Strateji yol xəritəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Prezidenti yanında Bilik Fondunun "Sosial-iqtisadi
maarifləndirmə” Proqramı üzrə Astara Rayon İcra Hakimiyyəti və Astara Bilik
Evinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində tədbir
keçirilib.
Bilik Fondundan Trend-ə verilən məlumata görə, görüşdə yerli
ziyalılar, sahibkarlar, din xadimləri, dövlət və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak ediblər.
Mərkəzlə tanışlıqdan sonra tədbiri giriş sözü ilə açan Astara Rayon
İcra Hakimiyyəti başçısının müavini, Astara Bilik Evinin direktoru Yasəmən
Rəsulova son illər ölkədə aparılan sosial-iqtisadi islahatlar, Bilik Fondunun
bu istiqamətdə həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev
iştirakçılara "Müstəqillik illərində Azərbaycan dövlətinin investisiya
siyasəti: strateji yol xəritəsi kontekstində” mövzusunda mühazirə deyib.
Azərbaycanın dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək
islahatçı ölkə kimi tanındığını deyən professor Strateji yol xəritələrinin
Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafı
baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. "Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi
haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla təsdiq
edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutan mühazirəçi qeyd
edib ki, bu strateji konsepsiyalar iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin
gücləndirilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla
«Heydər Əliyev islam həmrəyliyi ideyasının banisidir” mövzusunda dediyi
məruzədə islamda həmrəyliyin və vəhdətin əhəmiyyətindən danışıb, dini
radikalizmə və ekstremizmə qarşı mübarizədə əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan islam həmrəyliyi ideyasının rolunu xüsusilə diqqətə
çatdırıb.
Səmimi şəraitdə keçən görüşdə mühazirəçilər iştirakçıları
maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Sonra Bilik Fondunun hədiyyə etdiyi kitablar Astara gənclərinə təqdim
olunub.