• cümə axşamı, 25 aprel, 14:13
  • Baku Bakı 23°C

Sponsorum özüməm Müsahibə Fotolar

07.02.14 10:42 3038
Sponsorum özüməm Müsahibə Fotolar
Müsahibim şou aləmində yeni-yeni tanınan gənc ifaçı Leyla Babayevadır. O, bu sənətə gəldiyindən heç də peşman deyil. Leyla “şou-biznesdə öz yolum var” deyir.
İfaçının “Kapi”yə verdiyi müsahibəni sizə təqdim edirik.
Müğənni olmaq istəməmişəm

- Leyla xanım, özünüzdə musiqiyə marağın olduğunu nə zamandan hiss etmisiniz?

- Musiqiyə marağın çox erkən, uşaq yaşlarımdan başlayıb. O zaman hələ heç bağçaya da getmirdim. Valideynlərimiz işə gedirdi, köhnə kasetləri maqnitofona qoyub İran müğənnisi Ququşun mahnılarını dinləyirdim. Bir gün Əlifba bayramında uşaqlarla “Cücələrim” mahnısını xor ifa edirdik, məktəbin direktor müavini mikrofonu mənə uzadıb söylədi ki, eşitmişəm sənin yaxşı səsin var, bizə nə oxuya bilərsən? Onlar elə bildilər ki, yaşıma uyğun hər hansı bir uşaq mahnısı ifa edəcəm. Mən də Niyaməddin Musayevin “Gülüm harda qalmısan” mahnısını oxumağa başladım. Mahnını ifa etdikdən sonra bir də baxdım ki, bütün zal mənə gülür (gülür). Məktəbi bitirdikdən sonra musiqi məktəblərinə, dərnəklərə yazılmaq istədim, ancaq qardaşım buna icazə vermədi. Bir çox musiqi ansambllarından təklif gəlsə də, ailəm buna razı olmadı. Heç zaman düşünməzdim ki, gələcəkdə müğənni olaram.
- Sizin müğənni olmağınıza ailəniz razılıq verməyib. Bəs necə müğənni oldunuz?

- Bu sənətə gəlişim bir az fərqli olub. Mən heç vaxt müğənni olmaq istəməmişəm. Sadəcə mahnı oxumağı sevmişəm. Əsəbiləşən zaman mahnı ilə sakitləşirəm, evdə boş olanda ifa edirəm, yəni musiqi mənim üçün iş olmayıb. Bu sənətə gəlmək üçün can da atmamışam. Müğənnilikdən öncə qadın salonu işlətmişəm. Sonra şərait elə gətirdi ki, uzun müddət İranda yaşamalı oldum. Bakıya gələndə salon işlətmək mənim üçün çətin oldu. Bir müddətdən sonra özümə iş axtarmağa başladım, dostlarım potensialıma bələd olduqları üçün mənə mahnı oxumağı təklif etdilər. Demək olar ki, onlar məni bu işlə məşğul olmağa məcbur belə etdilər (gülür). Onlara dedim ki, oxuyacam, görsəm ki, tamaşaçılar səsimi bəyənirlər, davam edəcəm, bəyənməsələr, bu işi dayandıracam.
SMS yarışmalarına getmərəm

- Heç bir musiqi yarışmalarında iştirak etməmisiniz. Axı, belə yarışmalar məşhurlaşmaq üçün ən yaxşı yoldur.

- Müsabiqələrə qatılmaq üçün mənə çox təkliflər gəldi. Ancaq belə müsabiqələrə getmək istəmirəm. Onların hamısı SMS yarışmasıdır. Mən yorğanıma baxıb, ayağımı uzadan insanlardanam. Müsabiqəyə qatılsam, ilk həftədən yarışmanı tərk etsəm belə, bu mənim tanınmağım üçün az da olsa rol oynayar. Bu günə kimi yarışmanı ilk həftədən tərk edənlərin heç birisi tamaşaçıların yaddaşında qalmayıb. Mənim buna imkanım da yoxdur. Elə böyük çevrəm də yoxdur ki, onlara əmin olub həmin müsabiqəyə qatılam. Həm də mənim özümə çox ağır gələrdi ki, məndən zəif ifaçılar ola-ola, mən ilk həftədən yarışmanı tərk edim. Bu, ədalətsizlik olardı və mən də ədalətsizliyi sevmirəm. Hətta mənə söylədilər ki, biz səni yarışmanın ikinci həftəsinə kimi özümüz gətirə bilərik. Sonrası sənin işindir. Yenə də razılaşmadım.
- Mahnılarınızı daha çox fars dilində ifa edirsiniz. Bu nə ilə əlaqədardır?

- Fars dilini mükəmməl bilirəm, ona görə də o mahnıları ifa edərkən mövzunun nədən getdiyini anlayıram və onları ürəklə ifa edirəm. Fars mahnılarına uşaq yaşlarımdan böyük marağım olub. Uşaq vaxtı fars dilini bilmədən Ququşun mahnılarını əzbərləmişdim. İndiyə kimi həmin mahnılar yadımdadır. Bu dəfə isə sözlərini anlayaraq oxuyuram. Bundan əlavə, fars ədəbiyyatını da çox sevirəm.
Heç kim mənə sponsorluq etmir

- Özünüzü şou-biznesin nümayəndəsi hesab edirsinizmi?

- Onun adı üstündədir – yəni biznesdir. Mən hələ o biznesə qatılmamışam. İnsanların yaddaşında şou-biznesin bir nümayəndəsi kimi qalmaq istəmirəm. Xalq artisti Flora Kərimova və dünyasını dəyişən korifeylərin yolu ilə getmək istəyirəm. Əvvəllər şou-biznes deyilən bir şey yox idi. Həmin ifaçıların mahnıları indi də sevilir və səslənir. Bu gün mahnı seçərkən çox çətinlik çəkirəm. Çünki o ifaçıların mahnıları kimi gözəl mahnılar tapa bilmirəm. Biri var, müvəqqəti mahnı, biri var, daimi mahnı. Daimi mahnılara daha çox üstünlük verirəm. 4 il bundan qabaq mahnı yazdırmışam, ancaq indi onu ifa etməyə utanıram. Ona görə ki, tamaşaçı deyəcək, gör neçə ildir eyni mahnını oxuyur. Mahnı çörək deyil ki, indi alasan, sabah boyatlaşsın. İndi tamaşaçıların zövqü də dəyişib. Tofiq Quliyev, Elza İbrahimovanın mahnılarını heç nəyə dəyişmərəm. Qəlbə toxunan mahnılar heç vaxt şou-biznesə daxil olmayıb. Mənim də gözəl mahnılarım var ki, professional bəstəkarlarla - Xanım İsmayılqızı, Elçin İmanovla işləmişəm. “Getdin ömrümdən” mahnımı əməkdar artist Emil Əfrasiyab işləyib, aranjeman etmişdi. O da çox gözəl alındı. Ancaq xalq onu qəbul etmədi. Getdiyimiz tədbirlərdə musiqiçilər bu mahnını çox bəyəndilər, ancaq sıravi insanlar bunu qəbul etmədilər. İndi yeni mahnı üzərində işləyirəm. Bu mahnını isə gənclərin zövqünə uyğun hazırlayıram.
- Sizcə, məşhurlaşmaq üçün nə etmək lazımdır?

- Məşhurlaşmaq üçün iki yol var – ya gərək dişinlə-dırnağınla, öz gücünə uzun zaman ərzində yavaş-yavaş, mahnılarınla tanınasan, ya da gərək qalmaqal edəsən. Ancaq heç vaxt qalmaqal etmərəm. Ola bilər ki, nə zamansa gözümü açım, görüm qalmaqalın içindəyəm, amma nəyisə düşünülmüş, planlaşdırılmış şəkildə etmərəm. Hətta mənə təkliflər də gəlib ki, gəl qalmaqal yarat, yaxud da filankəsin mahnısını oxu, o da münasibət bildirsin. O cür məşhurluq müvəqqəti bir şeydir. Mənim səsim var və ona da çox güvənirəm. Bəzi tədbirlərdə tanınmış, səsi olmayan müğənnilərlə rastlaşıram. Onların özlərinə güvəninə heyran qalıram. Hamı bilir ki, o, oxuya bilmir. Hərdən öz-özümə fikirləşirəm ki, görəsən o özü bilirmi ki, səsi yoxdur? Bu mənə çox maraqlı gəlir. Bilsəm ki oxumağıma kənardan kimsə baxıb gülür, o zaman ürəyim partlayar, oxumaram.
- Bu sənətdə sponsorsuz irəliləmək çətindir. Sponsorunuz varmı?

- Sponsor puldur, əgər pul verən sənsənsə, deməli sən sponsorsan. Biz hal-hazırda addım-addım irəliləmək niyyətindəyik. Prodüserim Raufla elə də çox pullu layihələrdən yapışmırıq. Heç kim mənə sponsorluq etmir. Sponsorum özüməm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər