Sualtı internet infrastrukturu: Qurulması və əhəmiyyəti
Ötən əsrin 60-cı illərində
yaranan internet 90-cı illərdə kommersiya istifadəsinə verilib. Artıq 30 ilə qədər
bir müddətdir ki, internet insan həyatının ayrılmaz bir hissəsinə çevrilib və bu
proses hər il daha da dərinləşir.
Hər ötən il rəqəmsallaşmanın
sürətlənməsi, texnologiyaların inkişafı internet üzərindən milyonlara insanın
ünsiyyət qurmasına, dövlət və özəl sektorun öz xidmətlərini onlayn
platformalardan təqdim etməsinə, daha iri həcmli məlumatların ötürülməsinə, ticarətin
elektronlaşmasına səbəb olur.
Son üç ayda koronavirus
pandemiyası ilə əlaqədar olaraq biz internetdən daha intensiv istifadəni, xidmətlərin
sürətli rəqəmsallaşmasını müşahidə edirik. Əgər biz hazırki rəqəmsallaşma səviyyəsinə
təqribən bir neçə ildən sonra çatacaqdıqsa, pandemiya bu rəqəmsal
transformasiya prosesini, başqa sözlə desək rəqəmsal inkişafı sürətləndirdi. Bəs
sürətli rəqəmsallaşmanın əsasında dayanan internet bağlantısı və bu bağlantını
kəsintisiz, dayanıqlı edən hansı infrastrukturdur və o necə qurulub?
Qlobal internet infrastrukturu mürəkkəb quruluşa malikdir
İnternet infrastrukturu
əsasən yerüstü, sualtı və peyk infrastrukturuna əsaslanmaqla mürəkkəb bir quruluşa
sahibdir.
Yerüstü infrastruktura
Amerika və Avropada, eləcə də digər qitələrdə yerləşən İnternet Mübadilə Mərkəzləri
(Frankfurt, Stohkolm, Amsterdam, London, İstanbul, Nyu York, və s. şəhərlərdə
yerləşən mərkəzlər), informasiyanın toplandığı Data Mərkəzlər, İnternet Servis Provayderlərinin
binaları,baza stansiyalar, eləcə də onları birləşdirən yerüstü magistral
fiber-optik kabel xətləri daxildir.Sualtı infrastruktura qitələri birləşdirən okean
və dənizaltı magistral fiber-optik kabel xətləri daxildir.Peyk infrastrukturuna
isə yerətrafı orbitdə yerləşən telekommunikasiya peykləri daxildir ki, onlar
internet bağlantısı üçün siqnalı yerüstü mərkəzdən alaraq digər yerüstü mərkəzə
ötürür və internet bağlantısının yaranmasını təmin edirlər.
Hazırda dünya üzrə
internet rabitəsinin 99%-i məhz yerüstü və sualtı kabellər vasitəsilə verilir. İnternetin
peyk üzərindən verilməsi xidmətindən isə az istifadə olunur, çünki peykdən məlumat
ötürülməsi gecikmə ilə müşaiyət olunur və iri həcmli məlumatların verilməsində çətinlik
yaranır. Peyk üzərindən bağlantı internet rabitəsinin qurulmasının coğrafi cəhətdən
çətin olduğu və mümkün olmadığı ərazilər üçün əvəzedilməz xidmətdir.
Bəsmagistral kabel xətləri,
xüsusilə sualtı (okean və dənizaltı) magistral kabellər necə formalaşıb vəəhəmiyyəti
nədən ibarətdir?
İlk okeanaltı qitələrarası kabel xətti
1858-ci ildə İrlandiyadan Kanadaya - Nyufaundlendə qədər çəkilib (Transatlantik
teleqraf kabel xətti) və Avropa ilə Amerika qitələri arasında teleqraf rabitəsini
mümkün edib. Lakin rabitə stabil olmayıb. Köhnə və yeni qitə arasında stabil
rabitə yalnız 1866-cı ildə yaranıb.
Amerika və Avropa arasında okeanaltı ilk teleqraf xətti
1870-ci ildə isə Böyük
Britaniya ilə Hindistan arasında teleqraf kabel xətti çəkilib. Sonrakı illərdə
isə kabel xətlərinin sayı daha da artıb. Daha sonra 1950-ci illərdə artıq
telefon rabitəsinə imkan verən ilk okeanaltı kabel xətti qurulub. ABŞ, İngiltərə
və Kanadanı birləşdirən TAT 1 (Transatlantic 1) telefon rabitəsi xətti 1956-cı
ildə istismara verilib.
İnternetə tələbat okeanaltı kabel xətlərinin çəkilişini zəruri
edib
XX əsrin sonlarında isə internet bağlantısının
mümkün edilməsi üçün artıq okeanların dibi ilə magistral fiber-optik kabel xətlərinin
çəkilişinə başlanılıb. Hazırda dünyada ən müxtəlif dövlətlər və şirkətlər tərəfindən
çəkilən sualtı kabel xətlərininsayı artır, internetə olan tələbat iri internet
operatorları və kontent provayderlərini qitələrarasındauzunluğu minlərlə
kilometr olan infrastruktur şəbəkəsiyaratmağasövq edir.
Mövcud okeanaltı magistral fiber-optik
kabel xətlərinin əks olunduğu xəritə
Məsələn, "Google” şirkətinin
sahibi olduğu və bu il istifadəyə veriləcək "Curie” kabel xəttinin uzunluğu
10.476 km dir. Kabel xətti ABŞ-ın Los Anceles şəhərindən Panamanın Bilbao şəhəri
və Çilinin Valparaiso şəhərləri arasında çəkilib. Məlumat ötürmə gücü 72 terabit/s
olacaq.
"Facebook”, "Microsoft”
və "Telxius” şirkətlərinin birgə sahib olduqları və 2018-ci ildə istismara
verilmiş 6605 km uzunluğunda olan "MAREA” kabeli isə ABŞ-ın Virciniya sahilindən
İspaniyanın Bilbao şəhərinə qədər uzanır. Məlumat ötürmə gücü 160 terabit/s təşkil
edir.
"Amazon”, "Facebook”,
"NTT Communications”, "PLDT”, "PCCW Global” və "SoftBank” şirkətlərinin birgə
sahibi olduqları "JUPITER” magistral kabelinin uzunluğu 14.557 km, məlumat
ötürmə gücü isə 60 terabit/s təşkil edəcək. 2020-ci ildə istismara veriləcək
kabel xətti ABŞ, Fillippin və Yaponiyanı birləşdirəcək.
Həmçinin, ölkələri birləşdirən
qısakabel xətləri də var. Məsələn, 2012-ci ildə istismara verilmiş,131 km
uzunluğunda olan "Celtix-Connect-1” dənizaltı kabel xətti Böyük Britaniya ilə
İrandiyanı birləşdirir.
Onu da qeyd edək ki, hazırda
Xəzər dənizinin dibi ilə də magistral fiber-optik kabel xətlərinin çəkilməsi
layihəsi aparılır.Layihənin icrası ilə Azərbaycanın da adı artıq dünyada sualtı
internet kabel infrastrukturuna sahib olan ölkələrin siyahısına əlavə ediləcək.
Azərbaycanla Orta Asiya ölkələri (Qazaxıstan və Türkmənistan) arasında Xəzər dənizinin
dibi ilə çəkiləcək Transxəzər Fiber Optik kabel xətləri təkcə Xəzərin Şərq və Qərb
sahillərində yerləşən dövlətləri deyil, ümumilikdə Avropa ilə Asiyanı Azərbaycan
vasitəsilə birləşdirəcək və tarixi ipək yolunun üzərində Azərbaycan üzərindən rəqəmsal
ipək yolunu formalaşdıracaq. Bu, Asiya ökələrinin internetə artan ehtiyaclarının
Azərbaycan vasitəsilə təmin edilməsinə imkan verəcək, gələcəkdə Azərbaycanın
regionun rəqəmsal mərkəzinə (Digital Hub) çevrilməsinə şərait yaradacaq. Azərbaycanla
Qazaxıstan arasında uzunluğu 400 km olan kabel xəttinin (məlumat ötürmə gücü
4-6 terabit/s) operatorları 2019-cu ildə imzalanmış dövlətlərarası sazişə əsasən,
Azərbaycan tərəfdən "AzerTelecom”, Qazaxıstan tərəfdən isə "KazTransCom” və
"Transtelecom” telekommunikasiya operatorlarıdır. Azərbaycan və Türkmənistan
arasında Xəzərin dibi ilə uzunluğu 300 km təşkil edəcək fiber-optik kabel xəttinin(məlumat
ötürmə gücü 2-4 terabit\s) operatorları isəötən il Aşqabadda imzalanmış dövlətlərarası
sazişə əsasən, Azərbaycan tərəfdən "AzerTelecom”, Türkmənistan tərəfdən isə
"Türkməntelekom” telekommunikasiya operatorlarıdır.
Sualtı magistral kabel xətləri xüsusi gəmilər vasitəsilə çəkilir
Sualtı (dənizaltı və
okeanaltı) kabel xətlərinin çəkilişi çox mürəkkəb bir prosesdir. Kabel xətləri
dənizin/okeanın dibində müxtəlif dərinlikdə,3-4 km-ə qədər, hətta daha dərinlikdə
xüsusi gəmilər vasitəsilə çəkilir. Gəmi kabeli sahildən başlayaraq dənizin/okeanın
dibi ilə əvvəlcədən hazırlanmış təhlükəsiz marşrut üzrə sualtı maneələrdən
(batmış gəmi hissələri, mərcan rifləri və digər süni və təbii maneələr) kənar hamar
olan səthlər üzərindən çəkməlidir.
Xüsusi gəmi suyun altında fiber-optik kabelin
müvafiq marşrut üzrə çəkilişini aparır
Lakin yerüstü kabel
infrastrukturu kimi sualtı kabel infrastrukturu da təbii və süni halların təsiri
ilə zədələnə bilir. Maraqıdır ki, okeanlarda sualtı kabel xətləri bir sıra
hallarda həttaköpəkbalıqları tərəfindən də zədələnir. Onları rabitə xətlərinə cəlb
edən səbəblər tam olaraq bilinmir. Bundan başqa gəmilərin lövbərləri,
balıqçıların torları, sualtında baş verən müxtəlif təbiət hadisələri də kabellərin
zədələnməsinə yol aça bilir. Zədələnmiş kabellərin bərpası üçün isə həmin əraziyə
xüsusi təmir gəmisi göndərilir və fiber-optikkabel dayaz hissədə suyun üzərinə
çıxarılaraq təmir edilir, dərinlikdə isə təmir işləri suyun altında aparılır.
İnternet bağlantısına
olan tələbatın ödənilməsi, iri həcmli məlumatların yüksək sürətlə və az gecikmə
ilə ötürülməsi üçün qitələrarası magistral fiber-optik kabel xətlərinin sayı hər
il artır.Telekommunikasiya bazarını araşdıran və məsləhət xidmətləri təqdim edən
"Telegeography” şirkətinin məlumatına əsasən, hazırda təxminən 400-dən çox
okeanaltı kabel xətləri mövcuddur və bu xətlərin ümumi uzunluğu 1.2 milyon km təşkil
edir.Təkcə 2016-2020-ci illər ərzində ümumi uzunluğu 400 min km, dəyəri isə
13.8 milyard dollar təşkil edəcək 107 yeni sualtı kabel xətlərinin istifadəyə
verilməsi planlaşdırılıb.
Lakin elm və texnikanın
sürətli inkişafına baxmayaraq hələ də dünyanın bütün hissələrində yerüstü və ya
sualtı magistral kabel infrastrukturunu qurmaq mümkün olmur. Bu gün dünyada
internet şəbəkəsinə fiziki olaraq (sualtı və yerüstü kabel xətləri ilə)
bağlanmayan yeganə kontinent Antarktidadır. Oradakı tədqiqat stansiyaları yüksək
məlumat ötürücülük qabiliyyətinə sahib peyk rabitəsindən istifadə edirlər.
Lakin bu da iri həcmli məlumatların tam olaraq ötürülməsini təmin etmir.
Bu gün internet
infrastrukturunun inkişafına yatırılan sərmayələr bağlantı xidmətlərini daha
sürətli, dayanıqlı və kəsintisiz edir, internetə qoşulan insanların və əşyaların
sayı durmadan artır.Bütün bunlar isə qədəm qoyduğumuz dördüncü sənaye inqilabı
şəraitində rəqəmsallaşmanı daha da sürətləndirir.
Əlimərdan Sultanov