• cümə, 19 Aprel, 01:19
  • Baku Bakı 18°C

Stefeni Meyerin yuxusu

24.05.14 13:02 2017
Stefeni Meyerin yuxusu
“Mən əsla əsərdən nəsə bir ideya ötürmək üçün istifadə etməmişəm. Hansı hekayə məni həyəcanlandırarsa, onun üzərində düşünməyə və yazmağa başlayıram. Elə hekayələr seçirəm ki, yazarkən əyləndirsin, bəzi hissələri şəxsi təcrübələrimə yer versin. Öz həyatımdan nələrsə qatanda hekayə korlanmasın. Əsl sevgi insanların məşğul olduğu şeylərdən çox-çox fərqlidir, mənim hekayələrim də insanların bildiyini bildiyi şeylərdən fərqlidir. Mənə görə əsl sevgi onu incidəndə ağrını daha çox hiss etməkdir, onu xoşbəxt edəcək heç nədə əngəl görməzsən, bu sevgi səni maddi-mənəvi müflisləşdirsə də, bu haqda düşünmür, əsla xudbəsənd davranmırsan. Bu sənin istəyinlə bağlı deyil. Səndən asılı deyil. Bu yalnız onunla bağlıdır, hislərinlə bağlıdır”- Stefeni Meyer
Stefeni Meyer Azərbaycan oxucusuna məşhur “Alatoran” silsilə kitablarının müəllifi kimi tanışdır. Onun adı kinosevərlərə də yad deyil. Amerikalı yazar Meyerin əsəri əsasında eyniadlı dörd serialı film də çəkilib. Meyer 1973-cü ildə Hartfordda doğulsa da, Arizona ştatının Fonex vilayətində böyüyüb. Mühasib atası Stefenin şərəfinə Stefeni adlandırılan yazar altı uşaqlı ailədə anası Kendidən tərbiyə alır. Ailənin ikinci uşağı olan Stefeni kiçik yaşlarından oxumağı mənimsəyir və ailənin “kitab qız”ı olur: “Bütün uşaqlığımı oxumaqla keçirmişəm, xatirələrimin hamısı kitabla bağlıdır. Bəzən vəziyyətim ətrafdakıları narahat edirdi, çünki mütəmadi olaraq xəyal dünyasında yaşayır, fantastik hekayələr danışırdım”. Sonralar Mormon Universitetində oxuduğu illərdə İngilis dili fakültəsində ikən onun ədəbi zövqü və marağı müəllimlərinin diqqətini çəkir və məsləhətləri dinləyərək yaradıcı yazarlıq mühazirələrinə qoşulur: “Uşaq olanda yazarlar mənim aləmimdə mələklər kimi idi, onlar kitabları ilə mənə rəngli və özümü xoşbəxt hiss etdiyim başqa dünyalar hədiyyə edirdilər. Mən özümü əsla o səviyyədə görməmişəm. Bilirsiniz, mən dil tədris olunan bir fakültənin tələbəsi idim və ətrafımda demək olar ki, hamı yazıçı olmaq istəyirdi, bu isə məni qorxudurdu. Məndə elə təsəvvür oyanırdı ki, sanki yazıçı olmasa, heç kim yaşaya bilməyəcək. Amma bir məsələ də var ki, kim sənin hekayələr yazıb-yaza bilməyəcəyini təxmin edə, öncədən görə bilər ki?”
“Alatoran” silsilə kitablarından ilk kitab 2005-ci ilin oktyabrında nəşr olunanda onun qazanacağı uğuru, müəllifinə gətirəcəyi məşhurluğu da heç kim təxmin edə bilməmişdi. Amma dörd il sonra “Alatoran” 70 milyon nüsxə ilə dünyada ən çox satılan kitab oldu. Ara vermədən 143 həftə “Nyu-York Taymz bestseller”-i olan kitab elə həmin il dünyanın ən çox gəlir gətirən “Alatoran” filminin ssenarisi oldu.
Vampir, insan və qurd-adam arasındakı sevgi üçbucağının üzərində qurulmuş hekayə bütün dünyada möhtəşəm bir bum əmələ gətirdi və bu inanılmaz uğurun müəllifi cəmi 35 yaşlı və ilk kitabını yazmış bir qadın idi. Bütün həyatı evdə uşaqlarının tərbiyəsi ilə məşğul olmaqdan ibarət olan Stefeninin monoton həyatının gedişini “Alatoran”-ı yaradan yuxu dəyişdirir: “Yuxumda gözəlliyindən insanın başı hərlənəcək qədər yaraşıqlı bir oğlan və bir o qədər də sadə və zərif bir qız günəş işıqlarından, parıltıdan yanan sonsuz bir çəmənlikdə otururdu. Oğlan brilyantla bəzədilmiş kimi parıldayırdı. Amma qız kifayət qədər sadə bir insan təsiri bağışlayırdı. Onlar nəsə haqqında danışırdılar. Oğlan əsərlərdə və filmlərdən yadımda qalan vampirləri xatırladırdı və qıza onun haqqında necə qayğılandığından, onun üçün narahat olduğundan danışırdı. Eyni zamanda onu öldürmək istədiyini də etiraf edirdi. Bu səhnə bütün beynimi, fikrimi, əhvalımı işğal etdi. Bütün təxəyyülümü dondurdu bu səhnə. Başa düşdüm ki, gördüklərimi bütün detalları ilə yazıb, beynimi boşaltmasam, yeni bir ideya düşünə bilməyəcəm”. Baxmayaraq ki, Stefeni 15 ildir evlidir, o özünün bu yeni, ədəbi və bəşəri hobbisi haqqında həyat yoldaşına belə heç nə demir: “Əminəm ki, desəm, elə bilərdi ki, başıma hava gəlib. Açığı heç bilmirdim ki, beynimdə qurduğum, demək olar ki, içində yaşadığım vampirlər aləmindən açıq-aşkar necə danışmaq olardı. Əmin idim ki, elə bilərdi ki, artıq ağlımı tamamilə və anidən itirmişəm”. Özünün sözlərinə görə, ilk vaxtlar Stefeni sadəcə gördüklərini xatırlamaqdan zövq aldığı və qeyri-adi yuxunu unutmamaq üçün yazır: “Yuxum olduqca maraqlı idi, hətta o zamanlar ətrafımda gördüyüm hər şeydən daha maraqlı, fərqli və həyəcanverici idi. Mən sadəcə olaraq içimdə yeni bir şeylərin ocağını qalayan o yuxunu unutmaq istəmirdim. Ona görə də gördüklərimi yazmağa başladım. Ona görə yox ki, mən onun nəsə nəhəng bir əsər və ya roman olacağını gözləyirdim. Yox belə bir məqsəd yox idi”. Stefeni kitabları və kitabxanaları çox sevsə də, günün çox böyük bir hissəsini qiraətə sərf etsə də, “Alatoran”-dan əvvəl nəsə yazmaq həvəsinə düşməyib: “Bu ola bilər ki, kənardan çox eqoistcə görünsün, ya da özündənmüştəbeh bir insan təsiri bağışlayım, amma nəsə mənə elə gəlir ki, insanlar beynimin içində dolaşan hekayələri mütləq və mütləq oxumaq istəyəcək. Buna baxmayaraq, mən yenə də kitab haqqında düşünmürdüm. Yalnız xəyal edir, beynimdə səhnələr, obrazlar yaradırdım. Sonra isə xəyal etdiklərimi yazaraq hadisələrin hara gedəcəyini izləyirdim. Bu, mənim üçün vaxtın ən əyləncəli keçmə forması idi. Təsəvvür edin ki, nələrin baş verdiyini sizdən başqa heç kimin bilmədiyi nəhəng bir fantastik aləmdə yaşayırsan”.
Müəllif deyir ki, öz əsərindən əvvəl hər janrdan olan kitabları ayırmadan, sevərək oxuyub, qorxulu sujetlər istisna olmaqla: “Bu tip kitablar mənim uşaqlığımda qaldı. Balaca olanda da hər şeydən, hər janrdan oxuyurdum. “Küləklə sovrulanlar”ı oxuyanda səkkiz yaşım var idi, elə “Qürur və qərəz”i də o vaxt oxumuşam. Çox sonralar başa düşdüm ki, o kitablar mənim o yaşıma uyğun deyilmiş. Sonra yenidən oxudum. Bugün hesab edirəm ki, “Alatoran” öz dövrünün nəhəng, sevilən əsərlərindəndir. Təsəvvür edə bilmirəm ki, kimsə onu oxuya və uğurlu əsər olduğunu inkar edə. Mən əsəri ilk dəfə naşirlərə göndərəndə doqquz rədd cavabı aldım, onlardan beşi ümumiyyətlə cavab yazmadı, dördü isə “Bir az daha davam etdirib, göndərin. Davamını oxumaq xoş olardı”-dedi”.
- İlk və sizi dünya ədəbiyyatında parıldadan kitabınız “Twilight” bir gecədə, bəlkə də bir çox insanın gördüyü sadə bir yuxudan başladı. Bəs, oradakı obrazlar necə, onlar necə yarandı? Hər halda bütün hekayəni yuxu çəklində görmək mümkün deyil.
- Mənə elə gəlir ki, hamı həyatında bir dəfə belə bir yuxu görür, yəni həyatını dəyişdirəcək yuxu. Mənim də ehtiyacım olan sadəcə bir yuxu idi. Bircə yuxu ilə mən içərisində danışılmağı, yazılmağı gözləyən minlərlə hekayə olan sehirli bir otağın qapısını açdım. O yuxu sadəcə açar idi. İş elə gətirdi ki, həmin hekayələri üzərinə köçürmək üçün beynimdə, ətrafımda çox insan var idi və bu xarakterlərlə bağlı çətinliyin öhdəsindən gəlməyə kömək etdi.
- Bir az nəşr prosesi haqqında danışaq. Nəşr prosesi necə keçir? Bu yolun əsas nöqtələri və çətin keçidləri nələrdir?
- Açığı bu məsələdə özümü inanılmaz dərəcədə şanslı hesab edirəm. 2003-cü ilin bütün yayını “Alatoran”-ı yazmaqla keçirmişəm. Ümumiyyətlə, nəşr prosesi, onun çətinliyi və ya nələrdən ibarət olması ilə bağlı heç nə düşünmürdüm. Ümumiyyətlə, yazdığımı nəşr etdirmək haqqında da düşünmürdüm. Fikirləşirdim ki, mənim işim hekayəmi danışmaqdır. Ədəbiyyat naminə yazırdım, bu işdən zövq aldığım üçün yazırdım.
Böyük bacım nə ilə məşğul olduğumu biləndən sonra naşir axtarmağa həvəsləndirdi, əl çəkmədi. Odur ki, onun təkidi ilə əvvəllər işlədiyim, amma sonra əlaqəni kəsdiyim bir çox ədəbi müxbirlərlə məsləhətləşdim, soraqlaşdım, internetdə nəşriyyat evlərinin vəziyyəti ilə tanış oldum. Bu mərhələ məni çox yordu, amma axırda istədiyimi tapdım. “Yazarlar Evi” 2003-cü ilin oktyabrında məni qeydiyyata saldı və cəmi iki həftə sonra doqquz redaktor kitabım üçün mənə müraciət etdi. Bundan sonrakı mərhələ isə o qədər sürətlə inkişaf etdi bayaq dediyiniz “çətinlik”lərə heç vaxt qalmadı. Cəmi 3 həftə sonra kitabım “Little, Brown” nəşriyyatı tərəfindən nəşr olundu.
- “Alatoran” üçün əsas ilham mənbəyiniz nə idi? Nədən, kimdən ilhamlanaraq bu əsərə başladınız?
- “Alatoran” bir yuxudan yaranıb. Həyatımın ən qorxulu, amma ən möhtəşəm yuxusundan. Həyatımı dəyişəm o nəhəng səhnələrlə dolu yuxunu mən əsla unutmadım, hətta hamilə qalanda belə özünü göstərən müvəqqəti yaddaş problemləri yaşayanda da. Oyandım, kompüter arxasına keçdim və başladım. Birinci gün on səhifə yazdım. Həmin on səhifə sonra kitabın 13-cü hissəsi oldu – “Etiraf”. Bununla bağlı fikrimi soruşsanız, bütün əsərin ürəyidir deyərəm. Yuxuda gördüklərimi bütün detalları və rəngləri ilə yazmağa başladım, sonra isə məni bu macərasevər qəhrəmanların nələr edə biləcəyi ilə maraqlandım. Sadəcə yazmağa davam etdim, hekayəmə getmək istədiyi yerə getmək imkanı verdim. Bu əsər məntiqi qərarlar almadan meydana gələn bir möcüzədir. Heç bir xüsusi planlaşdırma yox idi.
- Ona həyat verənə kimi hansı çətinlikləri yaşadınız - ədəbi, psixoloji, məntiqi və ya axtarışlarla bağlı?
- Ən böyük çətinlik demək olar ki, bir dəqiqə boş vaxtımın olmadığı gündəlik həyatımdan yazmaq üçün zaman ayırmaqda oldu. Həmin yaya demək olar ki, keşiş olmuşdum. Dostlardan, ailədən, ev qayğılarından, işlərdən, normal hobbilərimdən hər şeydən imtina etdim. O yay normal həyatım elə pozuldu ki, hələ də işimlə evim arasında balansı təmin edə, hər ikisini uyğunlaşdıra bilmirəm. Boynuma alım ki, sadəcə mənə aid olan bir dünyada gördüklərimi yazdığımdan axtarışa elə də çox vaxt sərf etmirəm. Həm də ki, vampirlərlə bağlı nə axtarırsınız, axtarın, hamısı təxəyyül məhsuludur. Baxmayaraq ki, “Alatoran” həyatımın ən əyləncəli və unudulmaz təcrübəsi olub, hələ də elədir, baş qəhrəmanlar Bella və Eduard mənə ciddi psixoloji problemlər yaşatdı. Çünki onlar real insanlar deyildilər, amma mən onları yazanda çox gərginlik və həyəcan keçirmişəm. Bəlkə də onlarsız qala bilmədiyim üçün “Alatoran” silsilə oldu.
- Yeni yazarlara nə kimi məsləhətlər verə bilərsiniz?
- Əgər yazmağı sevirsiniz, mütəmadi ona meyl edirsinizsə, yazın. Məqsədiniz nəşr olunacaq hekayə yazmaq olmasın, yalnız özünüzün və oxuyanların zövq alacağı hekayələr yazmağı məqsəd qoyun, əsas iş sizin özünüzün əylənərək işləməyinizdir. Baxmayaraq ki, hamı kimi siz də bitirdikdə hekayənizi paylaşmaq istəyəcək, oxunmasını gözləyəcəksiniz, ürəkli olun, qorxmayın. Əsla hekayənizdən şübhə etməyin. Əgər yaxşı qiraətçisinizsə, nəyin maraqlı, oxunaqlı olduğunu bilirsiniz. Əgər hekayəniz sizi yormayıbsa, uğurlu və maraqlı görünürsə, deməli elədir, ona güvənin.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər