• cümə, 29 Mart, 12:40
  • Baku Bakı 14°C

Millət vəkili Adil Əliyev: “Soydaşlarımızın ürəyi Azərbaycan dövləti və xalqı ilə döyünür”

05.04.18 09:30 1643
Millət vəkili Adil Əliyev: “Soydaşlarımızın ürəyi Azərbaycan dövləti və xalqı ilə döyünür”
"Ölkəmizin sevincinə sevinib dərdinə şərik olan xaricdəki azərbaycanlılar onların adından danışmağa cəhd edən "sosial şəbəkə qəhrəmanlarına” etirazlarını ifadə etdilər”
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bir neçə gün bundan öncə Almaniyanın Köln şəhərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı izdihamlı tədbir keçirib. Tədbirdə Azərbaycan diaspor rəhbərləri ilə yanaşı, xarici qonaqlar da iştirak ediblər. Bir sıra xarici kütləvi informasiya vasitələri bu tədbirdən və orada səsləndirilən fikirlərdən yazıb.Lakin Azərbaycanı müxtəlif səbəblərlə tərk edərək xaricə sığınan bəzi mühacirlər, xüsusən də Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və onlar kimi daha bir neçə şəxs sözügedən tədbiri gözdən salmaq üçün sosial şəbəkələrdə geniş təbliğata başlayıblar. Tədbir keçirilən ərəfədə, eləcə də tədbirdən sonra videogörüntülər, fotolar və sair yaymaqla Kölndəki tədbirin guya baş tutmaması barədə rəy formalaşdırmağa çalışıblar. Hətta tədbirdə təxribat törətməyə çalışan Rauf Babayevin deputat A.Əliyevin idmançı dostları tərəfindən döyüldüyünü iddia edərək, guya "zərərçəkən” şəxsin yerli hüquq-mühafizə orqanlarına müraciət etdiyini, buna görə də millət vəkilinin alman polisi tərəfindən saxlandığını, cərimələndiyini bildiriblər. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün millət vəkili Adil Əliyevlə əlaqə saxladıq, suallarımızı ünvanladıq.
- Adil müəllim, hər şeydən öncə Köln şəhərində keçirilən tədbir barədə məlumat vermənizi istərdik. Bu tədbir nə məqsədlə təşkil olunmuşdu?
- Bildiyiniz kimi, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməkdədir. 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlı dəstələri tarixi Azərbaycan torpaqlarının böyük əksəriyyətində azərbaycanlılara qarşı kütləvi qətliamlar törədiblər. Xalqımıza qarşı törədilən bu vəhşiliklərin əsas səbəblərindən biri məhz Azərbaycanın müstəqilliyinin qarşısını almaq idi. Amma bütün bu çətinliklərə baxmayaraq, 1918-ci ilin 28 may tarixində Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik respublika qurdu, müstəqilliyinə qovuşdu. Bu il həm 31 Mart soyqırımının, həm də müstəqilliyimizin 100 illiyi qeyd olunur. Prezident İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə bu il yanvarın 18-də sərəncam imzalayıb. Həmin sərəncamda azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlərin təşkili nəzərdə tutulub. Ən nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi barədə də Prezident İlham Əliyev sərəncam imzalayıb. Bütün bunlardan qaynaqlanaraq, yalnız öz təşəbbüsümüzlə və öz gücümüzlə mart ayının 31-də Almaniyanın Köln şəhərində Azərbaycanlıların Soyqırımı Gününün və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir təşkil etməyi planlaşdırdıq. Eyni zamanda belə bir tədbiri təşkil etməyimizə başqa bir səbəb də son vaxtlar bəzi xarici ölkələrdə yaşayan kiçik bir qrup insanın Azərbaycan əleyhinə sosial şəbəkələr üzərindən kampaniya aparması idi. Bu tipli qarayaxma fəaliyyətləri ilə onlar belə bir fikir formalaşdırmağa çalışırdılar ki, guya xaricdə yaşayan azərbaycanlılar ölkəmizi, burada həyata keçirilən siyasəti dəstəkləmirlər, Azərbaycanı sevmirlər. Azərbaycandakı prosesləri yaxından izləyən, ölkəmizin sevincinə sevinib, dərdinə şərik olan xaricdəki azərbaycanlıların, diaspor rəhbərlərinin bu mövzuda mənə etdikləri müraciətlər isə bu "təbliğat”ın əksini növbəti dəfə sübut edirdi. Ona görə də Köln şəhərində belə bir tədbirin keçirilməsi barədə qəti qərar verdik. Gözlənildiyi kimi, tədbir yüksək səviyyədə keçdi, 300 nəfərə yaxın həmyerlimiz, xarici qonaqlar azərbaycanlılara qarşı törədilən soyqırımı, 100 il bundan öncə müstəqilliyimizin əldə edilməsi barədə fikirlərini bildirdilər. Həmçinin onlar ümumilikdə xaricdə yaşayan azərbaycanlıların adından danışmağa cəhd edən bəzi "sosial şəbəkə qəhrəmanları”na da öz etirazlarını ifadə etdilər. O tədbirə qatılan azərbaycanlılar bir daha nümayiş etdirdilər ki, onların qəlbi Azərbaycan dövləti və xalqı ilə döyünür.
