• çərşənbə, 24 Aprel, 11:25
  • Baku Bakı 13°C

Şou-biznes nümayəndələrinin son zəng xatirələri – Sorğu

30.05.14 08:33 1996
Şou-biznes nümayəndələrinin son zəng xatirələri – Sorğu
Məktəb illəri hər kəsin həyatında önəmli yerlərdən birini tutur. Kimisi o illəri üzülərək, kimisi də xoş xatirələrlə xatırlayır. Biz də bu gün hər zaman qalmaqalları ilə tamaşaçıların diqqət mərkəzində olan şou-biznes nümayəndələri ilə əlaqə saxlayıb, onların son zəng xatirələrini öyrəndik.
Sinif yoldaşlarımın kimisi baba, kimisi nənədir

Xalq artisti Baloğlan Əşrəfov məktəb illərində də musiqiyə bağlı olduğunu, həmin illəri heç zaman unutmadığını deyir: “Orta məktəbdə qarmon ifaçısı kimi fəaliyyət göstərirdim. Tənəffüs vaxtı uşaqlar üçün qarmonda ifa edirdim ki, bir az istirahət etsinlər. Eyni zamanda, bizdə radio qovşağı vardı, həmin qovşağı mən idarə edirdim. Məktəb tədbirlərində mahnılar oxuyurdum. Nəinki məktəbdə, rayonumuzun kütləvi mədəni tədbirlərində də iştirak edirdim. Eyni zamanda, musiqi yarışmalarının qalibi də olmuşdum. Orta məktəbimin müəllim kollektivi də mənə çox böyük hörmətlə yanaşırdı. Buna səbəb isə mənim musiqi ilə məşğul olmağım idi. Bizim son zəngimiz çox maraqlı keçib. Kollektivlə bərabər gəzməyə çıxırdıq. Rayonumuzun mərkəzinə gedirdik. Sakit bir küçə axtarıb orada dərdimizi bölüşürdük. Kənd yerində son zəng necə keçirsə, mənim də son zəngim elə keçib. Təəssüflər olsun ki, bu gün məktəb yoldaşlarımın bəziləri artıq dünyalarını dəyişib. İndi qalanların hamısı yaşa dolub, qocalıblar. Kimisi baba, kimisi nənədir”.
Hər gün sinif yoldaşlarımı xatırlayıram

Müğənni Könül Kərimova məktəb illərini şirin, duyğulu illər kimi xatırlayır: “Son zəngim 8-ci sinifdə olub. Çünki məktəbimiz 8 illik idi. 8 nömrəli musiqi təmayüllü internat məktəbində təhsil almışam. İndi ora Milli Konservatoriya olub. 9-cu sinfi orada bitirmişəm. 11-ci sinifdə isə “gənc istedadlar axtarırıq” müsabiqəsinin qalibi olduğuma görə Mədəniyyət Nazirliyinin çağırışı ilə Bülbül adına orta ixtisas musiqi məktəbinə göndərildim. Son zəngdən sonra uşaqlarla yığışdıq, axşama qədər gəzinti təşkil etdik. İlk sevgini hiss etdiyim, dərk etdiyim günlər xatirimdədir, onları gözəl hisslərlə xatırlayıram. Amma haradasa kövrək notlara qapılıram. Həmin vaxtlar uşaqlarla bir kəlmə kəsməyə belə, utanırdıq, çəkinirdik”.
Könül Kərimova son zəngi “Gün keçdi” filminə bənzədir: “Hər dəfə o filmə baxanda, uşaqlıq illərinə qayıdıram. Mən məktəbi bitirəndən sonra sənətimlə bağlı Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul oldum. Beləliklə, biz ünvanı itirdik. Bir-birimizlə heç bir əlaqəmiz olmadı. Mən hər gün sinif yoldaşlarımı xatırlayıram. Çox duyğusal, romantik insanam. Uşaqlıq illərinin mənim üçün dəyəri, qiyməti çox böyükdür. Uşaqlıq illərinə laqeyd yanaşa bilmirəm. Məktəb illərinə aid gözəl mahnılar yazılsa, bu gün sevə-sevə ifa edib o illəri xatırlayardım. O vaxtlar hər şey saf, təmiz idi. Təlim-tərbiyə daha böyük idi. Bu gün görürəm ki, məktəb həyatı tamam fərqlidir. Müəllim deyəndə bizim bütün vücudumuz titrəyirdi. Dəhlizin o başından müəllim gələndə mənim bütün bədənim əsirdi. Bu, müəllimə olan hörmətdən, dəyərdən irəli gəlirdi. Amma bu gün müəllimlə şagird arasında heç bir fərq yoxdur. Şagird öz rəfiqəsi ilə necə davranırsa, müəllimlə də o cür davranır. Mən bunu qəbul edə bilmirəm. Müəllimlə sirri-sözü bölüşmək olar, amma parta yoldaşı ilə müəllim arasında böyük fərq var”.
Direktor dedi ki, məktəbin canı səndən qurtardı

Gülüş ustası Fərda Xudaverdiyev məktəb illərində nadinc olduğunu və başına gələn hadisələr sayəsində bu gün danışmağa materialı olduğunu söylədi. Fərdanın sözlərinə görə, vaxtilə danışdığına görə onu dərsdən qovan müəllimləri, indi onu məhz danışması üçün toylara dəvət edirlər: “1992-ci ildə kimya-biologiya təmayüllü məktəbdə təhsil alırdım. Nədənsə məktəbdə şuluqluq edən uşaqları heç kim görmürdü. Hər şey mənim başımda çatlayırdı. Belə ki, məktəbdə 2 uşaq dalaşırdı, onları ayırmağa çalışan anda müəllimlər məni tuturdu. Bir il orada məcburi şəkildə yataqxanada qaldım. Yataqxanada komendant var idi. Uşaqlar orada başlarını aşağı qoyub ayaqlarını divara tuturdular. İçimdə deyirdim ki, onlar etdi, sən etmə. Amma marağım mənə güc gəldi, onlardan sonra mən də bu hərəkəti etdim. Başımı yerə qoyanda gördüm ki, komendantımız kəllə-mayallaq qabağımda durub. O zamana kimi heç kimdən sillə yeməmişdim. Atam həmişə məni sözlə döyürdü. Komendant mənə bir sillə vurdu ki, bütün “Qara Qarayev” başıma fırlandı... Məktəbdə 11-ci siniflər arasında voleybol yarışması olurdu. Voleybol deyəndə, mən balacaboy olduğum üçün heç kimin yadına düşmürdüm. Mən yarışlarda ancaq qızışdırma işlərinə baxırdım. Azarkeşlərin arasında rəqib komandanın qızları vardı. Onlarla sözümüz çəpləşdi və bu ümumməktəb davasına çevrildi. Voleybol oynayanlar qaldı bir qıraqda, hamı bizə baxdı. Yarışdan sonra direktor, direktorun müavini, müəllimlərim - qarşıma kim çıxdısa, hər kəs mənə olmazın sözləri dedilər”.
Gülüş ustası son zəng günü direktorlarının hər bir şagirdin əlini sıxıb təbrik etdiyini, ancaq onun əlinin havada qaldığını söylədi: “Direktor mənə dedi ki, məktəbin canı səndən qurtardı. Məktəbi bitirdikdən sonra müəllimlərim məni dəvət etdilər, məktəbimizə getdim. Düzdür, müəllimlərim məni təriflədilər, amma mən lazımsız tərifləri xoşlamıram. Əslində bəlkə də belə olmağı yaxşıymış ki, indi məktəbdən danışanda xatirələrim çox olur”.
Bibimin ayaqqabılarını geyinmişdim

Məktəb illərində dəcəl, xarakterli şagird olduğunu xatırlayan gənc ifaçı Şölə Səfərəliyeva parta arxasında ona ilham gəldiyini, elə oradaca şeirlər yazdığını deyir: “Çox vaxt dərs zamanı özümdən asılı olmayaraq, mahnı zümzümə edirdim. Müəlliməm soruşanda ki bu nə səsdir, hamı məni göstərirdi”. Son zəngdə ilk dəfə makiyaj etdiyini söyləyən Şölə, bibisinin ayaqqabılarını geyindiyini, son zəngə maraqla hazırlaşdığını qeyd etdi: “Bibim geyinmədiyi üçün öz ayaqqabılarını mənə vermişdi. Ayaqqabıların dabanı oyanayırdı, səhnəyə narahat çıxdım. Son zəngə ciddi hazırlaşırdım. Gecədən saçlarıma buruqlar atmışdım. Təsəvvür edin ki, iri buruqlar, laxlayan dabanlar, yellənən saçlar, əsl reklam çarxı idi. Nəticədə mən çox məzəli görünürdüm. Səhnəyə çıxana kimi mənim üçün sanki bir əsr keçmişdi. Hətta sinif yoldaşlarım elə şəklimi də çəkmişdi. O həyəcanla səhnəyə yaxınlaşıb şeir dedim. Çox gözəl hiss idi”.
Şölə təəssüf edir ki, sevimli sinif yoldaşları ilə xatirə “vinetka”sı çəkdirməyib: “Sinif yoldaşlarıma xatirə üçün “vinetka” çəkdirmək istədiyimi dedim , ancaq onlar istəmədilər. Söylədilər ki, canımızı məktəbdən güclə quratırırq, “vinetka”nı neynirik. Şadam ki, həmin gün atam sinif yoldaşlarımla şəkillərimi çəkib. O, şəkillərə tez-tez baxıram, gözəl günlər idi”.
Dərsdən qaçan şagird olmamışam

Gənc ifaçı Leyla Ramazanlı Bakıda 132 nömrəli məktəbi bitirdiyini, o illər üçün darıxdığını bildirdi: “Məktəb illərim ömrümün ən gözəl illəridir. Təbii ki, son zəngi çox gözəl və yaddaqalan keçirmişdik. Çox maraqlı idi o günlər. Müəllimələrimlə və sinif yoldaşlarımla çox gözəl münasibətim vardı. İndi də məktəbimdə tədbirlər olanda, orada sevərək iştirak edir, müəllimlərimlə görüşürəm. Mən elə də dərsdən qaçan şagird olmamışam. Bizim məktəbdə hər zaman nizam-intizam olub. Dərsimiz boş keçəndə, oyunlar oynayardıq. Məktəb həyatım tələbəlik həyatımdan daha maraqlı olub. Özüm də çox məsuliyyətli şagird olmuşam. Yolda gedəndə belə, kitab oxuyurdum. Məktəbdaxili tədbirlərdə iştirak edirdim. Çox zaman tədbirlərlə əlaqədar dərslərə girə bilmirdim”.
“Hələ də son zəng kasetimə baxmamışam”

Müğənni Elnarə Xəlilova 1987-ci ildə 278 saylı orta məktəbə getdiyini, orada cəmi bir il oxuduğunu dedi. Evlərini dəyişdikləri üçün 144 saylı məktəbə keçən ifaçı, sona qədər orda oxuyub: “Müəllimlərim məni çox istəyirdilər. Mən də öz növbəmdə onları heç vaxt incitməzdim. Məktəbi əla qiymətlərlə oxumuşam. Humanitar fənlərə marağım daha çox olub. Ümumiyyətlə, sənət adamlarının çoxu belədir. Dil-ədəbiyyat, ingilis dili, coğrafiya və tarixi sevirdim. Dəqiq elmlərlə mənimki heç düz gətirməyib. Kimya, fizika, cəbr, həndəsə işgəncə idi mənə. Buna baxmayaraq, qiymət xətrinə oxuyardım. İndi bunların sayəsində bilik bazam var. Məktəb olimpiadasında, şən və hazırcavablar komandasında iştirak edirdim. Özümüzün “Arzu” adında komandamız vardı. Mahnılar bəstələyir, şeirlər qoşardıq. Məktəb illərinə qayıtmağı çox istəyərdim. Həm də çox. Gözəl, qayğısız illər idi. Dərsdən o qədər qaçmışıq ki. Yüngülvarı cəza ilə qurtulurduq. Elə də olurdu ki, valideynlərimizi məktəbə çağırırdılar. Dalaşqan idim. Uzun hörüklərim vardı. Oğlanlar hörüklərimdən dartardılar. Mən də onları ayağımın altına alardım. Yaxşıca çırpardım”.
Məktəb illərində şuluq olduğunu söyləyən Elnarə dilinə görə dilçəyinin də olduğunu deyir: “Beşinci sinifdə oxuyanda anamın bütün qızıllarını ondan gizli taxıb dərsə getmişdim. Anamın da elə bil ürəyinə dammışdı. İşdən icazə alıb şənliyimə gəlmişdi. Məktəbin pilləkənində anamla rastlaşdıq. Sırğaları saçlarımın altında gizlətmişdim. Amma barmaqlarıma taxdığım böyük üzükləri tamam unutmuşdum. Bu da anamın diqqətindən qaçmamışdı. Elə yenicə “Ana, gəlmisən?” deməyimlə, kötəklərin dəyməyi bir oldu”.
Elnarə son zəng günün isə belə xatırlayır: “Son zəngi əla keçirdik. Sinif yoldaşımız Eşqingilin bağına toplaşdıq. Səhəri gözlərimizlə açdıq. Çaldıq, oynadıq. Video kaseti olmalıdır. İnanmayacaqsız, amma hələ də o kasetə baxmamışam. Son zəngdə də öz bəstələdiyim mahnılardan oxudum. İlk alqışlarımı üçüncü sinifdə almışam. Ana haqqında mahnı bəstələmişdim. Sözləri də özümün idi. Akt zalında özüm pianoda ifa edib, oxudumuşm”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər