AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Üstü bəzək, içi təzək qazanlar

Üstü bəzək, içi təzək qazanlar

Təfsilat
08 Fevral 2013, 13:40 9372
Qazan qadınların ən çox istifadə etdiyi əşyalardan biridir. Xanımlarımızın əksəriyyəti qab-qazanı alıb yığmağı xoşlayır. Evdə lazım oldu-olmadı, qab əlindən bəzən tərpənmək belə mümkün olmur.

Xüsusən də dəbdə olanlarını. Xanımlar yalnız dəbli ayaqqabılar, pal-paltarlarla kifayətlənmirlər, ev əşyalarının da dəbli olmasına üstünlük verirlər. Bu isə həmişə faydalı olmur. Əvvəla, qab-qacaq çox bahalıdır. İkincisi isə onların zərərlisi də az deyil.

Şəhərin bir çox mağazalarında, bazarlarında satılan qazan dəstlərini çoxumuz gözdən keçiririk. Almasaq da, onlara baxış keçirməyimiz bizim adətimizdir. Üstünün bəzək-düzəyindən qəşəng görünən qazanlar diqqətimizi cəlb edir və biz rəflərə yaxınlaşmaya bilmirik. Qazanı əlimizə götürdükdə isə, onun ağırlığına az qala tab gətirmək mümkün olmur. Satıcı işin nə yerdə olduğunu görüb, qaçaraq gəlir. Başlayır qazanı tərifləməyə. Ay belə bişirir, elə düşürür... Yeməyin dadından doymaq olmur. Lap yaxşı! Qiyməti neçəyədir? Qiymətlər müxtəlif olur. 20 manatdan başlamış bir neçə yüz manata qədər…

Qazan dəstlərinin bəzilərinin üstü qırmızı boyalı, içərisi isə qara rəngdə olur. Satıcı izahat verməyə başlayır ki, bəs bu qazan məsələn, «Tac» firmasınındır, Türkiyədən gətirilib. Ona görə belə bahadır! İçərisindəki həmin bu qara materiala gəlincə, bu, platindir. Soruşursan ki, bəs buna isti dəyəndə necə olur? Satıcı yenə sənə ən təcrübəli ustad aşpazların məsləhətini verərək, bildirir ki, heç nə. Yeməyi qoyursan bu qazanın içinə və başlayırsan onu qaynatmağa. Amma nəbadə, bu qazanın içinə dəmir qaşıq, çömçə və s. salmayasan. Dəmirdən, gümüşdən olan bir materialı xoşlamır. Bu qazanlarınkı yalnız və yalnız taxtadır. Taxta qaşıqla yeməyini nə qədər istəyirsən, qarışdır. Adam düşünür ki, onsuz da nə qədər ehtiyatlı arvad olursan-ol, yenə ömründə bir dəfə də olsun, xörəyini odun üzərində unudub yandırırsan. Elə bu yaxşıdır, qazanın dibi qap-qara -xörəyin yandığını heç kəs bilməz. Amma satıcı sənin məmnunluq hissinin çox «yaşamasına» imkan vermir. İnsafsızcasına tez-tələsik izahatını davam etdirir: «Xanım, nəbadə bu qazanı yuyucu tozla və ya dəmir sürtkəclə sürtəsiniz. Həm də çalışın ki, içindəkini yandırmayasınız. İçindəki xörək yandısa, qazanı tulla getsin.»

Əcəb işdir! Deməli, 20, 50, 100 manatlıq qazan birdəfəlik şprisin günündəymiş. Necə deyərlər, bərkdə əli yox imiş. Belə də dəymədüşər qazan olar?! Bu, axı odun üzərinə qoyulmalı əşyadır! Nə isə. Hələ bərkdən-boşdan çıxmayan bu qazanlarda xörək bişirdinsə, gərək onun nazı ilə elə oynayasan ki, qazan sənin üzünü qara eləməsin.

Heyf, o mis qazanlardan. Elə ağırlığına oxşar samballığı da vardı. Yəni onun bişirdiyi yeməyin dadı bir başqa idi. Bir də ki, belə bir məsəl də vardı: «Qazan deyir, dibim qızıldı, çömçə deyir, fırlanıb çıxmışam». İndi belə çıxır ki, yeni qazanlar nə çömçəni yaxına buraxır, nə qaşığı. Özü də deyir ki, qızıl nədir, mənim dibim ya platin olmalıdır, ya da keramika…
Amma təəssüf ki, belə şeylər aldadıcı olur. Həmin o «Tac» firması deyilən firmanın qazanlarını az bir müddət işlətdikdən sonra başlayır içindəki arı şanını xatırladan xüsusi şəkilli qarası çıxmağa. Qızardılmış kartofun alt üzü olur təzə qazanın dibinin rəngində. Şəkli də düşür üstünə. Aparıb deyirsən ki, ay satıcı qardaş, həmin bu platin dediyindir, keramika dediyindir, nədir, soyulub tökülür. Ya bişirdiyimizin üstündə qalır, ya da məsləhət gördüyün qab şampunlarının köpüklərində.

Zəhərlənib ölərik axı! «Aura», «Tac», ya başqa firmadan gəlib kim bizə zəmanət verəcək ki, bu dibi qara qazanlarda bişir, ye, ölmə!? Satıcı vəziyyətdən çıxa bilir. Deyir ki, bacı, bu, yəqin «kitayski» olub. Üstəlik də soruşur ki, dəqiq bizdən almısan? Özündən şübhələnməyə başlayırsan. Amma yadına salırsan ki, bu qazanı elə bu satıcının özündən almısan. Amma nə edəsən? Ya da ki, satıcı nə etsin? Belə deyirlər, o da belə satır. Biz də baha qiymətlə özümüzə əcəl alırıq. Nə olmuşdu dibinin rəngi ağ olan qazanlarımıza? Yandırardıq da özümüz bilərdik, yandırmazdıq da! Toz yuyucu ilə sürtərdik, yanıq da çıxıb gedərdi işinin dalınca! Olmasa, bir az qum tapardıq… Yoxsa ki… Bu Türkiyənindir, nə bilim «Kitayın»dır… Onsuz da nə satıcıdan pulunu, nə də «Tac» firmasından zəhərlənmiş canını geri ala biləcəksən.

Elə hamı bir-birini aldada-aldada gedir. İrəli gedir, geri gedir - bilən yoxdur. Amma gedir… Neynək? Üzünə deməsən də, ürəyindən belə bir ifadə keçir: Elə sənin də, o firmanın da, onun «kitayski» variantlarını istehsal edənlərin də üzü qara olsun. Bax, bu qazanın isti dəyər-dəyməz, soyulub xörəyə qarışan qarası kimi!..

Zeynəb Əliqızı