• cümə axşamı, 28 mart, 20:06
  • Baku Bakı 13°C

Strateji seçimlərdə Ermənistana güvənmək olmaz

11.11.18 12:30 593
Strateji seçimlərdə Ermənistana güvənmək olmaz
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astana sammiti nümayişkaranə şəkildə göstərdi ki, strateji seçimlərdə Ermənistana güvənmək olmaz. Bunu Trend-ə "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, KTMT rəhbərliyini əldə saxlamaq uğrunda mübarizədə Ermənistanın ağır məğlubiyyəti sonrakı təsirlərini hələ uzun illər göstərəcək: "Həm KTMT sisteminin özündə, həm də Rusiyanın patronajlıq etdiyi Avrasiya İqtisadi Birliyi, Sanxay Əməkdaşlıq Təşkilatı kimi digər regional dövlətlərarası təşkilatlarda Ermənistan etimadsızlığın aşkar əlamətlərini yaşayacaq. Müttəfiq və ya tərəfdaş kimi Ermənistana inam və güvən tam qırıldı. Ermənistanın yeni rəhbərliyi təşkilatın baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açandan sonra da KTMT Baş katibliyini reqlamentə uyğun olaraq 2020-ci ilədək əldə saxlayacağına çox ümidli idi. Baş nazir vəzifələrini icra edən Paşinyanın planı bu məsələdə ikibaşlı idi. O, Ermənistanda daxili siyasi rəqiblərini repressiya yolu ilə sıradan çıxarmaq, eyni zamanda KTMT Baş katibliyini əldə saxlamağı hədəfləmişdi. Lakin çox sayda ekspertlərin əvvəlcədən gözlədiyi kimi, Paşinyan uğursuzluğa düçar oldu. Strateji müttəfiq kimi Rusiyanın siyasətini və mənafelərini, eləcə də onun ən böyuk təhlukəsizlik təşkilatının nüfuzunu özünün qərbyönümlü geosiyasi sifarişli oyunları xatirinə zədələməyin əvəzini ağır ödədi".
Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibədə həmişə ən son güvən yeri kimi təsəvvür etdiyi KTMT-də sarsıdıcı zərbə aldı və hörmətsiz vəziyyətdə təşkilatın bir küncünə atıldı: "KTMT liderləri Ermənistanın sonrakı niyyətlərini təhqiramiz formada pozdu və Ermənistan üçün arzuedilməz əsasnamə dəyişikliyi etdi. Təşkilatın müşahidəçi statusunun təsis edilməsi ilə Ermənistana göstərildi ki, ilk növbədə Azərbaycan özü arzu etdiyi halda təşkilata yaxın buraxılacaq. Hadisələrin belə inkişafının qarşısını almaq üçün Ermənistanın nə qədər çalışdığını nəzərə alsaq, Azərbaycan diplomatiyasının hansı nəticəyə vardığına bir daha əmin ola bilərik. Həm də Azərbaycan bu böyük nəticəyə həmin təşkilatın strukturlarından tam kənar şəraitdə nail oldu".
A.Quliyevin fikrincə, aşkar görünür ki, KTMT liderləri Qafqaz və ona qonşu regionlarda öz strateji planlarını əsasən Azərbaycanın maraqları və imkanlarına uyğunlaşdırmağa yönəliblər:
"Paşinyan strateji müttəfiqlərə arxadan zərbə vurmaq siyasəti yürütsə də, Azərbaycan Prezidentinin Rusiya ilə bağlı daha düşünülmüş strateji siyasət aparması nəticəsində Ermənistan KTMT-də dərin iflasa uğradı. Azərbaycan regionda Rusiyanın ən etbarlı strateji tərəfdaşına çevrilmək üçün daha ağıllı addımlar atır və bunu elə bir vaxtda edir ki, Ermənistan ikibaşlı və xəyanətkar geosiyasi oyunlarla nəyəsə nail olmağa çalışır. Azərbaycan regionda Rusiyanın ən etibarlı strateji tərəfdaşına çevrilə biməsəydi, Ermənistanın KTMT-də iflası bu qədər dərin şəkil ala bilməzdi. Tək Paşinyan yox, bütün Ermənistan dövləti sarsıdıcı zərbə aldı. Azərbaycan diplomatiyası KTMT ilə sonrakı münasibətlərdə daha geniş manevr imkanları qazandı. Ermənistan strateji müttəfiq kimi olan-qalan nüfuzunu itirdi. KTMT-nin Astana sammiti nümayişkaranə şəkildə hamıya göstərdi ki, strateji seçimlərdə Ermənistana güvənmək olmaz. Ermənistan bu cür beynəlxalq təşkilatların yüksək postlarında təmsil olunmaq şanslarını demək olar ki, itirdi. Bu, Azərbaycan diplomatiyasının tarixi üstünluk qazandığı mühüm məqamlardan biridir".
banner

Oxşar Xəbərlər