• cümə, 29 Mart, 13:53
  • Baku Bakı 14°C

Sualtı dünyanın sakini – Çətin peşə

01.06.16 16:56 3049
Sualtı dünyanın sakini – Çətin peşə

"Suyun altı tam başqa dünyadır. Onu sözlə ifadə etmək olmur. Sanki bir neçə dəqiqəlik real həyatdan qopub ayrı bir aləmə səyahət edirsən. Suyun ahəngi, səssizliyi, balıqların hərəkəti, qayalar, qum dənəcikləri insana zövq verir. Mənə görə, istirahət üçün ən ideal məkan suyun altıdır”.
Bu sözləri bizimlə söhbətində gənc dalğıc Zahid Budayev dedi. Zahid 12 ildir peşəkar şəkildə dalğıclıqla məşğuldur.

"Real dünyadan qopuram”


Zahid deyir ki, uşaqlıqdan Buzovnada, dəniz kənarında böyüdüyü üçün dəniz hər zaman ona maraqlı gəlib: "Uşaqlığım dəniz kənarında keçib. Buna görə də dəniz məni hər zaman çəkib. Xilasedicilərin, dalğıcların işləri o qədər maraqlı gəlirdi ki, kənardan onları izləyirdim. Onların geyimləri, hərəkətləri çox maraqlı idi. Dostlarımla birlikdə Buzovnadakı xilasedicilərlə danışıb peşələri haqqında məlumat alırdıq. O zamandan qarşıma məqsəd qoydum və dalğıc oldum”.
Gənc dalğıc deyir ki, bəzən səhərdən axşama qədər suda olur. Onun sözlərinə görə, sualtı dünya onun üçün ən ideal məkandır: "Səhərdən axşama qədər suda oluruq. Suyun altındakı otlar, balıqlar, ilanlar, su altında qalan tikililər mənə zövq verir. Əsəbdən, stressdən, səs-küydən uzaq, ideal məkandır. Suda olanda sakitləşirəm. Suyun altı mənim üçün doğmadır. Onu sözlə ifadə etmək olmur. Suyun altının sakitliyi insana zövq verir. Sanki real dünyadan qopub sualtı dünyaya səyahət edirsən”.

"İlk həyəcan unudulmur”


Sənətinin çətinliyindən danışan həmsöhbətimiz deyir ki, sənəti təhlükəli və çətin olsa da, işini sevir: "Bu sənətin çətinliyi çoxdur. Dalğıc avadanlığı çox ağır olur. Bunları daşıya bilmək üçün fiziki güc lazımdır. Dalğıc tam sağlam olmalı və vaxtlı-vaxtında idmanla məşğul olmalıdır. Hətta bizim qidalanmamız da adi insanlardan fərqlidir. Amma mən həyatı belə yaşamağa öyrənmişəm və işimi sevirəm”.
Həmsöhbətimiz ilk dəfə dənizə 24 yaşında dalıb. Bundan sonra dəfələrlə dənizə girsə də, həmin günü unuda bilmir: "Həmin gün həyəcanlı idim. Hava şəraiti də yaxşı deyildi. Amma suda batan var idi. Biz də vəzifə borcumuzu yerinə yetirmək üçün axtarış aparırdıq. Həmin gün çox təhlükəli idi: su bulanıq, hava küləkli idi. Düzdür, biz dənizə dalmamışdın qabaq təlimlər keçir, orada da bütün qaydalara riayət edirik. Amma ilk həyəcan unudulmur”.

"Öldürməyən Allah öldürmür”

Gənc dalğıc iş başında qarşılaşdığı maraqlı hadisəni də bizimlə bölüşdü. Saatlarla suyun altında qalan və boğulan insanın möcüzəvi şəkildə həyata qayıtdığı anı hələ də unuda bilmir: "Bir dəfə iki nəfəri xilas edirdik. Adamlardan biri artıq suyun dibindəydi, o biri isə çıxmaq üçün çırpınırdı. Suda çabalayan oğlanı xilas edəndə gördüm ki, suyun dibində bir nəfər uzanıb. Onu götürəndə artıq rəngi boğulmuşdu. Elə bildik ölüb. Çünki uzun müddət suyun altında qalmışdı. Birdən gözləmədiyimiz anda oğlandan xırıltılı səs gəldi. Həkim də təəccübləndi ki, bu ayıla bilməz. Xırıldayan kimi ona süni nəfəs verməyə başladıq. 40 dəqiqə işlədik. O qədər müddətdə suyun altında qalıb yaşamağı möcüzə idi. Çünki beynin bütün tənəffüs funksiyası dayanmışdı. Başının rəngi qapqara idi. Onda düşündüm ki, öldürməyən Allah öldürmür”.

"Uşaq əlimdən elə yapışmışdı ki…”

Müsahibimiz deyir ki, işini məsuliyyətli görmək və həyat xilas etmək üçün son ana qədər vuruşur: "İş başında mənə ən çox təsir edən körpə uşaqların boğulmasıdır. Bir dəfə uşağın batdığını gördüm və xilas etməyə getdim. Uşaq əlimdən elə yapışmışdı ki… Bu mənzərə mənə çox pis təsir etmişdi. Ağlaya-ağlaya onu sahilə gətirdim. İş fəaliyyətimdə mənə ən çox təsir edən uşaqların batması, valideyn məsuliyyətsizliyidir. Valideynlərə dəfələrlə xəbərdarlıq edirik ki, uşaqları müəyyən ərazilərə buraxmasınlar.Valideynlərə demək istəyirəm ki, uşaqlarınıza nəzarət edin, qeyri-çimərlik ərazilərinə getməyin”.

"Başına nə gələcəyini bilmirsən”

Müsahibimiz deyir ki, hər dəfə axtarış məqsədilə evdən gedəndə ailəsi ona görə çox narahat olur: "Hər dəfə evdən axtarış məqsədi ilə çıxanda ailəm çox həyəcanlanır. Zəngimi gözləyirlər. Mən də çalışıram, tez-tez mesaj yazım ki, hər şey qaydasındadır. Nə qədər peşəkar olsan da, təhlükə hər zaman var. Çünki qeyd etdiyim kimi, suyun altı başqa dünyadır. Suyun altında başına nə gələcəyini bilmirsən”.

"Külək də bizi qayalara çırpırdı”

Təbii dənizdə keçirdiyi 12 il müddətində təhlükəli hadisələr də az olmayıb. Müsahibimiz deyir ki, tez-tez küləklə, dalğalarla, qayalarla mübarizə aparır, ölüm-dirim savaşına çıxır: "O qədər təhlükəli hadisələrlə üzləşirik ki, artıq təhlükənin fərqinə varmırıq. Bir dəfə Yasamalda "son zəng” günü göldə məzunlardan biri batmışdı. Gölün ətrafında tikinti getdiyi üçün suyun altında dəmir, zibil, təkər, daş, hər şey var idi. Külək də bizi həmin qayalara çırpırdı. Başımız dəmirə dəyə-dəyə getdik. Hətta suyun altından özümüz də çıxa bilmirdik. Bir-birimizə kömək edə-edə çıxdıq. Külək suyun altında nəfəs almaq üçün istifadə etdiyimiz aləti əlimizdən alırdı. Qeyd etdiyim kimi, belə hadisələrlə tez-tez üzləşdiyimiz üçün artıq adiləşib”.
Sonda həmsöhbətimiz vurğuladı ki, insanlar xüsusilə yay mövsümündə suda boğulmaq istəmirlərsə, qaydalara tam riayət etsinlər, xilasedicilərin yanında olsunlar və onların sözlərinə əməl etsinlər. Əgər bunlara riayət etsələr, 99 faiz batma riski olmayacaq.
Qeyd edək ki, müsahibimiz Kür daşqınlarında fəaliyyətinə və Zuğulba çimərliyində 12 nəfəri tək xilas etdiyinə görə medalla təltif olunub.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər