• şənbə, 20 Aprel, 07:08
  • Baku Bakı 14°C

“SSRİ-ni dağıdan” azərbaycanlı qadın

08.04.20 15:48 1127
“SSRİ-ni dağıdan” azərbaycanlı qadın
Onun cəsarəti bütün dünyanı heyrətə salmışdı

20-ci yüzilliyin sonlarında, uzun illər qüdrətli, əzəmətli bir dövlət kimi təbliğ edilən Sovetlər Birliyinin dağılması prosesi artıq qaçılmaz oldu. Çünki SSRİ məkanında baş verən siyasi hadisələr, xüsusən də dövlətin ideoloji sütununu təşkil edən Kommunist Partiyasının artıq tarix səhnəsindən silinib getməsi labüd idi. Ancaq dağılma prosesi ağrılı gedirdi. İmperiyanın güc orqanları hər vəchlə xalqlar n azadlıq mübarizəsinə mane olmağa çalışırdı. SSRİ-nin "xofu” hələ "xalqlar zindanı”ndan çəkilməmişdi. Məhz belə bir vaxtda bütün dünya azərbaycanlı qadının cəsarətindən xəbər tutdu.

Kim idi o? Səkinə Əliyeva. İmperiyaya qarşı çağırış edərək onun tərkibindən çıxmaq üçün ilk addımı atan azərbaycanlı xanım. Səkinə xanım partiya mənsubiyyətini nəzərə almadan, nəyin bahasına olursa-olsun, elini, yurdunu qorumaq üçün qadın, ana hissini ön plana keçirərək, tərəddüd etmədən bu böyük və şərəfli addımı ataraq SSRİ-ni çalxaladı. "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyanın çağırılmasına nail olan və ona imza atan bu qadın kim idi?
Səkinə Abbas qızı Əliyeva 1925-ci ildə Naxçıvanda fəhlə ailəsində anadan olub. Atası Abbas kişi ailəsini halal zəhməti ilə dolandırıb. Halal zəhmətlə böyüyən Səkinəni sonra heç bir vəzifə, şan-şöhrət yolundan azdıra bilməyib, əksinə, Səkinə xanım ən yüksək vəzifələrdə belə insanlığını, xeyirxahlığını itirməyib, hər zaman haqqın-ədalətin yardımçısı olub.
Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Səkinə, 1945-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu qurtarıb və Babək rayonunun Qahab kəndində pedaqoji fəaliyyətə başlayıb. Səkinə xanım 1951-ci ildə daha mükəmməl təhsil almaq üçün BDU-nun (o zaman ADU adlanırdı) filologiya fakültəsinə daxil olub. 1945-ci ildən ÜİK (b) P üzvü olan Səkinə xanım təhsil almaqla yanaşı, Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsində işləyib. 1958-ci ildə Naxçıvan MSSR Maarif naziri təyin edilən xanım, 1961-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi seçilib və 1963-cü ilə qədər bu vəzifədə çalışıb. Səkinə xanım 1963-cü ildən 1990-cı ilin mart ayına kimi Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin əvvəl müavini, sonra sədri işləyib. Dəfələrlə Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilən Səkinə xanım, hələ o zaman əksər deputat yoldaşlarından fərqli olaraq, sessiyanın yığıncaqlarında öz sözünü, haqlı mövqeyini, xalqın istək və arzusunu deməkdən çəkinməyib. Yəni çoxlarından fərqli olaraq hər məsələyə "baş üstə” demədiyi üçün çox vaxt rəhbərlik tərəfindən cəzalandırılıb da. Amma bunlar onu haqq yolundan döndərə bilməyib və xalqımız yenidən müstəqilliyi uğrunda mübarizəyə qalxanda da əksər vəzifəlilərdən fərqli olaraq, xalqın yanında olub...
1988-ci ilin son aylarında ölkəmizdə baş verən hadisələr istər Mərkəzi, istər Azərbaycan hakimiyyətini çıxılmaz vəziyyətə salmışdı. Mixail Qorbaçovun hakimiyyətə gəlməsi Sovet İttifaqının müxtəlif regionlarında etnik toqquşmalara və separatçı hərəkətlərin baş qaldırmasına səbəb oldu. Daima Azərbaycan torpaqlarında gözü olan ermənilər yalnız Qarabağa deyil, həm də Naxçıvana ərazi iddiaları irəli sürür və bu bölgəni də havadarlarının dəstəyi ilə ələ keçirmək istəyirdilər. Ermənilərin Naxçıvana edilən saysız-hesabsız hücumları ölkədəki gərginliyi daha da artırır. Bu zaman Naxçıvan MSSR Ali Sovetinin rəhbərliyi dəfələrlə Azərbaycan MK və SSRİ rəhbərliyinə teleqramlar vurur, məktub göndərir. Lakin heç birinə müsbət cavab alınmır. 1990-cı ilin ilk günlərində baş verən hadisə Mərkəzə olan bütün ümidləri puç edir. 1990-cı ilin ilk həftəsi Naxçıvanın Kərki kəndinin SSRİ əsgərlərinin yardımı ilə erməni terrorçu qrupları tərəfindən işğal edilməsi imperiyaya qarşı ilk çağırışa səbəb olur. Belə ki, 1990-cı ilin 19 yanvarında Naxçıvan MSSR Ali Soveti fövqəladə sessiyasını çağırır. Çox gərgin müzakirələrdən sonra Ali Sovetin fövqəladə sessiyası qərar qəbul edir: "SSRİ-nin əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından, Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır: Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir”.
Bu, uzun illərdən sonra Ali Sovetin əvvəlcədən hazırlanmayan, yuxarılarla razılaşdırılmayan və redaktə edilməyən bir qərarı idi. Qərara imza atan Səkinə xanım onu Naxçıvan televiziyası ilə xalqa özü çatdırır. Sessiyanı çağırmaqla və ona imza atmaqla necə böyük və məsuliyyətli bir yükün altına girdiyini dərk edən Səkinə xanım, bununla "Qars müqaviləsi”nə əsaslanaraq qardaş Türkiyə hökumətinə müraciət edir. Onun bu cəsarəti ölkə rəhbərliyinə qarşı sayğısızlıq kimi qarşılanır və 1990-cı ilin mart ayında tutduğu vəzifədən kənarlaşdırılır. Səkinə xanımı isə artıq vəzifə maraqlandırmırdı. O, torpağını, yurdunu qorumaq üçün lazım olan şərəfli addımı atdığı üçün özünü xoşbəxt sanır və "mən xalqımı çox sevirəm, heç bir vəzifə, şan-şöhrət məni ondan ayıra bilməzdi” - deyə qürurla söyləyirdi. Ölkə mətbuatından fərqli olaraq, dünya mətbuatı Səkinə xanımın bu cəsarətli addımını geniş şəkildə təbliğ edərək onu "SSRİ-ni dağıdan qadın” kimi təqdim etdi. Bu hadisədən sonra birdəfəlik siyasi aləmdən uzaqlaşan Səkinə Əliyeva 2010-cu ildə 85 yaşında Bakıda vəfat etdi. Amma tarix boyu yaşayacaq şərəfli bir əməl qoyub getdi. Torpağın nurla dolsun, cəsarətli qadın!
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər