AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Su – sağlamlıq, xoşbəxtlik və səadət mənbəyi

Su – sağlamlıq, xoşbəxtlik və səadət mənbəyi

İqtisadiyyat
04 İyun 2016, 11:55 2740
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  kollektivi növbəti dəfə bu əlamətdar günü qeyd etməyə hazırlaşır. 

Azərbaycanın dinamik iqtisadi inkişafında, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasında su təsərrüfatı işçilərinin böyük əməyi var. Tarixən  insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan xalqımızın ümummilli lideri Heydər Əliyevin "Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir.

Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktuallığını saxlayıb. Bu problem özünü daha çox şirin su ehtiyatlarının məhdud olduğu Abşeron yarımadasında büruzə verib. Abşeron yarımadasında içməli su problemini həll etmək üçün bir əsr əvvəl Şollar-Bakı su kəməri çəkilib. SSRİ dönəmində yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemləri mərhələlərlə həll edilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra içməli su təsərrüfatında ciddi dönüş yaranıb. 

Heydər Əliyevin memarı olduğu əsas su layihəsi isə Kür su kəmərləri sistemidir. 1969-cu ilin ikinci yarısında ulu öndər həm sutəmizləyici qurğuların, həm də Kür-Bakı magistral su kəmərinin tikintisinin qısa müddətdə başa çatdırılması üçün Moskva qarşısında məsələ qaldırdı. Heydər Əliyevin təşəbbüsü ilə layihənin ümumxalq tikintisinə çevrilməsi, ölkənin əksər tikinti və sənaye müəssisələrinin bu işə cəlb olunması nəticəsində Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə 30 aya görülməli işlər qısa müddətdə başa çatdırıldı.  1970-ci ilin sentyabrında Bakı Kür suyunu qəbul etdi. 

Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib. 

Paytaxt Bakının tullantı su infrastrukturunun inkişafını  nəzərdə tutan "Böyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması 1970-80-ci illərə təsadüf edir. Ulu öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük tullantı sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırılmasında arteriya rolunu oynayan "Sənaye zonası”, "Şəhərkənarı” və "Sahil” kollektorları inşa edilib.
Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən sonra Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. Layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğuları yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. 

2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə başçısı əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü ilin iyununda su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında imzalanmış sərəncama əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti  yaradıldı. 
İdeya müəllifi ulu öndər Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2010-cu ilin dekabrında istismara verilən bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 80 faizə yaxını fasiləsiz içməli su ilə təmin edilir.

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət Proqramlarının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlandı. Sənədə uyğun olaraq, 550 km magistral,  8100 km paylayıcı su xətlərinin, 150 km-i tunel tipli olmaqla 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi  və yenidən qurulması layihələndirilib. 

Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi 2015-ci ildə yekunlaşıb və  oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq, yeni kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Abu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2016-cı ildə dünya su sənayesinin ən önəmli 4 layihəsindən biri seçilib. 

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri istehlakçıların dayanıqlı su təchizatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Türkan, Zirə, Qala qəsəbələrinə ilk dəfə mərkəzləşmiş qaydada içməli suyun verilməsi təmin edilib.

Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan 37 Şərq və 82 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.   

Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə yeni kollektor və xətlərin, tullantısutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi  istiqamətində əhəmiyyətli addımlar atılıb. İnnovativ texnologiyalardan istifadə edilməklə Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Artıq 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi yekunlaşıb və bununla da Bayraq meydanından başlayaraq Lökbatan dairəsinə qədər ərazidə Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı tam alınıb.  

 Eyni zamanda Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının yenidən qurulması, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının yenidən qurulması Bakı buxtasına, eləcə də Novxanı çimərliyinə təmizlənmədən axıdılan tullantı sularının qarşısını almağa imkan verib.

2015-ci ilin iyun ayında Bakıda keçirilmiş Birinci Avropa Oyunları əlamətdar  hadisə kimi tarixə düşdü.  Bakı şəhərində Olim¬pi¬ya Sta¬dionunun, Su oyunları idman sarayının ti¬kin¬ti¬si, yol inf-rast¬ruk¬tu¬rlarının ye¬ni¬dən qurulma¬sı, Bö¬yük¬şor gö¬lü¬nün tə¬miz¬lən¬mə¬si la¬yi¬hə¬lə¬ri¬ çərçivəsində əra¬zi-dən ke¬çən magistral su xət¬lə¬ri¬ və ka¬na¬li¬za¬si¬ya kol¬lek¬tor¬la¬rı¬ yenidən quruldu, yeni xətlər və şəbəkələr yaradıldı. Ümumilikdə Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində  Bakı şəhərində 150 km-ə yaxın su və kanalizasiya xətləri quraşdırıldı. 

Son illər Abşeron yarımadasında içməli su təchizatının yenidən qurulması layihələri çərçivəsində 2400 km magistral və şəbəkə su xətti, 400 km kanalizasiya kollektoru və xətti, 48 ədəd su anbarı tikilib, 300 min smart sayğac quraşdırılıb, 1200-dən artıq çoxmənzilli yaşayış binasının içməli su şəbəkəsi, 4800-dən artıq binanın zirzəmisində kanalizasiya xətləri yenilənib. Görülmüş işlər nəticəsində son illər 330 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada su ilə təmin edilib. Fasiləsiz rejimdə su alanların sayı 2 milyon 200 min nəfərə çatıb.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrası uğurla davam etdirilir. Su  və kanalizasiya layihələrinin  icrasına başlanılmış 43 şəhər və rayon mərkəzinin 14-də həm su, həm də kanalizasiya şəbəkəsinin, 8-də isə su şəbəkəsinin tikintisi tam yekunlaşıb.  

 Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan kəndlərdə 150 subartezian quyusu qazılıb, paylayıcı şəbəkələr qurulub. Bütün bunlar 300 minə yaxın əhalisi olan 330 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib.  

Ümumilikdə "Azərsu” ASC-nin 12 illik fəaliyyəti dövründə 6700 km magistral və paylayıcı su xətti, 2300 km kanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 205 su anbarı, 108 su və kanalizasiya-nasos stansiyası tikilib, 260 artezian və subartezian quyusu qazılıb, 420 minə yaxın  smart sayğac quraşdırılıb. İstehlakçıların suölçən cihazlarla təmin olunması istiqamətində işlərin sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyev "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manatın ayrılması barədə sərəncam imzalayıb.

Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bunu təmin etmək üçün 2013-cü ildə istifadəyə verilmiş yeni Mərkəzi Laboratoriya cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçib. Bu da laboratoriyada aparılan analizlərin nəticələrinin beynəlxalq qurumlar tərəfindən tanınmasına imkan verir. 

Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən "Azərsu” ASC  ətraf mühitin qorunması  və ekoloji sabitliyin təmin olunması  tədbirlərində də fəal iştirak edir. Cəmiyyətin idarə və  müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 441 hektar yaşıllıq sahəsi yaradılıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində  150 minə qədər  müxtəlif növdə ağac və kol bitkiləri, 450 minədək mövsümi gül əkilib. 

Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir. Bu layihələr ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə böyük töhfələr verir. Hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır.