• cümə, 19 Aprel, 11:25
  • Baku Bakı 13°C

“Soyuq müharibə”dən qalib çıxan kitab ocağı - FOTOLAR

27.11.21 12:15 1006
“Soyuq müharibə”dən qalib çıxan kitab ocağı - FOTOLAR
Karantin qaydaları qorunmaqla, sosial məsafə saxlanmaqla və təbii ki, tibbi maskalardan istifadə etməklə hər kəs kitab oxuyur. Bir xüsusi rahatlıq, hüzur, qəribə vəhdətlənmə var burada. Üstəlik də internet, işıqlı zal, yumşaq oturacaqlar, əl altında lazımi kitablar. Oxucuya bundan artıq nə lazımdır axı?..
Bakı, Sahil bağı, ətrafımda harasa tələsən insanlar, maşınların siqnal səsi, yanıb-sönən işıqforlar, soyuq hava, dəbdəbəli fəvvarə, ayaqlarımın altında xışıldayan xəzəl... Payızın bu gözəl məqamında uca və yaşı, bəlkə də, elə bu dünya qədər olan ağacların budaqları arasından Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının o doğma, məhrəm binası görünür. Havanın sərinliyi bu binanın daş-divarına nə qədər yansısa da, kitabxanamızın öz istisi, öz hərarəti var.

Kitabxananın tarixi

Pandemiya şəraiti digər sahələr kimi kitabxanalarla da "soyuq müharibə”yə başlamışdı. Bu haqda danışacağam. Hələliksə bunu deyim ki, kitabxanamız Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılıb. Rəsmi açılışı isə 23 may 1923-cü ildə olub. Və bu gün bu kitabxana nəinki Azərbaycanın, həmçinin də Qafqazın ən böyük kitabxanalarından biridir. 1959-cu ildə tikilmiş, açılışı isə 1961-ci ildə olmuş binanın layihəsini memar Mikayıl Hüseynov verib.

Bağlanan qapı, açılan pəncərə

Belə bir misal var: "Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır”. Bu kitabların evi, ocağı var axı. Pandemiya dövründə bir çox idarə və strukturların bağlandığı bir vaxtda kitabxananın da qapıları oxucuların üzünə qapandı. Amma! Amma oxuculardan ayrı qalmadı. Bu "soyuq müharibə”də kitabxana da təslim olmadı və onunla mübarizəyə qalxdı. Kitabxananın qapısı bağlansa da, "virtual pəncərə”si açıldı.

Zamanın tələbi

Milli Kitabxananın əməkdaşı Ədibə xanım deyir ki, pandemiyadan öncə də onlayn xidmət mövcud idi. Lakin pandemiya şəraiti onlayn xidmətləri daha da təkmilləşdirməyə, inkişaf etdirməyə sövq etdi: "Bu, zamanın tələbi idi. Və biz çox qısa bir zamanda buna nail olduq. Pandemiya ilə əlaqədar kitabxanalar bağlananda oxucular təşviş içində idilər. Düşünürdülər ki, oxucuları qəbul edə bilməyəcəyik. Lakin biz bütün qüvvəmizi səfərbər etdik və oxucularımızı naümid buraxmadıq”.

Üç milyondan çox istifadəçi

Buna görə də Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın saytı, mətbuat vasitəsilə oxuculara müraciət etdi və bildirdi ki, işimizi dayandırmayacaq, onlayn şəkildə davam etdirəcəyik. Saytda onlayn pəncərə sistemi yaradıldı. Kərim müəllim özü saytdan düzgün istifadə qaydalarını hazırladı və müraciətində bu haqda ətraflı məlumat verdi. Bundan dərhal sonra artıq saytın istifadəçilərinin sayı artmağa başladı. Təkcə sifarişin ödənilməsi üçün bir gün ərzində oxucuların sayı 400-500-ü keçdi. Ümumən, pandemiya dövründə saytın istifadəçilərinin – elektron kitabxanadan, elektron kataloqlardan istifadə edənlərin sayı 3 milyondan çox oldu. Amma müraciətlərdə elektron versiyası olmayan kitablar da vardı. Biz oxucu sifarişi əsasında həmin resursları hazırlayırdıq. Onları oxucuların elektron ünvanına göndərirdik. Məqsədimiz oxucuların yanında olmaq, həmin ağır günlərdə onları kitabsız buraxmamaq idi”.

Vəhdətlənmə

COVID-19 pandemiyası davam etsə də, Milli Kitabxananın qapıları açıqdır. Baxıram, hər tərəfdə insanlar "qaynayır”. Kimi kitab sifariş verir, kimi sifariş verdiyi kitabı alıb vərəqləyə-vərəqləyə oxu zalına doğru tələsir. Kimi də yan tərəfdə elektron formatda kitab oxuyur. Kitabxanamızı yenidən belə görmək nə qədər xoşdur... Mən də oxuculardan birinin arxasınca oxu zalına keçirəm. Böyük zal, tam sakitlik. Kitablara dikilən baxışlar... Karantin qaydaları qorunmaqla, sosial məsafə saxlanmaqla və təbii ki, tibbi maskalardan istifadə etməklə hər kəs kitab oxuyur. Və bayırdakı soyuq hava içəridəki isti ab-havaya qətiyyən təsir edə bilmir. Bir xüsusi rahatlıq, bir xüsusi hüzur, bir qəribə vəhdətlənmə var burada. Üstəlik də internet, işıqlı zal, yumşaq oturacaqlar, əl altında lazımi kitablar. Oxucuya bundan artıq nə lazımdır axı?..

Pandemiya vaxtı tədbirlər

Qeyd etmək istəyirəm ki, kitabxanada həm xüsusi karantin rejimi vaxtı, həm də indi silsilə tədbirlər, beynəlxalq konfranslar, kitab sərgiləri və təqdimatları keçirilib və keçirilir. Nizami ili çərçivəsində də rəngarəng tədbirlər davam edir. 44 günlük savaş dövründə də kitabxana mübarizəyə qalxıb. Azərbaycan, rus, ingilis və digər dillərdə virtual sərgilər hazırlayaraq reallıqları bütün dünyaya çatdırıb.

Nizami əlyazmaları

"Milli mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində, Kərim bəy dünya kitabxanalarına müraciət edib. Bu müraciət əsasında Nizami Gəncəvinin kifayət qədər əlyazmaları digital formatda Azərbaycana gətirilib. Əldə olunan 200-ə yaxın elektron nüsxədən ən önəmliləri yenidən işlənib və icazəli şəkildə, hərəsindən cəmi bir nüsxə olmaqla milli kitabxananın fondu üçün çap olunub. Həmçinin də onların elektron bazası yaradılaraq oxucuların istifadəsinə verilib.

Vacib qeyd

Kitabxana saytının "Onlayn xidmət”ində "Biblioqrafik sorğu” bölməsi var. Bu bölmə oxuculara məsafədən sorğu (virtual) xidmətini təqdim edir. Bölməyə daxil olmaqla kitabxanaya gəlmədən hər hansı kitabın fondda olub-olmadığı haqda məlumat əldə etmək olar. Bu bölmə 24 saat ərzində fəaliyyət göstərir. Yəni internet vasitəsilə günün istənilən vaxtı kitabxananın bu xidmətindən istifadə etmək mümkündür.
Xanım Aydın











banner

Oxşar Xəbərlər