Stressdən necə uzaq olaq? - Gənclərə məsləhət
Bəzən həyatda elə hadisələrlə qarşılaşırıq ki, onlar bizi stressə salır.
İstər tələbəlik dövründə, istərsə də iş həyatında yaşanan bəzi problemlər,
insana psixoloji olaraq təsir edir. Bu da gündəlik həyatımızda stressi artırır.
Artıq stress həyatımızın bir parçası olub. Hətta necə adət etmişiksə, "stressdən
uzaq qalmaq mümkün deyil” fikrini tez-tez dilə gətiririk. Mütəxəssislər isə məsələyə
bizim kimi yanaşmır. Bu zaman problemin həlli nədir? Stressdən necə uzaq qalaq?
Bu mövzuda psixoloq Nərgiz Süleymanlıilə həmsöhbət olduq.
Psixoloq deyir k, stress bədənin, beynin həqiqi və ya güman edilən təhlükələrə,
dəyişikliklərə reaksiyasıdır. Ortada bir səbəb olmadan stress yaranmır: "Gənclər
atıldıqları və qurmağa çalışdıqları həyatlarında stresslə tez-tez
qarşılaşırlar. Bir gənc üçün stressi qaçılmaz edə biləcək aktual səbəbləri əsas
2 qrupa ayırırıq. Bunlardan biri fiziki çevrədən qaynaqlanan səbəblərdir, digəri
isə psixososial hallarla bağlıdır. Fiziki çevrədən qaynaqlanan stressə qapalı
hava, hava kirliliyi, istilik-soyuqluq, radiasiya, gurultulu ortam,
psixososiala isə gərgin iş və ya dərs rejimi, işdən çıxarılma və ya iş yerinin
bağlanması, iş tapa bilməmək, zamanla yarışmaq, naməlum vəziyyətlərə düşmə,
imtahan prosesləri, ciddi xəstəliklər, evlilik və ya boşanma, dərslərin
başlaması, məzun olma, ailə üzvlərinin itkisi, hər gün və ya tez-tez yaşadığı
tıxac problemi, tələbənin mütəmadi ev dəyişdirməsi, başqa şəhərə və ya ölkəyə
köçmək məcburiyyəti və s. səbəbləri aid etmək olar”.
Nərgiz xanım stressdən qorunmağın yollarından da danışdı. Deyir ki, öncə
özünüzə düzgün qidalanma proqramı düzəldin, hər gün müntəzəm olaraq 1,5 l su
için: "Xüsusilə də stress altında olarkən tərləməyə görə, bədənin su itkisini və
ağız quruluğunu önləmək üçün bol su için. Həftədə 3 gün idman edin, ən azından
hər gün 1 saat piyada gəzin. Xüsusilə də açıq havada edilən bədən hərəkətləri
stresslə mübarizə hormonlarının ifrazına yardım edəcəkdir. Hər gün, çox gec
olmamaq şərti ilə eyni saatda yatmağı və səhər eyni vaxtlarda oyanmağı adət
halına gətirin. Yuxunuzu yetərincə aldığınıza əmin olun. Hətta daha keyfiyyətli
bir yuxu üçün yatmazdan öncə ilıq duş almaq, bir stəkan süd və ya bitki çayı
içmək, rahatladıcı musiqi dinləmək məsləhətdir. Çox gərgin iş rejimində
çalışırsınız və ya oxuyursunuzsa, müəyyən aralıqlarla fasilə verin, dik oturun,
gözlərinizi bağlayın və 10 dəqiqə ərzində zehninizi rahatladın. Sevdiyiniz şeyləri
və olmaq istədiyiniz bir yeri xəyal edin. Müəyyən fasilələrlə iş yerində və ya
təhsil aldığınız mərkəzdə gəzin, pilləkənlə düşüb-çıxın. Bu, qan dövranının
yaxşılaşmasına kömək olacaq”.
Müsahibimiz qeyd edir ki, evə iş gətirməyin, ailə üzvlərinizə, sevdiklərinizə,
dostlarınıza mütləq zaman ayırın: "İşdən sonrakı vaxtı şən, keyfiyyətli bir tərzdə
keçirməyə diqqət edin. Ailə bağlarının güclənməsinə önəm verin. Bu, sizdə müsbət
emosional vəziyyət yaradacaq. Gün ərzində özünüzə və hobbilərinizə zaman
ayırın. Bu, kitab oxumaq və ya musiqi dinləmək, sevdiyiniz bir insanla kafedə
oturub söhbət etmək də ola bilər. Evdə və ya iş yerində edə biləcəyinizdən çox
məsuliyyət almayın. Görəcəyiniz işlərinizi təcili və çox önəmlilər sırasına görə
planlaşdırın. "Yox” deməyi bacarmalısınız. Ən yaxınlarınız belə, bəzən içində
olduğunuz stressi və gərgin iş rejiminizi göz ardı edərək çox tələbkar ola bilərlər.
Duyğularınızı ifadə etməkdən çəkinməyin. Onlarla bu vəziyyəti müzakirə edib,
ehtiyacınız varsa, dəstək istəyin. Siz bunu dilə gətirmədiyiniz müddətcə,
onların vəziyyəti anlamasını gözləməyin. Sizi sıxan, səmimiyyətinə
inanmadığınız insanlarla bir arada olmayın. İş şəraitində ondan uzaq durmaq
kimi bir imkanınız yoxdursa, onunla ünsiyyəti xüsusi çərçivə içində saxlayın”.
Psixoloq deyir ki, insanların boş yerə vaxtınızı oğurlamasına icazə verməyin: "Sizin üçün stress qaynağı olan hadisələrə və
ya sizi əsəbiləşdirən vəziyyətlərə fərqli aspektlərdən baxmağa çalışın.
İnsanlarla münasibətdə simpatiya qurmağa çalışın. Unutmayın, hər zaman biz
haqlı ola bilmərik. Səhvlərinizi etiraf etməkdən çəkinməyin. Stress və əsəbinizə
qarşı mübarizə aparmağı öyrənin. Tələsik qərar verməyin, nəfəsalma
texnikalarını yoxlayaraq, sakitləşməyə çalışın. Sonradan peşman olacağınız sözlər
işlətməyin. Lazım gələrsə, sizi gərginləşdirən ortamdan bir müddət uzaqlaşın və
sakit beyin ilə vəziyyəti yenidən təhlil edin. Optimist olmağı, gülümsəməyi və
zarafat etməyi axsatmayın. Gələcək üçün planlar qurun. Təbiət qoynuna istirahətə
gedin. İnanclarınızı güclü edin”.
Psixoloq sonda bildirdi ki, hər vasitədən istifadə etməyinizə baxmayaraq,
stresslə mübarizəniz fayda vermirsə, mütləq mütəxəssisdən yardım istəyin. Çünki
həll edilə bilməyən stress halı müxtəlif psixoloji problemlər doğurur.
Günel Azadə