• cümə, 29 Mart, 06:06
  • Baku Bakı 5°C

Stimulu öldürən piratçılıq

06.05.15 07:46 1232
Stimulu öldürən piratçılıq
Ekspertlərin fikrincə, problem həll olunmasa, yaradıcı insanlar öz işlərindən istədikləri gəliri əldə edə bilməyəcəklər

Hər bir şəxs müəyyən bir iş gördükdə ondan qazanc əldə etmək əsas məqsədlərdən biri olur. Gəlir əldə etmədikdə isə stimul getdikcə azalır. Yaradıcı insanların stimulunu azaldan problemlərdən biri və bəlkə də ən əsas olanı piratçılıqdır. Əziyyət çəkib iş təqdim edənlər bir kənarda qalır, pulu isə piratlar qazanır. Əvvəllər bu sahədə ölkəmizdə vəziyyət demək olar ki, acınacaqlı idi. Lakin son illlər bu sahədə müəyyən addımlar atılmaqdadır. Bununla belə, problem hələ də tam həll olunmayıb.
Ölkəmiz piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər də müəyyən qədər müsbət nəticələr göstərir. Kitab nəşri sahəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2014-cü ildə 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 66%-ə, proqram təminatında 96%-dən 85%-ə düşüb. Bu rəqəmlər Müəllif Hüquqları Agentliyi, eləcə də Beynəlxalq Biznes Proqram Təminatı Alyansı (Buisness Software Alyans) tərəfindən aparılan monitorinq-müşahidələr nəticəsində müəyyən edilib.
"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, əvvəlki illərlə müqayisədə texnologiya sahəsində proqram təminatları ilə bağlı piratçılıqla mübarizədə müəyyən addımlar atılır. Bu işlər statistik rəqəmlərdə də özünü göstərir: “Amma yenə də Azərbaycan piratçılığın yüksək olduğu ölkələr sırasındadır. Düşünürəm ki, bununla bağlı Müəllif Hüquqları Agentliyi digər şirkətlərlə, vətəndaş cəmiyyəti ilə birlikdə işləri gücləndirməlidir. Xüsusilə müəllif hüquqları ilə bağlı işləri yetərincə hesab etmək olmaz. Müəllif Hüquqları Agentliyi tərəfindən daha ciddi addımlar atılmasına ehtiyac var. Birgə tədbirlər olmalı, maarifçilik işləri aparılmalı, vətəndaş cəmiyyəti qurumları bu prosesə cəlb olunmalıdır. Başqa ölkələrin təcrübəsində müəllif hüquqları ilə bağlı məsələlərdə vətəndaş cəmiyyəti qurumlarının aparıcı xəttinin daha yüksək olduğunu görürük. Bu, kifayət qədər böyük iş olduğu üçün qarşısını almaq elə də mümkün deyil. Ona görə istəyərdim ki, Müəllif Hüquqları Agentliyi bu xətti bir qədər inkişaf etdirsin”.
O.Gündüzün sözlərinə görə, internet proqramları ilə bağlı piratçılığın qarşısını almağın üsullarından biri də şirkətlərdə, dövlət orqanlarında reydlər aparmaqdır: “Proqram təminatı həyata keçirən qlobal şirkətlər bu işdə daha fəal olmalıdırlar. Müəyyən böyük şirkətlərdə reydlər keçirib, araşdırmalar aparıb öyrənmək lazımdır ki, onlar lisenziyalı proqramlardan istifadə edirmi? Birinci bundan başlamaq lazımdır. İkinci, orta səviyyəli şirkətlərdə bu araşdırmalar aparılmalıdır. Dövlət qurumlarında lisenziyalı proqramlardan istifadə edilib-edilməməsi araşdırılmalıdır. Sonda isə adi istifadəçilərlə bağlı problemin həlli üçün araşdırmalar aparılmalıdır. Adi sadə istifadəçilərlə bağlı isə kampaniyalar, maarifləndirici tədbirlər aparıla bilər. Bu zaman müsbət nəticələr əldə etmək olar”.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli kitab çapı sahəsində piratçılığın geniş yayıldığını bildirdi. Qeyd etdi ki, bununla bağlı nəzərəçarpan işlər görülmür: “Elə “28 May” metrosu tərəfdə pirat kitablarının satıldığını görürük. Biz nə qədər onlarla mübarizə aparsaq da, yığışdırmırlar. Pirat kitablar dərhal hiss olunur. Türkiyədən kitablar gətirib, piratlıqla çap edib satışa buraxırlar. “Əli və Nino” və “Qanun” nəşriyyatının böyük əziyyətlə tərcümə edib buraxdığı kitabları piratlıqla çap edib asan gəlir əldə edirlər. Əgər bu davam etsə, biz prokurorluğa müraciət edəcəyik. Avropanın heç yerində piratçılıq yoxdur. Çünki onların qanunvericiliklərində piratçılıqla kitab buraxana cinayət işi açılır. Bizdə də bu cür qanunlar qəbul olunmalıdır. Türkiyədə də bu problemlə böyük mübarizə aparıldı. Düzdür, hazırda bu problem yenə yaşanır, amma getdikcə piratların sayı azalır. Əvvəllər pirat kitabları açıqda satırdılarsa, indi gizli satırlar. 5-10 ildən sonra bu, ümumiyyətlə, yoxa çıxacaq. Bizdə isə birincisi, ümumiyyətlə, kitab oxunmur, ikincisi isə buraxılan kitabları pirat yolu ilə satışa çıxarırlar. Bəlkə heç normal sata da bilmirlər”.
N.Köçərlinin sözlərinə görə, piratçılıq ədəbiyyata qarşı təhqirdir və yaradıcı insanın stimulunu məhv edir: “Yaradıcı insanın əsərini nəşriyyat çap edir, buna böyük vəsait ayrılır. Onlar isə hazır variantı götürüb çapa verirlər, satırlar. Qiymətləri də eyni qoyurlar. Yazıçı yazdığı əsəri piratlar çap edəcəklərsə, həmin yazıçı nə ilə dolanmalıdır? Bu zaman yazıçını yazıb yaratmağa həvəsləndirən nə olacaq?”
Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə deyir ki, piratçılıq olmayan yerdə sənət adamları öz işlərindən qanuni yolla gəlir əldə edə bilirlər. Əks halda isə sənətkarın işindən başqaları yararlanır: “Mənim Türkiyə ilə işbirliyim vardı. MESAM qurumunun üzvüyəm. Orada qanuni şəkildə mahnılarımdan mənim hesabıma gəlir ödənilirdi. Kimsə çıxarıb mənə cibindən pul vermir. Öz əziyyətinin bəhrəsi olaraq qanuni şəkildə gəlir əldə edirsən. Mahnı yazılır və bunun gəliri olmalıdır. Bu, yaradıcı insanın halal gəliri deməkdir. Qanuni gəlir yerlərindən ən böyüyü CD, DVD satışıdır. Lap Türkiyə üsulu ilə deyək. Mahnım bir dəfə satılır, bazar iqtisadiyyatına, gündəmə uyğun məbləğ təyin olunur və o, mənə ödənilir. Daha burada bazar söhbətlərinə getmirik. Sadəcə olaraq qonorar formasında bir dəfə pul ödənilir. Amma mahnı geyim deyil ki, bir dəfə istifadə edib atasan. Yaxşı mahnılar əsrlərlə öz aktuallığını saxlaya bilir. İstifadə olunduqca sənin yaratdığın o məhsuldan az da olsa faiz gəlir. Bu faiz də təbii ki, albom satışından gələ bilər. Albom həmişə alınır və evdə saxlanılır. Albomun satışından isə bəstəkara, şairə, müğənniyə pul gəlir. Ömür boyu yaratdığının sənə maddi dəstəyi gəlir. Piratçılığı inkişaf etdirməklə yaradıcı insanları kiminsə əlinə baxmağa məcbur edirik. Piratçılıq yaradıcı insana təhqirdir. Bir mahnının ərsəyə gəlməsi üçün 10-12 insan fiziki və mənəvi əziyyət çəkir. Başqa biri də əziyyətlə başa gələn həmin mahnını piratçılıq yolu ilə satır. Başqasının zəhmətindən pul qazanır”.
Bəstəkar deyir ki, piratçılıqla mübarizədə hər kəs birgə çalışmalıdır. Yoxsa nəticə əldə etmək çətindir: “Ölkəmizdə hazırda bir çox sahələrdə inkişaf gedir. Düşünürəm ki, bu məsələ də zamanla öz həllini tapacaq. Bu problem dünyada sonuna qədər həllini tapmayıb. Amma tamaşaçının sənətçinin işinə verdiyi dəstək özü bir xeyriyyəçilikdir. Tamaşaçılarımız qanuni diskləri alsınlar ki, sənət adamlarına dəstək versinlər. Pirat albomları almasalar, təbii ki, bu işlə məşğul olanlar gəlir əldə etmədikdə məqsədlərindən əl çəkəcəklər. Müəllif hüquqları ilə bağlı qanunlarda müəyyən boşluqlar var. düşünürəm ki, Müəllif Hüquqları Agentliyinin səlahiyyəti daha çox genişləndirilsə, bu işlərə nəzarəti daha çox artıra bilərlər. Burada hamı birgə fəaliyyət göstərməlidir. Sənətçilərimizin məhsullarını piratçılıqla yayıb, sonra xaricdə hansısa ağzıgöyçəklərin anonim deyə oxumaqlarına şərait yaratmayaq. Sonra bəzən onlarla mübarizə aparmağa gücümüz çatmır. İnanıram ki, tezliklə Azərbaycanda piratçılıq azalacaq”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirdi ki, piratçılıqla mübarizədə vəziyyət heç də yaxşı deyil. O deyir ki, internet proqramları ilə bağlı piratçılıqla mübarizə aparılsa, bu, istehlakçıların xeyrinə olmaya bilər: “Azad İstehlakçılar Birliyi iki il öncə bu məsələni qabardıb həll etmək niyyətini qarşısına qoydu. Lakin bu nəticəyə gəldik ki, kompüter proqramlarında həddindən artıq bahalaşma baş verə bilər. Azərbaycan MDB məkanında ilk kompüterləşmə olan ölkələrdən biridir. İstehlakçıların mənafeyini nəzərə alaraq, Azad İstehlakçılar Birliyi kompüter proqramları ilə bağlı məsələni arxa plana qoymalı oldu”.
E.Hüseynov deyir ki, CD və DVD-lərlə bağlı piratçılıq məsələləri geniş yayılıb və bu problemin həlli üçün sənət adamları özləri fəallıq nümayiş etdirməlidirlər: “Dəfələrlə sənət adamları ilə görüşüb, incəsənət adamlarının Qeyri Hökumət Təşkilatını (QHT) yaratmaq üçün köməklik təklif etmişik. Təəssüf ki, onların başı gündəlik işlərinə qarışıb və QHT vasitəsi ilə bu problemin qarşısını almaq üçün heç bir addım atmırlar. Azad İstehlakçılar Birliyi yenə elan edir ki, hansı incəsənət adamı yaxın gələrsə, effektli nəticə əldə edə biləcək bir QHT yaradıb problemlə ciddi mübarizə aparaq. Audio və video materiallarda isə orijinalla saxtasının qiymət məsələsi o qədər də böyük əhəmiyyət kəsb etmir. Bizə gələn şikayətlər arasında bildirirlər ki, albomu alırlar və siyahıda yer alan musiqilər diskdə yoxdur və s. bu kimi problemlər”.
AİB sədrinin sözlərinə görə, dərslik materiallarının isə piratçılıqla çap edilib uşaqlara təqdim edilməsi onların sağlamlığı üçün təhlükə yaradır: “Hər il dərslik materialları çap olunan zaman piratları da satılmağa başlayır. Həmin kitabların keyfiyyət problemləri ilə bağlı şikayətlər daxil olur. Bəzən piratçılıqla çap edilən kitablarda ağır materiallardan istifadə edilir ki, uşaqlar zəhərlənə bilərlər. Yaxud uzun müddət orqanizmdə yığılıb sonradan ziyan verə bilir. Təəssüf ki, bu problemlər yaşanır. Çap materiallarında piratçılıqla mübarizədə xeyli irəliləyiş var”.
E.Hüseynov onu da bildirdi ki, piratçılığı tam aradan qaldırmaq çətin məsələdir: “Amerikada piratçılıqla bağlı 5 ilə qədər həbs təyin edilir. Onlarda kinofilmlərin piratçılığı məsələsi də var. Piratçılıq olması ilə bağlı məlumat verən şəxsə isə pul verilir. Bu cür tədbirlərə rəğmən orada da piratçılıq var. Piratçılıq problemi bütün dünyada hələ də həll olunmayan məsələ olaraq qalır. Azərbaycanımızdan da yan keçməyib”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər