• cümə, 29 Mart, 10:27
  • Baku Bakı 5°C

Soyuqdəymə xəstəlikləri “adi”likdən çıxır

07.01.17 09:30 1603
Soyuqdəymə xəstəlikləri “adi”likdən çıxır
Son günlər insanlar arasında yayılan soyuqdəymə xəstəlikləri artıq ajiotaj yaradır. Belə ki, bir çoxları bunun epidemiya olduğunu düşünürlər. Həkimlər isə bildirir ki, yayılan xəstəliklər virus xəstəlikləri olub epidemiya hesab olunmur. Bəs görəsən, artıq heç bir dərman vasitəsinin və dədə-baba yöntəmlərinin sağalda bilmədiyi bu xəstəliklərlə necə mübariz apara bilərik? Bununla bağlı maarifləndirmə işləri aparılırmı?
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev APA-ya deyib ki, payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılıb. Mövsümi olaraqxəstələrinsayında artım var, amma bu, epidemiya xarakterli deyil.Azərbaycanda qrip virusunun,yaxud başqa bir xəstəliyin epidemiyası yoxdur. Onun sözlərinə görə, soyuqdəymə xəstəliklərinə mövsümi olaraq ilin soyuq fəsillərində rast gəlinir və bu da payız-qış mövsümündə bədənin soyuması nəticəsində insan orqanizminin reaktivliyinin azalması ilə əlaqədar olur. N.Quliyev qeyd edib ki,soyuğun təsiri ilə tənəffüs yollarında kəskin respirator xəstəliklər müşahidə olunur: "Xəstəlikləri bakteriyalar və viruslar törədə bilər. Virusların sayı minlərlədir və hər bir virus tərəfindən bu xəstəlik törənəndə 100-dən artıq əlamətləri olur. Payız-qış mövsümündə rast gəlinən xəstəliklərin artmasının səbəbi uşaqların bu aylarda kollektivlərdə daha çox cəmləşməsi ilə bağlıdır. Yayda uşaqlar tətildə olur və nəticədə kütləvilik az olur. Sentyabrdan isə bağçalar, məktəblər açılır və həmin ərazilərdə uşaqların bir-birini yoluxdurması ehtimalıqat-qat artır. Bundan əlavə, temperatur birdən-birə 5-10 dərəcə dəyişirsə, uşaqların geyimi də ona uyğunlaşdırılmalıdır. Bu hallara riayət olunmadıqda, soyuqdəymələr baş verir və sonradan günahkar axtarılır”.
Valideynlərin uşaqları, xüsusilə körpələri soyuqdan qorumalı olduğunu deyən N.Quliyevin sözlərinə görə, yaz-yay mövsümündə günəş-qum vannasından, dənizdən, meyvə-tərəvəzlərdəndaha çox istifadə edilməlidir: "Uşaqlarda xəstələnmə əlamətləri olduğu zaman onları bağçaya, məktəbə buraxmaq olmaz. Onları vaxtında müalicə etmək lazımdır. Çünki xəstə halda bağçaya-məktəbə getmək həm həmin uşaq üçün təhlükə yaradır, həm də digər uşaqları yoluxdurur”.
N.Quliyev qeyd edib ki,bu xəstəliklərin qarşısı vaxtında alınmazsa, sonradan ağır və qorxulu fəsadlar - haymorit, ağciyərlərin iltihabı,pnevmaniya baş verə bilər. Bəzən ağır dərəcədə baş-beynin zədələnməsi - meningitlərin inkişaf edə biləcəyini deyən baş pediatr bildirib ki, bu xəstəliklərə məsuliyyətsiz yanaşmaq olmaz: "Böyüklər uşaqları qorumağı bacarmalıdır. Uşaqların sağlamlığının qorunmasında əsas amil valideyn məsuliyyətidir".
Həkim-pediatr Kənan Qarayev bizimlə söhbətində bildirdi ki, son günlər geniş yayılan bu xəstəliklər kəskin respirator virus xəstəliyidir və bir çox müxtəlif viruslar tərəfindən törədilir: "Xəstəliyin geniş yayılmasının əsas səbəbi havanın dəyişkən keçməsi ilə əlaqədardır. Dəyişkən havada viruslar daha da aktivləşir. Viruslar özlərini hər dəfə yeni formada təqdim etdikləri üçün xəstələnmə hallarına tez-tez rast gəlinir. Hər il bu aylarda statistik olaraq müraciət edən xəstələrin sayı orta hesabla eyni səviyyədə qiymətləndirilir. Həmçinin bu mövsümdə də eyni hal müşahidə olunur. Qeyd edim ki, xəstələrin sayında çox cüzi bir fərq var. Xəstəliyin geniş yayılmasının səbəblərindən biri də insanların özünü düzgün qorumamağıdır. Belə ki, profilaktik tədbirlər düzgün görülmür. Xüsusən, azyaşlı uşaqlar arasında bu xəstəliklər daha geniş yayılır. Uşaqların olduğu otaqlar havalandırılmalı, C vitamini ilə zəngin olan qidaların qəbuluna üstünlük verilməlidir. Həmçinin çoxlu meyvə-tərəvəz və vitamin qəbul edilməli, xəstə olan insanlar arasında kontakt miniuma endirilməlidir. Evdə, bağçada, məktəbdə, iş yerlərində gigiyenik tədbirlərin daha da gücləndirilməsi və antiseptik məhlullardan istifadə olunması xəstəliyin rast gəlmə tezliyini azalda bilər”.
K.Qarayevin sözlərinə görə, viruslar tez-tez öz formalarını dəyişdiyi üçün bu mövsümdə belə hallara daha çox rast gəlinir: "İlkin mərhələdə simptomlar hiss edilən anda onun qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi daha məqsədəuyğun olar. Bəzən buna etinasız yanaşılır ki, nəticədə temperatur uzun müddət davam edir, prosesə öskürək, iştahasızlıq, ishal və digər əlamətlər də qoşulur. Bundan sonra isə ciddi fəsadlar baş verir. Eyni virus üç müxtəlif şəxsdə özünü müxtəlif formada büruzə verə bilər. Ona görə də xəstəni eyni dərmanlarla müalicə etmək düzgün deyil. İlkin simptomlar özünü göstərdikdən sonra həkimlə məsləhətləşərək fərdi qaydada düzgün tədbirlərin görülməsi daha yaxşıdır. Xəstəlik birində quru öskürək, digərində iştahasızlıq, başqa birində bəlğəmli öskürəklə müşahidə oluna bilər. Ona görə də bu, fərdi olduğu üçün xəstəliyə fərdi yanaşıb, ehtiyac olduqda lazımi dərmanları vermək lazımdır. Bizdə bəzən hər kəs eyni dərmanları alıb içir. Bu da xəstəliyin düzgün qiymətləndirilməməsinə və daha da ağırlaşmasına səbəb olur”.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirdi ki, profilaktik tədbiri hər kəs özü üçün görməlidir: "Dərman qəbulu yalnız həkimin göstərişi ilə ola bilər. Xəstə insan mütləq yaşadığı əraziyə yaxın olan poliklinikaya müraciət etməlidir. Digər tərəfdən, xəstəliyin bu qədər geniş arealda yayılmasının əsas səbəbkarı insanların özləridir. Əgər bir kollektivdə xəstə varsa, o, mütləq təcrid olunmalıdır. Yaxşı olar ki, maskalardan istifadə edilsin. Əgər evdə xəstə varsa, başqa bir otaqda tək qalmalıdır. Xəstənin qab-qaşığı, yatağı dezinfeksiya edilməlidir. Həmçinin onun istifadə etdiyi dəsmallar və digər əşyalar qaynadılmalıdır. Yayılan bu xəstəliklər yoluxucu xəstəliklərin törədicisi olub, hava-damcı infeksiyalarıdır. Xəstəliklər viruslar tərəfindən törədilir. Qeyd edim ki, xəstəliyin geniş yayılmasına baxmayaraq, buna epidemiya demək düzgün deyil”.
ŞƏBNƏM
banner

Oxşar Xəbərlər