- Xaricdə yaşayan istənilən azərbaycanlının tədbirə qatılmasına şərait yaradılmışdımı? Orduxan Temirxan və onların ətrafında olanlar elə təəssürat yaradırlar ki, guya sizlərdən fərqli düşünənlərə yasaqlar olub, ona görə də tədbirin keçirildiyi məkanın qarşısında etiraz ediblər. Bu barədə nə deyə bilərsiniz?
- Əvvəla qeyd edim ki, tədbirin mahiyyəti və vaxtı barədə tədbir keçirilən məkanın qarşısında afişa olub. O ki qaldı kimlərinsə içəri buraxılmaması məsələsinə, mən zalda çıxış edərkən çöldə 10-15 nəfərin qışqırıb-bağırması barədə xəbər gəldi. Dərhal nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Lakin söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab veriblər ki, prezidenti təhqir edən şəkillərlə içəri daxil olacaqlar. Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Özləri də bilməmiş deyildilər ki, toplantıya gələnlərin inandığı siyasətə və prezidentə qarşı təhqirlərə kəskin reaksiya veriləcək. Belə olan halda, hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər? Əgər onlar toplantıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Təsəvvür edin, toplantı başlayıb saat 3-də, bunlar gəliblər yarım saat sonra. Özü də bir neçə gün əvvəldən Köln polisinə müraciət ediblər ki, bəs toplantı salonu qarşısında etiraz edəcəklər. Yəni söyüş qrupu əvvəlcədən toplantıya qatılmağı yox, toplantıya etiraz etməyi qarşısına məqsəd qoyub. Onların məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub.
- Tədbirin təşkilinə Azərbaycan dövlətinin, rəsmi şəxslərin hər hansı formada dəstəyi olubmu?
- Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbaycan və Türkiyə Kültür dərnəklərinə aiddir. Bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur. Əgər hər hansı əlaqə olsaydı, toplantımızda səfirliyimizin diplomatları və ya Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edərdilər. İddialar səsləndirilir ki, guya bu tədbirin təşkilinə "80 min avro xərcləmişəm”. Bu da ağ yalandır. Bakıdan 3 nəfərlə təyyarənin ekonom klass hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri öz üzərlərinə götürüblər. Toplantının keçirildiyi otelin zalına gəldikdə isə, 3 saatlıq icarəyə görə cəmi 1400 avro ödənilib. Ödənişin qəbzi də məndədir. Sosial şəbəkə vasitəsilə də bütün bunlara aydınlıq gətirdim, barəmdə deyilənlərin yalan olduğunu bildirdim. Lakin "kor tutduğunu buraxmır” - el məsəlində olduğu kimi, bunlar da yalanlarını təkrar edir, "80 min avro xərclənib”, - deyib dururlar.
- Səsləndirilən iddialardan biri də budur ki, Azərbaycan hökumətini tənqid etdiyinə görə çıxışı yarımçıq dayandırılaraq zaldan çıxarılan Rauf Babayev sonradan tədbir keçirilən məkanın yeməkxanasına aparılıb və orada döyülüb. Hətta buna görə sizdən alman polisinə şikayət edildiyi də vurğulanır. Belə bir hadisə olubmu?
- Adını çəkdiyiniz gəncin döyülməsi, söyülməsi barədə söylənilənlər kökündən yanlışdır. Əksinə, 3-5 nəfər söyüş söyəndən ibarət kiçik dəstə həm orada tədbir keçirilən vaxt bayırda, həm də həmin vaxtdan indiyə qədər sosial şəbəkələr üzərindən ünvanımıza təhqirlər səsləndirməkdə, heç bir əsası olmayan ittihamlar irəli sürməkdədir. Tədbir keçirilən zaman bayırdan içəri xəbər göndərirdilər ki, Adil Əliyev aşağı düşsün, qarşımıza çıxsın. Tədbirin təşkilatçısı və əsas çıxışçılardan biri olaraq zaldakı 300 nəfəri orada qoyub getmək düzgün olmazdı. Ona görə də nümayəndəm vasitəsilə onlara çatdırdım ki, gözləsinlər, tədbir qurtarsın, ya onlar gəlsin oturaq söhbət edək, ya da mən düşüm aşağı. Lakin həmin şəxslər 15-20 dəqiqə etiraz edib, əsassız ittihamlar səsləndirib, sonra da tədbirin qurtarmağını gözləmədən ərazidən uzaqlaşmışdılar. Mənimlə mübarizə aparmağa çalışan, daha doğrusu, dillərindən söyüş və təhqir düşməyən müxtəlif radikal qüvvələr guya mənim Almaniyada polisə çağırıldığımı da iddia edirdilər. Guya məni polis məntəqəsində bir neçə saat saxlayaraq "100 min avro cərimə” yazıblar. Halbuki, Kölndəki tədbirdən sonra polisdə olmamışam. Aydındır ki, olmadığım yerdə də mənə qarşı "100 min avroluq cərimə” barədə iddia qaldıra bilməzdilər. Buna baxmayaraq, həmin 3-5 nəfər yeni-yeni yalanlar "ixtira” edir, barəmdə yanlış təsəvvür formalaşdırmağa cəhdlər göstərirlər. Bununla onlar ünvanıma sadəcə çamur atırlar. Düşünürlər ki, palçıq yapışmasa da, izi qalacaq. Ancaq unudurlar ki, bizə nə palçıq yapışar, nə də izi qalar.
- Sizinlə bərabər, ətrafınızdakı insanlara qarşı da belə çamur atmalar, ünvanlı təhqir və təhdidlər olurmu?
- Əlbəttə olur. Bu günlərdə orduxançılardan biri belə bir addım atmaqla gerçək simalarını növbəti dəfə ortaya çıxarıb. Azərbaycan Kikboksinq Federasiyasının fəal üzvü, öz şəxsi vəsaiti ilə tədbirdə iştirak edən Elnur Həşimov Almaniyada mühacirətdə olan, Orduxanın dəstəsinin fəal üzvü Elxan Nəbiyev tərəfindən hədələnib. Elxan Nəbiyev Elnur Həşimovun "Facebook” hesabına hədələyici ismarışlar yazıb. Əlində silah tutduğu fotonu profilində əsas şəkil edən bu şəxs Elnur Həşimova yazıb ki, "Bəxtin gətirib mən Kölndə olmamışam. Yoxsa sənin alnını nişan alardım...”.Daha bir faktı isə mənə Federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov bildirib. Onun sözlərinə görə, Kölndəki tədbirdə iştirak edən bəzi soydaşlarımız orduxançılar tərəfindən hədələnib. Orduxançılar tədbirdə iştirak edən soydaşlarımızı onların statuslarını ləğv etdirəcəkləri ilə hədələyiblər və indi də hədələməkdədirlər. Bu faktlar orduxançıların gerçək simasını ortaya çıxarır. Əgər demokratiya, hüquqdan danışırlarsa, ora gələn soydaşlarımıza hörmətlə yanaşmalıdırlar. Amma baş verənlər göstərir ki, Orduxan və onun dəstəsi hamını hədə-qorxu, terror dili ilə nəzarətdə saxlamağa çalışır. Azərbaycanlı mühacirlərin böyük əksəriyyəti də yaxşı başa düşür ki, bu 3-5 nəfər orduxançının işi-peşəsi başqalarını söyməklə, təhqir və təhdid etməklə yaşamaqdır. Ona görə də xaricdəki soydaşlarımız hər zaman Azərbaycan dövlətinin və xalqının yanındadırlar. Azərbaycan güclü, demokratik və hüquqi dövlətdir, burada qanunun aliliyi gözlənilir, demokratik prinsiplərə riayət olunur. Ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olub. Bütün bunları qoruyub saxlamaq hər bir azərbaycanlının borcudur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər