• cümə, 26 Aprel, 20:06
  • Baku Bakı 22°C

Su, külək, hədəf, rəqib, yelkən, qayıq, zaman...

05.12.16 14:34 2182
Su, külək, hədəf, rəqib, yelkən, qayıq, zaman...
Onların mübarizə meydanı dənizdir, rəqibləri isə dalğa və küləklər... Soyuq havalarda dalğalara meydan oxuyaraq, bu idman növü ilə məşğul olurlar. Unikal idman növüdür. Burada idmançı çeviklik və anında qərar verə bilmək bacarığına sahib olmalıdır. Bu, yalnız fiziki deyil, həm də beynin idmanıdır. İntellektualdır. Bədəni və zehni inkişaf etdirir. Söhbət yelkənli qayıqsürmə idman növündən gedir.
Yelkən üçün ən önəmli 2 təbiət amili var: külək və dəniz. Ölkəmiz bu baxımdan yelkənli qayıqsürmə idman növü üçün çox əlverişlidir. Xəzər dənizi və daimi əsən küləklər... Daha nə lazımdır ki... Yelkənçilər deyir ki, dənizlə mübarizə aparmaq göründüyü kimi asan deyil. Gözəlliyini, adrenalini və təhlükəni sözlə ifadə etmək mümkünsüzdür. Bunu ancaq küləkli havada dənizi tanıyan və dənizlə təmasda olan insanlar dərk edə bilər.
Biz də onların həyəcanına şərik olmaq üçün Xəzərin sahilində yerləşən yelkənçilərin qış məktəbinə yollanırıq.

Dünyada və Azərbaycanda yelkən

Yelkənli gəmi ilk dəfə e.ə. 2400-cü ildə Misirlilər tərəfindən icad edilib. İlk yelkənin xam maddəsi papirus bitkisidir. Yelkənli gəmilər daha sonra romalılar, yunanlar, çinlilər, ispanlar, portuqallar, fransızlar və ingilislər tərəfindən istifadə edilib. 20-ci əsrdə isə Avropalı bəzi məşhur tədqiqatçılar və səyyahlar yelkən idmanının məşhurluğunu artırdılar. Bu gün yelkən həm hobbi, həm də idman olaraq bir çoxları tərəfindən sevilir. Bu idman növü daha sonralar inkişaf edərək, olimpiya oyunlarının proqramına salındı. Yelkənli qayıqsürmə 1896-cı ildən olimpiya oyunlarında təmsil olunur. Hazırda demək olar ki, bütün ölkələrdə yelkənli idman federasiyaları fəaliyyət göstərir.
Azərbaycan Yelkənli İdmanı Federasiyası (AYİF) 2000-ci ildə yaransa da, fəaliyyətinə 2014-cü ildən başlayıb. Qısa illərin fəaliyyətinə baxmayaraq, artıq AYİF Federasiya bu gün, Beynəlxalq Yelkənli İdmanı Federasiyasının (İSAF), Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF tam hüquqlu üzvünə çevrilib. Qurum bu idman növünün inkişafına uşaqlarla başlayıb. Belə ki Federasiyanın təşəbbüsü ilə "Yelkənli yay məktəbi” yaradılıb. Yüzlərlə uşağın arasında ən güclülər və ən çox həvəs sahibi olanlar seçilib. Onlar hazırda "qış məktəbində” də məşqləri peşəkar səviyyədə davam etdirirlər.

"Uğura doğru addımlayırıq”

Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat katibi, yelkənçi uşaqların sevimlisi Nərmin Seyidova ilə söhbətləşirik. Həmsöhbətimiz deyir ki, yay məktəbi elan olunan zaman müraciət gözlədiklərindən də çox olub və uşaqlar arasında ən güclüləri seçib, peşəkar məşqlərə cəlb ediblər: "Məqsədimiz vətəndaşlarımızı bu idman növü istiqamətində inkişaf etdirmək və uğurlara nail olmaqdır. Bunun üçün yelkənli idmanın ilk sinfi olan optimist idman sinfindən başladıq. Burada uşaqlar 7-14 yaş arasındadırlar. Yay məktəbini ilk dəfə elan etdikdə 200-ə yaxın müraciət oldu. Seçimlərdən sonra 40 uşaq qaldı. Sonra həmin 40 uşaqdan 20 nəfər seçilərək yelkənin qış proqramına yönləndirildi. 20-likdən isə 5 nəfər ilk dəfə olaraq milli yığma komandanın üzvü oldu. Optimistin ideal yaşı 7-12 olsa da, yelkənin digər növlərində yaş senzurası yoxdur. Mütləq şəkildə qeyd etməliyəm ki, yelkənin yaşı yoxdur. İstənilən yaş, çəki, boy kateqoriyasına görə yelkənin növləri var və sadəcə, başlamaq lazımdır. Amma uşaqlar üçün optimist şərtdir. Artıq uğura doğru addımlamaqdayıq”.
Dənizə aşiq olan yelkənçilər

Artıq yelkənlər hazırdır və dənizə çıxmaq vaxtıdır. Məşqçi Seyhun Yılmaz yelkənçiləri başına yığıb, təlimatlarını verir, qaydaları yenidən xatırladır. Uşaqlar diqqətlə məşqçinin təlimatlarına qulaq asırlar. Təlimatdan sonra Seyhun müəllimə yaxınlaşırıq. Məşqçi deyir ki, yelkən dənizlə eşq yaşayanların sevdiyi idman növüdür: " Yelkənçilik dənizə vurulan, dənizlə iç-içə olmağı sevən hər bir insanın məşğul olmaq istədiyi idman növüdür. Zövqlü olsa da, zəhmət, əziyyət tələb edir. Əziyyətlə yanaşı sakitləşdirici və əyləncəlidir. Mühərrik, motor səsi olmadan gəmiyə dəyən dalğa səsləri, küləyi hiss etmək bədəndə olan adrenalini ifraz edir. İfraz olunan hormonlar həm fizioloji dəyişikliklərə səbəb olur, həm də psixoloji baxımdan insanı rahatladır. Təsadüfi deyil ki, bəzi psixoloji xəstəliklərdə dənizdən istifadə etmək məsləhət görülür. Bundan əlavə, yelkən idmanı özünə inamı, idarəçiliyi, komanda ruhunu, müşahidə etmək, strateji düşünmək qabiliyyətini inkişaf etdirir. Bunları etməyə kömək olan vasitələr su, külək, hədəf, rəqib, gəmi, zaman və özüdür. Bir yelkən idmançısı digər idman, növləri ilə müqayisədə 300 dəfə çox məlumatı analiz edir. Bu səbəbdən dünyada bir çox firmalar işçilərinə yelkənli idman növü ilə məşğul olmağı şərt kimi qoyur”.
Məlumat üçün bildirək ki, Amerikada aparılan araşdırmalara görə, kiçik yaşlarından yelkənli idmanla məşğul olan uşaqlar məktəb həyatında digərlərinə nisbətən daha müvəffəqiyyətli nəticələr əldə edib.

"Azərbaycanlı uşaqlar bacarıqlıdır”

Digər məşqçi, yelkənçilərin sevimlisi Tuğçe Subaşı deyir ki, azərbaycanlı uşaqlar yelkəndə çox bacarıqlıdır və bu idman növünü sevirlər: "Uşaqlar çox həvəslidirlər. Məqsədimiz yelkən idmanını daha çox insana sevdirməkdir. Düzdür, dəniz qorxusu insanların seçiminə təsir edir. Amma vaxt keçdikcə, valideynlər də, uşaqlar da dənizə öyrəşirlər. Bu idman növü uşaqları həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etdirir. Müstəqil qərar verə bilir və özünəinamlı inkişaf edirlər. Azad davranmağı, dəqiqliyi öyrənirlər. Yelkənin qaydaları var ki, uşaqlar bu qaydalara dənizdə də, sahildə də əməl etməlidirlər. Qayıqların toqquşmaması üçün qaydaları öyrənirlər. Sahildə köməkləşmək birinci qaydadır. Çünki bu, həm də komanda idmanıdır. Qayığı tək hazırlamaq mümkün deyil. Kiminsə sənə köməyi lazımdır. Bir-birlərinə hörmət etməyi və ən əsası ekologiyanı təmiz saxlamağı öyrənirlər. Çünki dəniz həmişə təmiz deyil”.

"Yelkən həyat tərzimdir”

Dənizə çıxmaq üçün müəllimlərini gözləyən uşaqlara yaxınlaşırıq. Selcan Abbas ölkəmizi çempionatda təmsil edən və federasiya kubokunu qazan yeganə qız idmançımızdır. Yelkəni ilk anda sevən Selcan deyir ki, qışda dənizlə mübarizə daha maraqlıdır: "Qışda dənizə çıxmaq çətin və maraqlıdır. Kəskin hava, böyük dalğalar və soyuq... Amma yelkən artıq mənim həyat tərzimdir. Hər gün düşündüyüm, hər gün üzərində çalışdığım idman növüdür. Yelkənlə məşğul olmayan həmyaşıdlarıma demək istərdim ki, maraqlı həyat təcrübəsi qazanmaq üçün bizə qatılın. Yelkən bizə sadəcə, bu idman növünü öyrətmir. Eyni zamanda tez düşünməyi və gələcəyi görməyi aşılayır”.
Ammar Hətəm ərəbdir. Deyir ki, dənizin gözəlliyindən zövq almaq istəyən mütləq yelkənlə məşğul olmalıdır: "Dalğaların çox olması bizim üçün daha maraqlıdır. Onda mübarizə həyəcanlı olur. Yelkən gözəl bir idman növüdür. Yelkənli idmanın mahiyyətini bilməyən həyatda çox şey itirir. Özlərini dənizin, dalğanın, küləyin gözəlliyindən məhrum edirlər.
Yelkən Cavidin də həyat tərzidir: "Yelkən mənim həyatımdır. Çox maraqlı idman növüdür. Həyatıma rəng qatır. Dənizi sevdiyim üçün bu idman növünə gəlmişəm. Dənizlə təmasda olmaqdan, dənizlə mübarizə aparmaqdan gözəl hiss yoxdur”.
Qeyd edək ki, hazırda ölkəmizdə "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. "Optimist” sinfi 1974-cü ildə yaradılmış yelkən növüdür. Yelkən siniflərinin arasında ilk olan optimist 8-15 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub ki, Beynəlxalq Yelkənli İdman Federasiyasının "16 yaşdan aşağı sinfi” olaraq rəsmən təsdiq edilmiş yeganə sinifdir. "Optimist” 15 yaşa qədər uşaqların çempionata hazırlıqlarını artırmaq və yelkənə məhəbbət yaratmaqdan ibarətdir.
"Laser” sinfi isə bu gün 140-dan artıq ölkədə istifadə olunan yelkən növüdür. "Laser” yeganə yelkəndir ki, yalnız bir dizayndan ibarətdir və heç vaxt dəyişilmir. "Laser”də görünüşdən önəmli idmançıların hərəkətliliyidir ki, bu da bu növün olimpiya oyunlarına daxil olmasına səbəb olub. "Laser”lə "Optimist”in ən yaxın oxşarlığı yelkənli qayığın bir nəfərdən və sürətli olmasından ibarətdir.
Aygün ƏZİZ
Yazı Azərbaycan Yelkənli İdman Federasiyasının təşkil etdiyi "Media müsabiqəsinə” təqdim edilir.


banner

Oxşar Xəbərlər