• cümə axşamı, 25 aprel, 12:20
  • Baku Bakı 23°C

Sosializmin bütün cəbhə boyu hücumunu quran “üfunətli maddə”

07.12.16 16:17 1060
Sosializmin bütün cəbhə boyu hücumunu quran “üfunətli maddə”
Deyirlər ki, tarix nə qaraya ağ, nə də ağa qara yaxmağı qəbul etmir. Bu, doğrudan da belədir. Sadəcə, bu tarixdən ibrət götürmək lazımdır. Yoxsa, yenə də tarixin bağışlamadığı, bir zaman faş edəcəyi səhvlər təkrarlana bilər. Odur ki, tariximizdə baş verənləri gün işığına çıxarmaq lazımdır. Gənc nəsil pisi də, yaxşını da bilməlidir ki, azadlığının, müstəqilliyinin qədrini bilsin, dövlətini, dövlətçiliyini qorusun, torpağına, sərvətinə sahib çıxsın, dostuna dost, düşməninə düşmən olsun!


Azərbaycanın təbii sərvətinə "sosializmin bütün cəbhə boyu geniş hücumu”

1840-cı ildə Bakı qubernatoru Peterburq Elmlər Akademiyasına Bakı neftindən nümunə göndərərək, yoxlanmasını xahiş edir. Tədqiqatçı alimlərin yazdığına görə, akademiyanın "alimləri” qubernatora belə cavab yazırlar: "Bu üfunətli maddə ancaq araba çarxlarını yağlamağa yaraya bilər”. Amma az sonra "alimlərin” "üfunətli maddə” adlandırdıqları bu qiymətli sərvətə sahib olmaq üçün onlar nələrə əl atmadılar. Xüsusən də Aprel işğalından sonra, Bakı nefti uğrunda "ölüm-dirim mübarizəsi” başladı. Bakı işğal edilən gündən - 1920-ci ilin 28 aprelindən iyulun 10-a kimi, 40 gün ərzində Rusiyaya 5 milyon ton, (o zamanın ölçüsü ilə 250 milyon pud) neft göndərilib.
1930-cu ildə, iyunun 26-da ÜİK (b) P-nın XVI qurultayı açıldı və bu qurultay tarixə "sosializmin bütün cəbhə boyu geniş hücumu” kimi daxil oldu. "Sosializm bütün cəbhə boyu geniş hücuma” şüarı altında sovet hökuməti Azərbaycanın təbii sərvətlərinə (xüsusən də Bakı neftinə) elə bir hücuma keçdi ki, səsi illər sonra çıxdı. Sovet hökuməti Bakı neftinə xüsusi diqqət yetirmiş və bu sahəni güclü nəzarət altında saxlamışdır. İlk gündən "Azərneft”ə başqa millətlərin nümayəndələri (xüsusən də ruslar) rəhbərlik edib. 1920-ci ilin aprelin 29-dan 1926-cı ilin əvvəllərinə kimi Azərbaycan neftinin başında duran Aleksandr Pavloviç Serebrovskini sonralar Barinov, Slytskiy və başqaları əvəz edib. Onların bir amalı, bir məqsədi olub - son damlasına kimi Bakı neftini talamaq.
Düşünə bilərsiniz ki, bəlkə o zaman özümüzün ali təhsilli mütəxəssisimiz olmayıb. Əksinə, hələ 20-ci yüzilliyin ilk onilliyində Rusiyada və Avropanın digər şəhərlərində neft üzrə ali təhsilə yiyələnib gələn azərbaycanlı mütəxəssislər var idi. Məsələn, Almaniyada məşhur Frayberq Dağ-Mədən İnstitutunu bitirmiş Surxay Şahsuvarov və Cəmil Muradbəyli, Parisdə Sorbonna Universitetində bu sahədə yüksək ixtisasa yiyələnmiş Aslanbəy Vəzirzadə, "Neft Daşları”nı kəşf edən Ağaqurban Əliyev və onlarla mütəxəssislərə sovetlər bu sərvəti "etibar” edə bilmirdilər. Hətta açıq dənizdə, sahildən çox uzaqlarda, fırtına və tufanların qoynunda "Neft Daşları”nda ilk quyu qazmış və tükənməz sərvəti kəşf etmiş geoloq Ağaqurban Əliyev həmin illərdə təqiblərə məruz qalmış, baş geoloq Baxışbəy Sultanovu isə həbs edərək, yerinə Arkadi Saturovu təyin etmişlər. Sadəcə, bolşeviklər ölkənin əsas sərvəti olan neftə rəhbərliyi yalnız öz nəzarətlərində saxlamaq istədikləri üçün buraya antiazərbaycan ruhlu, adamlarını təyin edirdilər. Onlar da Azərbaycan neftini gecə-gündüz aramsız olaraq şimala daşıtdırırdılar.

Leninin "tərifi” və tövsiyəsi

Azərbaycan Sovet Ensiklopediyasına və o dövrdə yazılan Tarix kitablarına nəzər yetirsək görərik ki, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin ikinci günündən - 1920-ci il aprelin 29-dan "Azərneft”ə və Bakı Sovetinə rəhbər rus təyin edilmiş və bu proses on illərlə davam etmişdir. Mənbələrdən belə aydın olur ki, uzun illər bu iki idarədəki bütün əsas vəzifələr rus və ermənilərin əlində olub. Belə olmasaydı 1920-ci ilin dekabrında Bakıdan Ermənistana 48 sistern kerosin və digər neft məhsulları göndərilməzdi. İşğalçı hökumət bütün diqqətini neft sahəsinin inkişafına yönəltmişdir. 1921-ci il fevralın 14-də PK (b) P MK Siyasi Bürosu neft sənayesinin vəziyyəti məsələsini müzakirə etdi. 1921-ci ilin mart ayında AXTŞ Rəyasət Heyəti Bakı neft sənayesini növbədənkənar qaydada təchiz etməyi qərara aldı. Bunun nəticəsi olaraq 1921-ci ilin oktyabr-dekabr ayları ərzində aylıq neft hasilatı 11,6 milyon puddan 15, 2 milyon puda qalxdı. V.İ.Lenin bunu "böyük istehsalat qələbəsi” adlandıraraq, Bakı fəhlələrinə "daha əzmlə çalışmağı” tövsiyə edirdi. Onu maraqlandırmırdı ki, Bakı fəhləsi bu qara qızılı, qara cəhənnəmi görərək çıxarır. Güclü fontan olanda neft çay kimi axıb yaxınlıqdakı kənd və qəsəbə evlərini, tövlələri basır, uçurdurdu. Qonşu mədənlərdəki emalatxanalar, buruqlar neft selinin altında qalırdı. Binalar, idarələr, evlər dağılırdı. Quyu fontan vurarkən, onlarla fəhlə həyatını itirirdi. Amma sovet hökuməti bu fəlakətləri görmürdü, çünki sovet dövləti üçün neftin böyük iqtisadi əhəmiyyəti var idi və ona çoxlu neft lazım idi. Artıq 1928-29-cu təsərrüfat ilində Azərbaycan neft sənayesinin texniki cəhətdən yenidən qurulmasının birinci mərhələsi başa çatdırıldı. 1931-ci ildə ölkəmizdə 22, 4 milyon ton neft hasil edilmişdi. SSRİ neft hasilatı sahəsində dünyada ikinci yeri tuturdu. Təbii ki, Bakı neftinin hesabına.


İşi Bakı fəhləsi görür, bəhrəsi şimala daşınırdı


V.İ.Lenin 1921-ci il 27 may tarixində Baş Yanacaq İdarəsinə belə bir məktub imzalayır: "Bakıya diqqət və qayğını artırmaq lazımdır”. İllər sonra Lenin bizə "canıyananlığ”ının, "diqqət və qayğı”sının sirri faş oldu. "...Bakı fəhlələri, söz sizindir, işi siz görməlisiniz. Kommunist istehsalı üçün neft verin!” tələbi ilə çıxış edən V.İ.Lenin işi ac-yalavac Bakı fəhləsinə gördürür, bəhrəsini isə şimala daşıtdırırdı. Atalar demişkən, "qızınmadıq istisinə, gör olduq tüstüsünə”.

Sovetlərin dövründə uzun illər ölkəmizdə neftin hasilatı kimi nəzəriyyəsi də yad millətlərin rəhbərliyi altında olub. Neft-Kimya İnstitutuna bir necə il Arpaşaq Arababayan rəhbərlik edib. Odur ki, institutun beş fakültəsindən üçündə dekan erməni olub. "Neft mədən”də Baqdasarov, "İqtisad”da Mamiyan, "Geoloji-kəşfiyyat”da Markaryan”.


Mirzə Cəlil uzaqgörənliyi və tüstü içində boğulan millət


1920-30-cu illərdə ölkəmizdə baş verən ictimai-siyasi proseslərin xaotik xarakteri, mürəkkəbliyi bəzi ziyalılarımızın etirazına səbəb oldu. Nə Şura hökumətinə, nə də Moskvaya qəlbən heç vaxt inanmayan, bel bağlamayan Mirzə Cəlil ölkənin varidatının Rusiya tərəfindən talanmasını qabartdığına görə, siyasi dairələrin təzyiqinə məruz qaldı. Heç də təsadüfü deyil ki, M.Cəlilin sovet dövrü həyatını akademik İsa Həbibbəyli "şübhə və sarsıntılarla, ziddiyyətlərlə şərtlənən xüsusi bir dövr” adlandırır.
"Molla Nəsrəddin” Bakı neftinin Rusiyaya daşınması və talan edilməsi ilə bağlı karikaturalar verir, çox kəskin tənqidi məqalələr çap edirdi. Təbii, bu tənqidlər bolşevizmi ürəkdən qəbul edənlərimizə xoş gəlmirdi. Mərkəzin "parçala, hökm sür” siyasəti ilə barışa bilməyən Mirzə Cəlil bu hökumətin azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini hələ ilk illərdən duymuşdu. Odur ki, 1922-ci ildə yazırdı: "Hər yan tüstüdür, məclislərdə və evlərdə düxaniyyət, məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü. Xülasə, millət tüstü içində boğulmaqdadır”.
Dahi Mirzə Cəlil demişkən, millət tüstü içində elə boğuldu ki, uzun illər qara qızılının haralara axıdıldığını görmədi!”

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist


banner

Oxşar Xəbərlər