• çərşənbə axşamı, 19 mart, 07:18
  • Baku Bakı 8°C

SSRİ-nin şöhrətli “sovet əcnəbisi” - Fotolar

15.07.19 12:30 32297
SSRİ-nin şöhrətli “sovet əcnəbisi” - Fotolar
"Tanınmış sovet və rus aktyoru Andrey Xaritonov 59 yaşında vəfat edib”. Rejissor Vitali Manskininsosial şəbəkədə paylaşdığı status kinosevərləri xeyli kədərləndirib.A.Xaritonov onkoloji xəstəlikdən əziyyət çəkirdi. Nikolay Maşenkonun 1980-ci ildə çəkdiyi "Ovod” filmindəki Artur Berton rolundan sonra aktyor əsl "ulduz”a çevrilir. A.Xaritonovun sayəsində Etel Lilian Voyniçin yazdığı roman sovet dövrünün məktəbli qızları üçün bir istinad kitabına çevrilmişdi – gecələr məhz bu haqda (daha doğrusu, onun qəhrəmanı, romantik inqilabi Artur-Felice) haqqında danışardılar.Xaritonov hələ institutda oxuduğu illərdə bu rola çəkilmişdi. Filmin təqdimatından sonra aktyor o qədər şöhrətləndi ki, öz sözləri ilə desək, hətta küçədəki pişiklər də onu görəndə huşlarını itirirdilər.

İlk cəhddən sonra

Andrey İqoreviç Xaritonov 1959-cu ildə Kiyevdə anadan olub. Onun ailəsi incəsənətdən uzaq idi. Anası müəllimə, atası isə mühəndis işləyirdi. Valideynləri öz işlərinə ciddi yanaşır və övladlarından da təhsildə və həyatda onlar kimi olmağı tələb edirdilər. Onlar Andreyi arxitektor kimi görmək istəyirdilər. Axı, o, fizika-riyaziyyat məktəbində əlaçı idi və yaxşı əl qabiliyyəti vardı. Ancaq valideynləri ilə oğullarının istəkləri üst-üstə düşmürdü. Hələ 4 yaşlarında olarkən «Fanfan Tülpan» filmindəki hadisələr oğlana o qədər təsir etmişdi ki, başqa heç nə haqqında düşünə bilmirdi. Ona görə də, onilliyi bitirəndən sonra attestatını aktyorluq məktəbinə təqdim etdi. Elə ilk cəhddən sonra Karpenko adına İnstituta daxil oldu və aktyorluq şöbəsini seçdi.

Andrey Xaritonovun kinematoqrafiya tarixçəsi hələ tələbəlik illərindən başlamışdı. 19 yaşlı oğlan «Sizi vətəndaş Nikanorova gözləyir» filmində epizodik rolda çəkilir. 1979-cu ildə isə Nikita Mixalkovun «İ.İ.Oblomovun həyatından bir neçə gün» filmində əsas rolda ekranlara çıxır.

Təhsilini bitirənə yaxın gəncdə, seçdiyi yolun düzgünlüyünə dair şübhələr oyanmağa başlayır. Ürəyində, universitetdən ayrılıb İncəsənət İnstitutunun memarlıq şöbəsinə keçmək arzusu yarandığı zaman, taleyi onu ulduz rolu ilə mükafatlandırır və bu, onilliklər ərzində onun vizit kartına çevrilir. Rejissor Nikolay Maşenko Xaritonova Edel Lilian Voyniçin «Ovod» əsərinin ekranlaşdırılması zamanı Rivares rolunda oynamağı təklif edir.

Çəkilişlərin ilk günü aktyorun 20 yaşının tamam olduğu günə təsadüf edir. Anası oğlunu təbrik etmək üçün çəkiliş meydançasına gəlir və onu qolları qandallanmış halda mağarada görür. Nahar fasiləsində olan çəkiliş qrupu isə zəncirlənmiş Xaritonovu tamamilə yaddan çıxarmışdı. Hiddətlənmiş qadını qrim sexinin müdiri güclə sakitləşdirir: "Əsl artist professional olmaq üçün gərək cəhənnəmin bütün dairələrindən keçsin” deyə onu başa salmağa çalışır.

Çuvalla dolu məktublar

Andrey instituta və bu filmə «faktura»sına, yəni görünüşünə görə dəvət edildiyini gizlətmirdi. "Peşəmi bilavasitə çəkilişlər zamanı həmkarlarımdan və tərəf-müqabilim Sergey Bondarçukdan öyrənirdim” - deyə aktyor söyləyirdi. Rol çətin və maraqlı idi. Xoşbəxtlikdən çəkiliş meydançasının üzvləri sovet ekranının ulduzları – Sergey Bondarçuk və Anastasiya Vertinskaya idi. Onların məsləhətləri sənətə yeni başlamış aktyora çox kömək etdi.

Film ekranlara çıxdıqdan sonra Andrey Xaritonov yuxudan məşhur oyandı. «Ovod» ona 1981-ci ildə Monte-Karloda keçirilən Beynəlxalq Kinofestivalın «Qızıl Nimfa» mükafatını və T.Q.Şevçenko adına Ukrayna Dövlət mükafatını, həmçinin "seks simvol” adını və SSRİ-dən olan pərəstişkarların çuvalla dolu məktublarını gətirdi.

Bu ekran əsərindən sonra gənc aktyora dəvətlər bir-birinin ardınca gəlməyə başladı. Növbəti il ona «Yaroslav Mudrıy» filmində rəssam rolu təklif olundu. Tamaşaçı məhəbbətinin növbəti dalğası onu «Süleymandaşı adasında» və «Assol» filmlərindən sonra haqladı. "Romantik Qrey rolu Andrey Xaritonovun ifasında möhtəşəm idi” - deyə mətbuat yazırdı.

«Qaratoyuqların sirri» filmindəki Lans Fontesku rolu Xaritonov üçün kinoda yeni zirvə oldu. 1983-cü ildə çəkilmiş filmdəki rol məhz onun üçün yazılmışdı. Müəlliflər Xaritonovun mənfi xarakter oynamağa razılıq verib-verməyəcəyi ilə maraqlanırdılar. «Bəli» cavabını eşitcək, ona materialı təqdim etmişdilər. Xaritonovun çəkildiyi bu filmdən sonra aktyoru Sovet İttifaqının "Ən cazibəli kişisi” və 1980-ci illərin "seks-simvolu” adlandırdılar. Film Sovet İttifaqında ekranlara çıxdıqdan sonra sanki Andrey Xaritonova aşiq olmayan bir qadın qalmamışdı. Aqata Kristinin «Çovdar dolu cib» romanının ekranlaşdırılması zamanı aktyorun tərəf-müqabilləri Natalya Danilova, Yelena Sanayeva, Lyubov Polişuk, Yuriy Belyayev oldu. Eyni ildə Xaritonov Yan Fridin «Azad külək» macəra melodramının baş qəhrəmanının xarakterinə nüfuz etmək imkanı qazandı.


Ona «Sovet əcnəbisi» adı verilmişdi. Yeri gəlmişkən, Andrey İqoreviç həmkarlarının əksəriyyətindən fərqli olaraq xaricə səyahət etməyə daha tez başlamışdı. Məsələn, «Ovod» İtaliyada çəkilmişdi və ona «Ən yaxşı kişi rolu» mükafatı Monte Karloda təqdim olunmuşdu.
Xaritonov rejissor kimi

1984-cü ildə Andrey Xaritonovun iştirakı ilə «Gözəgörünməz insan» elmi-fantastik filmi ekranlara çıxdı. Kinolentdə aktyora, ixtirası əvvəlcə ona şöhrət gətirmiş, sonra isə faciəyə çevrilmiş alim Conatan Qriffinin rolunu oynamaq düşdü.

Andrey Xaritonov eyni rolun əsirliyində qalmır, müxtəlif taleli və xarakterli insanları canlandırırdı. Kriminal film olan «Əməliyyatın sonu «Rezident» filmində italiyalını oynayır, ictimai dram olan «Ana, doğma, sevimli…» filmində çoxuşaqlı ananın oğluna, «Klima Samqinin həyatı»nda isə utanmaz aristokrata çevrilir.

Aktyor "ulduz”luğunu heç vaxt hiss etmədiyini deyirdi. O zamanlarda xüsusən populyar artistlərin qonorarları son dərəcə cüzi idi. «Ovod»a görə aldığı qonorara «Jiquli» avtomobilinin yarısını, «Qaratoyuqların sirri»nə görə isə bütöv avtomobil ala bilərdi. Maksimal olaraq şöhrətinə görə, «tanışlıqla» bir yeşik şampan içkisi əldə etmək mümkün idi.

Xaritonov çoxdankı - film çəkmək arzusunu həyata keçirməyi planlaşdırır. Videomaqnitofonların meydana çıxması Hollivud filmlərinə baxmaq imkanını yaratdı. Aktyor bu filmlərə baxdıqdan sonra öz gücünü rejissor kimi yoxlamaq istəyir və buna müyəssər olur. Xaritonovun «Ehtiras susuzluğu» filmində Anastasiya Vertinskaya, İqor Kostolevski və Viktor Rakov kimi tanınmış aktyorlar baş rollarda oynayırdı. Mükəmməl rejissor debütünə görə Andrey İqoroviç «Sozvezdie» və «Ədəbiyyat və kino» festivallarında təltif olunur. Həmçinin «Kinotavr» mükafatına layiq görülür.

Müxtəlif hadisələrlə zəngin olan 90-cı illərin ağırlığı aktyora pis zərbə vurdu. Kinoda layiqli rollar olmadı. Sonralar o, özü də etiraf edirdi ki, 5 il dalbadal içkiyə qurşanıb. İçkini atmaqda ona moskvalı həkim kömək edib. Xoşbəxtlikdən həkim işinin professionalı idi. 90-cı illərdən sonra Andrey Xaritonov öz gücünü rejissorluğa yönəldir. «Yaddaşımızın filmləri» və «Xəyal fabriki» filmlərini çəkir, «İşartı» müəllif proqramı ilə çıxış edir və «Tətbiqetmə» verilişinin aparıcısı kimi ekranlarda görünür.

Andrey Xaritonov müsahibələrindən birində səhnədə ölmək üçün dünyaya gəldiyini deyib. O, Malıy Teatrda cəmi 6 il işləyib. 80-ci illərin ortalarında onun iştirakı ilə İvan Turgenyevin «Bir gün əvvəl», Jan Rasinin «Fyodr», Aleksandr Ostroviskinin «Gəlirli yer» tamaşaları səhnəyə qoyulub.
Xaritonov bütün Rusiyaya səyahət etmişdi. O, qastrollar zamanı Sibirdə, Uzaq Şərqdə, Uralda və digər bölgələrdə olmuşdu. Aktyorun sözlərinə görə, onun həyat yoldaşı ağıllı və müdrik qadın idi. Belə ki, heç bir zaman qısqanclıqdan əziyyət çəkməyib və ondan günün hesabatını tələb etməyib. Cütlüyün övladı olmayıb. Lakin aktyor bu barədə danışmağı xoşlamırdı. Xaritonov həyatda ən çox təkliyi xoşladığını deyirdi. Buna görə də, bəzən öz mənzilindəki otaqlardan birinə çəkilib sükuta dalar, həyat haqqında düşünərmiş.

2018-ci ilin may ayının sonunda Andrey Xaritonov paytaxt klinikalarından birində reanimasiya şöbəsinə yerləşdirilir. Jurnalistlər aktyorun vəziyyətinin kritik olduğunu yazırdılar. Diaqnoz haqqında məlumat verilməsə də, Andrey Xaritonovun mədə xərçəngi olduğu ehtimal olunurdu. Yaxınları onun 6 əməliyyat keçirdiyini, uzun müddət xəstəliklə mübarizə apardığını, lakin xəstəliyin güclü olduğunu söyləyirdilər...

Ağır, uzun sürən xəstəliklə çarpışan Xaritonov dünyasını dəyişdi. Rusiya KİV-lərində aktyorun ölümündən bəhs edən "Sovet İttifaqının "Ən cəlbedici kişisi” vəfat etdi” nekroloqu yer aldı. Yaraşıqlı, istedadlı, təpədən-dırnağa aktyor olan Andrey Xaritonovun oynadığı rollar və çəkdiyi filmlər yadigar qaldı.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər