Suallarım cavabsız qaldı...

Suallarım cavabsız qaldı...

Mədəniyyət
19 Mart 2013, 13:35 1708
Martın 16-da əməkdar incəsənət xadimi, Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə dünyasını dəyişdi. Bir neçə ay öncə Rəhman Əlizadə xəstələndiyini və müalicə üçün Moskvaya getdiyini söyləmişdi. Ancaq dediyinə görə, xəstəliyi elə də ciddi deyildi. Dünyasını dəyişdikdən sonra mediada onun ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bəzi xəbərlərə görə, Moskvada müayinə olunan zaman ona ağciyər xərçəngi diaqnozu qoyulub, ancaq özü bu barədə heç nə bilməyib. Bəzi yazılanlara görə, xəstəliyi barədə yalnız Rəhman Əlizadənin həyat yoldaşı və uşaqları məlumatlı olub.

Rəhman Əlizadə ilə ilk dəfə Mədəniyyət və İncəsənət Universitetinin IV kursunda (teatrşünaslıq fakültəsi) oxuyarkən tanış olmuşam. Yaxşı yadımdadır, universiteti bitirərkən hər bir tələbəyə araşdırma üçün diplom mövzuları verilirdi. Mənim də mövzum “Rəhman Əlizadənin dramaturgiyası” oldu. Sadə olduğu qədər də maraqlı bir mövzu…

Bundan öncə mənə onun necə zəhmli, ağır, qaradinməz adam olduğunu söyləmişdilər. Elə bu səbəbdən rejissorla görüşməyə çəkinirdim. Ancaq mövzunun maraqlı və əhatəli olması üçün rejissorla görüşməkdən başqa çarəm yox idi. Günlərin birində bu görüşlə bağlı ondan razılıq aldım. Öncə özümü təqdim edib, sözə başladım. Sərt baxışları ilə üzümə nəzərə yetirib: “Sizə necə kömək edə bilərəm?” - dedi. Tutuldum, heç bir söz deyə bilmədim. Dərhal üzündə səmimi bir ifadə yarandı. Gülümsündü: “Həftənin tək günü gəl, arxivimdə haqqımda yazılan bütün materialları sənə verərəm. Ancaq bir şərtlə ki, istifadə etdikdən sonra geri qaytarasan”.

Bundan sonra Rəhman müəllimlə davamlı olaraq görüşürdük. Yaradıcılığı, sənətinin enişli-yoxuşlu yollarından, başına gələn maraqlı əhvalatlardan bəhs edib, teatrın keçmişindən danışardı. Bir növ Kukla Teatrının daimi sakininə çevrilmişdim. Teatrşünas olduğumdan teatr prosesi barədə öz fikirlərini bölüşür, müasir dramaturgiyadan söhbət açırdı. Bəzən dərs prosesində çətinliklərim olan zaman Rəhman müəllim bacardığı qədər mənə kömək etməyə çalışırdı. Onun yaradıcılığını, dramaturgiyasını demək olar ki, tam öyrənə bilmişdim. Bir gün “Sizdən müasir dramaturgiyanın problemləri ilə bağlı müsahibə alacağam” deyə söylədim. Bir neçə ay əvvəl dramaturqun yaradıcılığı və səhnədə hazırladığı tamaşaları xarakterizə edən portret yazdım. Telefon açıb təvazökarlıqla “Ay qızım, məni nə qədər tərifləmisən. Teatrşünaslıq tərifi sevmir” dedi. “Müsahibəmiz isə bayramdan sonraya qalsın, bayram ərəfəsində kefimizi korlamayaq” söylədi. Ona ünvanlayacağım suallarım da demək olar ki, hazır idi. Ancaq cavabsız qaldı...

Rəhman Əlizadəni Azərbaycan teatrı və dramaturgiyası heç zaman unutmayacaq. Qırx il rejissor və otuz beş ildən artıq müddətlə dramaturgiya ilə məşğul olan, 60-a yaxın pyesə quruluş verən, 40-a yaxın pyesin müəllifi olan R.Əlizadə əsərləri teatrlarda ən çox tamaşaya qoyulan dramaturqlardan hesab olunur. Onun əsərlərinin respublika teatrlarını cəlb etməsinin əsas səbəbi, R.Əlizadənin pyeslərindəki kəskin konfliktlər, bugünkü tamaşaçıları çox narahat edən, düşündürən amillər idi. R.Əlizadənin dramaturq kimi bir də professionallığı onda idi ki, tamaşaçını güldürə-güldürə düşündürür, onu hadisələrin gedişini diqqətlə izləməyə məcbur edirdi. Onun dramaturgiyasında hər bir kiçik rol belə, obraz səviyyəsinə yüksələ bilirdi. Çünki R.Əlizadə həm də çox maraqlı rejissor idi. O, pyeslərini yazanda bir rejissor kimi sanki əvvəlcədən tamaşaçının kəskin epizodlara necə qiymət verəcəyini, orada gedən hadisələri necə izləyəcəyini bilir və görürdü.

R.Əlizadə həm də tərcüməçi kimi dünyanın məşhur dramaturqlarının üç pyesini dilimizə tərcümə edib. “Böyük Teymurləng”, Şekspirin “Yay gecəsində yuxu”, Jan Batist Molyerin “Tartüf” pyeslərini Azərbaycan dilinə çevirib.

R.Əlizadənin qırxa yaxın pyesi var. Bunlardan da iyirmi beşi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınıb. Hətta beş pyesi nazirlik tərəfindən dövlət sifarişi kimi alınıb və Milli Akademik Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, eləcə də respublikanın ayrı-ayrı teatrlarında tamaşaya hazırlanıb.

1991-ci ildən Dövlət Kukla Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan R.Əlizadə 1993-cü ildən bu teatrın baş rejissoru təyin olunub. 2006-cı ilin aprel ayına kimi də həmin teatrın baş rejissoru işləyib. Onun bu teatrda həm öz pyeslərinə və həm də Azərbaycan, dünya xalqlarının dramaturqlarının əsərlərinə verdiyi quruluşlar öz rəngarəngliyinə, rejissor yozumuna, maraqlı mizanlarına görə qısa vaxtda bu teatrı nəinki respublikada, həm də ondan kənarlarda məşhurlaşdırıb. Çünki o artıq bu teatrda kuklanı “pərdə çərçivəsindən” çıxarıb və səhnə önünə gətirib. Aktyorlara səhnədə tam sərbəstlik verib. Düşünürəm ki, o, dünyasını dəyişsə də, yazdığı əsərlər hər zaman gündəmdə olacaq və müasirliyini saxlayacaq, teatrlarımızda onun əsərləri hər zaman yaşayacaqdır.

Hər il bayramqabağı Kukla Teatrında uşaqları əyləndirmək, bayram ab-havası bəxş etmək üçün şənliklər keçirilirdi. Bir neçə gün öncə teatrların Novruz hazırlığından yazı hazırlayarkən Kukla Teatrının bayrama hazırlaşmadığını eşitdikdə, çox təəccübləndim. Rəhman müəllimə dəfələrlə zəng vursam da, zənglərim cavabsız qaldı. Teatrın direktoru Rəşad Əhmədzadə rejissorun səhhətində problem olduğunu söylədi. Sanki teatr da Rəhman müəllimin bu xəstəliyindən xəbərdar imiş kimi şənlik keçirməyi düşünmürdü...

Teatrın dayağı hesab olunan baş rejissor Rəhman Əlizadənin məsləhətlərinə hər zaman ehtiyac duyacağım. Amma onun səsini bir daha eşitməyəcəyimi bilsəm də yenə də onun nömrəsini telefonumun yaddaşından silmək mənim üçün çətindir. Mesajlarıma cavab verməyəcəyini bilsəm də, hər il bayramını təbrik edəcəyəm, ustad!

Xəyalə Rəis