• cümə axşamı, 28 mart, 13:26
  • Baku Bakı 16°C

Sovetlərin başkəsən “Hacı”sı

20.06.19 10:30 7395
Sovetlərin başkəsən “Hacı”sı
Baş vermiş hadisələr, arxiv sənədləri bir daha sübut edir ki, XX əsr çox mürəkkəb və ziddiyyətli hadisələrlə zəngin bir dövr olub. Xüsusən də Azərbaycanda Sovet hakimiyyətinin mövcud olduğu zaman. Məhz bu dövrdə Azərbaycan xalqının milli və dövlətçilik mənafelərinə qarşı çevrilmiş misilsiz bir avantüraya rəvac verilmişdi. Əsasən də, Sovetlərin, ölkəmizdə yenicə bərqərar olduğu 1920-30-cu illərdə "sənayeləşmə və kollektivləşdirmə” adı altında həyata keçirdikləri "sosialist tədbirləri” nəticəsində Azərbaycan xalqı ağır məhrumiyyətlərə düçar oldu. Çox təəssüf ki, bu məhrumiyyətlərdə öz soydaşlarımızın da "əməyi” az olmayıb.
"Parçala, hökm sür” siyasətini dəstəkləyən, Azərbaycan xalqının milli maraqlarını tapdaq altına atan hər kəsin üzünə Mərkəz, vəzifə qapılarını açdı. Hətta nəsli-nəcabəti bilinməyənlərin də. Yetər ki, Mərkəzin hər tapşırığını can-başla yerinə yetirsin.
Belə "kadrlar”dan biri də birbaşa Leninin, Trotskinin və Dzerjinskinin "xeyr-duası” ilə 1920-ci ilin ortalarında Bakıya göndərilən Hacı İlyas idi.
Kim idi bu Hacı İlyas və Azərbaycanda nələr etdi, daha doğrusu nələr etmədi?
Sənədlərindən də kimliyi doğru-dürüst bəlli olmayan Hacı İlyas, Odessada anadan olub. Atası yəhudi, anası erməni olan, türk-müsəlman əhalisinə qarşı dəhşətli dərəcədə kin-küdurət bəsləyən bu "adam” Orta Asiyada Hacı İlyasın dəstəsində vuruşub, döyüş zamanı onu öldürüb, sənədlərini oğurlayıb və sovetlərə qulluq etməyə başlayıb.
1920-ci ilin iyul ayının 9-da N.Nərimanovun əmri ilə Hərbi-İnqilab Səhra Tribunalı yaradılır. İdarəyə sədr birbaşa Mərkəzdən Lenin, Trotski və Dzerjinskinin təkidi ilə Hacı İlyas təyin edilir.
Azərbaycan xalqının qara günləri də elə o andan başlayır. "Az bir zamanda mənsəb sahiblərinin gözlərinin odunu elə almışdı ki, Hacı İlyas adı gələndə zağ-zağ əsirdilər. Dəfələrlə kabinetində tapançanı çıxarıb qarşısındakı adamı güllələmişdi”.
Beləliklə, yeni yaranan Hərbi-İnqilab Səhra Tribunalı və bütün əməkdaşları Azərbaycan türk-müsəlman əhalisinin qarət edilməsində və özbaşına güllələnməsində xüsusi rol oynadılar. "Burda mənəm, Bağdadda kor Xəlifə” deyən Hacı İlyas "atını” belə də çapdı, elə də. Minlərlə günahsız soydaşımızı həbs etdi, sürgünə göndərdi, yerindəcə güllələdi, mal-mülkünü qarət etdi, evlərini dağıtdı...
Artıq 1921-ci ilin əvvəllərində Hərbi-İnqilab Səhra Tribunalı və onun Azərbaycanın rayonlarındakı rəhbərlərinin törətdikləri cinayətlər böyük səsə-küyə səbəb olur. "Azərbaycan K(b) P MK Siyasi Bürosunun 23 yanvar 1921-ci il tarixdə keçirilən iclasında respublikanın müxtəlif qəzalarında Hərbi-İnqilab Səhra Tribunalının törətdiyi amansızlıqlar qəti şəkildə pislənmişdi.
Mərkəzi Komitənin səlahiyyətli nümayəndəsi Teymur Əliyev məruzəsində açıq-aydın demişdi ki, xalqın əmlakının tribunalın kollegiyası və xəzinədarı tərəfindən oğurlandığı aşkar edilib. Amma Hacı İlyas nə Siyasi Büronun qərarından, nə də oradakı çıxışlardan nəticə çıxarmadı. Əksinə, daha da qəddarlaşdı və quduzlaşdı.
Nuxa qəzası, Tribunal tərəfindən terrora məruz qaldı. Tribunal əməkdaşları birbaşa Hacı İlyasın tapşırığı və bu qəza üzrə nümayəndəsi Semerçukun iştirakı ilə qəzada xüsusi qəddarlıq nümayiş etdirdilər.
Nuxadakı azğınlıq daha sonra Azərbaycanın bir necə qəzasında da həyata keçirildi və əksər qəzalarda böyük narazılığa səbəb oldu. Narazılıqların, sovet hakimiyyəti əleyhinə çıxışlara səbəb olacağından qorxuya düşən MK katibi S.M.Kirov Hacı İlyası qurban verməli olur. Azərbaycan K (b) P MK Siyasi Bürosunun qarşısında Hacı İlyasın məsələsini qəti şəkildə qoyaraq, onun cinayət məsuliyyətinə cəlb edilməsinin labüdlüyünü irəli sürür.
Qocaman tədqiqatçı yazar Manaf Süleymanlının yazdığına görə, Hacı İlyası hərbi tribunalın sədri Teymur Əliyev tutur, mühakimə edir. Ölüm cəzası Nargin adasında icra edilir. Məhkəmədə aydın olur ki, bu adam doğrudan da Orta Asiyada Hacı İlyasın dəstəsində vuruşub, döyüş zamanı onu öldürüb və sənədlərini oğurlayıb. Kabinetindəki seyflərdə çoxlu ləl-cəvahirat - brilyant, zümrüd, yaqut və qızıl tapılmışdı. İrana qaçmağa hazırlıq görürmüş.
Əslində o zaman Hacı İlyas kimiləri tək deyildi. Sovet dövründə ölkəmizdə müxtəlif rəhbər vəzifələrdə işləyənlərin əksəriyyəti xalqımıza, onun maddi sərvətlərinə, mənəvi dəyərlərinə qəddarcasına qənim kəsilmişlər. Sergey Mironovic Kirov, Levon Mirzoyan, Anastas Mikoyan, Sumbatov-Topuridze, Aleksandır Pavloviç Serebrovski kimi, daha çox diktatorluq xüsusiyyətlərinə malik olan və Azərbaycan xalqını qətiyyən sevməyənlər. Onlar ölkəmizdə bolşevik rejimi tərəfindən tətbiq edilən dağıdıcı siyasətin talançıları - "uğurlu” kadrlar idi.
Azərbaycanı içindən parçalamaq və məhv etmək üçün bu "uğurlu” kadrlara, mərkəz tərəfindən, onların qarşısına qoyulan missiyanı uğurla həyata keçirmək üçün çox əlverişli şərait yaradıldı. Azərbaycan hakim elitası daxilində mövcud olan barışmaz qruplaşmalar isə "təmizləmə” prosesindən öz mənafelərinə uyğun olaraq bəhrələnməyə çalışdılar. Çox təəssüf ki, bu "təmizləmə” xalqımızın say-seçmə oğullarını gedər-gəlməzə göndərdi.

Qərənfli Dünyaminqızı,
Əməkdar jurnalist



banner

Oxşar Xəbərlər