• cümə, 19 Aprel, 06:39
  • Baku Bakı 13°C

Şou əhlinin futbol sevgisi

10.07.14 10:39 1476
Şou əhlinin futbol sevgisi
Hamıya məlum olduğu ki, srağagün gecə futbol üzrə dünya çempionatının yarımfinal görüşündə meydan sahibi Braziliya ilə Almaniya yığması qarşı-qarşıya gəldi. Artıq ilk hissədə hesab meydan sahibləri üçün faciəvi həddə çatmışdı - 0:5. "Alman maşını" qarşısında aciz vəziyyətdə qalan beşqat dünya çempionları son nəticədə 1:7 hesabı ilə Avropa təmsilçisinə məğlub oldu. Braziliyanın gözlənilməz böyük hesablı məğlubiyyəti ötən gecə və dünən sosial şəbəkələrdə şou-biznes nümayəndələrinin də geniş müzakirə mövzusu olub.
Bu haqda danışan müğənnilər bizimlə söhbətdə növbəti oyunlar haqqında öz proqnozlarını da açıqladılar.
Heç kim bunu gözləmirdi
Xalq artisti Ağadadaş Ağayev Azərbaycan futbol komandasının dünya çempionatında iştirak etməsi arzusunu dilə gətirdi. Amma dünya çempionatına vəsiqə qazana bilməsək də, heç olmasa, Türkiyə futbolçularının oyununa tamaşa etməyi arzulayan xalq artisti futbola böyük marağının olduğunu dedi: “Futbolu sevən, daima izləyən pərəstişkar kimi hər zaman gözəl performans göstərən komandanın oyununu dəstəkləmişəm. Dünya çempionatı hər kəsin öncədən verdiyi proqnozları yerlə-yeksan etdi. Mənim sevdiyim oyunçuların arasında Braziliyanın 10 nömrəli oyunçusu Neymar var. Təəssüf edirəm ki, onu bilərəkdən zədələdilər. Elə onun yoxluğu ilə də iyulun 8-də oyunun taleyi həll olundu. Dünənki (srağagünkü – red.) oyun yaddaşımda tarixi bir hadisə kimi qaldı. Braziliya komandası öz ölkəsində keçirilən dünya çempionatında sarsılmış vəziyyətdə məğlub oldu. Braziliyanın 7-1 hesabla məğlub olması futbol tarixinə düşə biləcək bir hadisədir”.
A.Ağayev bu dəfəki dünya çempionatının yaddaqalan məqamlarından danışdı: “Braziliyanın Çilini penaltidə udması tamamilə şansa bağlı oyun idi. Kolumbiya millisinin Braziliyaya uduzması elə də maraq doğurmadı. İspaniya millisinin Hollandiya komandasına 5-0 uduzması isə tarixə yazıldı. Çünki heç kəs bunu gözləmirdi. Bu, tamaşaçılar arasında böyük maraq doğurdu. Dünya çempionatında belə hadisələr çox oldu. Hollandiyanın Meksikanı 2-1 hesabı ilə udduğu oyun da yaddaşlarda qaldı. Bu oyun hollandları yarımfinala gətirdi. Mənə elə gəlir ki, bütün futbolsevərlər Argentinanın çempion olmasını arzulayırlar. Ulduz oyunçular hər çempionatda məsələni həll edirlər. Misal üçün, Argentinada Messi, Braziliyada Neymar. Neymarın sıradan çıxması məlum aqibətə səbəb oldu. Hollandiyanı udsalar, deməli, finalda Almaniya-Argentina oyunu olacaq. Qabaqcadan kimin qalib olacağına dair proqnoz vermək çox çətindir. Əgər bu komandalar yarımfinala qədər gəlib çıxıblarsa, bu, təsadüf ola bilməz. Onun yalnız biri təsadüf və şans ola bilər. Meksika yığmasının getməsi, Kosta-Rika millisinin sürpriz olması, Avropa komandalarının bir-bir sıradan çıxması çempionata daha da maraq qatdı. Mənə elə gəlir ki, Almaniya Braziliyanı uddusa, yenə qalib gələcək. Almanlar mexanizm kimi, maşın kimi işləyirlər. Onlar çempionluğu çətin əldən buraxsınlar. Amma yenə də bilmək olmaz. Hal-hazırda ən güclü komanda sistemi olan yığma Almaniyadır. Onlar hər şeyi sistemlə həll edirlər və oyun zamanı bir-birilərini gözəl başa düşürlər. Ancaq mən çox istərdim ki, bu çempionatda Argentina və ya Hollandiya qalib gəlsin”.
Kosta-Rika çempionatın sensasiyası oldu
“Çempionat başlamamışdan öncə proqnozlaşdırmışdım ki, ki, Almaniya, Braziliya Fransa, Hollandiya, İspaniya finala vəsiqə qazanacaqlar” deyən xalq artisti Səməd Səmədov dünya çempionatına böyük maraqla baxdığını bildirdi: “Oyun başlamazdan öncə bilirdim ki, Braziliya qalib gələ bilməyəcək. Argentina isə hollandlara uduzacaq. Yarımfinalda Almaniya ilə Hollandiya görüşəcək. Klozenin oyununu bəyənirəm. O, tarixə öz adını qızıl hərflərlə yazdı. Dünya çempionatlarında ən çox qol vuran məhz Almaniyanın bu oyunçusu oldu. Hətta o, Braziliyanın əfsanəvi oyunçusu Ronaldonu da ötüb keçdi. Çempionatda ən yaxşı oyunçular - Roben, Müller, Kloze və Messidir. İspaniya yığmasının Niderland millisinə 5-1 hesabı ilə uduzması çempionatın ən maraqlı oyunlarından oldu. Futbolun əsasını qoyan ingilislər isə dünyanın ən balaca ölkəsi olan Kosta-Rikaya məğlub oldu. Halbuki, ingilislər dəfələrlə Avropa və dünya çempionu olublar. Kosta-Rika çempionatın sensasiyası oldu”.
Populyar müğənni Rəşad İlyasov futbola marağının olmadığını, evdə yalnız oğlunun dünya çempionatının oyunlarını izlədiyini dedi: “Oğlum sayəsində dünya çempionatında iştirak edən komandalardan xəbərdar oluram. Futbol həvəskarı deyiləm. Oğlum Mirzənin futbola çox böyük marağı var. O, daha çox Braziliyaya azarkeşlik edirdi. Ancaq bu komanda da ötən gün məğlub oldu. Ona görə də Mirzə çox məyus oldu. Oğlum hesab edir ki, hollandlarla oyunda Argentina qalib gələcək. Mən də onun istəyi ilə Argentinanın qalib gəlməsini arzulayıram”.
Braziliya hələ belə biabır olmamışdı
Əməkdar artist Səlim Abbasov dünya çempionatı başlayandan hesab edir ki, bu yarışda ya Hollandiya, ya da Argentina qalib olacaq: “Mənim öncədən proqnoz verdiyim iki komanda finala vəsiqə qazanıb. Onların ikisindən biri finala çıxmalıdır. Əvvəldən demişdim ki, Hollandiya, Argentina çox irəliyə gedəcək. Ancaq mən Almaniyanın qalib olmasını istəmirəm. Ən çox yaddaşımda qalan oyun isə Hollandiya-İspaniya oldu. Hollandlar 5-1 hesabı ilə qalib gələrək şou göstərdilər. Roben həmin oyunda gözəl performans göstərdi. Bu çempionatda Braziliya millisi sanki iflas oldu. Düşünürəm ki, komandanın bundan sonra futbol aləmində özünü doğrultması üçün böyük bir zaman lazım olacaq”.
S.Abbasov çempionatın gedişatında maraqlı oyunlar nümayiş olunduğunu da qeyd etdi: “Heç kimin gözləmədiyi üç maraqlı oyun oldu – Hollandiya- İspaniya: 5-1, Almaniya-Portuqaliya 4-0, bir də Almaniya-Braziliya 7-1. Çox biabırçılıq oldu. Hər kəs Braziliyanın məğlub olmasından danışır. Braziliya hələ belə biabır olmamışdı. Çempionatda Roben özünü çox gözəl göstərdi. Alekses Sançes çox gözəl oynadı. Kolumbiyanın 10 nömrəli oyunçusu özünü gözəl göstərdi. Onların içində Roben mənim daha çox diqqətimi çəkdi. O, futbolu çox ürəklə oynayır, oyun zamanı sanki özünü güllənin qabağına verir”.
Müğənni Vüqar Bəxtiyar dünya çempionatını böyük maraqla izlədiyini və Hollandiya komandasını qalib kimi görmək istədiyini dedi: “Çempionatda ən çox yadımda qalan oyun Kamerun-Xorvatiya oyunu oldu. Deyirlər ki, bu oyun danışılmış oyun idi. Builki dünya çempionatında sürpriz komandalar meydana gəldi. Misal üçün, Kosta-Rika komandası. İnandırıcı deyildi ki, onlar 1/4-ə qədər irəliləyərlər. İtaliyanın, İspaniyanın finala vəsiqə qazanmaması, İngiltərənin 1/4 finala çıxmaması böyük sensasiya doğurdu. Kolumbiyanın oyunçusu Rodriges mənim daha çox diqqətimi cəlb etdi. O, 2-3 oyunu ilə dünya şöhrətli oyunçuya çevrildi. Hesab edirəm ki, Hollandiya bu il çempion olacaq. Hamı Almaniya və ya Braziliyanın çempion olacağını deyirdi. Ancaq iyulun 8-də Braziliya rəzil oldu. Braziliya bir dəfə də dünya çempionatında 6-0 hesabı ilə Uruqvay millisinə uduzmuşdu. İndi də 7-1 hesabı ilə Almaniyaya uduzdu. Bu oyundan sonra hər kəs hesab edir ki, Almaniya dünya çempionu titulunu qazanar. Ancaq hesab edirəm ki, Hollandiya qalib olacaq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər