AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Ştrasserin bütün planlarının alt-üst oldu»

«Ştrasserin bütün planlarının alt-üst oldu»

Müsahibə
30 Yanvar 2013, 09:08 2267
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana aid müzakirələr və eyni zamanda ölkənin siyasi gündəmində daim müzakirə olunan digər mövzularla bağlı “Kaspi”nin suallarını Milli Məclisin deputatı Jalə Əliyeva cavablandırıb.

-Jalə xanım, istərdim müsahibəyə AŞPA-nın qış sessiyasının yanvarın 23-də keçirilən plenar iclasının nəticələri ilə bağlı sualla başlayaq. Məlumdur ki, Kristofer Ştrasserin hazırladığı hesabat qəbul edilmədi. Siz, bu, prosesi necə qiymətləndirirsiniz?
- AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı məruzənin qəbul olunmaması Ştrasserin bütün planlarının alt-üst olması deməkdir. AŞPA-dakı səsvermə göstərdi ki, almaniyalı məruzəçinin ölkəmizlə, eləcə də Azərbaycandakı siyasi məhbuslarla bağlı fikirləri heç bir zaman həqiqəti əks etdirməyib. Əgər belə olmasaydı Assembleyada təmsil olunan 125 deputat qətnamə layihəsinin əleyhinə, 79 nəfər isə lehinə səs verməzdi. Hətta bu insanın özü belə, sonradan məğlubiyyətini etiraf etdi. Əslində, heç bir hüquqi əsası olmayan iddiaların puça çıxmasına normal baxmaq lazımdır.

- Amma bəzi müxalifət təmsilçiləri, eyni zamanda Ermənistan tərəfi Ştrasserin məğlubiyyətini başqa istiqamətə yozurlar. Sizcə, onlar bu fikirlərində nə dərəcədə doğrudurlar?
- Avropada, dünyada Azərbaycanla əlaqədar verilən qərarlara elə bizim öz içimizdə bəyənməmək, bizim öz içimizdə ona kölgə salmaq kimi belə bir əhval-ruhiyyənin olması inanın ki, insanı incidir. Bir necə gün bundan əvvəl AŞ PA-dakı müzakirələrə burada bir başqa don geyindirmək həvəsi var idi. Bu qələbənin kökündə “kürü əməliyyatı”nın dayandığını, avropalı deputatların hakimiyyət tərəfdən ələ alındığını söyləyənlər oldu. Belə hallarla rastlaşanda insanın daxilini bir kədər bürüyür ki, nəyə görə, biz nailiyyətimizə sevinmək, bunu alqışlamaq əvəzinə, həmin an bu hadisəni sağa-sola çəkməyə çalışır, nə isə mənfi çalarlar tapıb düşmən qarşısına çıxartmağa cəhd edirik? Budurmu azərbaycançılıq, budurmu vətənpərvərlik? Mənim fikrimcə, bunlar nə vətənpərvərlikdir, nə də Azərbaycansevərlik.

- Son vaxtlar mətbuatın əsas mövzularından biri İsmayıllı rayon mərkəzində baş vermiş hadisələrdir. Bəzi dairələr bunu siyasiləşdirməyə çalışırlar. Sizcə burada hansısa siyasi motivlərdən söhbət gedə bilərmi?
- Mövzu qıtlığı çəkən müxalifət üçün İsmayıllıda sırf məişət zəmnində baş verən bir hadisə böyük təhlillər, analizlər qaynağına çevrilib. Halbuki uzaqdan, tərəfsiz şəkildə bu hadisəyə baxanda görürsən ki, bu, sadəcə bir avtomobil qəzasının doğurduğu üzücü olaydır. Qəzanı törədən şəxsin hansısa davranışından irəli gələn münaqişədir. İki nəfər arasındakı bu münaqişəyə ətrafdakı insanların da cəlb olunması qığılcım rolunu oynayıb. Münaqişə tərəfindən bir neçə şəxs qəza törədən adamın çalışdığı oteli yandırıblar. Bütün bunlar bir anda baş verən hadisədir. Hadisələrin gedişi, müxtəlif informasiya portallarında yerli sakinlərin çıxışları göstərdi ki, bu, nə mövcud idarəetməyə üsyan deyil. İsmayıllı olayları cızığından çıxmış bir neçə insanın hərəkətlərinin nəticəsi idi. Amma bu hadisəni əsla ölkədəki ümumi abu-havaya şahid etmək düzgün olmazdı. Bəzən yazırlar ki, digər rayonlarda da nə isə gözlənilir. Hər birimiz az-çox rayonlarla əlaqəli olan insanlarıq, hərəmiz bir rayonun nümayəndəsiyik. Rayonlarla hər gün əlaqə saxlayırıq. Bilirik ki, vəziyyət heç də bəzi qüvvələrin təqdim etdiyi kimi deyil. Son hadisələri qara rəngə boyayıb böyük iğtişaş kimi qələmə vermək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

- Jalə xanım, qeyd etdiniz ki, bəzi qüvvələr proseslərdən öz xeyirlərinə istifadə etmək istəyirlər, bu baxımdan necə düşünürsünüz, ABU-nun sabiq rektoru Elşad Abdullayevin də yayımladığı videomateriallardan yararlanmaq istəyənlər varmı?
- Elşad Abdullayevin yaydığı videolar, açıqladığı fikirlər sırf hüquq-mühafizə orqanlarının araşdırıb məlumat verə biləcəyi məsələlərdir. Görünən odur ki, Elşad Abdullayevlə bağlı hadisələr indi baş verməyib. İddiaçının bildirdiyi kimi, bu hadisələrin haradasa 10 illik tarixi var. Nəyə görə 10 il bundan əvvəl yaşananlar, məhz indi gündəmə gətirilir? Birinci növbədə bunun araşdırılması vacibdir. Cəmiyyəti bu kimi çoxsaylı suallar narahat edir. Əgər həqiqətən də o videolardakı görüntülər reallığı əks etdirirsə, vaxtında ictimailəşdirilməli idi. Amma, o zaman bu, baş verməyib. Lakin Azərbaycanın getdikcə daha da gücləndiyi, inkişaf etdiyi bir dönəmdə belə məsələlər gündəmə gətirilir. Bunlarla yanaşı, qarşıdan prezident seçkiləri yaxınlaşır. Böyük bir siyasi proses ərəfəsində Elşad Abdullayevin videolar yayaraq, kimləri isə ittiham etməsi düşündürücüdür. Ona görə də bunu məqsəd yönlü şəkildə ortaya atılan planın bir hissəsi sayıla bilər. İnanıram ki, hüquq-mühafizə orqanları bu barədə daha sanballı məlumatlar verəcəklər. Əslində zaman-zaman bu barədə açıqlamalar verirlər. Heç bir ölkə, heç bir cəmiyyət bu kimi hadisələrdən sığortalanmayıb. Bütün dünyada belə hallar baş verir. Araşdırmadan sonra günahkarlar müəyyənləşirsə, cəzalarını alırlar. İnanıram ki, bizdə də bu, belə olacaq.

- Start verilməsə də 2013-cü il prezident seçkiləri ilə bağlı artıq müəyyən fikirlər səslənir. Siz necə düşünürsünüz?
- Azərbaycanda hər kəsin öz fikrini ifadə etmək haqqı var. Ona görə də prezident seçkiləri ilə bağlı hər cür fikirlər səslənə bilər. Amma reallıqlar başqadır, xəyal başqa şeydir. Ona görə də reallıqlar, Azərbaycan xalqının əhval-ruhiyyəsi onu deməyə əsas verir ki, xalqın Prezident İlham Əliyevə etimadı böyükdür. Ölkə başçısı bir daha namizədliyini irəli sürdüyü halda, xalq birmənalı olaraq bir daha onu dəstəkləyəcək, yenidən prezident kimi görmək istəyəcəkdir.

Demokratiya yolunda irəliləyən, bir ölkədə təbii ki, müxtəlif cəmiyyətlər, təşkilatlar mövcud ola bilər. Bu təşkilatlar da öz fikirlərini, namizədlərini irəli sürürlər. Sadəcə olaraq, əsas məsələ ağı qaradan seçməyi bacarmaqdır. Zorla ağa qara deməmək prinsipinə əsaslanmaq lazımdır. Yəni, öz fikirlərini zorla qəbul etdirməkdən, “mən belə düşünürəmsə, hər kəs mənim kimi düşünməlidir” - prinsipindən əl çəkmək lazımdır. Bütün hallarda yenə də son söz, son seçim xalqındır. İnanırıq ki, xalq da 2013-cü ilin oktyabr ayında öz sözünü deyəcək, öz prezidentini - cənab İlham Əliyevi seçəcəkdir.
Rufik İSMAYILOV