• cümə, 19 Aprel, 17:18
  • Baku Bakı 25°C

Şotlandların müstəqillik istəyi ingilisləri qorxuya salıb

13.09.14 11:49 1249
Şotlandların müstəqillik istəyi ingilisləri qorxuya salıb
Son günlər Avropada separatizm dalğası özünü qabarıq formada göstərməyə başlayıb. Baskların İspaniyadan ayrılmaq tələbi ilə Kataloniyada keçirdikləri aksiyaların ardınca Şotlandiyada da müstəqillik barədə məsələ qabarıb. Düzdür, Kataloniya separatçılarının məqsədlərinə çata bilmələri problemli olsa da, belə görünür şotlandların məsələsi reallaşa bilər. Hazırda Şotlandiyada keçiriləcək referendum dünyanın diqqət mərkəzində duran başlıca məsələyə çevrilib. Bəlli olduğu kimi, Şotlandiya sentyabrın 18-də müstəqilliklə bağlı referendum keçirəcək. Son həftələrədək Britaniyada çox az adam Şotlandiyada keçiriləcək referendumda bu əyalətin Böyük Britaniyadan ayrılacağını xəyalına gətirərdi. Arxayınlıq yaradan bir də bu idi ki, rəy sorğularında müstəqilliyin əleyhinə, başqa sözlərlə Britaniyanın parçalanması əleyhinə olanların “yox” düşərgəsi müstəqillik tərəfdarlarının “hə” düşərgəsini çox geridə qoyurdu. Lakin son bir həftədə ən böyük gözlənilməzlik baş verdi. “Hə” kampaniyası ilk dəfə olaraq rəy sorğularında “yox” düşərgəsi tərəfdarlarını üstələdi. Bu artıq həm siyasət, həm də iqtisadiyyat nəhəngləri üçün hərəkət siqnalı idi. Britaniyanın iqtidar və müxalifət partiyalarının liderləri, baş nazir Devid Kemeron da daxil olmaqla Şotlandiyaya səfər etdilər. Baş nazir Şotlandiyada etdiyi çıxışında deyib ki, ayrılığa “hə” deyənlər qalib gəlsələr, onun ürəyi həmişəlik sınacaq. Onun sözündə həqiqət var. Çünki, tarixdə ölkənin parçalanmasına yol vermiş baş nazir kimi qalmağı təbii ki, heç kəs istəməzdi.
İndi isə Britaniya tarixində çox nadir hallarda baş verən həmrəylik yaranıb. Hakim mühafizəkarlar, onların koalisiya müttəfiqləri liberal-demokratlar və müxalif leyboristlər eyni bayraq və eyni şüar altında birləşiblər. Ən maraqlısı isə bu heyrətamiz dəyişiklik ərəfəsində baş verə hadisələrdir. Britaniyanın iqtisadiyyat və maliyyə nəhəngləri BP və Standard Life şirkətləri Şotlandiyanın müstəqilliyinə qarşı xəbərdarlıqla çıxış ediblər. BP şirkətinin icraçı direktoru Bob Dudley deyib ki, şotlandlar müstəqilliyin lehinə səs versələr, Şimal dənizindəki yataqlara investisiya qoyuluşu ciddi ziyan görə bilər. İcraçı direktor bu qənaətdədir ki, Şotlandiyanın ən böyük investisiya yatıranı – yəni elə BP, əyalət üçün daha yaxşı gələcəyə yalnız Birləşmiş Krallığın tərkibində təminat verə bilər. Edinburqda yerləşən maliyyə nəhəngi – milyonlarla şotlandın pensiyalarını əmanət kimi saxlayan və artıran Standard Life sığorta şirkəti də xəbərdarlıq edib ki, Şotlandiyanın müstəqilliyə səs veriləcəyi təqdirdə əməliyyatlarının və ofislərinin əksəriyyətini buradan başqa yerlərə köçürəcək. Mətbuat xəbər verir ki, müstəqillik düşərgəsinin rəy sorğularında irəli keçdiyi vaxtdan bəri Standard Life şirkətinin səhmləri 3 faizədək qiymətdən düşüb. Standard Life-ın hazırkı bazar qiyməti 10 milyard funt sterlinq, BP-nin qiyməti isə 85 milyard funt sterlinqdir. Britaniya hərbi idarəsi də elan edib ki, Şotlandiya millətçilərinin planlaşdırdığı kimi “Trident” nüvə sualtı gəmisinin Şotlandiya sahillərindəki bazadan çıxarılması “olduqca təhlükəli sabitsizlik dövrü” yaradacaq və təkcə Britaniyanı yox, eləcə də bütün Qərbi Avropanı düşmən qüvvələr qarşısında əliyalın qoyacaq. Britaniya Hərbi Dəniz Donanmasının keçmiş rəhbəri admiral Mark Stanhop Şotlandiya millətçilərinin lideri Aleks Salmonda yazdığı məktubda onun “müstəqillik kampaniyasını” sərt tənqid edib. Şotlandiyanın millətçi liderləri 18 sentyabr referendumunda qalib gəlsələr, “Trident” sualtı gəmisini ölkədən çıxaracaqlarını və Şotlandiyanın özünün isə NATO-ya qoşulmayacağını bildiriblər. Müxalif Leyborist Partiyası da məsələnin bu məqama gəlib çatması üçün məsuliyyətini dərk edir. Çünki 1990-cı illərdə Şotlandiyaya daha geniş muxtariyyəti məhz bu partiya verib. Leyboristlərin lideri Ed Miliband deyib ki, “biz bu ittifaqı başımız, ürəyimiz və ruhumuzla yaratmışıq”.
O ki qaldı Bukinqem Sarayının mövqeyinə, kraliça siyasi məsələlərdən kənar qalmaq istədiyini bildirib. “Referendum ərəfəsində kraliçanın kampaniya nəticələrinə təsir etmək istədiyi haqqında ehtimallar qətiyyən həqiqətə uyğun deyil. Əlahəzrət sadəcə o fikri rəhbər tutur ki, bu, Şotlandiya xalqının öz işidir” - deyə bəyanatda deyilir.
Xatırladaq ki, Şotlandiyanın müstəqilliyi uğrunda mübarizə 1707-ci ildə İngiltərə ilə ittifaq qurulduqdan sonra başlayıb. Müstəqillik hərəkatının ən görkəmli tərəfdarlarından biri şair Robert Burns olub. O, bir çox soydaşı kimi Birləşmiş Krallığın yaradılması aktı altındakı imzaların ingilis qızılına alındığını hesab edib. 1934-cü ildə iki partiyanın birləşməsi ilə 2007-ci ildə hakimiyyətə Şotland Milli Partiyası gəlib. Muxtariyyət prosesi 1999-cu ildə Şotlandiya və Uelsdəki yerli hökumətlərə mərkəzi hakimiyyətin bir çox səlahiyyətlərin ötürülməsindən sonra başlayıb. 2007-ci ildə Şotlandiya Milli Partiyası liberal-demokratlarla koalisiya hökuməti qurub. 2011-ci ildəki seçkilərdə qələbəsindən sonra hakim qüvvəyə çevrilən partiya müstəqilliklə bağlı proqram vədini gündəmə çıxarıb.
Kamran
banner

Oxşar Xəbərlər