• cümə axşamı, 28 mart, 13:58
  • Baku Bakı 16°C

“Soydaşlarımızın siyasi proseslərə meyli zəifdir”

21.06.14 09:34 1422
“Soydaşlarımızın siyasi proseslərə meyli zəifdir”
Ötən bazar Gürcüstanda seçkilər keçirilib. Seçkilərdə 20 partiya və 4 seçki bloku şəhər şurasında yerlər uğrunda mübarizə aparıb. Əsas mübarizə hakim “Gürcü arzusu” koalisiyası və müxalifətçi “Vahid Milli Hərəkat” arasında gedib. İlk dəfə olaraq Gürcüstan seçiciləri paytaxt və digər 11 şəhər merini birbaşa səsvermə yolu ilə seçiblər. Nəticələrinə görə, hakim “Gürcü Arzusu” koalisiyası seçkilərdə qalib gəlib. Seçkilərdə ikinci yeri Saakaşvilinin, üçüncü yeri isə eks-spiker Nino Burcanadzenin lideri olduğu “Vahid Gürcüstan” - Demokratik Hərəkatı” tutub. Gürcüstanda keçirilən seçkilər, onun nəticələri, soydaşlarımızın bu proseslərdə iştirakı, əvvəlkilərə nisbətdə budəfəki seçkilərdə seçici fəallığının aşağı olması və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli cavablandırır.
- Zəlimxan müəllim, Gürcüstanda keçirilən son seçkiləri necə qiymətləndirirsiniz?
- Bu seçkilər bölgə, xüsusən də soydaşlarımız üçün ciddi siyasi proseslərə qoşulma mərhələsidir. Çünki əvvəllər mərkəzi hakimiyyət orqanları və yerli bələdiyyələrin formalaşmasında əsas məsələlər mərkəzdə həll olunurdu. Bundan irəli gələrək, insanlarda da biganəlik var idi. Ancaq son seçkilərdə ortaya bir maraq qoydular və bu, bəzi nailiyyətlərlə yadda qaldı. Təkcə Marneuli rayonunda azərbaycanlılar arasında yeganə narazılıq bir namizədə deyil, o birisinə səs verilməsi barədə fikirlər oldu. Bir seçki texnoloqu olaraq hesab edirəm ki, etnik kimliyə görə səsvermə anlayışı qəbuledilməzdir. Soydaşlarımız seçki kampaniyasının bir çox imkanlarından bəhrələnmədən böyük qələbə istəyirlər. Təbii ki, bu da normal yanaşma deyil. Hələlik seçki ilə bağlı mübahisələr, məhkəmələr var. Hətta bəzi dairələrdəki məntəqələrdə keçirilən seçkilərin nəticələri də ləğv olunub. Sosial şəbəkələrdə aparılan müzakirələrdə seçki zamanı çox ciddi qanun pozuntularının olması barədə müzakirələr aparılmaqdadır. Eyni zamanda bununla bağlı video görüntülər, sujetlər yayımlanır, ayrı-ayrı fərdlərin, komissiya üzvlərinin saxtakarlıqları ifşa olunur. Amma, verilən bəyanatlarda bu qanun pozuntularının ümumilikdə seçkinin nəticəsinə təsir edəcək gücdə olmadığı bildirilir. Paralel olaraq, sadalanan faktların araşdırılması üçün istintaqın getdiyi, prokurorluq orqanlarının bu işlə ciddi məşğul olduğu qeyd olunur. Lakin ümumi götürəndə, seçkini demokratik dəyərləndirmək üçün müəyyən əsaslar var.
- İlk dəfə olaraq Gürcüstan seçiciləri paytaxt və digər 11 şəhər merini birbaşa seçiblər. Azərbaycanlı seçicilərin bu seçkilərdə fəallığı necə olub?
- Borçalı ərazisində seçici fəallığı ortalama 30 faiz olub. Təbii ki, olduqca aşağı səviyyədir. Bu onu göstərir ki, soydaşlarımızın siyasi proseslərə meyl etmə tendensiyası zəifdir. Seçici fəallığı ən azı 50 faiz olsaydı, bunun əksini düşünmək olardı. Seçkilərə etimad mühitinin olmaması, saxtalaşdırma fobiyası soydaşlarımızda da var. Belə hallar insanları seçki prosesindən kənarda saxlayır. Lakin əvvəlki illərdə keçirilən seçkilərdən fərqli olaraq, bu dəfə maraq ifadə elədilər. Gürcüstan islahatlar baxımından müəyyən örnəklər verməkdədir. Mərkəzi hakimiyyətə tabe olan yerli icra hakimiyyəti orqanlarının birbaşa ümumxalq səsverməsi yolu ilə müəyyən olunması, əslində yerli hakimiyyətin dövlətsizləşdirilməsidir. Bu liberal bir islahatdır və təqdir olunur. Belə seçkilərdə daha yaxşı nəticə əldə etmək üçün soydaşlarımız daha çox işləməli, müasir seçki texnologiyaları öyrənməli, siyasi proseslərdə aktiv iştirak etməlidirlər. Mövcud siyasi partiyaların yerli təşkilatlarında, rəhbərliyində təmsil olunmağa cəhd etməli, hüquqları uğrunda ardıcıl mübarizə aparmalıdırlar. Yerli icra hakimiyyəti və bələdiyyə orqanlarına öz namizədlərini irəli sürüb, onun təbliğatını qurmalıdırlar. Ən nəhayət vahid güc mərkəzində birləşməlidirlər. Gələcəkdə Gürcüstan azərbaycanlılarının təmərküzləşdiyi siyasi partiya quruculuğu əsas hədəflərdən biri olmalıdır. İndi Gürcüstanda hər kəs bilir ki, siyasi partiyalar nə qədər aşağılansa da, bütün siyasi prosesləri onlar həll edir. Pis və ya yaxşı siyasi məsələləri partiyalar həll edir, hüquq da onların tərəfindədir. Soydaşlarımız da məhz buna diqqət etməlidirlər. Dediyim istiqamətdə mübarizə soydaşlarımızın da siyasi proseslərdə aktivliyini artıracaqdır.
- Gürcü mətbuatı qeyd edir ki, seçkilərdə bütövlükdə ölkə üzrə seçicilərin 34 faizi, Tbilisidə isə cəmi 30 faizə qədəri iştirak edib. Sizcə bütövlükdə Gürcüstanda seçici fəallığının aşağı olması nə ilə əlaqədardır?
- Gürcüstanda bundan əvvəlki seçkilərdə hakimiyyət tamamilə dəyişdi, hər kəsi heyrətə gətirən çoxsaylı islahatlar oldu. Nə qədər bunun əleyhinə təbliğat aparılsa da, Mixael Saakaşvili Cənubi Qafqazda birmənalı şəkildə tarix yazdı. Onun əleyhinə olan və daha çox maliyyə oliqarxlarının təmərküzləşdiyi “Gürcü Arzusu” koalisiyası isə böyük vədlərlə hakimiyyətə gəldi. Beləliklə də Saakaşvili hakimiyyəti sona çatdı. İndi isə hakimiyyətdə olan “Gürcü Arzusu” koalisiyası seçkidən əvvəl verilən vədlərin girovuna çevrilib. Seçkidən 2 ilə yaxın vaxt keçib. Həm parlament, həm də icra hakimiyyəti onların əlində cəmləşib. Amma ötən müddətdə insanların sosial rifahının yaxşılaşmasına təsir edəcək hər hansı radikal dəyişikliyi həyata keçirə bilməyiblər. Buna görə də seçicilərin ümidsizləşməsinə səbəb olublar. Əslində onlar seçkiyə gəlməməklə müəyyən mənada mərkəzi hakimiyyətə etiraz ediblər. Çünki bundan əvvəlki parlament və prezident seçkilərində seçicilərin 70 faizi iştirak etmişdi. O zaman bu, çox ciddi seçici fəallığı kimi qiymətləndirilirdi. Amma indi, 30-34 faiz seçici seçkidə iştirak edib. Təbii ki, bu, yaxşı göstərici deyil.
- Bu seçki öncəsi verilən bəyanatlarda Saakaşvili erasına birdəfəlik xətt çəkiləcəyi qeyd olunurdu. “Gürcü Arzusu” bu istəyini reallaşdıra bildimi?
- Hər halda, ümumi Gürcüstan üzrə səsvermənin nəticəsi onu deməyə əsas verir ki, Saakaşvili əsas müxalifət kimi üstünlüyünü qoruyub saxlayıb. Səsvermənin nəticələrinə görə, onun partiyası ikinci yerdədir və ana müxalifət funksiyasını yerinə yetirir. Ona görə də Saakaşvilinin “Vahid Milli Birlik” partiyasını siyasi səhnədən “silmək”, onun erasına son qoymaq kimi bəyanatları qeyri-ciddi sayıram. Gürcüstanda mahiyyət etibarilə ikipartiyalı sistem qurulub. Bir tərəfdə siyasi-ideoloji yükü ağır olan “Vahid Milli Birlik”dir, digər tərəfdə isə oliqarxların birləşdiyi “Gürcü Arzusu”dur. ABŞ-da olduğu kimi burda da sağlam mübarizə aparan iki qütbün yaranması prosesi gedir. Bir tərəfdə milliyyətçi-demokrat düşüncəsi, digər tərəfdə daha çox praqmatiklər birləşib. Bunun özü mütərəqqi bir prosesdir. Lakin hazırda mövcud hakimiyyət ifrat təqib kampaniyası aparır. Hətta siyasi rəqiblərini həbsxanada saxlayır ki, onların bir qismini siyasi məhbus saymaq olar. Hakimiyyət bəzi rəqiblərini müxtəlif vasitəsilə seçki prosesindən kənarda saxlamağa çalışır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər