AZE | RUS | ENG |

Soydaşlarımız İvanişvili hökumətindən nə gözləyir?

Soydaşlarımız İvanişvili hökumətindən nə gözləyir?
Onlar ümid edirlər ki, Borçalı türklərinin spesifik problemləri həllini tapacaq

Gürcüstanda keçirilən son parlament seçkilərində “Gürcü arzusu” koalisiyası prezident Mixail Saakaşvilinin partiyasına qalib gəldi. Beləliklə də müxalif “Gürcü arzusu”nun lideri Bidzina İvanişvili ölkəsinin yeni baş naziri olmaq imkanını qazandı. Bunun ardınca nazirlər kabinetinin yeni tərkibini müəyyənləşdirən B.İvanişvili mətbuata açıqlamasında öz siyasi kursundan, həmçinin yeni hakimiyyətin Gürcüstanda yaşayan digər millətlərə sərgiləyəcəyi münasibətdən danışıb. Gürcüstandakı azərbaycanlılarla bağlı fikirlərini bölüşən yeni baş nazir Azərbaycan xalqını çox sevdiyini qeyd edib. O, Gürcüstandakı azərbaycanlıları ölkənin idarə olunmasında maksimum iştirak etməyə çağırıb. Bildirib ki, gürcülər kimi azərbaycanlılar da hökumətin yuxarı eşalonlarında təmsil olunacaqlar. Gürcüstandakı son hadisələrlə bağlı “Kaspi”yə açıqlama verən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qonşu ölkədəki parlament seçkilərinin demokratik keçirildiyini, hakimiyyətin nəticələrə təmkinlə yanaşdığını bildirib. O, azərbaycanlılar yaşayan rayonlarda da insanların siyasi əqidələrinə görə seçkiyə qatıldığını, buna görə də səs aldığını vurğulayıb. Z.Məmmədli bütün mövcud problemlərə baxmayaraq soydaşlarımızın dəyər daşıyıcısı kimi Gürcüstan cəmiyyətinə qaynayıb-qarışmasının davam etdiyini, bu istiqamətdə irəliləyişlərin nəzərə çarpdığını bildirib: “Artıq Gürcüstanda oxuyub işləməyə həvəslənən gənclərimizin sayı artır, həm müxalifətdən, həm də iqtidardan olan deputatlarımız parlamentdə təmsil olunur, dövlət tərəfindən də müəyyən addımlar nəzərə çarpır. Gürcüstanda həm müxalifətdən, həm də iqtidardan deputatlarımızın olması yaxşı haldır. İnanıram ki, demokratik Gürcüstan möhkəmləndikcə soydaşlarımızın problemlərini görənlərin, bunu dərk edib həllinə çalışanların sayı günbəgün çoxalacaq. Hazırda Gürcüstan parlamentində təmsil olunma hüququ qazananların sayı 3 nəfərdir. Onlardan bir nəfər – Azər Süleymanov Saakaşvili, iki nəfər – Əli Məmmədov və Mahir Dərziyev isə İvanişvili komandasının üzvləridir. Bunun özü də bir yenilikdir və soydaşlarımızın siyasi mübarizə mədəniyyətinin göstəricisidir. Bu amil soydaşlarımızın siyasi proseslərə meylini artıra bilər”. B.İvanişvilinin Azərbaycan xalqının ünvanına söylədiyi fikirlərə münasibət bildirən Z.Məmmədli, buna görə yeni baş nazirə minnətdarlığını ifadə edib. Bununla yanaşı, yeni hakimiyyət başçısından gözləntilərini də gizlətməyib: “Mən istərdim ki, İvanişvili Borçalı türklərinin spesifik problemlərini də ifadə eləsin. Bunlar vaxtıilə dəyişdirilmiş tarixi kənd adlarıdır. Çünki bu, ad dəyişmə tarixi yaddaşın silinməsinə və deformasiyaya uğramasına hesablanmış bir addım olub. İlk növbədə bu məsələ həllini tapmalıdır. Gürcüstandakı azərbaycanlıların torpaq üzərində mülkiyyət hüququ məhdudlaşdırılıb ki, bu da insanlarımızı narahat edir. Təhsil sistemində də dəyişikliklər olmalıdır. Çünki təhsil hər bir toplumun gələcək təməlidir. Təhsil sisteminin toxunulmazlığı təmin olunmalıdır. Bu üç fundamental məsələ dərhal həll edilməlidir. Eyni zamanda kadrların yaraşıq üçün deyil, mahiyyətə uyğun olaraq təyin edilməsi də vacib şərtdir. Hazırda Kvemo-Kartli bölgəsindəki əhalinin hardasa 70 faizi Borçalı türkləridir. Yaxşı olardı ki, burada bölgə qubernatoru azərbaycanlı olsun. Belə olarsa, toplumun maraqlarının təmini öz həllini tapar”. “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov hakimiyyət dəyişikliyindən sonra İvanişvilinin verdiyi açıqlamalarda anlaşılmazlıqların nəzərə çarpdığını deyib. Hərəkat rəhbəri bildirib ki, yeni baş nazirin həm Qərblə, həm də Rusiya ilə isti münasibətlər quracağı inandırıcı deyil. Ə.Əsgərov Gürcüstandakı azərbaycanlıların mövcud problemlərini də dilə gətirib: “Bu adam bir yandan deyir ki, Rusiya ilə əlaqələri inkişaf etdirib yaranmış gərgin vəziyyəti normallaşdıracam. Digər tərəfdən isə NATO ilə mövcud əlaqələri davam etdirəcəyini, ölkənin siyasi kursunun dəyişməyəcəyini dilə gətirir. Bu ikisi bir arada, yəni həm NATO ilə, həm də Rusiyayla tamamilə yeni, isti əlaqələr qurmaq məncə mümkün olmayacaq. Onun ermənilərlə bağlı açıqlaması da respublika səviyyəsində, xüsusən də erməni əsilli Gürcüstan vətəndaşları tərəfindən heç də xoş qarşılanmadı. Bizim yeni gürcü hakimiyyətindən gözləntilərimizə gəldikdə, istərdik ki, ən əvvəl Azərbaycan dilli təhsilin bərbad vəziyyəti düzəlsin. Hakimiyyətin kadr siyasəti dəyişsin. Yəni, azərbaycanlılardan da hakimiyyətin yuxarı pillələrində kadr kimi istifadə olunsun. Bunlarla yanaşı, azərbaycanlıların yaşadığı ərazi aqrar regiondur. Burada təsərrüfatın inkişafı, suvarma sistemlərinin bərpası, yeni kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin yaradılması, məhsul bazarının formalaşdırılması vacib şərtdir. Sadalananların reallaşacağı barədə istər yeni hakimiyyətə gələn qüvvələr, istərsə də Saakaşvili komandası seçkiqabağı platformalarında bildiriblər. Onlar bu məsələlərin qısa zamanda həllini tapacağı barədə vədlər veriblər. Ancaq, hələlik verilən vədlər, elə vəd olaraq qalır. O da nəzərdən qaçmamalıdır ki, B.İvanişvili komandasında azərbaycanlıların sayı olduqca az idi. Baxaq görək, bundan sonra bu istiqamətdə də əməli tədbirlər görüləcəkmi”. Borçalı Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı isə hadisələrin gedişindən razı qaldığını söyləyib. Onun fikrincə, Gürcüstan azərbaycanlılarının gələcək vəziyyəti indikinə nisbətən daha yaxşı olacaq: “Yeni formalaşan gürcü hakimiyyətinin başçısı tərəfindən Azərbaycana və azərbaycanlılara yönəlik bəyanatların səsləndirilməsi, bu ehtimalı yaradır. Bununla bərabər Gürcüstanda yaşayan azərbaycanlıların özündə də bir təpər olmalıdır. Gürcü dilini, yəni rəsmi dövlət dilini öyrənməyə, gürcü cəmiyyətinə inteqrasiya olunmağa can atmalıdırlar. Çünki dövlət dilini bilmədən bizimkilərin dövlət qulluğunda hər hansı vəzifəni icra etməsi qeyri-mümkündür. Ancaq bütün bunlarla yanaşı, bir məqam da diqqətdə saxlanılmalıdır. İstənilən gürcü hakimiyyəti üzdə azərbaycanlılara xoş münasibət bildirsələr də, daxildə onlara qarşı ögeyliklərini hər zaman nümayiş etdiriblər. Saakaşvili prezident seçkiləri zamanı səslərin çoxunu Borçalı bölgəsindən toplamışdı. Azərbaycanlılar inanırdı ki, Saakaşvili onların bütün problemlərini həll edəcək. Amma bu, olmadı. Seçkiqabağı verilən vədlərin yalnız onda biri yerinə yetirildi. Ümid edək ki, yeni formalaşan hakimiyyət bu qeyri-bərabər münasibəti tam aradan qaldıracaq. Gürcüstandakı son proseslərdə məni razı salan yeganə məqam parlament seçkilərinin tam şəffaf, demokratik və dinc şəraitdə keçməsi oldu. İndiki prezident tərəfindən yüksək siyasi mədəniyyət nümayiş etdirildi. Fikrimcə, bu Gürcüstanda bundan sonra baş verəcək seçkilər üçün bir örnəkdir”. Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917