mənim üçün maraqlı olmağa başladı. Əvvəllər ona görə maraq göstərmirdim ki, psixologiya ilə o qədər də tanış deyildim. Biz orta məktəbdə oxuyarkən psixologiya deyilən fənn, psixoloq ştatı yox idi.

Amma onu da deyim ki, psixologiyanı bitirmək hələ psixoloq olmaq üçün yetərli deyil. Burada insanın situasiyaları analizetmə qabiliyyəti, təxəyyülü güclü olmalıdır ki, psixologiyaya sağlam şəkildə yönələ bilsin. Nəzəriyyəni bilmək, öyrənmək olar, amma psixologiyada təcrübə də vacibdir. Psixoloq olmaq üçün ya dünyagörüşün çox olmalıdır, ya da həyat təcrübən. Yəni, enişli-yoxuşlu və ya keşməkeşli yolların.


- Sizdə hansı tərəf daha çoxdur?
- Gənc yaşlarımdan demək olar ki, hər şeylə maraqlanan biri olmuşam. Biz - bir neçə tələbə artıq birinci kursda olanda psixologiya sahəsində özümüzü təkmilləşdirmək üçün kurslar axtarmağa başladıq. Bu minvalla da psixoloq Elnur Rüstəmovun kursunu tapıb ora yazıldıq. Qarşıma "əgər bu ixtisasa daxil olmuşamsa, öz üzərimdə çalışmalıyam” deyə bir məqsəd qoymuşdum. "Bu nə peşədir, seçmisən? Axırı yoxdur” deyən qohum-tanış çox idi. Hamı deyirdi ki, dəlilərlə işləyəcəksiz? Mən və həmin tələbə yoldaşlarım sübut etdik ki, psixologiya insanlar üçün faydalı elmdir. Zamanla biz də bu yolda irəlilədik. Və bu yolda Elnur Rüstəmovla Narınc xanımın mənim üzərimdə əziyyəti çox oldu, onları özümə mənəvi valideyn kimi görürəm. Hətta "mən psixologiyadan vaz keçmək istəyirəm” dediyim anlar da olub. Amma onlar mənə psixologiyanı sevdirdilər.

- Bu ixtisasdan uzaqlaşmaq istəyinizə səbəb nələr idi?
- Psixologiyada terapiya növləri çoxdur və onun bir-ikisini bilmək psixoloq olmaq demək deyil. O terapiyaların elə növləri var ki, ora çatanda çətinlik çəkirdim, mənimsəyə bilməyəcəyimi düşünürdüm. Amma çox şükür ki, bunu da bacardım, daha da irəli addımladım və addımlayıram.


- Bu sahədə təkmilləşməyiniz necə getdi?
- Universiteti bitirəndən sonra da psixologiya ilə bağlı kurslara ara vermirdim. Elnur müəllimin kurslarına da davam edirdim. Elə oldu ki, Narınc xanım mərkəzə işçi axtarırdı, Elnur müəllim də məni məsləhət gördü. İş görüşməsinə getdim və uğurlu alındı. Təcrübəçi kimi işə başladım. Mərkəzin rəhbəri olduğum filialı fəaliyyət göstərəndən elə ordayam. Məni bura gətirən yollar çox enişli-yoxuşlu olub. Uğura heç vaxt rahat yollarla getmirsən. Mən indiki psixologiya tələbələrinin əksəriyyətinə baxıram və həqiqətən bir az məyusluq yaşayıram. Çünki biz daha çox əziyyət çəkirdik. Demək olar ki, gecəmiz-gündüzümüz yox idi. İndi bir çox yeni başlayanlar evə getmək üçün 8 saatlıq işin bitməsini gözləyirlər. Amma mən işdə çox otururdum. Narınc xanımın nə qədər seansları var idisə, hamısını izləməyə çalışırdım. Axşam 8-9-a kimi otururdum. Elə pasientlər olurdu ki, içəridə oturmağıma icazə vermirdilər. Qapının ağzında əyləşirdim və seansın bitməyini gözləyirdim ki, digər seanslardan sonra məndə yaranan sualları Narınc xanıma verim. Beləliklə, staj müddətimi uğurla başa vurdum və artıq imtahan olunduqdan sonra yavaş-yavaş pasient qəbul etməyə başladım. İlk pasienti qəbul edəndə həyəcanlı idim, amma sonra öyrəşdim. Hətta çalışırdım ki, daha böyük problemli pasientlərlə işləyim. Çünki bu, insana daha çox təcrübə qazanmağa imkan verir. Düşünürdüm ki, yüngül pasientlərlə işləməyi hər kəs bacarır.

Bütün vaxtımı pasientlərimə sərf edirdim, hətta nahar vaxtımı da. Deyirdim ki, mən yeməsəm də olar. Düşünürdüm ki, təki uşaqlara dəstək ola bilim. Mən uşaqlar üzərində işə başladım, həddindən çox da pasientim olurdu. Hətta bəzən valideynlər də özlərinə uyğun seans istəyirdilər, amma mən buna getmirdim. Düzdür, mən ailələrlə işləyə bilərdim. Sadəcə olaraq bu sferanı, yəni uşaqlarla çalışmağı seçmişdim. Çünki bir sferanı götürüb o sahədə mütəxəssis olmaq istəyirdim və düşünürəm ki, əgər bir sahədə yaxşı mütəxəssis olmaq istəyirsənsə, bir neçə sahəni eyni vaxtda tam mənimsəmək mümkün deyil.

Bir nüansı da vurğulayım ki, mənim evdə kitabxanam var. İşdən evə gedəndə asudə vaxtımda kitablar oxuyuram. Bu da mənə çox kömək olur.


- Nə qədər sonra mərkəzin rəhbərliyini sizə həvalə etdilər?
- Bir gün Narınc xanım məni çağırıb belə fikri olduğunu dedi. Buna hazır olmadığımı bildirdim. Lakin dedi ki, narahat olma, sən bu işi bacaracaqsan. Və direktorluğa başladım. İnanın ki, direktorluq da asan olmadı. Bəzən deyirlər ki, direktor rahat kresloda oturub sənəd işi ilə maraqlanır, başqa nə edir ki? Kənardan asan görünə bilər, lakin hər işin özünəməxsus çətinliyi var. Amma zamanla gördüm ki, mənə bu işin həvalə edilməsi həqiqətən də düzgün seçim imiş. Xarakterim, bacarığım bu sahəyə uyğun imiş. Mən bunu bilmirdim, kəşf etdim.

- Yəni, rəhbər olmağın da çətinlikləri var...
- Bir var ki, pasientlərlə nəticə üzərində mübarizə aparasan, bir də var həm işçiləri idarə edəsən, həm pasient qəbul edəsən, həm də mərkəzin sənin üzərinə düşən digər qayğılarıyla maraqlanasan. İdarəetmə işi mənə bir az daha çətin gəlirdi. Amma onu da deyim ki, hər zaman məqsədə çatmaq üçün mübarizə aparan biri olmuşam. İnanın ki, mərkəzdə çətin anlarımız da olub, amma hər zaman çalışmışam ayaq üstə dayanım. Çünki direktorluq vəzifəsi elədir ki, hər kəsin gözü sənin üzərindədir. Hansısa çətin bir durumda ancaq sənə baxırlar. Yıxılacaqsan, yoxsa ayaq üstə qalacaqsan? Və həmin anda yıxılmağın üçün mübarizə aparanlar çox olur. Amma yıxılmamaq üçün mən özümdə həmişə güc, iradə toplayıram. Elə olur ki, istirahət günümü həftə içinə salıram. Həmin gün telefonla əlaqə saxlayıram işlə, çünki çox narahat oluram. İşdə olmayanda elə bilirəm ki, evdə uşaq qoyub harasa getmişəm.


- Uşaqlarla işləmək çətin deyil?
- Böyüklər elədir ki, rahat ünsiyyətə girib fikir mübadiləsi aparmaq olur, uşaqlarla isə şüuraltı şəkildə işləyirik. Məsələn, bizim nağıl, kukla, rəsm və s. terapiyalarımız var. Biz bunlarla uşağın daxili dünyasını açırıq. Sonra artıq onun narahatlığının səbəbini öyrənirik. Uşaqlarla işləmək üçün öncə onları sevmək lazımdır. Uşaqları sevməsən, onlarla işləyə bilməyəcəksən. Çünki onların arasında bəzən inadkar, kaprizli, sərt uşaqlar olur, hətta davranış pozuntuları olanlar var ki, döyürlər, tüpürürlər, əllərində nə varsa, sənə atırlar. Yenə də onları sevmək lazımdır. Çünki uşaqlar bizim gələcəyimizdir.
- Düşünürəm ki, siz həm də yaxşı ana olacaqsınız.
- Mənə bunu hər zaman deyirlər. Bunu zaman göstərəcək inşallah (gülür).


- Yeni evlisiniz. Yoldaşınızın işinizlə bağlı dəstəyini görürsünüz?
- Bu sahədə mənə ilk dəstəyi valideynlərim göstərib. Daha sonra Elnur müəllimlə Narınc xanım. İndi də sağ olsun, həyat yoldaşımın dəstəyini hiss edirəm. Ailə qanunlarını bilmək lazımdır. Ailəni idarə etmək heç də asan deyil. Sağ olsun ki, peşəmə, işimə anlayış göstərir. Ona görə ailə qurarkən elə bir adamı seçmək lazımdır ki, sənə dəstək olsun. Ata evindən çıxandan sonra yoldaşın sənin həm atan, həm anan, həm bacın, həm qardaşın olmalıdır ki, səni anlasın, başa düşsün, dəstək olsun. Sağ olsunlar, yoldaşım və ailəsi mənə çox dəstək olurlar.

- Qayınana ilə də yaxşı yola gedirsiniz, demək ki.
- Qayınana bir anadır, övlad sahibidir. Durduğu yerdə o heç vaxt kiminsə qəlbinə dəymək istəməz. İnsanlar yaşa dolduqca daha da müdrikləşirlər. Mən hər zaman məsləhəti dinləyirəm. Qayınanayla sərhədi saxlamaq lazımdır. Mən ona nə qədər yaxın olsam da, hər bir şeyi danışsam da, sərhədi saxlayıram. Çünki o emosional bağ qırılmamalıdır. O qırıldısa, bərpası yoxdur. Qayınanam da, qaynatam da çox anlayışlı, ziyalı insanlardır. İşimə də anlayış göstərirlər. Hər zaman yoldaşıma deyirlər ki, həmişə bax belə mehriban olub bir-birinizin qayğısına qalın. Xoşbəxtəm ki, qarşıma belə bir ailə və belə ziyalı, anlayışlı ailədə böyüyüb tərbiyə alan bir insan - həyat yoldaşım çıxıb. Əslində, mən oğul analarını başa düşürəm. Çünki oğul anaları həmişə qısqanırlar. Hətta mənim anam deyir ki, bu onda da olub. Bunun üçün də anlayış göstərmək və səbrli olmaq lazımdır ki, zamanla hər şey öz yerini tapsın. Bu mühit də, şükürlər olsun, yoldaşımın ailəsində var.

Aygün Asimqızı





banner

Oxşar Xəbərlər