• cümə, 29 Mart, 12:58
  • Baku Bakı 14°C

Stavroginin davamçıları

21.11.16 10:54 2137
Stavroginin davamçıları
Stavrogin ikili bir şəxsiyyətdir. Onun daxilində iki möhtəşəm, güclü ideya yaşayır: onlardan biri insanallah, digəri isə Allahinsan ideyasıdır. Birinci ideya Allahı inkar edir və onun yerinə insanı qoyur. İkinci ideya isə Allahı qəbul edir və insanı onun övladı hesab edir. Allahsız qalmış insan sanki yetim qalmış bir körpədir. Allahsız insan dünyada özündən ali bir varlığın olduğunu qəbul etmir. Bu da insanı və bəşəriyyəti mənəvi yetimliyə və tənhalığa gətirib çıxarır. Dostoyevskinin fikrincə, sosialistlər məhz bu cür mənəvi yetimliyi və tənhalığı təbliğ edirlər. Amma Stavrogin sosialist deyildir. O, sadəcə olaraq qərbçidir, amma qəlbinin dərinliyində bir slavyanpərəstlik ideyası gəzdirən qərbçidir. Odur ki o, ikili mahiyyətə malikdir: həm qərbçi, həm slavyanpərəst, deməli, axıracan nə qərbçi, nə də slavyanpərəstdir. O odla su arasında, yəni özünün iki ideyası arasında qalmışdır. O bu ideyalardan birinə inanmaq istəyir, özünü bu ideyalardan birinin daşıyıcısı kimi görmək istəyir. Lakin onun inamı heç vaxt tam olmur və daim əks bir ideya, əks bir inam onun varlığına hakim kəsilir. O, bu ideyaların hər birini özünün iki tərəfdarına təlqin edir. Bu tərəfdarlar – Kirillov və Şatov – Stavro­gindən fərqli olaraq hərəsi bir ideyanın pərəstişkarıdırlar. İdeya elə o saatdaca onların varlığına hakim kəsilir, onların əqli və iradəsi bu ideyaya tamamilə tabe olur. Stavroginin iradəsi heç bir ideyaya tabe ola bilmirdi. Stavrogin heç şeyi, o cümlədən ideyanı da intəhasız bir məhəbbətlə sevə bilmirdi. Bu adam, ümumiyyətlə, özünü unuda bilmirdi. Stavroginin mənliyi (eqosu) onun demonudur. Bu mənliyi o, heç şeyə və heç kəsə (nə ideyaya, nə qadına, nə də başqa bir dəyərə) qurban verə bilmədi. Mənlik hakim olan yerdə isə məhəbbət ola bilməz. Məhəbbət olan yerdə mənlik yox olmalıdır.
Kirillovla Şatov – hər biri bir ideyaya necə məftun oldularsa, həyatda hər şeyi unudub, o ideyanın köləsinə çevrildilər. İdeya da onları fəlakətə gətirib çıxardı: Kirillov intihar etdi, Şatovu isə qətlə yetirdilər. İdeyanın bu faciəvi sonluğu onunla izah olunur ki, o (ideya), qandan-candan, qəlbdən-ruhdan deyil, dərrakə­dən, özü də yad təsirlərin nəticəsində, yad bir nəsnə kimi yaranır, sonra isə insan ruhuna hakim kəsilir. Ona görə də ideya insanı, bir qayda olaraq, faciəvi insandır. Həyat ideya üzərində qurulmamalıdır və qurula da bilməz. Həyatın ən adekvat ifadəsi imandır, dindir, idrak və ideya deyildir. Dostoyevskinin fikri belədir.
Kirillovun ideyasının mahiyyəti ondan ibarətdir ki, əgər Allah yoxdursa, deməli, insan dünyada ən ali bir varlıqdır. Əgər Allah yoxdursa, onda insan özü Allahdır. Əgər Allah varsa, onda bütün ixtiyar onun əlindədir, əgər yoxdursa, onda bütün ixtiyar da insanın əlinə keçir. Kirillov Allahın yoxluğuna inanaraq, özünü allah elan edir, yəni insanın allah olduğunu təsdiq etmək və bununla da bəşəriyyət tarixini kökündən dəyişdirmək istəyir. Kirillov özünü allah elan etməklə öz şəxsi hakimiyyətini bərqərar etmək fikrində deyil. O, sadəcə olaraq əsiri olduğu bu ideyanın düzgünlüyünü təsdiq etmək istəyir. O, özünü yox, ideyanı bərqərar etmək istəyir. Ona görə də o, özünü öldürmək qərarına gəlir, yəni intiharı allahlığın təsdiqi kimi qəbul edir. Niyə məhz intiharı?
Kirillov belə düşünür ki, allahlığın ən əsas şərti Allahın tam mənada azad bir iradə sahibi olmasındadır. Allahın qarşısında onun azadlığını məhdudlaşdıra biləcək heç bir maneə yoxdur. İnsan isə bu dünyada addımbaşı müxtəlif cür maneələrə məruz qalır. İnsan tam mənada asılı bir məxluqdur. Onun allah olmasını təsdiq etmək üçün hər şeydən əvvəl bu asılılıqlardan qurtulmaq lazımdır. İnsan öz əqli, iradi gücünə güvənərək, deyək ki, bir çox məhdudiyyətlərdən, meneələrdən yaxa qurtara bilər. Məsələn, varlanaraq maddi ehtiyacdan azad ola bilər. Amma bir maneə vardır ki, onun öhdəsindən heç cür gəlmək mümkün deyil. Bu maneə insan azadlığını yox edən ölüm qorxusudur, ölümün qaçılmaz olmasıdır. Əgər ölümün öhdəsindən gəlmək mümkün deyilsə, onda intihar vasitəsilə ölümə, daha doğrusu ölüm xofuna qalib gəlmək olar. Kirillov belə düşünür və belə də edir – o, özünü öldürür. O hesab edir ki, özünü öldürən anda insanın allahlıq iqtidarını təsdiqləmiş olur, yəni ideyanı əbədi olaraq yaşadır və bərqərar edir. Ondan sonra gələn insanların intihara ehtiyacı olmayacaq. Onlar bir dəfə təsdiqlənmiş ideya əsasında özlərini allah hesab edəcəklər, yəni Allahın yoxluğına birdəfəlik inanacaqlar. Burada Kirillovun intiharı bir nümunə kimi ideyanın yaşamasına xidmət etməli idi. Və onun intiharından sonra bəşəriyyətin yeni tarixi başlanmalı idi. Meymundan insana qədər olan tarix bitməli, insandan insanallaha keçid dövrü başlanmalı və insanlar özlərini insanallah kimi aparmalı idilər. Kirillov öz intiharı vasitəsilə bəşəriyyət tarixində belə bir dönüş yaradacağına əmin idi.
Burada Kirillovun intiharı İsa Məsihin çarmıxa çəkilməsi kimi dönüş nöqtəsi olmalı idi. Əslində isə, Kirillovun intiharı İsanın qətlinə bir parodiyadır. İsanın qətli birdəfəlik olaraq yer üzündə Allahinsan ideyasını bərqərar etdi. Yəni İsanın bir insan olaraq Allahın övladı, deməli, Allahın simalarından biri olması ideyası öz təsdiqini tapdı. Böyük ideyalar böyük də qurbanlar tələb edir. Allaha inamın yaşaması üçün Allahın oğlu özünü qurban verdi. Bununla da inam gücləndi, əbədiləşdi. Belə bir sınaq qurbanı islamın da yolunda verilmişdi. İmamların faciəvi ölümü islamı nəinki sarsıtmadı, əksinə daha da gücləndirdi. Bütün bunlar ilahi səviyyədə dəyərləndirilən hallar idi. Kirillovun misalı isə heç insan səviyyəsində də dəyərləndirilmədi. Çünki onun ideyasının milli ruhda heç bir əsası, heç bir canlı kökləri yox idi. İdeya beyinə, oradan da qəlbə kənardan, yad bir qüvvə kimi, yanlış bir inam kimi gəlib düşmüşdü. İdeya o vaxt güclü olur ki, o, ağıllı bir adamın beynində deyil, milli ruhun özündə yaranır.
Kirillovun ideyası özünün icrasının elə ilk addımındaca özünü rüsvay edir. Bu ideya, yəni intihar ideyası dələduz Pyotr Verxovenski tərəfindən, özü də alçaq məqsədlər üçün istifadə olunur. Pyotr Verxovenski öz dəstəsilə birlikdə Şatovu qətlə yetirmişdi. İndi o, Kirillova onun intiharı ərəfəsində təklif edir ki, bu qətli öz üzərinə götürsün və intihardan əvvəl kağız yazıb qoysun. Kirillov da buna razı olur. Deməli, onun allahlıq ideyası qatilin əlində vasitəyə çevrilir və bununla da elə ilk addımından öz mənasızlığını büruzə verir. Allahlıq iddiasında olan Kirillov insanlıqdan da çıxır. Dostoyevskinin də təsdiq etmək istədiyi ideya məhz bundan ibarətdir: Allah olmaq istəyən kəs insanlıq haqqını da itirir. Ona görə də Kirillovun intiharı meydanda, xalqın gözü qabağında möhtəşəm bir hadisə kimi deyil, qaranlıq otaqda komik, iyrənc bir hal kimi baş verir. Özünü öldürməzdən qabaq o, Pyotr Verxovenskinin barmağını dişləyir. Gələcəyin allahı, daha doğrusu, bu insanallah eybəcər bir vəziyyətdə dünyasını dəyişir. Böyük ideya adlandırılan və qəhrəmanların səcdə etdikləri bütün ideyaların icrası və reallaşması Dostoyevski əsərlərində məhz bu cür eybəcər şəkildə baş verir. Bununla da yazıçı ideyanın səhv olduğunu, onun ilk addımdanca özünü ifşa etməsini göstərir.
Stavroginin digər davamçısı, onun digər ideyasının pərəstişkarı İvan Şatovdur. O, əvvəlcə nihilistlərə, anarxistlərə qoşulmuş, onların sosial çevriliş ideyasını və bu yolla cəmiyyəti dəyişmək istəklərini bölüşdürmüş, sonra isə Stavroginin təsiri altına düşmüş, onun slavyanpərəstlik ideyasını qəbul etmişdir. Əgər Stavroginin Kirillova təlqin etdiyi ideya Qərb mənşəli ideya idisə, Şatova təlqin edilən ideyada xəlqilik, slavyanpərəstlik, pravoslav dindarlığı ünsürlərini özündə ehtiva edən Şərq mənşəli, daha doğrusu, rus mənşəli ideyadır. Bu da onu göstərir ki, Stavroginin şəxsiyyətində dvoryan qərbçiliyi ilə rus xəlqiliyi birləşir və bunun da nəticəsində ziddiyyətli və ikili mahiyyətə malik şəxsiyyət yaranır.
Şatova təlqin edilən ideyanın mahiyyəti bundan ibarətdir: indiki dövrdə bütün dünyada Allahın daşıyıcısı olan yeganə xalq məhz rus xalqıdır. Onun da əsas missiyası dünyanı yeni Allahın adı ilə təzələmək və xilas etməkdir. Rus xalqının gücü və Avropa xalqlarından üstünlüyü onun Allaha olan sönməz etiqadındadır. Avropa xalqları isə bu inamı itirmiş və yalnız öz insani ideyalarının ümidinə qalmışlar. Ona görə də elmi cəhətdən inkişaf etsələr də, mənəvi cəhətdən iflasa məruz qalmışlar. Yalnız pravoslav xristianlığı əsl xristianlıq, əsl dindir. Roma katolisizmi isə artıq xristianlıq deyildir. Katolisizm iblisin felinə uymuş xristianlığı qəbul etmişdir, yəni İsanın yerinə Antixristi qoymuşdur. Katoliklərin Allahı ilahi həqiqətləri deyil, insani həqiqətləri təbliğ edir. Bütün xalqların bütün dövrlərdə əsas vəzifəsi öz allahını tapmaq olmuşdur. Allah xalqın sintetik şəxsiyyətidir. Bütün xalqların ümumi bir Allahı ola bilməz, hər bir əsl xalqın öz Allahı vardır. Allah ümumi olanda xalqlar da, onların allahları da məhv olurlar. Hər bir xalq o vaxta qədər xalqdır ki, onun özünün ayrıca allahı vardır. Tarixən bütün dahi xalqlar bu cür mövcud olmuşlar.
Yəhudilər yalnız ona görə mövcud olmuşlar ki, öz həqiqi allahlarını tapa bilsinlər. Yəhudilər həqiqi allahı miras qoymuşlar. Yunanlar təbiəti ilahiləşdi­rərək ­dünyaya öz dinlərini, yəni fəlsəfəni və incəsənəti miras qoydular. Roma dövlətin simasında xalqı ilahiləşdirdi və xalqlara dövləti qoyub getdi. Fransa özünün tarixi boyu Roma allahının davamçısı olmuşdur, amma nəticədə Roma allahını atıb ona görə ateizmi və sosializmi tutmuşlar ki, ateizm Roma katolisizmindən daha sağlam ideyadır. Dahi xalq o xalqdır ki, o, dünyanı xilas edə biləcəyinə əmindir və belə bir xalq dünyada yeganə xalq olmalıdır. Şatov hesab edir ki, Allahın daşıyıcısı olan və dünyanı xilas edəcək yeganə xalq rus xalqıdır. O məhz rus xalqına, onun mövcudluğuna, dünyanı xilas edə biləcəyinə inanır, amma hələ Allaha inanmır, Allaha inanmaq arzusundadır. Dostoyevskinin Allaha iman gətirən qəhrəmanı hələ qabaqdadır, o, "Karamazov qardaşları” romanındakı Alyoşa Karamazovdur. Hələliksə onun qəhrəmanı (Şatov) rus xalqına, onun ilahi missiyasına, dünyada yeni dini və Allahı bərqərar edəcəyinə inanır.
Burada Dostoyevskinin rus xalqının xilaskar xalq missiyasına olan inamı onun Avropa xalqlarının, sivilizasiya mərhələsinə qədəm qoymuş Qərb mədəniyyətinin tənəzzül əlamətlərini görə bilməsindədir. Qərb mədəniyyətinin gücü və iflası sivilizasiyanın zirvəsində baş verməlidir. Bu ideyanı sonralar Osvald Şpenqler də özünün məşhur "Qərbin qürubu” əsərində elmi dəlillərlə bir daha təsdiqləmişdir. Şpenqler hətta dəqiq tarix də göstərmişdir – 2200-cü il. Şpenqler bu nəticəyə dünya mədəniyyətlərinin: Misir, antik yunan, qədim hind, çinin və s. tarixinin elmi təhlili əsasında gəlmişdir. Şpenqler də rus xalqını böyük gələcəyi olan xalq kimi dəyərləndirmişdir. Necə deyərlər, kimin haqlı olduğunu tarix özü göstərəcək.
Pyotr Verxovenskinin komediyası
Əgər Nikolay Stavrogin faciəvi şəxsiyyət idisə, Pyotr Verxovenski komik planda təcəssüm tapır. Stavrogin qəlbini iblisə satmışdısa, Pyotr Verxovenski hakimlik edən adicə, murdarca bir şeytandır. Bu qəhrəmanın özünün simasında bir şeytanlıq xisləti vardır. Sanki onun ruhu tamamilə qurumuş və qəhrəman yalnız ölü məntiqin və ölü idrakın ümidinə qalmışdır. Onda canlı-qanlı, ruhi, mənəvi-etik heç nə yoxdur. Nəyləsə bu adam canlı müqəvvanı xatırladır. Lakin bu cür ruhsuzluq, mənəviyyatsızlıq onu müdhiş bir caniyə çevirir. O, xaricdən Rusiyaya bir məqsədlə gəlmişdir: mənəvi pozğunluğa məruz qalmış ölkənin, dövlətin əsaslarını sarsıtmaq, onu xarabaya çevirmək və bu xarabaların üzərində özünün quldarlıq imperiyasını yaratmaq. Belə bir imperiyanın başında o, əvvəlcə Roma papasını, sonra isə fikrini dəyişərək, şahzadə İvanı, yəni Stavrogini qoymaq istəyir. Onun ideoloji müşaviri, quldarlıq fəlsəfəsinin yaradıcısı Şiqalyovdur. Şiqalyovun nəzəriyyəsinə əsasən hamı kölə olmalı və köləlikdə bərabərlik bərqərar olmalıdır. İstedadlar gərək deyildir. İstedadları beşikdə boğmaq lazımdır. İstibdadsız nə azadlıq, nə də bərabərlik mümkündür. Sürüdə bərabərlik olmalıdır. Pyotr Verxovenski Stavroginə deyir: biz arzuları məhv edəcək, sərxoşluğa, şayiələrə, donosa rəvac verəcəyik; biz görünməmiş pozğunluğa yol açacaq, hər bir dahini beşikdə boğacağıq. Tam itaəti, simasızlığı bərqərar edəcəyik. Biz yanğınlar törədəcək, əfsanələr yayacağıq. Rus torpağı köhnə allahlar üçün ağlayacaq. Budur Pyotr Verxovenskinin sosial ideyası və sosial idealı – istibdad üzərində qurulmuş köləlik imperiyası. O, belə bir əqidəyə mənəviyyatsız və əxlaqsız rus cəmiyyətini müşahidə edərək gəlmişdi. Onun bütün planları cəmiyyətin mənəvi vəziyyətinə uyğun olaraq yaranmışdı.
Lakin Pyotr Verxovenskinin ideyaları və planları həyata keçə bilmədi. Qətllər, yanğınlar, iğtişaşlar şəhəri və cəmiyyəti bürüdü, amma onun istədiyi kimi bütün Rusiyanı əhatə edə bilmədi. Ona görə yox ki, Pyotr Verxovenski rus cəmiyyəti haqqında səhv fikirdəydi, ona görə ki, o, cəmiyyətdən savayı ölkənin dayağı olan xalqı və xalqın qəlbindəki sarsılmaz inamı, Allaha olan etiqadı və mənəviyyatı görə bilməmişdi. Dostoyevskinin fikrincə, Rusiyanı tarix boyu, bütün keşməkeşli və ağır məqamlarda dövlət, kübar cəmiyyəti və ali zümrə deyil, sadə xalq kütləsi xilas etmişdir. Xalqın isə gücü və səbatlılığı onun inamında, bu inamın ilahi həqiqətindədir. Dostoyevski rus cəmiyyətinin hansı yolla getməsini, rus ziyalılarının hansı ideyaları təbliğ etməsini yaxşı görürdü. O, hətta belə bir ehtimalı da mümkün hesab edirdi ki, Rusiyada, olsun ki, sosialist ideyaları müvəqqəti olaraq qalib gəlsin, amma əbədi olaraq bu ideyalar heç vəchlə qalib gələ bilməz. Ona görə ki, rus xalqının ruhunun mayasında duran əsas mənəvi-etik dəyər xristian dinidir, İsaya olan sönməz etiqaddır. Odur ki rus xalqı onun ruhuna yad olan bir quruluşda həmişəlik yaşaya bilməz. Tarix Dostoyevskinin haqlı olduğunu göstərdi. Dostoyevskinin pərəstişkarı olan, yuxarıda adı çəkilən alman mədəniyyətşünası və filosofu Osvald Şpenqler də hələ 1918-ci ildə, sosialist inqilabının təzəcə qalib gəldiyi bir dövrdə belə bir maraqlı fikir söyləmişdi: rus inqilabı ona görə qalib gəlmədi ki, onun hərəkətverici qüvvəsi sinfi antoqonizm idi, əksinə, ona görə qalib gəldi ki, Rusiya çar üsul-idarəsi rus milli ruhuna yad olan, əcnəbi mənşəli bir quruluş idi və onu rus xalqı özününkü hesab edə bilmirdi. Ona görə də xalq bu quruluşu devirdi. Amma onun yerində ondan da kosmopolit, ondan da yad və yabançı bir quruluş olan sosializm bərqərar oldu. Ona görə də vaxt gələcək, rus xalqı bu quruluşu da o birisinin dalınca göndərəcək. Biz bunun da şahidi olduq. Bununla həm Dostoyevskinin, həm də Şpenqlerin fikirlərinin necə uzaqgörən və doğru ideyalar olduğuna bir daha əmin oluruq.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər