• cümə, 29 Mart, 01:01
  • Baku Bakı 7°C

Şüarı daim inkişaf olan marketoloq – Uğur hekayəsi

06.05.16 11:07 3355
Şüarı daim inkişaf olan marketoloq – Uğur hekayəsi

Hər şeyi bir günə əldə etmək mümkün deyil. Böyük düşünüb, hədəflərini bölməlisən. Uzaq gələcəyə qoyduğun hədəfə daima gedirsən və o sənə uzaq görünür. Bu, insanı yorur, motivasiyadan düşürsən. Hədəflərini böləndə isə hər mərhələdə daha da güclənirsən və məqsədinə daha tez çatırsan, prosesdən zövq alırsan. Müsahibimiz ölkəmizin ilk rəqəmsal marketinq konfransının təsisçisi Aysel Cəbrayılovadır.

- Rəqəmsal marketinq ölkəmizdə, elə dünyada da yeni sahədir. Birinci oradan başlayaq ki, rəqəmsal marketinq nədir?

- Marketinq fəaliyyətinin rəqəmsal platformalarda tətbiqidir. Bu gün insanları telefonsuz təsəvvür etmək mümkün deyil, onlar artıq daha çox internet platformalarda vaxt keçirirlər. Məsələn, xəbəri TV-dən deyil, xəbər saytlarından, sosial şəbəkələrdən, bloqlardan və digər rəqəmsal platformalardan oxuyurlar. Marketinq də müştəriyə xitab edən fəaliyyət növüdür. Əgər sənin müştərin bu gün rəqəmsal platformadadırsa, sən də mütləq orada olmalı, marketinq fəaliyyətini sözügedən sferada da aparmalısan. Qısası, rəqəmsal marketinq marketinq fəaliyyətinin internet üzərində, yeni texnologiyalarda tətbiqidir.

- Rəqəmsal marketinqə gəlişiniz necə oldu?

- Bank sferasında müştərilərə xidmət sahəsində işləyə-işləyə Marketinq AİR təlimlərinə qoşuldum. Təlimlərdən sonra II Milli Marketinq Forumunda aparıcı (2014-cü il) , III MMF-də təşkilati komandanın üzvü və aparıcı (2015-ci il) seçildim. Bu illər ərzində öz üzərimdə işləyərək rəqəmsal marketinq sahəsində ixtisaslaşdım. Yenilənən dövrün və inkişaf edən biznesin tələblərinə uyğun olaraq 2015-ci ilin 31 oktyabrında ölkəmizdə ilk dəfə Rəqəmsal Marketinq Konfransını keçirdik. Tədbirdə 450 nəfərə yaxın mütəxəssis iştirak edirdi.
Bu ilin 27-28 may tarixlərində keçiriləcək IV MMF-də isə həm təşkilati komandanın üzvü, həm də Rəqəmsal Marketinq panelinin moderatoruyam.

- Rəqəmsal marketinq konfransı ideyası necə yarandı?
- Zamanın tələbinə uyğun biz bunu etməliydik. Facemark tez-tez xarici konfransların media partnyoru olur. Düşündük ki, niyə də özümüz etməyək?
Marketinq AİR məzunlarından komanda toplayıb, başladıq işləməyə. Təxminən 3 ay hazırlaşdıq və uğurlu nəticə əldə etdik. Bu il də eyni şəkildə çox işləyəcəyik ki, faydalı olaq.

- Facebok səhifənizi izlədikdə hiss olunur ki, bir yerdə dayanmır, yalnız işlə kifayətlənmirsiniz. İşdən əlavə də fəalsınız. İş sizin üçün nədir?
- İş mənim üçün istirahətdir. İşləməyi sevirəm və təkcə verilən tapşırıqla kifayətlənmirəm. Evdə bekar qalsam yorularam, mütləq yeni nəsə fikirləşib özümə iş tapıram.

- Aysel, işdə ən çox nə xoşunuza gəlir?
- Mənim üçün nəticə önəmli olsa da, iş prosesini çox sevirəm. İş prosesində olan müzakirələr bir başqa zövq verir. Reallaşdırılan layihənin ən maraqlı hissələri məhz bu müzakirələrdə yaranır. Çalışıram ki, etdiyimiz işlərlə səs sala bilək, fərqlilik yaradaq. Trendə ayaq uydurmaqdan daha çox trend yaratmağın tərəfdarıyam.

- Sizcə, niyə kişilərin əksəriyyəti uğurlu, güclü qadınları sevmir?
- Bəlkə də düşünürlər ki, qadın uğurludursa, ailəsinə lazımi qədər vaxt ayırmayacaq, hər gün işlədiyindən evə gec gələcək, yemək bişirməyəcək və s. Amma mən bu fikirlə razı deyiləm. İşində uğurlu, məsuliyyətli olan qadın evində də mütləq elə olur. O, övladına çox yaxşı nümunədir. Ümumiyyətlə, savadlı qadın sağlam cəmiyyətin özəyidir.

- Heç vaxt Facebookda ailənizlə, övladınızla bağlı şəkil paylaşmamısınız. Şəxsi həyatınızı bölüşməyi xoşlamırsınız?
- Bəli, şəxsi həyatımı Facebook-a daşımağı sevmirəm. Bəzi insanlar üçün Facebook şəxsi profildir, amma mənim üçün yalnız şəxsi profil deyil, həm də işim üçün istifadə edirəm. Əvvəllər şəkil qoyduğum vaxtlar olub. Sonra bu vərdişimi yavaş-yavaş tərgitdim.

- Deyirlər, hər uğurlu kişinin arxasında bir qadın dayanır. Bəs uğurlu qadının arxasında kim durur?
- Ailəsi dayanır. Bir qadının işləməsi, uğur əldə etməsi çox çətindir. Amma mümkündür. Deyirlər ki, uğurlu kişinin arxasında qadın durur. Yəni onu qadın doğur, o, bir xanımla ailə qurur və istər-istəməz o, həmişə sevginin ətrafında olur. Əslində hər bir uğurun dalında sevgi dayanır. Görün, o nə qədər sevgi ilə əhatələnir. Heç bir uğur çətinliksiz başa gəlmir. Müəyyən qədər əziyyət çəkməlisən ki, uğur pilləkənində yuxarı qalxa biləsən. Uğur qazanmaqda sevgi əsasdır. Evdə hər hansı çətinliyin olanda səni sevindirəcək, yanında olan ailən olmalıdır.

- Həm də anasınız. Qızınızı necə tərbiyə edirsiniz?
- Qızım Ayanın 6 yaşı var, məktəbə hazırlaşır. Çalışıram ki, ona şifahi olaraq nəsə qadağan etməyim, ona öz hərəkətlərimlə nümunə olum. Məsələn, demirəm ki, "get, dərsini yaz” və ya "get, kitab oxu”. O mənim kitab oxuduğumu görüb, istər-istəməz məndən nümunə götürür, kitaba sevgisi artır və kitab oxumağa alışır. Özünün təklifi ilə evdə kiçik kitabxanasını yaratmışıq. Hər nə qədər məşğul olsam da, mümkün deyil ki, hər gün ona ən azı bir saat ayırmayım. Çünki istəmirəm, məktəbəqədər hazırlıqdan öyrəndiyi ilə kifayətlənsin. O bilir ki, özü də öz üzərində işləməlidir.
Bir gün Ayan otağını dəyişmək istədiyini dedi. Normalda yəqin əksər valideynlər buna etiraz edər. Amma mən razılaşdım və vaxt verdim ki, fikirləşib otağında nələr edəcəyini desin. O da cizgi filmlərində gördüyü kimi, otağının çəhrayı rəngdə olmasını istədiyini, divarın hansı hissəsində ailə şəkillərinin olmasını və s. bildirdi. Otağı rəngləmək üçün ləvazimatları aldım, otağı boşaltdıq və dedim ki, gəl rəngləyək. O, balaca fırça, mənsə böyük fırça ilə otağı böyük zövqlə rənglədik. O başa düşdü ki, nəsə istəyirsə, hazır ovcuna düşməyəcək, bunun üçün əmək sərf etməlidir.

- Marketoloqların beyni daim yenilik üçün çalışmalıdır. Müştərinin ürəyinə yol açmaq üçün yenilik axtarmaq sizə çətin deyil ki?
- İş, ideya, proses məni həyəcanlandırmadısa, heç nə edə bilmirəm. Bəlkə də buna görə marketinqi seçmişəm. Hər gün öz sahəmlə bağlı yenilikləri izləyirəm.
Ümumiyyətlə, işini sevən insanlara iş heç vaxt çətin gəlmir. Çünki bilirlər ki, hər çətinlik uğurlu nəticə vəd edir. Uğurlu olmaq üçün bu çətinliyi fürsət kimi görmək və yeni həll yaratmaq lazımdır.

- Hədəfiniz olmamış olmaz...
- Müəllimim həmişə deyirdi ki, hədəflərini böl. İşlədikcə gördüm ki, düz deyir. Qarşına böyük hədəflər qoyanda, sənin gözünə çox böyük görünür. Və sən ora daima gedirsən, gedirsən, sənə uzaq görünür. Amma hədəfləri böləndə daha rahat olur. Məsələn, bu gün üçün bu işi, sabah üçün filan işi etməlisən. Bu yolla hədəfinə daha tez çatırsan. Çünki heç vaxt hədəfin uzaq göründüyünə görə motivasiyadan düşmürsən. Hər gün yeni nəsə öyrənirsən. Baxırsan ki, dünəndən bir addım öndəsən. Başa düşürsən ki, hədəfinə yaxınlaşırsan. Mənim hədəfim yeniliklərə imza atmaq, ölkəmizə faydalı mütəxəssis olmaqdır. Kiçik hədəflər isə bəzən zamanla dəyişir. Hətta yaxınlaşıb imtina etdiklərim də olub.

- Aysel, uğur qazanmaq üçün nə edirsiniz?
- İşimi sevirəm. Bununla yanaşı, zəhməti sevir, işdən qorxmuram. Qorxdunsa, haradasa dayanacaq. Eyni zamanda məsuliyyətli olmağa çalışıram. Hesab edirəm ki, iş sənə etibar olunursa, onu ən yaxşı şəkildə təhvil verməlisən və sənə verilən dairə içərisində qalmamalısan. İnkişaf etmək istəyirsənsə, hər gün öz üzərində işləməli, nəfsinə qalib gəlməli və uzunmüddətli düşünməlisən. İnadkar olub, pozitivə köklənsəniz, hər bir çətinliyin öhdəsindən gələrsiniz.

Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər