• cümə, 29 Mart, 16:29
  • Baku Bakı 14°C

Soydaşlarımızla gürcülər arasında heç bir toqquşma baş verməyib

05.11.16 11:46 1712
Soydaşlarımızla gürcülər arasında heç bir toqquşma baş verməyib
Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra bu ölkədə azərbaycanlıların sıx yaşadığı bölgələrdə müxtəlif təxribatların törədilməsi, həmçinin soydaşlarımıza qarşı milli zəmində hücumların olması, o cümlədən azərbaycanlılarla digər etnik qrupların dava-dalaşı barədə müxtəlif məlumatlar bəzi media qurumlarında ictimailəşdirilməkdədir. Belə məlumatlardan birində iddia olunur ki, guya bir neçə gün bundan öncə Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında növbəti kütləvi dava baş verib, bir nəfər gürcü oğlan öldürülüb. Ertəsi gün isə etnik svanlar intiqam məqsədilə Marneulidəki bazarda dava-dalaş salıblar, satıcı işləyən bir nəfər qadını öldürüblər. Belə dəqiqləşdirilməmiş xəbərləri ictimailəşdirən media qurumları hətta iddia ediblər ki, bütün baş verənlərin arxasında siyasi məqsədlər dayanır və Gürcüstan azərbaycanlılarının hüquqları tapdanır. Lakin Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev, "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov müxtəlif vaxtlarda Azərbaycan mediasına verdikləri açıqlamalarda, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini, bir sıra hallarda isə şişirdildiyini, siyasi çalar əlavə edildiyini bəyan ediblər.

Hakim "Gürcü arzusu” koalisiyasını parlamentdə təmsil edən azərbaycanlı deputat Savalan Mirzəyevdə "Kaspi”yə açıqlamasında deyib ki, belə təxribatlar Gürcüstan dövlətçiliyə qarşı yönəlib. Amma Gürcüstan xalqı, o cümlədən azərbaycanlılar, eyni zamanda dövlət bu kimi təxribatların ayaq açıb yeriməsinə imkan verməyəcək: "Bizim ölkəmizdə çox millətin nümayəndəsi yaşayır. Marneulidə də gürcü və azərbaycanlılar əsrlər boyu dostluq qardaşlıq içində yaşayıbdır. Bu dostluğu bu günə qədər heç bir qüvvə sarsıda bilməyib, bundan sonra da kimsə bu dostluğu poza bilməz. Əminliklə deyə bilərəm ki, belə intriqaları yaradanlar, həmçinin məqsədli şəkildə qeyri-obyektiv məlumatları digər ölkələrin media qurumlarına ötürənlər bizim dostluğumuzu istəməyən insanlardır. Ümid edirəm ki, yaxın gələcəkdə həmin insanlar ifşa olunacaq, cəmiyyətə təqdim olunacaqlar”.

Gürcüstandakı digər azərbaycanlı deputat, hakim koalisiyanın nümayəndəsi Ruslan Hacıyev də həmkarının fikirlərini dəstəkləyib. O, qəzetimizə açıqlamasında deyib ki, Gürcüstan çoxmillətli dövlətdir və orada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, qanunun verdiyi bütün hüquqlardan istifadə edirlər: "Gürcü və azərbaycanlılar hər zaman dostluq və qardaşlıq içərisində yaşayıblar. Bu əsrlər boyu belə olub. Bu dostluğu heç bir qüvvə poza bilməz. Marneulidə son zamanlar baş verən hadisələrdən siyasi məqsədlər üçün istifadə etməyə çalışan insanları da qınayıram. Onlar heç nəyə nail ola bilməyəcəklər, bizim münasibətləri heç zaman poza bilməyəcəklər. Bu məsələlərdə ən böyük məsuliyyət həm də media orqanlarının üzərinə düşür. Onlar yaydığı məlumatlarda olduqca diqqətli olmalı, aldıqları informasiyanın mənbələrini yoxlamalıdırlar. Unudulmamalıdır ki, biz həssas bir dönəmdəyik. Əminəm ki, bu sınaqlardan layiqli şəkildə çıxacağıq”.

Marneulidəki ölüm hadisəsinə toxunan deputat R.Hacıyev həqiqətən də mərkəzi bazarda işləyən azərbaycanlı qadın Məlahət Məmmədovanın vəfat etdiyini təsdiqləyib. Lakin o, soydaşlarımızla gürcülər arasında heç bir toqquşmanın baş vermədiyini, sözügedən ölüm hadisəsinin də belə bir toqquşma nəticəsində baş vermədiyini vurğulayıb. Deputatın sözlərinə görə, bu məsələ yerli mətbuatda məqsədyönlü şəkildə təhrif olunaraq işıqlandırılıb: "Hazırda polis baş vermiş hadisə ilə bağlı araşdırma aparır. Son günlər Azərbaycanın bəzi mətbu orqanlarında Gürcüstanda baş verən hadisələr qeyri-obyektiv, qərəzli, əsası olmayan şəkildə təqdim olunur. Bununla Azərbaycan oxucusuna yanlış məlumat verirlər. Son günlər bir sıra xəbər saytlarında Gürcüstan azərbaycanlıları ilə bağlı yazılan məlumatları səhv və təxribat kimi qiymətləndirirəm”.

Gürcüstanda yaşayan həmyerlimiz, ictimaiyyətçi Nərgiz Əliyeva mövzuya dair "Kaspi”yə fikirlərini bölüşərkən deyib ki, son zamanlar yaşadıqları doğma şəhərdə xoşagəlməz hal ilə üzləşirlər. O, seçkiqabağı proseslərlə bağlı yaranan gərginliyin bu gün də davam etdiyini dilə gətirib. N.Əliyeva Gürcüstan azərbaycanlılarının, o cümlədən gənclərin ölkənin ictimai-siyasi həyatında fəal olmasını sevindirici hal kimi qələmə verib. Bildirib ki, son parlament seçkilərində azərbaycanlı nümayəndələr ölkədəki hər bir partiyada təmsil olunublar: "Bu, bizim insanımızın artıq ölkənin hər sahəsinə inteqrasiyasından xəbər verir. Lakin siyasi baxışa görə insanların qruplaşması, ayrı-seçkiliyin salınması, cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə, cəmiyyətdə insanlar arasında ayrı-seçkiliyin yaranması xoşagəlməz mənzərə yaratdı. Düşünürəm ki, bu məsələlərdə sadə xalq əziyyət çəkir, anlaşılmazlıq yaranır. Ona görə də Gürcüstan vətəndaşı olan bir azərbaycanlı fəal, gənc kimi hər kəsdən, o cümlədən sadə insanlardan, media orqanlarından xahiş edirəm ki, yazdıqları statuslara, etdikləri çıxışlara diqqət yetirsinlər. Xüsusən də media orqanlarının Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı yaydıqları xəbərlərdə çox diqqətli və həssas olmalarını xahiş edirəm. Bizim ölkələrimizi bir-birinə bağlayan münasibətlər, strateji əməkdaşlıq, əsrlərin dostluğu pozulmazdır, sarsılmazdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, ölkələrimizi bir-birindən ayrı təsəvvür etmək olmur və gələcəkdə də olmayacaq”.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əflatun Amaşov da bizimlə söhbətində bildirib ki, heç bir əsası olmayan, reallığı əks etdirməyən, şişirdilmiş məlumatlarla hansısa qüvvələr Gürcüstanda yaşayan azərbaycanlıları milli zəmində münaqişəyə, dava-dalaşa cəlb etmək istəyə bilərlər. Onun sözlərinə görə, belə vəziyyət Gürcüstan-Azərbaycan münasibətlərinə müsbət çalar gətirə bilməz. Millət vəkili deyib ki, milli zəmində ayrı-seçkiliyin, etnik qruplar arasında münaqişənin olması Gürcüstanın və Azərbaycanın dövlət maraqlarına xidmət etmir: "Buna görə də Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə baş vermiş hər hansı hadisə barədə əvvəlcə dəqiqləşdirmə aparılmalı, bir neçə mənbədən bu məsələ araşdırılmalı, yalnız bundan sonra obyektiv münasibət ortaya qoyulmalıdır. Tələsik, sensasiya xətrinə, dəqiqləşdirilməmiş verilən hər hansı məlumat hər iki cəmiyyətə fayda vermir. Ona görə də istər seçki prosesində baş verənlərlə, istərsə də Marneulidəki bazarda qeydə alınan hadisə barədə məlumat yayan media qurumları kifayət qədər araşdırma aparmalıdırlar. Çalışmalıyıq ki, Azərbaycan mediasının Gürcüstanla bağlı yaydığı xəbərlər bu ölkədəki hadisələrə adekvat olsun, ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməsin”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər