• cümə, 29 Mart, 05:37
  • Baku Bakı 7°C

Strateji xarakter alan Azərbaycan-ABŞ münasibətləri

09.11.13 09:39 4388
Strateji xarakter alan Azərbaycan-ABŞ münasibətləri
İyirmi ildən artıq müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlər daim mühüm yer tutub. Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin mili maraqlarına cavab verməkdədir.
Dünyanın super dövləti olaraq ABŞ-la münasibətlərin normal səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynamışdır. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır. Təsadüfi deyildir ki, 1994-cü ildə bağlanmış «Əsrin müqaviləsi»ndə və sonrakı mərhələlərdə bağlanmış digər neft-qaz kontraktlarında xeyli sayda ABŞ şirkəti təmsil olunur.
Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri isə qlobal təhlükəsizlik və terrorizmlə mübarizədir. Bəlli olduğu kimi, Azərbaycan ABŞ-ın milli maraqlarını və bütün sivil dünyanı təhdid edən terrorizmlə mübarizə işində ABŞ-la yaxından işbirliyinə malikdir. Ölkəmiz 2001-ci ildə Əfqanıstana qarşı yaradılmış beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olmaqla ABŞ-la ciddi əməkdaşlıq edib. Bu əməkdaşlıq hazırda da davam etməkdədir.
Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi ABŞ-ın diqqətini cəlb etməyə bilməz. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Onların qənaətinə görə, yaxın gələcəkdə ABŞ-ın regiondakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. Belə hesab edilir ki, hazırda soyuq müharibənin başa çatdığı bu dövrdə çox mürəkkəb siyasi proseslər baş verir. ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədir. Bu qitədəki dövlətlərin mövqeləri qətiyyən uzlaşmır. Halbuki, Avropa ölkələrinin əksəriyyəti NATO-nun üzvüdür və ilk baxışdan siyasi mövqelər üst-üstə düşməlidir.
Bu baxımdan ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. Bu, həqiqətdir və bu həqiqət müəyyən dairələr tərəfindən nə qədər tez dərk olunarsa, bir o qədər faydalı olar. 2001-ci ildə ABŞ-a qarşı dəhşətli terror aksiyası törədilərkən Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürdülər. Lakin Azərbaycan qeyd-şərtsiz ABŞ-ı dəstəklədiyini bəyan edib və beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərib.
Azərbaycanın antiterror fəaliyyətinə açıq şəkildə öz töhfəsini verməsi təbiidir. Çünki terrorizmdən əziyyət çəkən bir dövlət olaraq ölkəmiz onun necə bir bəla olduğunu yaxşı dərk edir və hesab edir ki, terrorizmin və terroristin milliyyəti, dini yoxdur, ona qarşı mütərəqqi dünyanın münasibəti eyni olmalıdır.
Azərbaycan-ABŞ münasibətlərinin mühüm aspektlərindən biri də Dağlıq Qarabağ problemi ilə bağlıdır. ABŞ Minsk qrupunun üzvü kimi münaqişənin həlli ilə bağlı prosesdə yaxından iştirak edir. Azərbaycan ABŞ-ın prosesdəki aktiv roluna daim ümid bəsləyir. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri olan rəsmi Vaşinqtonun Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun qəbuledilməz olması məsələsində tutduğu mövqeyə uyğun mövqe sərgiləməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulaması, həm də qlobal və regional təhlükəsizliyin təmin edilməsi baxımından önəmlidir. Bu barədə Prezident İlham Əliyev bildirib : “Biz ABŞ-ın ən yüksək rəhbərliyi səviyyəsində status-kvonun qəbuledilməzliyi ilə bağlı bəyanatı alqışlayırıq. Bu, tam olaraq bizim mövqeyimizlə üst-üstə düşür və bugünkü günün tələbidir. Çünki Dağlıq Qarabağ münaqişəsi təkcə böyük zorakılığın və beynəlxalq hüququn tapdalanmasının təzahürü deyil, bu, eyni zamanda regional təhlükəsizliyə və sabitliyə ən böyük təhdiddir”.
İkitərəfli münasibətlərin sağlam inkişafının perspektivləri baxımından Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu da xüsusi əhəmiyyətə malik olub. Forumda Amerikanın dövlət, siyasət, elm xadimləri, strateqləri, hərbi və iqtisadi elitanın nümayəndələri iştirak edib.
Ümumilikdə isə qeyd etmək olar ki, müstəqillik dövründə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edib. Xüsusilə son 10 il ərzində tərəflər arasında 2000-ci illərin əvvəllərindən, 11 sentyabr terror hücumlarından sonra genişlənən strateji tərəfdaşlıq münasibətlərində önəmli nəticələr əldə olunub.
Belə ki, 10 il ərzində Azərbaycanın ABŞ-ın terrora qarşı qlobal mübarizədə ən mühüm tərəfdaşlarından biri olaraq qaldı, Əfqanıstan və İraqda beynəlxalq sülhməramlı əməliyyatlara dəstək verdi, Əfqanıstandakı Amerika qüvvələrinin təchizatı üçün Azərbaycan üzərindən keçən yeni nəqliyyat dəhlizi açıldı, Azərbaycan sülhməramlı qüvvələri İraqda 2008-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri ilə yanaşı öz beş illik hərbi xidmətini uğurla başa vurdu, Birləşmiş Ştatlar üçün Azərbaycanın Amerikanın maraqlarını və xarici siyasətini müəyyən edəcək üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşən strateji tərəfdaş kimi əhəmiyyəti daha da artdı.
Sonda bir daha qeyd edək ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan və ABŞ regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratik islahatlar və insan hüquqları kimi sahələrdə güclü tərəfdaşlıq münasibətlərindən faydalanır.
ABŞ-ın sabiq dövlət katibi xanım Hillari Klintonun dediyi kimi, ABŞ və Azərbaycanın münasibətləri dərindir, vacibdir və uzunmüddətlidir.
Ötən illər ərzində iki dost ölkə arasında münasibətlərin təhlili göstərir ki, Azərbaycan Respublikası ilə ABŞ arasında olan münasibətlər mahiyyət etibarilə dinamik xarakter daşıyır. Bu münasibətlər ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ABŞ-a etdiyi səfərlər və iki ölkə arasında imzalanmış 76 dövlətlərarası saziş fonunda daha da möhkəmlənib və strateji xarakter kəsb edib.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər