• çərşənbə axşamı, 16 aprel, 13:20
  • Baku Bakı 19°C

Şotlandiya Milli Muzeyindən reportaj - fotolar

18.05.13 09:09 2870
Şotlandiya Milli Muzeyindən reportaj - fotolar
Milli Portret Qalereyası, Şotlandiya Milli Qalereyası, Edinburq Muzeyi, Şotlandiya Hərbi Muzeyi, Edinburq Yazıçılar Muzeyi, Şotlandiya Kral Muzeyi, Milli Uşaqlıq Muzeyi, Şotlandiya Futbol Muzeyi və s. muzeyləri ziyarət etmək üçün günlərlə vaxt lazımdır. Bunların arasında bir muzey var ki, Edinburqa qədəm qoyanlar vaxtları az olsa belə zaman ayırıb ora - Milli Şotlandiya Muzeyinə tələsirlər.
Bu muzey 1500-ci ildən bəri ölkənin tarixini, incəsənətini əks etdirən eksponatlarla zəngindir. Antikvarlar arasında qədim Şotlandiya ilə bağlı ən nadir eksponatlara rast gəlmək olur.
Muzeyin yerləşdiyi Çambers küçəsində iki fərqli muzey – 1861-ci ildə viktoryan stilində tikilən Kral Muzeyi və nisbətən müasir, amma eyni üslubda inşa edilən Milli Şotlandiya Muzeyi yerləşib. 1998-ci ildə bu muzeylər birləşsələr də ekspozisiyalar baxımından fərqləri aydın görünür. Kral muzeyi bütün dünyanın tarixini özündə birləşdirməyə çalışdığı halda Milli Muzey daha çox ölkənin tarixini və mədəniyyətini əks etdirməsi ilə qürurlanır.
Hər gün səhər 10-dan 17.00- dək qapılarını açan muzeyə giriş pulsuzdur. İki il əvvəl 46 milyon funt-sterlinq xərcləndikdən sonra muzey restovrasiya olunaraq yenidən qapılarını ziyarətçilərin üzünə açıb. Üstəlik, ekspozisiyalara 16 yeni qalereya əlavə olunub.
Dövlət muzeyin maliyyələşməsi üçün hər il 46,4 milyon funt sterlinq ayırır. Hər il muzeyin divarları arasında keçirilən incəsənət festivalı dünyanın diqqətini bu məkana yönəldir.
Bu qədim muzeyi həmçinin dünyanın ən müasir muzeylərindən hesab etmək olar. Bunu muzeyin qapılarından içəri daxil olan kimi hiss etmək olur. Muzeyin şüşə tavanı və mərkəzi holldakı metal konstruksiyalar ziyarətçiləri heyran edir. Muzeyin 4 mərtəbəsini əhatə edən qalereyalardan ölkənin və dünyanın bütün sahələrini əhatə edən tarixlə tanışlıq mümkündür. Binanın tavanında həmçinin Şotlandiyanın irsi və tarixi ilə bağlı çox zəngin kolleksiyalar toplanıb. Burada təbiət, incəsənət, elm, texnologiya, dizayn və s. sahələri əhatə edən eksponatlara rast gəlmək mümkündür.
Muzeyin daimi eksponatları sırasına daha çox ölkənin tarixi, mədəniyyət və incəsənəti ilə bağlı əşyalar daxildir.
Hər bir mərtəbədə muzeyin tarixi haqqında geniş məlumatlar əldə etmək olur. Bu barədə həm broşürlər, həm elektron məlumatlar təqdim olunur. Muzeyin hər mərtəbəsində yer alan infozonlarda ekspozisiyalar haqqında ətraflı məlumatlar verilir. Təqdim olunan xəritələrlə muzeyi bələdçisiz gəzmək olur.
Göydən Yerədək
Birinci mərtəbədə yer alan və Şotlandiyanın müasir tarixi ilə bağlı məlumat verən ekspozisiyaları ziyarət edənlər ölkənin qədim tarixi ilə bağlı informasiyalar üçün digər qalereyalara üz tuturlar.
“Ticarət və Sənaye” qalereyasında 18-ci əsrlərə aid dəzgah, yaşayış evinin maketi yer alıb. Kömür mədənlərində su vurmaq üçün istifadə olunan hava ilə işləyən su motoru da maraqlıdır. İngilislərin işğalına qədər Şotlandiyanın milli pulları da ekspozisiyalarda sərgilənib. Muzeyin qalereyalarında inqilablar və müharibə dövrlərini əks etdirən eksponatlar ayrı-ayrı otaqlarda yerləşdirilib.
Arxeologiya bölməsində 1861-ci illəri əhatə edən eksponatlar kral II Aşurinin sarayından götürülüb. Bu eksponatlar kralın var-dövləti və gücü barədə məlumat verir. Daşlarda kral Aşurinin obrazı təsvir olunub. Qalereyaların birində məşhur Tibet eksponatları diqqəti çəkir. Nadir zirehli jilet 1908-ci ildə muzeyə satılıb. Bu cür zirehli jiletlər 14-cü əsrdən başlayaraq Tibetdə istifadə olunub və hələ də mərasimlər zamanı geyilir. Ordu zabiti Baileyin Tibetə yürüşü zamanı həmin geyimləri əldə olunub. Unikallığı ondadır ki, zirehli geyim kiçik dəmirlərdən tikilib və dəri ilə bir-birinə birləşdirilib.
Qalereyaların birində öz kəşfləri ilə dünyanı dəyişən görkəmli şotlandların işləri vitrinləri bəzəyir. “İxtiralar” qalereyasında yer alan “İlk rəngli televizor” məhz bu muzeydə qorunaraq dövrümüzə gəlib çatıb. John Logie Bairdın 925-ci ildə ixtira etdiyi televizor 1946-cı ildə ABŞ Ceneral Elektrik şirkəti tərəfindən istehsal olunub. Ancaq Federal kommunikasiya rəngli yayıma lisenziya verməyib. Ona görə bu ixtiranın 1960-cı illərə qədər böyük kommersiya təsiri olmayıb. 1968-ci ildə televizor Britaniyada istifadə olunmağa başlanıb. Bir il sonra ayda ilk görüntülər də məhz Bairdin 30 il əvvəl düzəltdiyi sistem əsasında çəkilib və ötürülüb.
Muzeyin qiymətli eksponatları arasında pensilinin kəşfi ilə tanınan Aleksandr Fleminq haqqında materiallar və ona verilən Nobel mükafatı da var. İxtiraçı milyonlarla insanın həyatını bu dərmanla xilas edib.
Çarlz Darvinin «Biql» Kral ekspedisiyası ilə səyahəti zamanı əldə etdiyi unikal nümunələr də burda sərgilənib.
Stivenlər ailəsinin mayakı da eksponatlar arasındadır. Bu mayak Tay çayında gəmilərə yol göstərən ilk optik cihaz olub. Ailə bütün dünyaya mayak sistemini ixrac edib. Təhlükəli yerlərdə məhz bu qurğu vasitəsilə mayak problemi aradan qaldırılıb. 1867-ci ildə mayak Parisdə sərgilənib.
Yer kürəsi qalereyasında vaxtilə planetləri, ulduzları müşahidə edən teleskoplar yer alıb. Ən böyük teleskop isə vaxtilə Kral rəsədxanasının gümbəzində quraşdırılıb. Məlumatlarda göstərilib ki, ingilis Tomas Horriot ilk insan olub ki, teleskopla Ayı görüb. Ondan sonra alimlər ən yaxşı teleskoplarla Aya baxıblar. Göy cisimlərinin qlobusu isə 1660-cı ildə Pakistanda düzəlib. Bu şöbədə ziyarətçilər planetləri, ulduzları filmlər vasitəsilə seyr etməklə bərabər, dünyanın, Yer kürəsinin yaranması kimi insanları düşündürən suallara cavab tapa bilirlər.
“Texnologiyalar” bölməsində ən qədim ünsiyyət vasitəsindən tutmuş müasir smart telefonlara qədər texnologiyalar sərgilənir. Ekspozisiyadan görünür ki, hələ 1980-ci illərdə şotlandlar kredit kartlardan istifadə ediblər. Həmçinin muzeydə «Biz gələcəklə necə əlaqə saxlaya bilərik?», «Biz ünsiyyətdə yeni yollar axtarırıq» şüarları muzeyin həmçinin yalnız tarixi eksponatları sərgiləyən məkan olmadığını göstərir. Ən qədim ünsiyyət növləri 1970-ci illərdə bazara çıxarılan ilk kompyuter, köhnə telefon budkaları, 1808-ci ildə kəşf edilən telefon yer alıb.
Mili parkların pionerii Con Murun işləri ilə də ekspozisiyalarda tanış olmaq mümkündür.
Ölkənin məşhur hökumət nümayəndələri və siyasətçiləri haqqında məlumatları da bu muzeydə əldə etmək mümkündür.
14-cü əsrə aid cəngavər dəbilqələri unikallığı ilə fərqlənir. Muzeydə həmçinin vəhşi təbiət haqqında filmlər nümayiş olunur. Yaşı 10 mini adlayan nəhəng maralın və digər heyvanların skeleti “Zoologiya” bölməsini bəzəyir.
Dünyaya pəncərə
Muzeyin “Dünyaya baxış” bölməsində demək olar ki, dünya və Şərq mədəniyyətinin ən nadir nümunələri ilə tanış olmaq mümkündür. Afrika ölkələrinin həyatı, Asiyanın mədəniyyəti, Amerikanın kəşflərinə və s. aid eksponatlarla burada rast gəlmək olur. Afinadan gətirilən heykəllər, əfqan qadınlarının geyimləri, Hindistan sakinlərinin geyim əşyaları, qədim Misirdən gətirilən qədim qablar, bəzək və məişət əşyaları...
Xüsusən Misir həyatı ilə bağlı ekspozisiya zənginliyi ilə fərqlənir. Muzeydə qədim Misirə həsr olunan bir neçə otaq var. Qədim Misirin tarixi, mədəniyyəti ilə bağlı eksponatlar daşınaraq kim bilir hansı dövrdə Şotlandiya muzeyinə gətirilib. Sərgidə nümayiş etdirilən və maya hinduları tərəfindən düzəldilən Ana Allahlar böyük sənət nümunəsi kimi ziyarətçiləri ayaq saxlamağa məcbur edir. İlk baxışdan qədim və unikal avtomobili xatırladan ağ rəngli maşın – tabut isə Qanada düzəlib.
Ən maraqlısı isə hər bir ölkənin tarixini əks etdirən şöbələrdə o dövrün tarixi, mədəniyyəti ilə bağlı videoçarxların nümayişidir. Bir çox ölkələrin toy mərasimlərini, adət-ənənələrini böyük plazma ekranlarda izləmək olur. Muzeydə həmçinin Osmanlı imperiyasının izlərinə rast gəlmək, həmçinin türk toyları ilə tanış olmaq olur.
Muzeyin bəzi eksponatları açıq qalereyada sərgilənib. Məsələn, burada dünya bəstəkarlarının ən nadir nümunələrini, həmçinin klassik yazıçıların kitablarını ən qədim patefonlardan dinləmək mümkündür. Muzeyin zəngin kitabxanasına isə dünyanın ən nadir kitabları, əlyazmaları daxildir.
«Muzeydə dərs»
Muzeyin konfrans zalı, elmi mərkəzi, nəhəng sərgi meydanları, mağaza və restoranları var. Ziyarətçilər mərtəbələrarası eskalatorlarla və liftlərlə hərəkət edə bilirlər. Muzeyə gələn əlillər üçün də xüsusi liftlər quraşdırılıb.
Muzeydəki ziyarətçilər arasında çoxlu məktəblilər və tələbələr gözə dəyir. Şotlandiyanın təhsil proqramında «Muzeydə dərs» böyük önəm daşıyır. Bu ölkədə şagirdlərə, tələbələrə tarixi əyani vəsaitlərdən məhz muzeylərdə öyrədirlər. Çünki bütün siniflər üzrə tarix dərsliklərində yer alan hadisələri əks etdirən eksponatlarla muzeylərdə tanış olmaq mümkündür.
Şotlandiya Milli Muzeyinin təəssüratları muzeydən ayrılandan sonra da adamı tərk etmir. Qədim tarixlərlə müasirliyi birləşdirən, üstəlik zəbt etsə də buna dünyanın ayrı-ayrı ölkələrinin tarixini, mədəniyyətini, incəsənətini qoşan, bunu qoruyub saxlayan və fəxrlə nümayiş etdirən bir muzeyə yenidən qayıtmaq istəyirsən...
Təranə Məhərrəmova
Bakı-Edinburq

banner

Oxşar Xəbərlər