• cümə, 19 Aprel, 17:41
  • Baku Bakı 25°C

Sovetlərin “xoşbəxt sənətkar”ı

31.01.17 13:00 1342
Sovetlərin “xoşbəxt sənətkar”ı
Hörmətli oxucu! Bu yazıda XIX əsrin sonu və XX əsrin əvvəllərində, çox mürəkkəb dramatik bir ədəbi epoxanın görkəmli qələm sərkərdələrindən olan Nəcəf bəy Vəzirov barədə bəhs edəcəm. Amma nə istedadlı dramaturq, nə də publisist olmasından yox. Bu haqda yetərincə tədqiqat əsərləri yazılıb, görkəmli alimlərimiz fikir və mülahizələrini bildiriblər. Onun elm, maarif yolunda çəkdiyi əzab-əziyyətlərdən yazacam.
Şuşadan Bakıya "qaçış”
Sovet dövrü tədqiqatlarında birmənalı olaraq "xoşbəxt bir sənətkar” kimi təqdim edilən Nəcəf bəy Vəzirov elə bu "xoşbəxt dövrdə”, görkəmli alim Yaşar Qarayevin təbirincə desək, ürək partlamasından vəfat etdi. Sovetlərin "qayda qanunları” altında cəmi 6 il "yaşadı” Nəsəf bəy. Əslində o, dünyaya gələndə bəxt ulduzu üzünə gülmədi. Valideynlərinin kasıb və xəstə olması, ağır güzəran, qohumların rəhimsizlikləri onu bu dünyanın "Dərviş”inə çevirdi. Özü "o vaxtlar yadıma düşdükcə ürəyim parə-parə olur” deyirdi.
Qələm dostu Abdulla Şaiqin "nəcib insan, gözəl yazıçı” adlandırdığı Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşada anadan olub. Atası Fətəli bəy Qarabağın hörmət-izzətli Vəzirovlar nəslindən olsa da, çoxdan yoxsullaşmış bəylərdən idi. Özü bu barədə belə yazırdı: "Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlayırdı”. Sonradan tez-tez xəstələnən Mehri xanım bütün ümidini oğlu Nəcəfə bağlayır və onun oxuyub heç olmasa bir kənd mirzəsi olaraq, ailəni dolandırmasını arzulayırdı. Çox arıq, zəif və tez-tez xəstələnən Nəcəf mədrəsəyə gec, 12 yaşında gedib. Burada Quranı oxumağı öyrənən Nəcəf bir ildən sonra Şuşa şəhər mülkiyyət məktəbinə yazılır. Nəcəf bəy bu məktəbdən qaçmasının səbəbini illər sonra belə açıqlayırdı: "Mənim yeni müəllimim Mkırtıç adlı bir erməni idi. Bu zalım adət etdiyindən məni haqlı və ya haqsız, ya kardon ilə, ya da əli ilə döyərdi. Axırda bu işgəncələrə davam gətirməyib məktəbdən qaçmağa məcbur oldum. Bu hadisədən sonra "məni tənbəl, cahil” adlandıran qohum-əqrəbanın tənəsinə və anamın göz yaşlarına dözməyərək, oxumaq üçün qaçıb Bakıya gəldim”.
Xoşbəxtlikdən bu "qacış” Nəcəf bəyi uğura aparan bir yol oldu. Nəcəf elm, maarif dalınca getdiyi üçün Tanrı da ona dəstək oldu. 1868-ci ildə Nəcəf Bakı real gimnaziyasının ikinci sinfinə daxil olur. Gimnaziyada Həsən bəy Zərdabi kimi bir millət fədaisi ilə qarşılaşır. Həsən bəyin isti münasibəti Nəcəf bəyə bu yad şəhərdə qəribliyini unutdurur. Həsən bəyin qayğısı və Nəcəfin hazırcavablığı, çalışqanlığı sayəsində bir ildən sonra onu padşahlıq xərci ilə pansiona götürdülər. Aralarında böyük yaş fərqi olmasına baxmayaraq, Həsən bəylə Nəcəf bəy arasında yaranan bu dostluq həm də Azərbaycanda teatrın yaranmasına səbəb oldu. Nəcəf bəy tarixi hadisəni belə xatırlayır: "1873-cü ildə altıncı klasda olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi”. Ana dilində də belə bir teatrın olması arzusuna düşən Nəcəf bəyə yenə kömək müəllimi Həsən bəydən gəlir: "Sabahı gün gimnaziya müəllimi Həsən bəy Məlikov Mirzə Fətəli Axundovun "Hacı Qara” komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlaşmağa başladıq. Bizim hazırlığımıza Həsən bəy Məlikov cənabları tamaşa edirdi”.
Peterburqdan Moskvaya "köç”
Qohumlarının "bacarıqsız və tənbəl” adlandırdıqları Nəcəf bəy tez bir zamanda gimnaziyanın sevimli və çalışqan tələbəsi kimi tanınır: "Gimnaziyada oxuduğum axırıncı iki ildə başqalarına dərs deməyə başladım. Gecələr saat on birədək məşğul olurdum, ondan sonra öz dərslərimi oxuyardım. Gimnaziyanı qutaranadək altı yüz manat para toplamışdım”. 1874-cü ildə gimnaziyanı qızıl medalla başa vuran Nəcəf bəy topladığı para ilə Peterburqa yola düşür. Əla qiymətlərlə imtahan verib Peterburq Universitetinə qəbul olsa da, burada oxumaq ona qismət olmur: "Peterburqda qızdırmaya giriftar oldum. Üç gün müddətində elə bir halətə gəldim ki, yataqda sağ tərəfdən sol tərəfə dönməkdə aciz qaldım. Həkimlər mənim Peterburqdan Moskvaya köçməyimi məsləhət gördülər”.
1874-cü il sentyabrın sonlarında Moskvaya gələn Nəcəf bəy səhhəti yaxşılaşdıqdan sonra Petrovski-Razumovski Akademiyasına imtahan verir və qəbul olur: Bu zaman ancaq səksən manat param qalmış idi. Bunun əlli manatını tədris haqqı verdim. Elə bir halətdə qalmış idim ki, onun necəliyini yalnız bir Allah bilir. Havası soyuq Moskvada üstümə örtəcək bir yorğanım da yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn bircə palazımı çəkərdim. Bu palaz da mənim halı-pərişanım kimi bir halda idi... Palaz altında yatdığım üçün təxəllüsüm "Dərviş” qaldı”.
Bu çətin və çıxılmaz anında yenə də Nəcəf bəyin köməyinə Tanrı və biliyi gəldi: "Moskvada fövqəladə imtahan verdiyim üçün Akademiya mənə təqaüd verdi. Üç ayın parasını əvvəlcədən götürüb, özümə lazım bəzi şeylər aldım”.
Siyasi etibarsızlıqda günahlandırılır
Beləliklə, N.Vəzirov dörd il Akademiyada təhsilini davam etdirməklə yanaşı, dövrü mətbuatla da əməkdaşlıq edir. "Əkinçi” "zühur edəndə” Həsən bəyin sevincinə şərik olanlardan biri də sevimli şagirdi Nəcəf bəy olur və qəzetə də məqalələr yazır. 1878-ci ildə təhsilini başa vuran Nəcəf bəy vətənə qayıdır. İlk olaraq "Tərtər və Dilicanda meşəbəyi vəzifəsində çalşır”. Lakin bu işin ömrü az olur. Nəcəf bəyi siyasi etibarsızlıqda günahlandıraraq, işdən azad edirlər. O, 1895-ci ildə yenidən Bakıya qayıdır və imtahan verib, vəkillik vəsiqəsi alır. Bundan sonra müxtəlif yerlərdə işləyir. 1906-cı ildən mətbuatla sıx əməkdaşlığa başlayır. "İrşad”, "Açıq söz”, "Tazə həyat”, "Tərəqqi”, "Yeni irşad”, "Sədayi-haqq” qəzetlərində maarif, təhsil, tərəqqi məsələlərini təbliğ edən məqalələr yazır.
Hələ Gimnaziyada oxuyarkən "asudə vaxtlarımı məzhəkə yazmağa sərf edirdim” söyləyən Nəcəf bəy artıq 1890-cı illərdə "Daldan atılan daş topuğa dəyər”, "Sonrakı peşmançılıq fayda verməz”, "Adı var, özü yox”, "Yağışdan çıxdıq, yağmura düşdük” əsərləri ilə ədəbi mühitdə məşhur idi. Bu dünyada "ürəyi dərdlə dolu olan” ədib 1896-cı ildə Azərbaycan dramaturgiyasında ilk faciənin ("Müsibəti-Fəxrəddin”) bünövrəsini qoyur.
Ən yaxın sirdaşı, amal yoldaşı
"Cavanlığımın ən yaxşı illərini "Dərviş”ə həsr etmişəm” deyən Xurşud xanım Nəcəf bəyin həm ömür-gün yoldaşı, həm də məsləkdaşı olub. 1868-ci ildə Şuşada Mirzə Abbas bəyin ailəsində anadan olan Xurşud xanım ilk təhsilini Şuşada aldıqdan sonra Dağıstanda, Progimnaziyada davam etdirib. Aralarında böyük yaş fərqi olmasına baxmayaraq, qarşılıqlı hörmət, böyük sevgi ən çətin anlarında belə onlara kömək olub. "Nəcəf bəyin əsərlərini ilk oxucusu və tənqidçisi mən idim” deyən Xurşud xanım uzun illər onun əsərlərinin üzünü köçürər, səliqə-sahmana salardı. Bakıda Xeyriyyəçi Qadınlar Cəmiyyətinin üzvü olan Xurşud xanım 20-ci yüzilliyin əvvəllərində azərbaycanlı qızların məktəblərə cəlb edilməsində böyük rol oynayıb. Bir oğul, iki qız anası olan Xurşud xanım onların təhsil-tərbiyəsi ilə də xüsusi məşğul olub. Təbiətən şən, işgüzar, mehriban olan Xurşud xanım haqqında Nəcəf bəyin yaxın dostu Abdulla Şaiq yazırdı: "1909-cu ilin yayında Nəcəf bəyin və bizim ailəmiz birlikdə Dağıstanın yaylaqlarından olan Daşlaqara köçdü. Nəcəf bəyin həyat yoldaşı Xurşud xanımın bizim ailəmizdəki qadınlara çox yaxşı təsiri olmuşdu. O, oxumuş, mədəni, mehriban bir qadın idi”.
1913-cü il. Nəcəf bəyin bir gözü sevindi, bir gözü ağladı. 1913-cü il noyabrın 15-də "Şəfa” cəmiyyəti N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini çox təntənəli şəkildə qeyd etdi. Bütün qəzet və jurnallar onun haqqında yazırdı. H.Z.Tağıyev də yubileyə gəlmişdir. O, Nəcəf bəyi yüksək pul mükafatı ilə təbrik etdi. Nəcəf bəy bu pulun "Şəfa” cəmiyyətinin fonduna keçirilməsini və maarif işlərinə xərclənməsini xahiş etdi.
1913-cü ilin son günlərində isə Nəcəf bəy yalnız ən yaxın sirdaşını yox, həm də amal yoldaşını itirdi. Xurşud xanımın vəfatı "ürəyi dərdlərlə dolu olan” Nəcəf bəyə bir dərd də verdi.
"Vətən yolunda ölməkdən gözəl ölüm dünyada yoxdur!”- deyən Nəcəf bəy özü də vətən yolunda, Şamaxının Çuxuryurd qəsəbəsində tələbələrlə təcrübə məşğələsi keçən zaman ürək tutmasından vəfat edir (12 iyul, 1926-cı il) və ölümü də bir əsgər kimi vəzifə başında qarşılayır. Bu dünyanın varından çox yoxunu dadmış, istisindən yox, soyuğundan usanmış Nəcəf bəy xoşbəxt idi?
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər