• cümə, 19 Aprel, 00:36
  • Baku Bakı 18°C

Şou əhli sosial şəbəkələrdə

18.07.14 10:09 1765
Şou əhli sosial şəbəkələrdə
Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Son vaxtlar isə dünyanın ən müxtəlif yerlərindən ən fərqli insanların bir-biriləri ilə ünsiyyət qurduqları sosial şəbəkələrə maraq daha da artıb. Sosial şəbəkələrin üzvləri arasında adi vətəndaşlarla yanaşı, məşhur insanlar, yüksək vəzifəli dövlət məmurları, hətta prezidentlər belə var.
Daha çox “İnstagram” və “Facebook”da online olan şou-biznes nümayəndələrimiz olduqları yerlərdən şəkillərini paylaşır, izləyicilərinin suallarını cavablandırırlar. Onlar sosial şəbəkə vasitəsilə öz ürək sözlərini yazıb, kliplərini, xəbərlərini paylaşırlar. Onların daim online olduğunu görəndə, istər-istəməz bir sual meydana gəlir: Bəs görəsən bütün gününü sosial şəbəkədə keçirən müğənnilərimizin yaradıcılığa həsr etməyə vaxtı qalırmı?
Özümü reklam edirəm
Əməkdar artist Səlim Abbasov bizimlə söhbətində sosial şəbəkənin şou-biznes əhlinə böyük xeyri olduğunu və onun vasitəsilə izləyiciləri ilə əlaqə qura bildiyini dedi: “Sosial şəbəkə vasitəsilə dostlarım və media ilə tez-tez əlaqə saxlayıram. Nəinki dostlarla, hətta məni tanımayan insanlar, pərəstişkarlarımla əlaqə qururam. Onlar sosial şəbəkə vasitəsilə mənə öz sevgilərini bildirir və öz səhifələrində şəkillərimi, mahnılarımı paylaşırlar. Bu da onların mənə olan sevgisindən irəli gəlir. Hansı bir ölkəyə gedirəmsə, sosial şəbəkə vasitəsilə getdiyim yerlər haqqında məlumat verirəm. Həm özümü reklam edirəm, həm də insanlar mənim harada olduğumu, nə işlə məşğul olduğumu görür. Bu gün “İnstagram” daha çox gündəmdədir. “Qonşundan geri qalma” prinsip ilə mən də dövrümüzün tələbləri ilə ayaqlaşıram. Cəmiyyətdən geri qalmamaq üçün əlimdən gələni edirəm. Adam var ki, durduğu yerdə hər bir pozada şəkillərini çəkdirir. Ancaq mən maraqlı olan şəkli paylaşıram. Öz səhifəmdə hər hansı bir musiqimi, yaxud da görüntülərimi yerləşdirməyəndə izləyicilərim onları yaddan çıxardıqlarımı yazırlar. Mən bir gün sosial şəbəkəyə daxil olmayanda, izləyicilərim az qalır ki, məni interpola versinlər. İnternet də çox vaxt aparan bir şeydir. Ora daxil olanda insan çıxmaq istəmir, istəsə də çıxa bilmir. “Facebook”da online olduğumu görən dostlarım mənə yazmağa başlayırlar. Mən də onları cavablandırmaq məcburiyyətində qalıram. Hər hansı bir sualı cavabsız qoyanda onların xətrinə dəyir. Çalışıram ki, sosial şəbəkələrə az vaxt sərf edim. Ancaq bununla mübarizə aparmaq olmur. Əvvəllər bu xüsusiyyət məndə bir növ xəstəliyə çevrilmişdi. Belə ki, gündə 5 saatdan artıq sosial şəbəkədə aktiv olurdum. Ancaq indi yaradıcılığıma daha çox yer ayırdığım üçün bir-iki saat sosial şəbəkədən istifadə edirəm. Sosial şəbəkə həm çox maraqlıdır, həm də ziyanlıdır. Ondan istifadə zamanı vaxt sanki uçur”.
“Sosial şəbəkədə olmayan insan demək olar ki, heç yaşamır”
Elitstar Cəmilə İsgəndərova hazırda sosial şəbəkədən istifadə etməyən insanların olmadığını deyir: “Sosial şəbəkə hər baxımdan mənim işimə yarayır. Belə ki, bizim reklamımızda çox böyük rol oynayır. Sosial şəbəkə vasitəsilə tamaşaçılar sevdiyi ifaçının nə işlə məşğul olduğundan, hara getdiyindən hali olur. Biz də onun vasitəsilə mətbuatda yayılan xəbərlərdən xəbərdar oluruq. İndi elə bir zaman yetişib ki, kitab və qəzet oxumağa vaxt yoxdur. Biz hər şeyi sosial şəbəkə vasitəsilə əldə edirik. Hər dəqiqə sosial şəbəkədən istifadə edirəm. Onun mənim işimə çox zərəri olsa da, bundan əl çəkə bilmirəm. Ancaq işimi görməyə də vaxt tapıram. Boş olan zamanlarımda sosial şəbəkədən istifadə edirəm. Məni izləyən tamaşaçılara özüm cavab verirəm. İndiki zəmanədə sosial şəbəkədə olmayan insan demək olar ki, heç yaşamır. Necə ki televizor, telefon həyatın bir hissəsidirsə, sosial şəbəkə də elə”.
Sosial aləmə qoşulmaq asanlaşıb
Xanəndə İlahə İbadova gün ərzində boş vaxtlarında sosial şəbəkədən istifadə etdiyini, onun aludəçisinə çevrilmədiyini bildirdi: “Mənim PR menecerim, prodüserim sosial şəbəkə vasitəsi ilə mahnılarımı, şəkillərimi, kliplərimi, videolarımı paylaşır. Əslində bu da tanınmağın bir növüdür. Ancaq “İnstagram”da özüm gündəlik şəkillərimi paylaşıram. Dostlarım, eləcə də məni izləyənlər gün ərzində hansı işlərlə məşğul olduğumdan, normal həyatımdan xəbərdar olurlar. Sosial şəbəkə bizə çox kömək edir. İzləyicilərimin suallarını PR menecerim və özüm cavablandırıram. İndi ictimai yerlərdə, el şənliklərində hər kəsin əlində mobil telefon var. Onlar telefonla sosial şəbəkələrə qoşulurlar. Sosial şəbəkə insanların gündəlik həyat tərzinə çevrilib. İndi bütün telefonlarda internet mövcuddur deyə, sosial aləmə qoşulmaq çox asanlaşıb”.
Mənim internetim 24 saat açıqdır
Caz ifaçısı Şölə Səfərəliyeva sosial şəbəkənin onların işinə böyük təsirindən danışdı: “Hər gün insanlarla münasibətdə oluruq və bunu daha çox sosial şəbəkə vasitəsilə həyata keçiririk. Gündəlik yeniliklərimiz olduğunda biz onu sosial şəbəkə vasitəsi ilə sevənlərimiz və mətbuat nümayəndələri ilə paylaşırıq. Bu gün haradayamsa, dərhal həmin məkandan şəkil paylaşıram və beləcə, tamaşaçılarım rahat şəkildə mənim fəaliyyətimi izləyə bilir. Sosial şəbəkələr bir növ reklam xarakteri daşıyır. Oraya əsasən telefon vasitəsi ilə daxil oluram. Hər gün 24 saat fasiləsiz mənim internetim açıq olur. “Facebook”da məni rahat şəkildə tapmaq olar. Ona görə də günün istənilən saatlarında, hətta gecə ayılsam belə, başqalarının da yeniliklərini izləyərək, öz səhifəmə baxıram. Gün ərzində 18-19 saat sosial şəbəkədən istifadə edirəm. Yeniliyimizi rahat şəkildə orada paylaşa bilirik”.
Olmasaydı, yaxşı olardı

İfaçı Leyla Babayeva sosial şəbəkələrin hazırda həyatımızın əsas və mühüm hissəsinə çevrildiyini və bunun yalnız sənət adamlarına aid olmadığını bildirdi: “Sıravi insan da demək olar ki, gününün 90%-ni sosial şəbəkələrdə keçirir. Amma istisnalar da var. Mən “Facebook”da elə də aktiv olmuram. Bir-iki məlumat verib oranı tərk edirəm. Artıq bu da məni yorur. Çünki orada o qədər negativ xəbərlərə rast gəlirəm ki, az qala depressiyaya düşürəm. Ona görə də səhifəmdə pozitiv şəkillər və videolar paylaşıram. Çünki özüm də pozitiv insanam və elə insanları sevirəm. Düşünürəm ki, bu gün hər kəsin ehtiyacı olan da məhz budur. Sənət dostlarım da sosial şəbəkədə çox aktivdirlər. Əslində bu vasitə sənət damlarına gündəmdə qalmaqda kömək edir. Bəzən düşünürəm ki, real həyatda insanları bir-birindən soyudan, uzaqlaşdıran internet olmasaydı, daha yaxşı olardı” .
Nəyimə lazımdır?
Müğənni Aslan Hüseynov bizimlə söhbətində sosial şəbəkədən istifadə etmədiyini, onun əlavə problemlər yaratdığını qeyd etdi: “Heç bir sosial şəbəkədən istifadə etmirəm. Mənim adımdan səhifələr açılsa da, onların istifadəçiləri mən deyiləm. İnanmıram ki, sosial şəbəkədən istifadə edənlər ondan xeyir görsünlər. İstifadə edənlərin əli balamı batıb? İfaçılar səhifələrində məlumat yazdıqca, hər gün mətbuatda onlar haqqında xəbərlər çıxır. Əgər Şövkət Ələkbərovanın şəklinin altında səviyyəsiz, ağılsız izləyicilər ağızlarına gələni yazırlarsa, mən nə üçün orada iştirak etməliyəm? Şövkət xanım kimi sənətkara elə sözlər yazan səviyyəsiz, savadsız adamlar gör bizə nə yazarlar. Ailəvi adamam, uşağım böyüyür. Sosial şəbəkə mənim nəyimə lazımdır? Gedib işimi görüb, oxuyub gəlirəm. Artıq məni tanıyan tanıyıb, tanımayan da özü bilər. Mənim üçün ən önəmli məşğuliyyət uşaqlarım və ailəmdir”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər