• cümə, 29 Mart, 16:37
  • Baku Bakı 14°C

S.Seyidov: “İnsan haqları ilə bağlı problemlər bütün ölkələrdə var”

18.11.14 18:15 1105
S.Seyidov: “İnsan haqları ilə bağlı problemlər bütün ölkələrdə var”
Noyabrın 14-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin, noyabrın 17-18-də isə Brüsseldə AŞPA Daimi Komitəsinin və Bürosunun iclasları keçirilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında deyib ki, AŞPA Monitorinq və Daimi komitələrinin, AŞPA Bürosunun iclaslarında Azərbaycanla bağlı məsələlər birbaşa gündəmdə olub.
S.Seyidov bildirib ki, bu, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə 6 aylıq sədrlik dövrünün yekunlaşması, sədrliyin Belçikaya keçməsi ilə bağlıdır. Onun sözlərinə, bu səbəbdən təbii olaraq bütün iclaslarda Azərbaycanın 6 ay müddətində gördüyü işlər, Azərbaycanla bağlı məsələlər gündəmə gəlib: “Hər iclasda xüsusi vurğulanıb ki, Azərbaycan 6 ay müddətində müxtəlif şaxəli tədbirlər keçirib. Daimi Komitənin hazırda məndə olan 3 səhifədən ibarət sənədində Azərbaycanın 6 ay müddətində gördüyü işlər sadalanıb. Bu sənəddə Azərbaycanın 6 ay ərzində xüsusən təşkil etdiyi konfranslar, korrupsiyaya qarşı mübarizə məsələlərinin gündəmə gətirilməsi, millətlərarası əlaqələrin yüksək səviyyədə təşkil olunması, mədəniyyətlər, dinlərarası dialoqun təşkili, Avropanın dəyərləri və insanlığa qarşı hərəkətlərlə bağlı Bakıda keçirilən konfrans, Bakıda ombudsmanların konfransı, sentyabrda Avropa Şurası ilə Strateji Əməkdaşlıq və Fəaliyyət Planının təsdiq olunması, Azərbaycanda keçirilən digər tədbirlər xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu işlər yüksək səviyyədə təşkil olunub”.
S.Seyidov deyib ki, bütün bunlarla yanaşı, AŞPA Daimi Komitəsinin və Büronun iclaslarında bəzi ermənipərəst və Azərbaycana qarşı xüsusi mövqeyi ilə seçilən deputatlar Azərbaycanda insan haqları, guya müəyyən insanlara qarşı qeyri-obyektiv yanaşmanın mövcudluğu və həbslərlə bağlı məsələləri gündəmə gətirməyə çalışıblar: “Mən həm Daimi Komitənin, həm də Büronun iclaslarında nəzərə çatdırdım ki, Azərbaycanda İşçi Qrupu yaradılıb. İşçi Qrupunda təmsil olunan həm qeyri-hökumət təşkilatlarının, həm də hökumətin nümayəndələri obyektiv araşdırmalar aparmaq, nəticə çıxarmaq iqtidarındadırlar. İşçi Qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilən iclasları Azərbaycanda insan haqlarına xüsusi münasibətin mövcudluğunu göstərib. Bəzi deputatlar, qurumlar, o cümlədən Avropa Şurasında insan haqlarından alət kimi istifadə edərək Azərbaycana təzyiqlər göstərilməsinə yönəlik cəhdlərə gəlincə, biz belə cəhdlərə qarşı çıxmışıq, çıxırıq, bundan sonra da çıxacağıq. Heç kim Azərbaycanı hədəf kimi seçə bilməz. İnsan haqları universal bir anlayışdır, insan haqları ilə bağlı problemlər bütün ölkələrdə mövcuddur və bu məsələlərə Avropa Şurasına üzv hər bir 47 dövlət diqqət yetirməlidir”.
Qeyd edək ki, iclaslarda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri S.Seyidov və deputat Elxan Süleymanov iştirak ediblər. Tədbirlərdə Monako ilə monitorinq sonrası dialoq, Bosniya və Herseqovinada, Bolqarıstanda, Tunisdə, Moldovada və Ukraynada son parlament seçkilərinin nəticələri və digər mövzularda fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər