• cümə axşamı, 25 aprel, 14:39
  • Baku Bakı 23°C

Sovet dönəmindən qüvvədə olan söküntü

12.02.14 09:33 1560
Sovet dönəmindən qüvvədə olan söküntü
Bakıda “Sovetski” adı ilə tanınan məşhur ərazidə söküntüyə start verilməsi KİV-də, sosial mediada demək olar ki, əsas mövzuya çevrilib. Çoxdan gözlənilən söküntü planının reallaşdırılması və ərazinin abadlaşdırılması istiqamətində atılan addımlar isə cəmiyyətdə birmənalı qarşılanmır. Mütəxəssislər isə ərazinin abadlaşdırılması ilə bağlı planın hələ sovet dönəmindən qüvvədə olduğunu bildirirlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “Kaspi”yə açıqlamasında söküntü işlərini əsasən həmin ərazidə tikilən evlərin yaşayış üçün yararsız olması ilə əlaqələndirib: “Digər səbəb «Sovetski»nin sovet dövrü prizmasından kriminal bir ərazi kimi qiymətləndirilməsidir. Həmin mühitin sağlamlaşdırılmasından ötrü ərazinin abadlaşdırılması nəzərdə tutulurdu. Eyni zamanda, o ərazinin abadlaşdırılması şəhərin amfiteatr baxımından da gözəlləşməsinə xidmət edirdi. Amma sovet ittifaqı dağıldığı üçün o plan da həyata keçirilmədi”.
1987-ci ildə təsdiq olunan Baş Planda da həmin ərazinin abadlaşdırılması öz əksini tapsa da, reallaşmayıb. Belə ki, büdcədən vəsait, mərkəzi hökumətdən pul alınması əngələ çevrilib: “Bu, daha çox şəhərsalma məqsədilə gündəmdə dayanırdı. Əvvəlki planda 28 May küçəsindən Hüseyn Cavid prospektinədək ərazinin böyük xiyaban olması nəzərdə tutulurdu”. Hazırda isə Böyük Bakının Regional İnkişaf Planının tərkibində şəhərin mərkəzi hissəsinin 1550 hektar ərazisinin yenidən qurulmasının Müfəssəl planı hazırlanıb. Həmin planın tərkibində eyni zamanda, «Sovetski», «Kubinka» deyilən ərazilərin sökülüb abadlaşdırılması da nəzərdə tutulur. C.Qocayev qeyd edib ki, tarixi binaları çıxmaq şərtilə həmin ərazilərdə normal yaşayış səviyyəsi olan tikililər yoxdur: «Elə ay olmur ki, o ərazidən mənə zəng edib nə vaxt söküləcəyi ilə maraqlanmasınlar. Doğurdan da orada elə insanlar var ki, çox dözülməz şəraitdə yaşayırlar. Elə evlər var ki, ora təbii günəş işığı düşmür, divarlar nəmişlik içindədir. Elə evlər var ki, zirzəmisi siçovul yuvasına çevrilib. Bu cür tikililər orada həddən artıq çoxdur”. C.Qocayevin sözlərinə görə, həmin ərazidən səmərəli istifadə əmsalı çox aşağıdır. Belə ki, ərazi böyük olsa da, orada əsasən birmərtəbəli evlər yerləşir. Amma həmin ərazidə çoxmərtəbəli evlər tikib daha çox əhali yerləşdirmək olardı. “Hazırda isə şəhərin mərkəzində ekoloji durumun yaxşılaşdırılması məqsədilə yaşıllığın çoxaldılması daha çox nəzərdə tutulur. Həmin ərazidə cəmi 116 hektar yaşıllıq var. Yaşıllıq salmaq üçün normal ərazilərdən biri «Sovetski» ərazisidir. Təbii ki, Müfəssəl Planda bu, bəyənilib və qəbul olunub. Ərazinin hansı hissəsinin nə vaxt köçürüləcəyi, planın tam olaraq nə vaxt reallaşdırılacağı isə yerli icra hakimiyyəti orqanlarından asılıdır”. DŞAK rəsmisi qeyd edib ki, ölkə başçısının «Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı» ilə bağlı təsdiq etdiyi proqramda həmin rayonun abadlaşdırılması ilə bağlı müddəalar yer alıb. Belə ki, sənədə görə planda həmin ərazilərin 2030-cu ilə qədər abadlaşdırılması nəzərdə tutulur. “Ola bilsin ki, bu proqramın tərkibində plan qısa müddətdə də reallaşsın. Bunun üçünsə qanunvericiliyə görə həmin ərazinin işçi layihəsi hazırlanmalıdır. Məsələn, ərazidə yaşıllıq necə salınmalıdır? Mirzə Fətəli Axundov və ya Səməd Vurğun bağına oxşamalıdır? Ya Heydər Əliyev sarayının arxasındakı xiyabanın davamı kimi olmalıdır? Hazırda burada reallaşası ərazi «Azdarama»nın arxasındakı yerlərdir ki, xiyaban davam etsin. Qalan ərazilərin də işçi layihəsi işlənməlidir”.
DŞAK rəsmisinin sözlərinə görə, 2013-cü il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, abadlaşdırılan ərazinin layihəsi hazırlanmalı və həmin layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bəyəniləndən sonra yerli icra hakimiyyətləri onların reallaşdırılması ilə bağlı qərar verməlidir: “Amma bu günə kimi, yerli icra hakimiyyətləri tərəfindən layihə təqdim edilməyib. Görünür ya qanunvericilikdəki müddəalar sonadək mənimsənilməyib, ya da layihə tam hazır deyil. Bu cür işlərə qanunvericiliyin tələblərinə peşəkarcasına yanaşmaq təşkil edilməlidir. Yoxsa bəzi vətəndaşlar dövlət orqanlarının işindən narazı olur. Çünki burada abadlaşdırılan ərazi eyni zamanda, məskunlaşan ərazidir. O da həmin məcəllənin tələbinə və açıq hökumətin təşviqi ilə bağlı proqrama görə əhaliyə izah edilməlidir. Bu, gərək əhaliyə hərtərəfli başa salınsın. Yəni söküntüdə məqsəd təkcə gözəllik yaratmaq yox, həm də insanlar üçün normal, sağlam və təhlükəsiz şərait yaratmaqdır. Əhali ilə peşəkar danışmağı bacarmaq lazımdır. Əhali ilə çox ciddi psixoloji söhbətlər aparılmalıdır ki, onlar bu işə hazır olsunlar. Məsələn, sarayın arxasındakı xiyabanı 5 il ərzində ərsəyə gətirdik. Oradakı konfliktlərin sayı da azaldı. Çünki orada elə insanlar yaşayır ki, onun şəraiti yaxşıdır və qətiyyən ərazidən getmək istəmir. Elə insan da var ki, ayda bir dəfə zəng edib ərazinin nə vaxt söküləcəyi ilə maraqlanır”. C.Qocayevin sözlərinə görə, ərazi abadlaşdırılanda ayrı-ayrı binaların saxlanılması da nəzərdə tutulacaq: “Bəzən deyirlər ki, birmərtəbəli evlər sökülür. Ancaq Üzeyir Hacıbəyovun evi birmərtəbəlidir. Onu kim sökər? Təbii ki, heç kim. Və yaxud Zülfü Adıgözəlovun orada ev muzeyi var. Bunu kim sökər? Əksinə, o binaları bir az da abadlaşdırmaq lazımdır. O ərazini ölü parka çevirmək də lazım deyil. Ora canlı yaşıllıq zonası olmalıdır. Bu isə təkcə bizim istəyimizlə yox, ərazidəki obyektlərin abidə xarakteri daşıması ilə bağlıdır. Ola bilsin ki, həmin binaların bəzilərində bağın içərisində antik otel kimi də istifadə etmək olar. Ərazi həm də turistləri cəlb edən yer olacaq”. Müfəssəl layihədə həmçinin küçə boyunca ayrı-ayrı ofis və ya hündür mərtəbəli yaşayış binalarının tikilməsi də nəzərdə tutulub. Belə ki, həmin ərazinin köçürülməsində büdcə vəsaiti ilə bərabər özəl investisiyalardan da istifadə etmək yəqin ki, mümkün olacaq. “Ən əsası həm “Sovetski” küçəsi, həm də digər ərazilərdə söküntü və layihələndirmə işləri pərakəndə aparılmamalıdır”.
Söküntü işlərinə start verilməsinə gəlincə, qeyd edək ki, ərazidəki proses 6 mərhələdə həyata keçiriləcək.
Yasamal rayon İcra Hakimiyyətində söküntü ilə əlaqədar yaradılmış işçi qrupunun üzvü İmaməli Mahmudovun mətbuata açıqlamasına görə, söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti başçısının 502 saylı sərəncamına əsasən 6 mərhələdə həyata keçiriləcək. Yəni 10 min 500 ev birdən-birə sökülməyəcək. Belə ki, 1-ci mərhələdə Vergilər Nazirliyinin arxasından Nərimanov heykəlinə qədər ərazidə söküntü işləri aparılacaq və söküləcək ərazidə yol genişləndiriləcək. “Hələ ki, layihələr çəkilir. Bu günə olan məlumata görə, 2095 evin qaralama layihəsi çəkilib. Ümumi söküntüsü nəzərdə tutulan 10 min 500 tikilinin layihəsi çəkilməlidir. Mərhələ ilə söküntü aparılacaq ərazilərdə tikililərin layihəsi çəkiləcək, sahibləri dəvət olunaraq onlarla fərdi şəkildə görüş keçiriləcək. Lap sonda Nizami metrostansiyasının arxa hissəsində söküntü aparılacaq”. İ. Mahmudovun sözlərinə görə, söküntü aparılacaq ərazi 40 hektara yaxındır. “Söküntünün nə vaxt başa çatdırılması ilə bağlı konkret müddət göstərilməyib”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər