Subayları evləndirən film - Fotolar

Subayları evləndirən film - Fotolar

Mədəniyyət
18 İyul 2019, 10:00 35881
Adətən mövsüm ərzində nümayiş olunan filmlərin əksəriyyəti isti yay aylarında çəkilir. Yəni indi film çəkmək üçün ən əlverişli zamandır desək, yəqin ki, yanılmarıq. Çünki mövsüm ərzində seriallara çəkilən aktyorların yalnız mövsüm sonlarında filmə çəkilmək imkanı olur. Təbii ki, burda başqa məsələlər də rol oynayır.  İsti yay günlərində çəkilən filmlərdən biri də iki mövsümdür kinoteatrlarda nümayişinə görə ən çox reytinq toplayan "Qızqaçırtma” filmidir. Artıq filmin 3-cü hissəsi çəkilir.  Film 2 mövsüm böyük reytinq topladığı üçün yaradıcı heyəti onun davamını çəkmək qərarına gəlib. Daha çox məşhur simaların iştirak etdiyi layihənin çəkiliş prosesi paytaxtda və cənub bölgəsində baş tutacaq. Biz də filmin yaradıcı heyəti ilə söhbət etdik. 
 
 

Filmin baş rejissoru Rüfət Şahbazov deyir ki, layihə uğurlu və baxımlı olduğu üçün növbəti bölümü çəkirlər. O, qeyd etdi ki, "Qızqaçırtma” filmi böyük tamaşaçı auditoriyası qazanıb: "Bildiyiniz kimi, filmin sifarişçisi "Xəzər” televiziyasıdır. Filmin birinci və ikinci hissəsi çox uğur gətirdiyi üçün biz bunu üçüncü hissəsini də çəkmək qərarına gəldik. Dünya kino sistemində də belə bir təcrübə var. Əgər bir film uğurlu alınırsa və çox reytinq toplayırsa, onun ardı çəkilir. "Qızqaçırtma”nın əvvəlki bölümləri uğursuz olsaydı təbii ki, biz onun üçüncü bölümünü çəkməzdik. Artıq filmin çəkilişlər başlayıb. Avqustun sonuna qədər çəkilişlər davam edəcək. Daha çox Lənkəran, Lerik, Astara rayonlarında, Bakı ətrafında Pirallahı qəsəbəsində çəkilişlərimiz baş tutacaq”.
 
 

Rejissor deyir ki, "Qızqaçırtma”da macəra davam edir: "Filmin birinci hissəsində Fərdanın canlandırdığı Təzəkişi üçün qızı qaçırdıq, ikinci hissəsində Məmmədin bacısını qaçırtmışdılar. Bu bölümdə isə Məlik üçün qız qaçırdacağıq. Bu filmdə Təzəkişinin yanında olan dostları Məlik və Məmməd ikisi də evlənir. Əsas məsələ odur ki, heç kim subay qalmır. Biz məcburi şəkildə heç kimi qaçırtmırıq. Qaçan qəhrəmanlarımız öz xoşu ilə qaçırılır (gülürük). Qızların qaçırılmasına  mane olmaq istəyənlər, qızın qohumları və mənfi obrazlardır. Filmdə yeni obrazlar da var. Hər filmdə əlavə yeni obrazlarımız olduğu kimi, bu bölümdə də var. Eyni zamanda texniki heyətdə də yeni simalarımız var. Buna ssenari müəllifi Ənvər Abbasovu və onun komandası – Samid Ağayev, Elnur Hüseynovu misal göstərə bilərəm”. 
 
 
 
R.Şahbazovdan filmdə şou aləmində və eləcə də film sektorunda daha çox tanınan aktyorların iştirak etdiyini və bunun filmin piarına nə qədər xidmət etdiyini də xəbər alırıq. Rejissor deyir ki, bu layihədə bir çox film qəhrəmanlarının əksəriyyəti toplanıb, çünki yazılan ssenaridəki obrazlar məhz onların əyninə biçilib: "Filmin üçüncü hissəsində tamaşaçılar sevilən aktyorları və tanınmış film qəhrəmanlarını eyni bir macəranın içərisində görə biləcəklər. Filmdə rol alan aktyorların demək olar ki, hamısı artıq komediyada öz sözlərini deyən, sevilən simalardır. Filmimiz daha maraqlı olsun deyə, onların hamısını bir macərada birləşdirdik. Bu filmdən gözləntilərimiz çox böyükdür”.
 


Rejissor film haqqında danışarkən qeyd etdi  ki, böyük dinamikası olan filmdir. Belə ki, burada  kaskadyorlarla ağır fəndlər olacaq: "Kaskadyorlarla 24 ağır fəndimiz, maraqlı ssenari xətti var. Öncədən onu deyim ki, filmdəki hər səhnəcik gülməlidir. Aktyorların hamısı həvəslidir. Və kadr arxasında peşəkar komanda işlədiyinə  görə, bu filmdən gözləntilərimiz çoxdur”.
 


Filmin prodüseri Amiran Babayev bildirdi ki, yeni hissə ailələrin rahatlıqla asudə zaman keçirmək üçün baxa biləcəyi bir ekran əsəri olacaq: "Filmdə maraqlı ssenari, bol gülüş və yeni macəralar olacaq. İnsanlar günün yorğunluğunu çıxarmaq, səmərəli zaman keçirmək üçün filmimizə baxıb əylənmək imkanına sahib olacaqlar. Belə ki, filmdə zarafatlar, gülməli səhnələr yer alıb. Filmdə Elşən Hacıbabayev, Fərda, bacılar, İlkin Misgərli, Kənan Yusifov, Nicat Şirin iştirak edəcəklər. Ümumi olaraq, filmin 70 faizinin Bakıda, 30 faizinin isə cənub bölgələrində çəkilməsi nəzərdə tutulub. Çəkiliş prosesi maraqlı keçir. Böyük kaskadyor truppamız, karate heyətimiz var. Kaskadyorlarımız çətin tryukların öhdəsindən gəliblər. Belə ki, Karate Federasiyası ilə danışmışıq. Filmdə əsl idmançı xanımımız da olacaq. Qəhrəmanların qaçırmaq istədikləri qız, onların başına oyun açacaq. Çox maraqlı bir mövzusu var. Bakıda hərəsindən cəmisi bir dənə olan xüsusi minik vasitələrindən istifadə olunacaq. Hansı ki, bu maşınlardan biri məhz Fərda və Elşən üçün nəzərdə tutulub. İlkin Misgərli üçün xüsusi  bir UAZ-RAF danışılıb. Böyük həcmdə olan minik vasitələri seçmişik.  Bundan başqa, film keyfiyyətli aparaturalarla çəkilir. Ölkədə olan ən son modellə çəkiliş aparılır”. 
 
 

Filmin ssenari müəllifi Ənvər Abbasov vurğuladı ki, layihənin ssenari xətti maraqlı və bu günün insanlarının maraq dairəsinə uyğun qələmə alınıb: "Filmin 3-cü hissəsində aktyor hyətində də dəyişikliklər olub. Qeyd edim ki, bu bölümdə özüm də aktyor kimi çəkiləcəyəm. Belə ki, filmdə kiçik bir rolum var. Filmin ssenarisinə gəldikdə isə dostların biri əsgərlikdədir. Onun istədiyi qızı başqasına verirlər. Oğlanın əsgər dostları Fərda, Elşən qərara gəlirlər ki, dostları üçün qızı qaçırtsınlar. Qızı qaçırtdıqdan sonra macəra başlayır”.
 


Ənvər Abbasov  bildirir ki, film yazdığı ssenariyə uyğun olaraq çəkilir. O, rejissor Rüfət Şahbazovun işinə bələd olduğu üçün film onun təxəyyülündə canlandırdığı kimi hazırlanır: "Bu günə qədər  bir çox rejissorlarla işləmişəm. Bəzən olur ki, rejissorla ssenaristin fikirləri üst-üstə düşmür. Ancaq bu layihədə bütün komanda olaraq  bir-birimizi yaxşı başa düşürük. Rüfət bilir ki mən nə istəyirəm, mən də bilirəm ki, istədiyimi o çəkə bilir. Əsas da budur, məncə. Ona görə də, filmin daha keyfiyyətli və baxımlı alınacağına inanıram.  Film "6 +” yaş qrupu üçün nəzərdə tutulub. Demək olar ki "+” söhbəti çox aşağıdır. Nə kəmərdən yuxarı, nə də kəmərdən aşağı bayağı ifadələr səslənməyib”.

"Qızqaçırtma-3” filmi  2020-ci ilin martında tamaşaçılara təqdim olunacaq. Komanda heyəti bildirir ki, bütün ailənin  rahatlıqla baxa biləcəyi əyləncəli bir film olacaq. Bizə isə gözləyib, gələn ilin martında filmin dadını çıxarmaq qalır. 

Xəyalə Rəis

Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb