• şənbə, 20 Aprel, 08:11
  • Baku Bakı 14°C

Ştirlisin dərzisi danışdı

20.08.13 11:22 2913
Ştirlisin dərzisi danışdı
«Ştirlis haqqında kino»nun yubileyi ərəfəsində filmin yaradıcılarından biri Mariam Buxovskaya ilk dəfə öz xatirələrini bölüşüb. Çəkiliş qrupunda kostyumlar üzrə rəssam işləyən M.Buxovskaya demək olar ki, həmişə müsahibələrdən kənarda qalıb. Nəhayət, 40 ildən sonra onu danışdırmaq mümkün olub. Filmin bütün qəhrəmanlarının geyim eskizini yaradan gözəl qadın qeyd edib ki, «Baharın 17 anı» quruluş nöqteyi-nəzərindən çox mürəkkəb olub.
- Yəqin ki, sizin məşhur filmlə bağlı maraqlı xatirələriniz var.
- Hər bir çəkilişin hazırlıq mərhələsi iki ay uzanırdı. Çox fiqurlu, kütləvi səhnələrlə dolu film çoxlu kostyumlar tələb edirdi. Təbii ki, bunları operativ hazırlamaq o qədər də asan deyildi. Seriala Andropovun özü himayədarlıq edirdi. Bu üzdən də texniki problemlər tez həll olundu. Hökumətin xüsusi göstərişinə əsasən Pribaltikada, Kiyevdə bir neçə tikiş müəssisəsi filmin sifarişlərini yerinə yetirməklə məşğul idi. Bundan əlavə, SSRİ ərazisində o zamanki Hitler ordusunun dolu anbarları da saxlanılırdi. Müharibədən sonra onları Almaniyadan gətirmişdilər. Bu qənimətdən çəkilişlər üçün istifadə etməyə icazə aldıq. Mən anbara getdim və orada uyğun gələn mundirləri seçdim. Sonra kütləvi səhnələrdə iştirak edən statistlər həmin mundirləri geyindilər. Məsələn, alman əsgərləri küçədə sıra ilə hərəkət edərkən həmin mundirləri geyinmişdilər. Təkcə baş rolları ifa edənlər üçün yeni kostyumlar tikmək tələb olunurdu. Sverdlovskdakı tikiş fabrikində bütün sex hərbi illərin nümunəsi əsasında parça istehsal edirdi. Həmin parçalardan isə alman zabit və generallarının mundirləri tikilirdi. Ştirlis, Şellenberq, Müller, Aysman, Gimmler, Bormannın formaları ilə yüksək səviyyəli ustalar məşğul olurdu. Vaxtilə bizim generallar üçün kostyumlar tikən Frunze hərbi atelyesində sifarişlərin qəbulu və «hitlerçilər»in mundirlərinin tikilişi həyata keçirilirdi. Digər lazımlı aksessuarlar - düymələr, ordenlər, nişanlar, poqonlar isə «Mosfilm»in emalatxanasında hazırlanırdı. Film çoxseriyalı olduğundan çəkilişlər də uzun müddət davam edirdi. Ona görə də əsas personajların formalarını bir neçə nüsxədə hazırlamaq lazım gəlirdi. Bir mundir kadrda işləyəndə onun «dublyor»unu təmizləyib, ütüləyir, hazırlayırdılar.
- Siz eskizlər üçün məlumatları necə əldə etdiniz?
- Filmdəki kostyumların eskizləri üzərində işləmək üçün mənə gerçək tarixi öyrənmək lazım gəldi. Bunun üçün çoxlu vaxt sərf etdim. Kinostudiyanın metodik kabinetində köhnə sənədli filmlərə baxdım. Kitabxana və arxivlərdə oturdum, muzey fondlarında axtarışlar etdim, albomları və şəkilləri seyr etdim. O zaman mənim üzümə ən gizli arxivlərin qapısı belə açılmışdı. Bundan əlavə, ekran əsərində Andropov tərəfindən təyin olunan xüsusi məsləhətçi işləyirdi. Hamı onu Braun çağırırdı. Onun əsl adı gizli saxlanılırdı, hətta titrlərdə də göstərilmirdi. Şayiələr gəzirdi ki, o, müharibə vaxtı sovet kəşfiyyatçısı olub və almanların arasında işləyib. Bu insan 3-cü Reyxin zabitlərinin formalarına aid olan bütün xırdalıqları dəqiqliklə bilirdi. O, növbəti hazırlanan mundiri təsdiq etməsəydi, aktyorun çəkilmək hüququ olmazdı. Məsləhətçi Ştirlisin formasının bu və ya digər şəraitdə necə olmasını da mənə izah etdi. Məsələn, Şellenberqlə, idarədə görüşlərdə, İsveçrə sərhədini keçəndə onun kostyumları fərqli idi. Sonradan qara mundir müharibə haqqında çəkilən bir sıra sovet filmlərində də işləndi. Ancaq reallıqda SS qoşunlarının zabitləri müharibə illərində açıq boz rəngli, ikipaqonlu, qara düyməli formalar geyiniblər. Ştirlis bu forma ilə yalnız bir epizodda - Gimlerin qəbuluna məruzə üçün gələndə görünür.
- Almaniyada çəkilişləri necə qarşılayırdılar?
- Yadımdadır, biz bəzi epizodları Berlin küçələrində çəkmək üçün Almaniyaya gəldik. Yerli «Defa» kinostudiyası ilə razılaşdırıldı ki, onlar bizi kütləvi səhnələrdə təmin etsinlər. İlk çəkiliş günündə onların stillərinin 40-cı illərə uyğun olduğunu gördük. Bu, adi, müasir, geniş istehlak üçün nəzərdə tutulan geyimlər idi. Liozonov ümidsizcəsinə: «Bu kostyumlar heç nəyə yaramayacaq» - dedi. «Narahat olma, hər şeyi yoluna qoyacağıq» - deyə onu sakitləşdirməyə çalışdım. Axı mən bilirdim ki, hər ehtimala qarşı 60 yeşik kostyum gətirmişik. Gələn dəfə “Sosialist” almanlar bizi məyus etdilər. Plana görə, Geringin iştirakı ilə bir neçə epizod çəkmək lazım idi. Bizim kinostudiyanın pavilyonunda bütün lazımi dekorasiyalar hazırlanmışdı. ADR-dan Reyxs-marşal rolunu oynamaq üçün alman aktyor gəldi. Ancaq o, marşal mundri olmadan gəlib çıxdı. Alman studiyası Geringin kostyumunu özləri hazırlamalı idi. Ya studiya səhv salmışdı, ya da filmin çəkilişi onların ürəyincə deyildi. Ancaq o zaman bunları aydınlaşdırmağa vaxt olmadığından biz əlavə xərc çəkməli olduq. Gering üçün təcili mundir hazırlanmalı idi. Siz bilirsiniz ki, alman marşalı özünün qabariti ilə fərqlənirdi. Buna uyğun gələn geyimi hardan tapmalı? Çox axtarışlardan sonra iki oxşar mundir tapdıq və onlardan bir nəhəng mundir hazırladıq. Ştandartenfürerin tennis kortunda geyindiyi idman köynəyini də biz hazırlamışdıq. Ancaq siz bu kadrı xatırlamağa çalışmayın, onlar filmə düşməyib. Aktrisa Yelenora Şaşkovanın Ştirlislə kafedə görüş səhnəsi üçün xüsusi kostyumu sadəcə, çatdıra bilmədik. Buna görə də o, özünün şəxsi kostyumunda çəkilməli oldu.
- Məşhur filmin çəkilişləri zamanı istifadə olunan eskizlər saxlanılırmı?
- Bütün işçi eskizlər suvenir kimi qorunur. Bunlar əfsanədir. Tarixin əfsanəsi. Mənim şəxsi qovluğumda yalnız bir neçə vərəq qalıb. Qalanları isə arxivlərdə qorunur.
“Moskovskiy komsomolets”dən çevirdi: Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər