• çərşənbə, 24 Aprel, 09:08
  • Baku Bakı 13°C

Sovetlərin söndürdüyü ziyalı ocağı

11.02.17 13:00 3229
Sovetlərin söndürdüyü ziyalı ocağı
Arxiv sənədləri ilə tanış olarkən bəlli olur ki, 1920-ci il aprelin 28-də təşkil edilən Azərbaycan Sovet Sosialist Respublikası hökumətinin heyətində olanlardan bir nəfər də öz əcəli ilə ölməyib. Bu haqda qocaman tədqiqatçı-yazıçı Manaf Süleymanlı yazır: "Ümumiyyətlə, istər dövlət, istər hökumət, istərsə partiyadakı ilk elitaya daxil olan şəxslər əksərən güllələndilər, ya da sürgündə, qarlı, buzlu, şaxtalı diyarlarda, vətəndən uzaqlarda vətənsiz, millətsiz öldülər...” Onlardan biri də "1925-ci ilin mart ayından AK(b) P MK-nin qərarı ilə Azərbaycan SSR ədliyyə naziri və respublika prokuroru vəzifəsinə təyin edilən, XX əsr Azərbaycan mətbuatının yaranması və inkişafında mühüm xidmətləri olan, istedadlı jurnalist, publisist, redaktor Böyükağa Talıblı idi.
Abdulla Şaiqlə tanışlıq
Böyükağa Talıblı 1897-ci ildə Salyanda, Mirqasım kişinin ailəsində dünyaya göz acıb. Əslən Masallıdan olan Mirqasım kişi zəmanəsinin savadlı, mədəni və mütərəqqi fikirli şəxslərindən biri idi. İbtidai təhsilini kənd mədrəsəsində aldıqdan sonra Lənkəranda rus-tatar məktəbində oxumuş və rus dilini yaxşı öyrənmişdir. Məktəbi bitirib Salyana gəlir və taleyini ömürlük bura bağlayır. 1893-cü ildə Salyanda Badam adlı bir qızla evlənir. Üç oğul, üç qız atası olan Mirqasım çətinliklə də olsa övladlarının təhsilə yiyələnməsinə nail olmuşdur. Böyükağa da bacı və qardaşları kimi ilk təhsilini kənd mədrəsəsində alır. 1906-cı ildə atası onu Salyandakı rus-tatar məktəbinə qoyur. 1909-cü ildə o, bu məktəbi qurtarır və qardaşı Cəlillə Bakıya gəlib, Bakı realnı məktəbinə daxil olur. Bu zaman Böyükağanın 12 yaşlı var idi. İlk dəfə gördüyü şəhər həyatı onun üçün maraqlı olduğu qədər də, çətin idi. Qərib şəhərdə bu çətinliyi ona unutduran müəllimləri Abdulla Şaiq və onun qardaşı Axund Yusif Talıbzadə oldu. Onların xoş rəftarı, səmimiyyəti, qayğıkeşliyi Böyükağanı daha çox sözə, ədəbiyyata, mətbuata meylləndirir. Bu haqda illər sonra Böyükağanın tələbə yoldaşlarından biri yazırdı: "Böyükağa hələ III sinifdə oxuyurdu. O, "Yaxşı məsləhət hər şeydən yaxşıdır” adlı ilk əsərini Abdulla Şaiqə oxuyarkən, müəllimimiz onu çox bəyəndi və çap olunmasını məsləhət gördü. Sonra da A.Şaiqin köməkliyi ilə əsər Orucov qardaşlarının mətbəəsində çap olundu”. Böyükağa Talıblı mətbuata da A.Şaiqin köməkliyi ilə gəlir. İlk olaraq "Məktəb” və "Açıq söz” mətbu orqanları ilə əməkdaşlıq edən B.Talıblının jurnalistlik fəaliyyətini illər sonra tədqiqatçılar şərti olaraq iki dövrə bölürlər: "Birincisi 1913-cü ildən 1920-ci ilə qədər, ikincisi isə 1920-ci ildən 1937-ci ilə qədər olan dövr”.
Petroqradda başlayan siyasi fəaliyyət
1916-cı ildə Bakı realnı məktəbini bitirən Böyükağa təhsilini davam etdirmək arzusunda olsa da, maddi çətinlik qarşısını kəsir. O Salyana qayıdır və yeni açılan realnı məktəbdə müəllimlik etməyə başlayır. Bir il sonra daha yüksək təhsilə yiyələnmək üçün Petroqrada gedir. 1917-ci ilin 27 iyununda 1-ci Nikolay adına Petroqrad Texnoloji İnstitutuna qəbul imtahanlarını müvəffəqiyyətlə verib, mexanika şöbəsinə daxil olur. Bu zaman maddi çətinliklərlə üz-üzə qalan Böyükağa əvvəl çörəkxanada işləyir. Sonra isə Çingiz İldırımın köməkliyi ilə Petroqrad Şimal Vilayət Millətlər Komissarlığı müsəlman şöbəsinin orqanı olan "Hürriyyət” qəzetində işləməyə başlayır. Hətta az vaxtdan sonra onu qəzetə redaktor təyin edirlər. B.Talıblının siyasi fəaliyyəti də elə bu qəzetdən başlayır və o, 1918-ci ildə RK (b) P-sı sıralarına daxil olur. Bununla da B.Talıblının həmin illər pedaqoji və publisistik fəaliyyəti qismən arxa plana keçir, o, daha çox siyasi işlərlə məşğul olur. 1920-ci ilin mayında RK (b) P MK-nın qərarı ilə B.Talıblı Azərbaycana ezam edilir. Azərbaycanda siyasi fəaliyyətini əsasən mətbuatda davam etdirən B.Talıblı "Zəhmətkeşlər gözü” (1920), "Azərbaycan füqərası” (1920) və "Kommunist” (1921) mətbu orqanlarına qısa müddət redaktorluq da edir. 1923-cü ildə partiyanın tapşırığına əsasən Tiflisə gedir. Tiflisdə Azərbaycanın iqtisadi müvəkkili vəzifəsində və Zaqafqaziya ölkə komitəsi yanında yaranmış türk nəşriyyatında çalışır. "Yeni fikir” qəzetini redaktə etməklə yanaşı, "Zarya vostoka” qəzetində publisistik məqalələrlə çıxış edir. 1924-cü ilin sonlarında Azərbaycan MK-i tərəfindən Bakıya çağırılan B.Talıblı AK (b) P MK-nın qərarı ilə Azərbaycan SSR ədliyyə naziri və respublika prokuroru vəzifələrinə” təyin edilir.
Yaradıcılığa görə vəzifədən imtina edir
Çox maraqlıdır ki, belə gənc yaşlarında yüksək vəzifələrdə olmasına baxmayaraq, B.Talıblı ədəbiyyata, mətbuata olan marağını nəzərə alaraq, bu vəzifələrdən imtina edir (bu gün üçün heç də inandırıcı olmasa da, amma faktdır). "Azərbaycan MİK-in 23 oktyabr 1926-cı il tarixli qərarında deyilirdi: B.A.Talıblının ərizəsi və xahişi nəzərə alınaraq, Azərbaycan SSR ədliyyə naziri və respublika prokuroru vəzifələrindən azad edilsin”.
Bundan sonra B.Talıblı partiyanın tapşırığı ilə qısa müddət ərzində bir necə vəzifəyə təyin edilsə də, əsasən yaradıcılıqla məşğul olur. 1926-cı ildə çap etdirdiyi "Erkək Tükəzban” hekayəsi oxucular tərəfindən böyük maraqla qarşılanır və "Pravda” qəzeti əsəri yüksək qiymətləndirir. Rus, fars, ərəb dillərini çox yaxşı bilən B.Talıblı bu illərdə tərcümə ilə də məşğul olur. L.Tolstoyun "Hacı Murad” əsərinin tərcüməsi elmi ictimaiyyət tərəfindən yaxşı qarşılanır. "Yeni buruq” dramı, "Kef içində” pyesi, "Tövbə” "Xortdan”, "Qırx zopa” əsərləri 1937-ci ilə qədər orta məktəblər, texnikumlar üçün hazırlanan proqram və dərsliklərdə xüsusi yer tutur”.
Dövrün aparıcı mətbu orqanları olan və sovetləşməni ölkəmizdə çox güclü təbliğ edən "Kommunist”, "Ədəbiyyat”, "İnqilab və mədəniyyət” mətbu orqanlarında müntəzəm çıxış edən B.Talıblı 1934-cü ildə Azərbaycan Sovet Yazıçıları İttifaqına üzv olur. O, 1930-cu ildən siyasi fəaliyyətdən çox, yaradıcılıqla məşğul olur.
6 ay çəkən cəhənnəm əzabından sonra...
Sədaqətlə qulluğunda durduğu hökumət artıq 1936-cı ilin sonundan Böyükağanı da "xalq düşməni” etməyin planlarını cızdı. 1936-cı il dekabrın 25-də Azərbaycan K (b) P Voroşilov rayon komitəsi imzasız məktub əsasında Böyükağa Mirqasım oğlu Talıblını "aşkar edilməmiş milli-təmayülçü kimi” partiya sıralarından çıxarmışdır. Artıq səksəkəli günlər başlamışdır. 1937-ci ilin yanvarın 9-da Böyükağanı həbs etdilər. Dindirməni ilk olaraq müstəntiq Xoren Qriqoryan və Markaryan aparırlar. İstədikləri ifadələri B.Talıblıdan ala bilmədikdə ona amansızcasına işgəncələr verdirirlər. Nəhayət 6 ay çəkən bu cəhənnəm əzabından sonra B.Talıblı Xoren Qriqoryanın və Markaryanın diktəsilə Sumbatova bir ərizə yazır: "6 ay ərzində mən istintaqa səmimi ifadələr verməmişəm. İndi isə partiya və Sovet hökuməti qarşısında tamamilə təslim olub müqaviməti dayandırıram. Mən əksinqilabi millətçi təşkilatın üzvüyəm və bu məsələ ilə əlaqədar ətraflı ifadələr vermək istəyirəm. Mənim işim üzrə istintaqın sürətini artırmaq üçün sizin əmrinizi gözləyirəm”.
Bu zaman "Kommunist” qəzetinin 12 mart 1937-ci il tarixli sayında Seyfulla Şamilovun "Ədəbiyyatda bolşevizm ideyaları uğrunda” sərlövhəli məqaləsi çap edilir. Məqalə müəllifi yoldaşlarından Əli Nəzmi və Əli Razinin yaradıcılığını tənqid etməklə kifayətlənməyərək, onların şəxsi həyatını da təhqir obyektinə çevirir. B.Talıblını isə "Səməd Mənsuru, Əhməd Cavadı öz qanadı altına almaqda” günahlandırır. Dünənəcən B.Talıblı ilə yazıb-yaradan "qələm yoldaşları” dönüb düşmən olurlar. İstintaq materiallarından aydın olur ki, Böyükağa Talıblıya necə dözülməz işgəncələr verilibsə o, kürəkəni Əbüsalam Səmədovun da müsavatçı olduğunu "etraf edib”. Bu dəhşətli iztirablar, işgəncələr, təhqiramiz ittihamlar Talıblının səhhətində qısa bir vaxtda problemlər yaradır. Ona görə tez-tələsik 1937-ci ili sentyabrın 14-də B.Talıblının işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edilir və sentyabrın 20-də ittiham qərarı yazılır. Qərara əsasən 1937-il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məhkəmə iclası oldu. İclas saat 15.05-də başladı. Müttəhim Talıblı özünün günahkar olduğunu etiraf etdi. İclas saat 15.25-də bağlandı. Hərbi Kollegiya Böyükağa Talıblını ən ağır cəzaya-güllələnməyə məhkum etdi. 1937-ci il oktyabrın 13-də B.Talıblı güllələndi”.
B.Talıblı güllələnəndən bir-necə ay sonra onun ömür-gün yoldaşı Natalya Mixaylovnanı həbs edərək, sürgün edirlər. Beləliklə, Azərbaycana "xoşbəxtlik gətirən sovetlər” bir ailənin də işığını söndürür, ocağını qaraldır, yuvasını dağıdır. Nədənsə, bu gün də bəzi mənbələrdə yazılır ki, B.Talıblı 1939-cu ildə vəfat etmişdir. Bəzi ensiklopediyalar da belə yanlışlıqlardan xali deyil...
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər