SPECA-nın 2016-cı il İqtisadi Forumu Gəncədə keçirilib
Bu gün Gəncə şəhərində BMT-nin Mərkəzi
Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) "Əməkdaşlıq
vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi”
mövzusunda 2016-cı il üzrə İqtisadi Forumu öz işinə başlayıb. İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki,Forumda mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının, beynəlxalq təşkilatların, yerli və xarici şirkətlərin 100-ə yaxın
nümayəndəsi iştirak edib.
Əvvəlcə forum iştirakçıları Ümummilli Lider
Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib,
önünə gül dəstələri düzüblər.
Sonra öz işinə başlayan Forumu giriş sözü
ilə açan iqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkəmizin BMT ilə əlaqələrinin
yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə fəal
əməkdaşlıq etdiyini, BMT-nin bir çox təşəbbüs və proqramlarına qoşulduğunu
bildirib. Qeyd edilib ki, 2002-ci ildən BMT-nin SPECA proqramına üzv seçilən Azərbaycan
digər iştirakçı ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub,
proqrama üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrini daha da genişləndirib.
Nazir müavini Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi
islahatlar, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın
inkişafı, biznes və investisiya mühitinin, rəqabətə davamlı və ixrac yönümlü
qeyri-neft iqtisadiyyatının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi,
ekoloji tarazlığın təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində
həyata keçirilən sistemli və kompleks tədbirləri Forum iştirakçılarının diqqətinə
çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi
siyasət nəticəsində digər bölgələr kimi Gəncənin də sürətlə inkişaf etdiyini, mühüm
sosial və infrastruktur layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd
olunub ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncə mötəbər beynəlxalq tədbirlərə
uğurla ev sahibliyi edir.
BMT-nin Asiya və Sakit okean regionu üzrə
İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin Davamlı inkişaf
üzrə müavini Kaveh Zahidi BMT-nin dünyada davamlı inkişaf məqsədlərinə nail
olmaq üçün üzv dövlətlərlə fəal əməkaşlıq etdiyini, Azərbaycanın BMT-nin fəal
üzvlərindən olduğunu vurğulayıb. Azərbaycan və BMT arasında həyata keçirilən
proqramlar və əməkdaşlıq istiqamətlərindən danışan icraçı katib Azərbaycanın
qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazandığını, BMT-nin təşəbbüslərinin
Azərbaycanda həyata keçirilən müxtəlif proqramlarda öz əksini tapmasının əhəmiyyətini
qeyd edib, qurumun yerli nümayəndəliyi ilə işgüzar əlaqələrin yüksək səviyyədə
olduğunu bildirib.
BMT-nin Avropa regionu üzrə İqtisadi
Komissiyasının icraçı katibi Kristian Fris Baxa tədbirin Gəncə şəhərində təşkilinə
görə minnətdarlığını bildirib, iki gün davam edəcək İqtisadi Forumun tərəfdaşlıq
əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.
Sonra İqtisadi Forum sessiyalarla işinə
davam edib.
"Dayanıqlı inkişaf məqsədlərinin
uğurla həyata keçirilməsi üçün milli səviyyədə görülməli olan işlər,
strategiyalar" mövzusunda təşkil edilmiş sessiyada çıxış edən iqtisadiyyat
nazirinin müavini Sahil Babayev qeyd edib ki, ölkəmizdə iqtisadi, sosial,
ekoloji sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə 2012-ci ildən
"Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub.
Konsepsiyanın əhatə etdiyi əsas sahələr vətəndaş cəmiyyətinin ölkənin siyasi və
iqtisadi məsələlərində rolunun artırılması, insan hüquq və azadlıqlarının təmin
edilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və qeyri-neft
sektorunun inkişafı, İKT-nin inkişafı ilə informasiya cəmiyyətinə keçidin təmin
olunması və s. istiqamətlərindən ibarətdir. Nazir müavini sessiya
iştirakçılarının suallarını cavablandırıb.
Sessiyada digər iştirakçı ölkələrinin də
hesabatları dinlənilib.
Bundan başqa, İqtisadi Forum çərçivəsində
"Transsərhəd əlaqələndirmə və bu sahədə islahatlar yolu ilə iqtisadi
artımın tarazlaşdırılması məsələləri", "Statistik qiymətləndirmə və
potensialın gücləndirilməsinin statistik zərurətləri" və "Ətraf
mühitin davamlılığı və resursların istifadəsinin səmərəliliyi" mövzusunda
sessiyalar təşkil edilib, proqrama üzv ölkələrin nümayəndələri və SPECA
ekspertləri məruzələrlə çıxış ediblər.
Forum noyabrın 23-də "Bərabərlik,
inklyuzivlik və sosial ədalət üçün inkişafın tarazlaşdırılması" və "SPECA-nın
qiymətləndirilməsi" sessiyaları ilə işini davam etdirəcək. Sabah həmçinin, BMT-nin Mərkəzi Asiya ölkələrinin
iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbərlər Şurasının 11-ci
iclası keçiriləcək. Şuranın təşkilati məsələlərinə baxılacaq, növbəti il üçün sədr
ölkə və Şuranın 12-ci iclasına dair qərar qəbul olunacaq. Sonda "Əməkdaşlıq
vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi”
Gəncə Bəyannaməsi qəbul ediləcək.