• cümə axşamı, 28 mart, 18:44
  • Baku Bakı 13°C

Şou əhli Biləcəridən o tərəfə keçir

30.07.13 08:27 1555
Şou əhli Biləcəridən o tərəfə keçir
Bir zamanlar Kütləvi İnformasiya Vasitələrində (KİV) “Azərbaycan şou-biznesinin nümayəndələri Biləcəridən o yana keçə bilmirlər”, “Bizim müğənnilərimizi Biləcəridən o tərəfə heç kim tanımır” kimi fikirlərə tez-tez rast gəlirdik. Ancaq indi vəziyyət bir az başqadır. Müğənnilərimiz, sənət adamlarımız nəinki Biləcəridən, hətta hər zaman qonşu dövlət kimi nümunə gətirdiyimiz Türkiyə şou biznesindən də o tərəfə çıxmağa nail olublar. Belə ki, yay aylarına qədəm qoyan kimi xalq artistləri arasında sosial şəbəkə və KİV vasitəsi ilə soyuq atışmalar başlandı. Bu qalmaqallara hətta nazirlik səviyyəsində cavab da verildi. Ancaq indi şou biznes nümayəndələrinin cəbhəsində nə atışma, nə də ki, soyuq müharibə hökm sürür. Ramazan ayı qədəm qoyandan hər gün mətbuatda şou əhlinin yeni bir layihəsi meydana çıxır, bununla bərabər xalq artistlərimiz iftar süfrələri təşkil edir. Bu isə çox sevindirici haldır. Bununla yanaşı incəsənət nümayəndələrimiz yeni layihələri ilə Avropa səhnələrinə də inteqrasiya etməyə çalışırlar.
Əvvəllər Türkiyə şou-biznesinə qatılmaq üçün dəridən qabıqdan çıxan ifaçılarımızı indi Türkiyə mətbuatı çıraqla axtarır. Bundan əlavə, əksər müğənnilərimizin yeni layihələri ilə Avropa səhnələrinə, efirlərində rol tapmağa başlayıblar. Belə görünür şou əhli yayın bu qızmar günlərində də boş dayanmaq fikrində deyillər. Müğənnilərimizin yeni layihələri saytlarda ən çox dinlənilən mahnılar sırasında da daxil olmağa davam edir.
Rəqibim ancaq özüməm
Xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova 2 gün öncə böyük konsert proqramı ilə çıxış edib. Müğənni hazırda bizim mətbuatda olduğu kimi, dünya mətbuatında da işqılandırılır. Belə ki, xalq artistinin Snoop Dogla oxuduğu “Coffee from Colombia” klipi youtube-da dinlənmə rekordu qırıb. Xalq artisti bu klipin necə ərsəyə gəlməsinə özünün hələ də inanmadığını, baş verənlərin ona yuxu kimi gəldiyini deyib:
“Xoşbəxtlərin, xoşbəxtiyəm! Nəhayət ki, klipimizi üzə çıxardıq. Əgər mən Aygün Kazımova yox, adi bir seyrçi olsaydım, bu dərəcədə inanmazdım müğənnimiz fərqli layihə üzə çıxaracaq.
Düzünü deyim, arada elə situasiya yaranmışdı ki, məni belə inandırmışdılar ki, çəkilişlər fotoşopdur. Düşünmüşdüm ki, həmişə Hollivud fantaziyaları qurduğumdan, bəlkə, yuxuda oralara gedib-gəlmişəm? Bəlkə, insanlar düz deyir, fotoşopdur? Amma klipi hazır variantda görəndə, dedim ki, yox, bu bir gerçəkdir, özüməm. Bu, bir reallıqdır” Hər zaman özüm öz uğurlarımı təzələyirəm. Aygün Kazımovanın rəqibi ancaq özü ola bilər”.
Klipin nümayişindən az sonra Türkiyə mətbuatında xalq artisti barədə geniş yazılar dərc olunmağa başlayıb. Türk mediasının diqqətdə saxladığı bu hadisənin bəzi detalları açıqlanıb. Məlumata görə iyulun 16-dan etibarən Amerika, Avropada fəaliyyət göstərən 30 min radio dalğası hiti eyni anda səsləndirib. Türkiyənin mediası Aygün xanımın bu layihəsini türk musiqi tarixində bir ilk kimi dəyərləndirir. Ekspertlər türk əsilli bir ulduzun məşhur reperlə duet ərsəyə gətirməsini onun qələbəsi hesab edirlər. Onu da diqqətinizə çatdırım ki, klipi 2 gün ərzində izləyənlərin sayı 110 mini ötüb. Və qeyd olunan bu say sürətlə artmaqdadır.
Xalq artisti mətbuata onu da bildirib ki, yaxın zamanlarda Hollivudla bağlı layihəsinin növbəti mərhələsi start götürəcək.
Klassik əsərlərimiz Avropa səhnəsi üçün hazırlanır
Dünyaya inteqrasiya edən azərbaycanlı sənətçilərin ismini sadalayanda məşhur bəstəkar Gövhər Həsənzadənin adını çəkməmək haradasa mümkünsüzdür. Çünki 10 ildən artıqdır ki, Türkiyənin ən məşhur ifaçılarına mahnı bəstələyən Gövhər xanım, dünya bazarına daxil olmağı bacarıb. Belə ki, “Govkhar group”- a rəhbərlik edən bəstəkar beynəlxalq layihələrə imza atıb. Bəstəkarla söhbətimiz zamanı o, bundan sonra da Azərbaycanı dünya miqyasında yüksək səviyyədə tanıtmaq və layiqincə təmsil etmək istədiyini bildirdi: “Azərbaycanımızın klassik əsərlərindən birinin Avropanın möhtəşəm şəhərlərindən birində səhnəyə qoyulması üçün danışıqlarımız da gedir. “Govkhar group”un işi təkcə xaricdən vətənimizə əcnəbi müğənniləri gətirib, konsertlərini təşkil etmək deyil. Bu yaxınlarda bizim Türkiyədə də nümayəndəliyimiz fəaliyyətə başlayıb. Hadisəni də biz o məqsədlə, yəni PR məqsədi ilə buraya gətirmişdik. Bu, qarşı tərəflə işbirliyimizin bir hissəsidir. Yəni Türkiyədən buraya müğənnilər gəldiyi kimi, bizim də müğənnilərimiz oraya gedəcək. Bunlar hamısı öz sənətkarlarımızı, sənətimizi dünyaya təqdim etmək üzərində qurulub”.
Natavana Rusiya şou-biznesinə qatılmaq təklif olunub
Digər müğənnimiz Natavan Həbibi də yeni mahnısı ilə əcnəbi mətbuatın diqqətini cəlb edə bilib. O, Aygün Kazımova kimi əcnəbi duet ortağı və ingilis dilində mahnı oxumaqla deyil, Azərbaycan dilində oxuduğu “Sus” mahnısı ilə Rusiyanın hit mahnılar siyahına düşməklə məşhurlaşıb. Belə ki, Top 100-lükdə ifaçımızın Azərbaycanca oxuduğu mahnı 26-cı yeri alıb. Siyahıda Araş, Layma Vaykule, İraklı və bir çox məşhur müğənnilərin adları da qeyd olunur. Müğənni mətbuata Rusiya tərəfindən ona bir çox təkliflər gəldiyini söyləyib: ““Sus” mahnım Moskva FM-də səslənən yeganə Azərbaycan dilli bəstədir. Uğurlarımı nümayiş etdirməyi xoşlamamışam. Hətta o vaxtlar Maks Fadıyev mənə 150 minlik mahnı hədiyyə edəndə də onu gündəmə gətirmədim. “Sus” mahnısına görə onlardan heç bir məbləğ almamışam. Bu gün şou-biznesin ən ürəyi yumşaq müğənnisiyəm. Ən çox toylarda pulsuz oxuyan, hansısa sənətçiyə borca pul verib sonra onu hədiyyə edən mənəm. Mənə Rusiyanın şou-biznesinə qatılmaq təklif olunub. O şərtlərlə hələ heç bir müğənni işləməyib. Amma mən şou-biznes dəlisi deyiləm. Hər şeyimi sənətə qurban verərək oxumağı düşünmürəm. Bu səbəbdən belə işlər mənim üçün önəmli deyil”.
Digər müğənnimiz Elnarə Xəlilova “Centlmen” klipi ilə Türkiyə şou-biznesində tanındıqdan sonra Hollivudda klip çəkdirmək istədiyini deyib: “Yeni “Sən və mən” adlı mahnıma klip çəkdirmək istəyirəm. İlhamə Qasımovanın sonuncu klipini çox bəyəndim. Buna görə də istəyirəm klipi hansısa bir Avropa ölkəsində reallaşdırım. Bəlkə də Aygün Kazımova kimi Hollivudda çəkdirdim”.
Müğənnilərələ bərabər prodüserlərimizin də dünya çaplı layihələrdə böyük uğur qazanmaları sevindiricidir. Belə ki, azərbaycanlı prodüserlər Sergey və Lalə Quliyevaların “Get Wasted” layihələri YouTube video serverində baxış rekordları vurur. İyulun 2-də internetə yüklənmiş videoya 3 milyondan artıq adam baxıb.
Dünyada ustad dərsi keçən ifaçımız
Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə isə məşhur caz festivalı olan Montreux Jazz festivalından qayıdıb. O, mətbuata müsahibəsi zamanı festivalda Azərbaycanın yeganə təmsilçisi olduğunu söyləyib: “Cenevrə şəhərində bir solo konsertim də oldu. İsveçrənin məşhur bank prezidentləri, millət vəkilləri, digər dəyərli insanlar, musiqişünaslar konsertimə dəvətli idiliər. Hər iki konsert yüksək səviyyədə keçdi. Hətta ustad dərsi verməyə də dəvət aldım. Stinqlə eyni festivalı bölüşdüm. Ümumiyyətcə, bu il Montreux jazz festivalına dünyanın bir çox məşhur ulduzları qatılıb. Onların sırasında Stinq, Prince, Joe Cocker, Diana Krall və digərləri var idi. Belə ulduzlarla eyni festivalda çıxış etmək mənim üçün çox xoş idi”.
Xalq Bilal Əliyev də bütün dünyada tanındığını iddia edir: “Məni bir çox ölkələrdə tanıyırlar. Tanımasalar, dəvət etməzlər. Demək olar ki, dünyanın bütün ölkələrində olmuşam. 75 dəfə Almaniyada... Hər dəfə ora gedəndə konsert vermişəm. Bundan əlavə, Fransada, Belçikada, Avstriyada, İspaniyada və digər ölkələrdə də konsertlərim olub. Həmin ölkələrin qəzetlərində barəmdə yazılar çıxıb. Rəşid Behbudovu, Aygün Kazımova və Röyanı da xaricdə tanıyırlar. Amma nə qədər tanıyırlar, onu deyə bilmərəm. Mən xaricdə olanda onlar barədə məndən soruşublar. Bir ifaçının Avropada tanınması üçün gözəl səsi olmalıdır. Görünüşün də böyük əhəmiyyəti var”.
Bizə isə sizə yalnız uğurlar arzulamaq qalır...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər