• çərşənbə axşamı, 23 aprel, 16:03
  • Baku Bakı 24°C

Strasburqda “Stalinlə ixtilal xatirələri” kitabının təqdimatı olub

01.02.20 10:54 816
Strasburqda “Stalinlə ixtilal xatirələri” kitabının təqdimatı olub
Strasburqda tanınmış kitab mağazası "Kleber”də "Kəpəz” nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının ildönümü münasibətilə onun fransız dilində nəşr edilmiş "Stalinlə ixtilal xatirələri” adlı kitabının təqdimatı olub.
AZƏRTACxəbər verir ki, Strasburq Universitetinin müəllimi, vəkil Tyeri Edmondun moderatorluğu ilə keçirilən təqdimat mərasimində şəhərdə olan bir çox diplomatlar, tanınmış ziyalıları, sakinlər iştirak ediblər.
Əvvəlcə Tyeri Edmond "Kəpəz” nəşriyyatı, eləcə də nəşriyyatın təsisçilərindən olan Nicat Kazımov, Jan-Emanüel Medina və Dilbadi Qasımov, onların fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Kitabın ön sözünün müəllifi, Strasburq Universitetinin Türkologiya departamentinin direktoru, tarixçi Stefan dö Tapia və Strasburq şəhərinin ravini, Avropa institutlarının nümayəndəsi Mendel Samama çıxış edərək kitab haqqında danışıblar.
Stefan dö Tapia çıxışında Məhəmməd Əmin Rəsulzadə və Stalin haqqında ətraflı məlumat verib. Mövzuya tarixçi aspekti ilə yanaşaraq İossif Vissarionoviç Çuqaşvili ilə M. Rəsulzadənin arasındakı əvvəl dostluq, daha sonra isə düşmənçilik münasibətlərindən söz açıb. Azərbaycanın 1918-1920-ci illərdə üzləşdiyi tarixi çətinliklərdən və xalqımızın milli kimliyindən danışıb.
Strasburqun ravini Mendel Samama XX əsrin əvvəllərindəki məlum vəziyyətdən, Məhəmməd Əmin Rəsulzadənin keşməkeşli həyat yolundan bəhs edib. Bildirib ki, Azərbaycan bir yəhudi kimi onun tanıdığı ən təhlükəsiz ölkədir. Daha sonra o, Rəsulzadənin "Stalinlə ixtilal xatirələri” kitabında antisemitizmlə bağlı hissəyə dair fikirlərini bölüşüb, Azərbaycanda hələ qədim zamanlardan yəhudilərin heç bir çətinliklə üzləşmədiyini vurğulayıb.
Moderator kitabın tərcüməçisi Elvin Abbasbəyliyə təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Təqdimat mərasimi "Bakan 7/8” musiqi qrupunun ifası ilə davam edib.
Qeyd edək ki, "Kəpəz” nəşriyyatı Strasburqda yaşayan həmvətənlərimizin fransızlarla birgə 2017-ci ildə təsis etdiyi yeganə Azərbaycan nəşriyyatıdır. "Kəpəz”in əsas məqsədi, ilk növbədə, Azərbaycan, eləcə də digər ölkələrin ədəbiyyatını, tarixini və mədəniyyətini təşviq etməkdir.

banner

Oxşar Xəbərlər