• cümə axşamı, 25 aprel, 21:09
  • Baku Bakı 21°C

“Statoil Azerbaijan” kütləvi ixtisar xəbərlərinə münasibət bildirdi

26.12.14 13:02 1165
“Statoil Azerbaijan” kütləvi ixtisar xəbərlərinə münasibət bildirdi
“Statoil Azerbaijan” şirkətində hər hansı kütləvi ixtisarların olması ilə bağlı heç bir rəsmi məlumat olmayıb.
Bunu “APA-Economics”ə “Statoil Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə və mətbuat xidmətinin rəhbəri Cəmilə Qadıyeva bəzi KİV-lərdə şirkətdə kütləvi ixtisarların aparılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
C. Qadıyeva deyib ki, şirkətdə hər hansı ixtisarın olub-olmaması ilə bağlı hər hansı bir məlumat vermək onun səlahiyyətində deyil: “Hələ ki rəhbərlik Bakıda yoxdur və onların bu barədə qərarı olmadan hər hansı bir informasiyanı vermək mümkün deyil. “Statoil Azerbaijan” şirkətində Milad bayramı ilə əlaqədar tətil elan olunub və şirkətin rəhbərliyi ölkədə yoxdur. Yeni ildən sonra bu barədə məlumat veriləcək”.
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, yeni ildən “Statoil Azerbaijan” şirkətində ştatda olan işçilərin kütləvi ixtisarına start veriləcək. Gələn ilin yanvar ayından etibarən Norveç şirkətinin Bakıdakı ofisinin əməkdaşlarının təqribən yarısını azaltmaq niyyətindədir.
Hazırda “Statoil Azerbaijan” şirkətində ştatda olan işçilərin sayı 40 nəfərə yaxındır.
Qeyd edək ki, Norveçin “Statoil” şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəli” və Bakı-Tbilisi-Ceyhan layihələrində müvafiq olaraq 8,6% və 8,7% payla təmsil olunur.
banner

Oxşar Xəbərlər