• çərşənbə axşamı, 23 aprel, 12:16
  • Baku Bakı 24°C

Spirtli içki və siqaret bahalaşacaq

03.02.15 07:37 1675
Spirtli içki və siqaret bahalaşacaq
Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsulları üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb.
Qərara əsasən, ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.
Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəyyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib.
Eləcə də viski, rom, araq, likör və s içkilər üçün aksiz dərəcələri 20% artaraq 6 dollar (və ya 4,8 manatdan) 6 manata qaldırılıb.
Aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhsulların aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib.
Əvəzində müəyyən növ benzinlər üçün aksiz vergisi bir ton benzinə görə, 250 ABŞ dollarından 120 manata endirilib. Digər tərəfdən, bituma görə aksiz vergisi kəskin artırılaraq hər ton məhsula görə, 1 dollardan 24 manata qaldırılıb.
Bu xəbər təbii ki, ictimaiyyətdə birmənalı qarşılanmadı. Bir çoxları bunun bazarda qiymət artımına səbəb olacağını bildirirlər. Həmçinin bu qərarın tək qeyd olunan məhsulların deyil, digər məhsulların və xidmətlərin qiymətində artıma səbəb olacağını düşünənlər var. Bütün bu rəylərə baxmayaraq, ekspertlər hesab edirlər ki, hökumətin bu addımı iqtisadi qanunauyğunluqdur. Yəni belə bir qərarın verilməsi hazırkı şərait üçün lazımlıdır. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, spirtli içkilərə və siqaretə tətbiq edilən aksiz vergilərinin artırılması bu məhsullara olan tələbatı azaldacaq: “Biz də ötən ilin sonunda spirtli içkilərə tətbiq edilən aksiz vergilərinin artırılmasını təklif etmişdik. Yerli istehsal olan spirtli içkilərin qiymətləri aşağı olduğu üçün onlara tətbiq edilən aksizlərin artırılması ilə qiymət artımlarına gedilməsi məqbul hesab edilə bilər. Eyni zamanda bu addım spirtli içkilər qəbul edənlərin sayının azalmasına gətirib çıxaracaq. Yerli istehsal və istehlak olunan spirtli içkilərin qiymət artımı məqsədəuyğun bir addımdır.
Qiymət artımları, təkcə satış mağazalarında deyil, eyni zamanda spirtli içkilər təklif edən restoranların menyularında da müşahidə ediləcək. Qiymət artımları satış yerlərində artıq müşahidə olunur. Qısa müddətdə bu artım xidmət sferasına da transfer edəcək”.
Ekspert bildirir ki, aksiz vergisinin artırılması təbii olaraq siqaretin də qiymətində artımlara səbəb olacaq: “Bu da siqaret çəkənlərin sayına və siqaret satışının həcminə təsir edəcək”.
İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, hökumətin qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək kimi bir vəzifə durur: “Səbəb də aydındır. Artıq neft gəlirləri əvvəlki səviyyədə deyil. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün ya ixrac stimullaşdırılmalıdır, ya da daxili bazar qorunmalıdır. Manatın devalvasiyasının indiki dövrdə təhlükəli olması stimullaşdırma ideyasını hələ ki, arxa plana keçirir. Deməli, daxili bazarı qorumaqla yerli istehsalın rəqabət qabiliyyətini artırmaq olar. Ucuz və keyfiyyətli xarici malın qarşısında ancaq ondan da ucuz yerli istehsal dayana bilər. Fikrimcə, bir sıra mallara, o cümlədən geniş istehlak olunan siqaret və spirtli içkilərin idxalına qoyulan aksizlərin artırılması daha çox daxili bazarı qorumaq məqsədi daşıyır. Çünki Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrin demək olar ki, hamısında milli valyutalar devalvasiyaya uğrayıb. Bu isə o deməkdir ki, onların istehsalı olan məhsullar ölkəyə gətiriləndə yerli mallarla müqayisədə ucuz olur. Bu da yerli istehsal üçün problem yaradır. Hökumət bu yolla daxili istehsalı qorumağa çalışır”.
S.Əliyevin fikrincə, bunun arxasında dövlət büdcəsinə vergi daxilolmalarının artırılması məqsədi də durur: “Nazirlər Kabinetinin siqaret və spirtli içkilərin idxalına tətbiq edilən aksiz vergisinin dərəcəsinin artırması gələcəkdə ölkədə inflyasiya artımına gətirib çıxaracaq. Təbii ki adıçəkilən mallarım bahalaşması qaçılmaz olacaq”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər