AZE | RUS | ENG |

Sual və gülüş doğuran petisiya

Sual və gülüş doğuran petisiya
Seçkilərin vaxtının dəyişdirilməsinə etiraz etmək hüquqi savadsızlığın və dünyagörüşü məhdudluğunun nəticəsidir

Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla aprelin 11-nə ölkəmizdə növbəti prezident seçkiləri təyin olunub. Təbii ki, ölkə rəhbəri bu qərarı qəbul edərkən Azərbaycan Konstitusiyasının ona verdiyi səlahiyyətlərdən istifadə edib. Ona görə də bunu qeyri-adi hadisə kimi qələmə vermək, bu qərarda siyasi çalarlar axtarmaq absurddur. Lakin əfsuslar olsun ki, hər zaman ağa qara yaxmağı özünə peşə seçən radikal müxalifət, eləcə də xarici dairələrin əlində alətə çevrilən bəzi sapı özümüzdən olan baltalar prezident seçkilərinin 6 ay önə çəkilməsində müəyyən "səbəblər” axtarmağa çalışırlar. Azərbaycanın uğurlarına sevinməyən beynəlxalq güclər, ermənipərəst dairələr də bu fürsətdən yararlanaraq onlara dəstək verir, müxtəlif bəhanələrlə xaricə sığınan, özlərini "müxalifətçi” hesab edən belə şəxslərdən əleyhimizə istifadə edirlər. www.ipetition.com saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyanın yaradılması da bu qəbildəndir. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan "Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədovdur. Petisiya AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və baş katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Yazının əvvəlində qeyd etdiyimizə əsaslanaraq bir daha vurğulamaq istərdik ki, petisiya tərtibçilərinin tərkibi və iddiaları sual və gülüş doğurur. Əvvəla ona görə ki, seçkilərin vaxtının dəyişdirilməsi Azərbaycan qanunlarına tam uyğundur, ona qarşı çıxmaq, yaxud bunu qanundankənar hesab etmək özü belə, bu işin təşkilatçılarının hüquqi savadlarının və dünyagörüşlərinin məhdudluğunu aydın göstərir. Avropa və müasir dünya dəyərlərindən danışan bu şəxslərin bu cür addımları ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, eləcə də sivil yaşam qaydalarına zidd olan bir hərəkətdir. Digər tərəfdən, öz şəxsi maraqlarına görə Avropa ölkələrinə yaşamağa getmiş bu insanlar guya "təqib təhlükəsi altında yaşamaqdan qaçaraq Avropa ailəsinə sığınmağı” iddia etsələr də, məqsədləri Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaqdır. Buna da səbəb onların ermənipərəst dairələrin əlində alətə çevrilməsi, hansısa yollarla onlardan maliyyə əldə etmələridir. Məhz buna görə də sözügedən dairələrin sifarişlərini yerinə yetirmək məcburiyyətindədirlər. Bununla yanaşı, saxta müxalifətçi sənədləri, arayışları ilə xaricə sığınan bu şəxslərin saxtakarlığı ifşa olunduğuna görə, onlar antiazərbaycan fəaliyyət ortaya qoyur, deportasiya edilmək təhlükəsini öz üzərilərindən atmaq istəyirlər.  
 
 

Belə şəxslərin sifariş yerinə yetirdiyini, "vətənpərvərliyini” ifşa edən bir faktı vurğulamaq yerinə düşər. Xatırlayırsınızsa, cari il yanvarın 22-26-da AŞPA-nın qış sessiyası keçirildi. Həmin sessiyada müzakirəyə çıxarılan məsələlər əsasən münaqişə zonalarındakı humanitar fəlakətlər, sülhün əldə olunması, dözümlülük və tolerantlıq, Avropada antisemitizm, islamofobiya və ksenofobiya hallarının artması ilə bağlı idi. Həmin vaxt orada olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov təkbaşına AŞPA üzvlərini Ermənistan girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məlumatlandırırdı. Hətta o, AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti S.Sarkisyanın çıxışı zamanı işğalçı dövlətin başçısına səssiz etiraz aksiyası da keçirmişdi. S.Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Ş.Quliyev və D.Əsgərovun fotolarını tutub, erməni prezidenti ifşa edən Ə.Şahidov təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zaldan çıxarılmışdı. Hazırda özünü vətənpərvər, demokrat, xalq-millət təəssübkeşi kimi qələmə verən Ataxan Əbilov, Rövşən Qəmbər, Qurban Məmmədli, həmçinin Leyla Yunus, Emin Hüseynov, Qənimət Zahid, Emin Milli, Orduxan Teymurxanlı, Həbib Müntəzir kimi antimilli ünsürlər o zaman orada yox idilər. Halbuki, AŞPA sessiyasında tribunada çıxış edən şəxs Azərbaycanın 20 faiz ərazisini işğal edən, Xocalı soyqırımını törədən, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olan işğalçı Ermənistanın prezidenti idi. Məntiqlə özünü vətənpərvər hiss edən, Azərbaycan üçün canı yanan və xaricdə yaşayan hər bir aktivist orada olmağa can atmalı, işğalçı prezidentə etirazını bildirmək üçün əlindən gələni etməliydi. Lakin biz onlarda bu qeyrəti, bu vətənpərvərliyi, bu təəssübkeşliyi görə bilmirik.

Tam əminliklə deyə bilərik ki, saxta vətənpərvərliyi, qaraguruhçuluğu özlərinə peşə seçmiş bu adamlar sığındıqları xarici ölkələr üzərindən Azərbaycana qarşı "səlib yürüşünə” keçməklə, ermənipərəst dairələrin sifarişini yerinə yetirir, ölkəmiz barədə beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Bu gün Azərbaycan əleyhinə petisiya təşkil edən antimilli ünsürlər indiyə qədər bir dəfə də olsun işğalçı Ermənistanın, o cümlədən uşaq qatilləri S.Sarkisyan, Robert Köçəryan, Sehran Ohanyan, Zori Balayan və digər yanların əleyhinə hər hansı təbliğat aparmayıb, bu yöndə vətənpərvərlik nümayiş etdirməyiblər. Hətta ötən il iyul ayının 4-də Ermənistan silahlı birləşmələrinin təxribatı, mülki əhalini hədəfə alması nəticəsində 18 aylıq Zəhra Quliyevanın həlak olması da bu qeyrət dağarcıqlarının tükünü tərpətməyib. İndiyə qədər onlar işğalçı Ermənistana qarşı heç bir petisiya təşkil etməyib, bu məqsədlə təşkil edilən hər hansı oxşar aksiyaya imza atmayıblar.
 
 

Bütün bu sadalanan faktlar bir daha onu sübut edir ki, xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən www.ipetition.com saytında təşkil olunan petisiyanın məqsədi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, ölkəmizin haqqında yanlış rəy formalaşdırmaqdır. Amma keçmişdə baş verən oxşar proseslərin nəticəsini əsas götürərək birmənalı vurğulamaq olar ki, Azərbaycan əleyhinə başladılan bu kampaniya da iflasa uğrayacaqdır. Çünki, Azərbaycan müstəqil, hüquqi dövlətdir və burada bütün qərarlar qanunvericiliyin tələblərinə uyğun qəbul edilir və həyata keçirilir. Hər kəsə gün kimi aydındır ki, Azərbaycanda əlverişli seçki mühiti, seçki mədəniyyəti və stabillik var. Buna görə də Azərbaycan xalqı prezident seçkilərinə kölgə salmaq cəhdlərini pisləyir. Əqidəsini, ruhunu, özünü xaricə satmışların, erməni maraqlarına oynayanların belə cəhdlərə ən yaxşı cavab onun təşəbbüsçülərinin xalq tərəfindən bütün dəstəkdən məhrum olmasıdır.
 
Alpər TURAN

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112